Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:47

Avtomobillərin icbari sığorta haqqı artır (VİDEO)


Avtomobillərin icbari sığorta haqqı artır
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

Gələn ildən Azərbaycanda sürücülər maşınlarının məcburi sığortasına indiki kimi 10 manat yox, azı 75 manat ödəyəcəklər. Bakıda sürücülərin bu xəbərə reaksiyaları.

Gələn ildən Azərbaycan sürücüləri avtomobillərini məcburi sığortası üçün artıq 10 manat yox, aşağısı 75 manat ödəyəcəklər. Artıq «baş etibarnamə» ilə maşın satmaq keçmiş sahibinə baha başa gələcək. Artıq yaxşı-pis sürücülər arasında fərq qoyulacaq.

Maliyyə Nazirliyi avtomobillərin icbari sığorta haqqının hesablanması qaydalarını müəyyənləşdirib.

Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyir ki, yeniliyə görə, baza sığorta haqqı 50 manatdır, amma mühərrikin həcminə görə, müəyyənləşən əmsallar üzrə bu məbləğ artacaq:

- Məsələn, maşınının mühərrikinin gücü 5000 kub santimetr olan sürücü 250 manat sığorta haqqı ödəyəcək.

Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Yük avtomobillərində isə sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək.

SÜRÜCÜLƏR ARASINDA FƏRQ QOYULACAQ

Amma yenilik təkcə bu deyil, əgər sürücü il ərzində heç bir qəza törətməsə, onda onun ödədiyi illik sığorta haqqı azalacaq, yox əgər, qəza törətsə, bu, sürücünü «pis sürücü» kateqoriyasına aid edəcək:

- Yol qəzası törədən sürücünün illik icbari sığorta haqqı maksimum 150 manata qədər artacaq. Əgər sürücü heç bir qəza törətməyibsə, onda o, baza sığorta haqqının 45 faizinədək olan məbləği ödəyəcək, bu da təxminən 22 manat edir.

Yaxşı-pis sürücü arasında fərqləndirmə Avropa ölkələrində tətbiq olunan Bonus-Malus sistemi adlanır. Dərhal əlavə edək ki, bu sistemin tətbiqi zamanı da maşınının mühərrikinin həcmi nəzərə alınacaq. Ancaq Bonus-Malus sistemi 2013-cü ildən tətbiq olunacaq. Namiq Xəlilov bunu onunla izah edir ki, gələn il sürücülərin sığorta tarixçəsi (yəni il ərzində qəza törədib, törətməyib) yaradılacaq. İndiyə qədər belə bir tarixçə olmadığı üçün bu sistemi işə sala bilmirlər.

ƏMLAK VƏ HƏYAT SIĞORTASI ARTIR

Namiq Xəlilov deyir ki, sığorta haqqı 55 min manat nəzərdə tutulub, yəni əmlaka dəyən zərərə görə əvvəllər 1000 manat nəzərdə tutulurdusa, bu məbləğ 55.000 manata qalxıb.

- Həyata dəyən zərərə qədər də bir adam üçün 5 min manatlıq sığorta nəzərdə tutulur. Bir hadisəyə görə nəzərdə tutulan məbləğ 50 min manata qədərdir. Əvvəl isə bir hadisə üçün 6 min manatadək vəsait nəzərdə tutulurdu.

ETİBARNAMƏNİN TƏHLÜKƏSİ

Bakı
Bakı
Namiq Xəlilov maşın alqı-satqısı zamanı etibarnamədən istifadə olunmasının da əvvəlki sahiblərinin zərərinə işləyə biləcəyi ehtimalını qabardır. Onun sözlərinə görə, maşın satıldığı il avtomobili etibarnamə ilə idarə edən sürücü qəza törədərsə, bu hal maşının əvvəlki sahibinin adına yazılacaq ki, bu da onu «pis sürücü» kateqoriyasına sala bilər. Çünki etibarnamə verilən zaman adətən sürücülər sığorta müqaviləsini təzələmirlər.

