Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Ramiz Rzayev «Məhkəmələrə olan müraciətlərin sayının artması inkişafla bağlıdır»


Ramiz Rzayev
Ramiz Rzayev
Dekabrın 14-də Ali Məhkəmədə hakimlərin fərdi-peşə davranışları məsələləri ilə bağlı beynəlxalq konfrans keçirilib.

«Səriştıkilik, Müstəqillik, Qərəzsizlik, Şəffaflıq, Səmərəlilik» devizi altında keçirilən konfransda BMT-nin «Hakimlərin davranışı üzrə Banqalor prinsipləri» təqdim olunub. Milli Məclisin deputatı Əli Hüseynov AzadlıqRadiosuna bildirib ki, parlament bu prinsipləri ratifikasiya etməyib və ona əməl olunması məcburi deyil. O, əlavə edib ki, Azərbaycanda hakimlərin etik davranış qaydaları var, amma bu prinsiplərə əməl olunması da onların fəaliyyətinə fayda gətirər.

Ali Məhkəmənin sədri Ramiz Rzayev da AzadlıqRadiosuna müsahibəsində bildirib ki, «Banqalor prinsiplərini» Azərbaycan dilinə tərcümə olunub və şərhi ilə birgə çap olunub. «Biz bu prinsipləri hakimlərə göndərmişik» deyən Ramiz Rzayev əlavə edib ki, bu prinsiplərə əməl etmək ədalət mühakiməsinin səviyyəsini artıracaq.

Ötən illə müqayisədə bu il Ali Məhkəməyə müraciətlərin sayının artdığını bildirən Ramiz Rzayev deyib ki, ümumiyyətlə ölkədə məhkəməyə müraciətlərin sayında artım var:

- Keçən il Ali Məhkəmədə 5 min müraciətə baxılıb. Bu il isə müraciətlərin sayı təxminən 10 faiz artıb.

İNSANLAR İNDİ DAHA ÇOX MƏHKƏMƏYƏ ÜZ TUTURLAR

- Müraciətlərin sayının artması nə ilə bağlıdır?

- İnkişafla. Baxın, ötən il ölkənin bütün məhkəmə instansiyalarında 120 min işə baxılıb. Bunun 14 mindən çoxu cinayət işidir, yerdə qalanı – 100 mindən çoxu mülki işlərdir. İnsan artıq öz hüquqlarını məhkəmə yolu ilə qorumağa üstünlük verirlər. Mülki işlər də bilirsiz, vərəsəlikdir, mülkiyyətdir, ailə münasibətlərdir. Əvvəllər bu tipli məsələlərlə bağlı məhkəməyə az müraciət olunurdu. İqtisadi işlər çoxalıb. Bu da iqtisadi fəallıqla bağlıdır.

«FƏALİYYƏTİNƏ GÖRƏ CƏZALANANA HAKİMLƏR OLUB»

- Bəs Avropa Məhkəməsinə gedən şikayətlərin sayı necə, artıbmı?

- Təbii ki, hər il üst-üstə gəlir. Amma deməzdim ki, çoxdur. Eyni rəqəmlərdir. Əslində söhbət rəqəmdən getmir, biz istəyirik ki, vətəndaşların hüquqları tam burda qorunsun. Vətəndaşların ora müraciət etməsinə ehtiyac qalmasın.

- Avropa Məhkəməsində Azərbaycanla bağlı iddialar təmin olunandan sonra Ali Məhkəmə şikayətin Avropa Məhkəməsinə gedib çatmasına, dövlətin cərimə ödəməsinə səbəb olan hakimlərin fəaliyyəti araşdırılırmı?

- Hər həftə Ali Məhkəmədə, başqa yerlərdə seminar keçirilir. Hakim kobud qanun pozuntusuna yol verəndə cəzalandırılır. Hər qanun pozuntusuna görə də hakimi cəzalandırmaq… dünya praktikasında belə şey yoxdur.

- Avropa Məhkəməsində təmin olunan iddialarla bağlı cəzalanan hakim varmı?

- Elə bir statistika aparmamışam, amma fəaliyyətinə görə cəzalanan hakimlər olub. Bilirsiniz, hakimlərin cəzalanması özü nonsensdir. Hakimin özünə müraciət edirlər ki, qanun pozuntusunu aradan qaldırsın, ədaləti qorusun. Amma siz müraciət edirsiniz, hakim özü qanunu pozur. Bu olmamalıdır axı. Təəssüf ki, belə hallara rast gəlinir. Məhkəmə-Hüquq Şurası mütəmadi mətbuatda məlumat verir ki, bir sıra hakimlər vəzifəsindən götürülür, bəzilərinin vəzifəsi aşağı salınır, bir qisminə töhmət verilir. Məqsəd hakimi cəzalandırmaq deyil, məqsəd odur ki, ədalət mühakiməsi ədalətli olsun.
XS
SM
MD
LG