Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:44

Çingiz Əlioğlu. Başağrı


İşimdən-gücümdən gəl qoyma məni,
Məndə vaxt hardandı söz güləşdirəm.
Yaş o yaş deyil ki, payız şum əkib,
Yazda başşaq yığam, boş küləş dərəm.

Dərdim dərs almaqdı, dərz bağlamaqdı,
Ərzi düşündürmək, ərz ağlatmaqdı.
Səninki bənd olub bənd saxlamaqdı,
Düz adam gedəni yoldan eyləməz.

Bir yetim bəndəyəm nənə-dədəli,
Deyəndə sözümü dedim vədəli.
Bədənə bəndliyin nədir bədəli,
Bir boşqab bedana tut da eyləməz.

Kimdir söz bəddəyib dalcan tez danan,
Sözü dabanından əyri, tərs danan.
Axşam anlamadın, dur sülhdən dan an,
Day ərklə yapışma, yaxam tərk eylə.

Nədir bu dığdığlar, nədir bu dava,
Qırdı bu milləti evdə bəd hava.
Nə fayda, ha deyin, danış bedava,
Əyrilən düzəlmir, düz də əyilir…

…Durub, vallah, vurub təpəmi yarsan,
Yenə də mənimçin istəkli yarsan!
Mən uca zirvəyəm, başımda qarsan,
Onunçün tükənmir başağrım mənim…

Avqust, 2008
XS
SM
MD
LG