Namiq Xəlilov deyir ki, qeyri-hökumət təşkilatı olan İcbari Sığorta Bürosu yaradılıb və onların seçdiyi sığorta şirkətləri avtomobillərin icbari sığortasını həyata keçirəcək. Onun sözlərinə görə, sürücü sığorta şirkətləri arasında sərbəst seçim edə biləcək.

Müsahibimiz deyir ki, əgər sığortaçı qəza törətdiyi zaman içkili olarsa, sürücülük vəsiqəsi olmazsa və ya hadisə yerindən yayınarsa, bu halda zərərçəkənə nəzərdə tutulan sığorta məbləği ödəniləcək, ancaq sonradan həmin məbləği sürücüdən tələb edəcək.

ZƏRƏR 1000 MANATA QƏDƏR OLANDA...

İndiyə kimi sürücülər hər il 10 manat sığorta haqqı ödəyirdilər və bəzilərinin iddiasına görə, qəza zamanı onlara bu məbləği almaq nəsib olmurdu. Namiq Xəlilov deyir ki, indiyədək bir çoxları kiçik qəzalar törətdikləri təqdirdə sığorta haqqını almağa getmirdilər: «Polisdən arayış almaq lazım olurdu, bu da 1-2 həftə vaxt aparırdı, ona görə də çoxları buna maraq göstərmirdi» deyən müsahibimiz əlavə edir ki, yeni qanuna görə, zərər 1000 manata qədər olarsa, artıq polis idarəsindən arayış istənilməyəcək.

- Həmin məbləğ tez bir zamanda sığortaçıya ödəniləcək.

«BU SIĞORTANIN BIZƏ DƏXLİ YOXDU»

Amma fikrini öyrəndiyimiz sürücülərin bəziləri bu yeniliyə şübhə ilə yanaşırlar. İndiyə kimi ödədikləri 10 manata görə heç vaxt sığorta haqqı ala bilmədiklərini deyən Kamil Əliyev hesab edir ki, bu sığorta ödənişi də formal xarakter daşıyacaq:

- O qədər sənəd istəyirlər ki, faktiki məbləği almaq mümkün olmur. Ona görə bunun bizə dəxli yoxdur.

Ancaq başqa cür düşünən də var, məsələn, Ramil Fərəcov deyir ki, ödəniş artandan sonra sürücülərin icbari sığortası formal olmayacaq:

- Qəza olanda özləri gəlib zərəri ödəyəcəklər. Yaxşı haldır.

Natiq Cəfərli
Natiq Cəfərli
Bəzi müsahiblərimiz arasında maşınlarını könüllü sığorta etdiyini deyənlər də oldu, məbləği baha sayanlar da.

«DÖVLƏT NİYƏ İCBARİ SIĞORTANIN TARİFİNİ MÜƏYYƏNLƏŞDİRİR?»

İqtisadçı Natiq Cəfərli isə məsələyə başqa tərəfdən yanaşır, deyir ki, dövlət sığorta haqqını tənzimləməməlidir:

- Dövlət hər şeyi nəzarətdə saxlamaq istəyir. Dövlət yalnız onu edə bilər ki, qəbul etdiyi qanunla sığortanın məcburi olduğunu göstərə bilər. Hökumət tarif müəyyən eləməməlidir. Azad bazar şəraiti yaradılmalıdır və sığorta şirkətləri də bir-birləri ilə rəqabətə girib sürücüyə daha yaxşı şərtlərlə sığorta təklif etməlidirlər. Dünya təcrübəsində vəziyyət məhz belədir.

O ki qaldı bu yeni qaydaların nə cür tətbiq olunacağına, Natiq Cəfərli hesab edir ki, artıq sığorta məbləği 10 manat kimi “gözə görünməyən məbləğ” olmayacağından, əksər sürücülər qəza törədilən zaman öz sığortasını almağa cəhd göstərəcək: “Bax, onda görəcəyik ki, həqiqətən də bu məbləğ ödənir, yoxsa, formal xarakter daşıyır”, Natiq Cəfərli deyir.
XS
SM
MD
LG