Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:51

Milad haqqında hər şey


Bu gün İsa Peyğəmbərin mövludu qeyd olunur

Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan Milad bayramında Allahın oğlu İsa peyğəmbərin anadan olması qeyd edilir. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər. Katoliklər dekabrın 25-də Miladı qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Bəziləri isə bunu tam başqa səbəblərlə - yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər.

MİLADIN TARİXİ İNCİLDƏN GƏLİR

İsanın anadan olması haqqında İncilin Əhdi-Cədiddə məlumat verilib. İncilə görə, İsanın anası Məryəm adlı qadın olub. Məryəm Cozef adlı dülgərlə nişanlı olub. Lakin Məryəm bakirə ikən hamilə qalıb. Bu zaman mələklər Məryəmə bir oğlan doğacağı haqqında məlumat veriblər. Digər inanclara görə, mələklər həm də Cozefi inandırıblar ki, Məryəmi qovlamasın, onunla evlənsin. İsanın doğulduğu yerə ilk olaraq gəlib çatması haqqında da müxtəlif inanclar mövcuddur. Bəzi dini kitablarda yazılır ki, bu yeri çobanlar tapıblar. Amma Metyudan olan İncildə isə “ulduzların göstərdiyi yolla” İsanın doğulduğu yerə gəlib çıxan müdriklərdən bəhs olunur. Məryəm və Cozef uşaq doğulana qədər Vifleyem şəhərinə gedirlər. Çünki öz ata evini tərk etmiş Cozef Roma imperatorunun əmri ilə keçirilən siyahıyaalmada iştirak etməliydi. Odur ki, Məryəmlə Cozef İordan çayının kənarı ilə yola çıxırlar. Amma onlar Vifleyemə gəlib çatanda şəhər mehmanxanasında yer tapılmır. Mehmanxana sahibi onlara öz evinin yaxınlığında dağdakı mağarada, atların saxlandığı yerdə gecələməyə icazə verir. Məryəm məhz bu cür səs-küylü, heyvanların qaldığı bir pəyədə öz uşağını dünyaya gətirir.

İLK MİLAD NƏ VAXT QEYD EDİLİB?

Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir. İlk dövrlərdə bayram indikinə nisbətən fərqli keçirilirmiş. Əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi. İlk dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq Miladı dekabrın 25-də qeyd etməyə başlayıb. Lakin Milad – yalnız xristian bayramı kimi qəbul edilmir. Onun köklərinə yəhudilərin Xanuki, qədim yunanların festivallarında, druidlərin inanclarında da rast gəlmək mümkündür.

İsa Peyğəmbərin doğulmasını təsvir edən şirni
İsa Peyğəmbərin doğulmasını təsvir edən şirni
ORTA ƏSRLƏRİN MİLADI

Orta əsrlərdə Milad bayramı şadyanalıqla qeyd edilirdi. Bu, dini elementləri olan festivala bənzəyirdi. Həmin dövrlərdə Milad 12 gün davam edirdi – bayram təbirləri dekabrın 24-dən başlayaraq yanvarın 6-na qədər davam edirdi. Sonradan katolik kilsəsi Milada bütpərəstlərin xeyli adətlərini daxil edir. Məsələn, indiyə qədər populyar olan Milad himnləri vaxtilə bütpərəstlərin bayram mahnılarından götürülüb. Elə festivalların təşkili də vaxtilə bütpərəstlərin qışın bitməsi münasibətilə keçirdikləri şadyanalıqlara oxşayırdı. O dövrlər İngiltərədə olan Roma əsgərləri də bayrama öz paylarını vermişdilər. Onlar bayram günlərində yaxşıca yeyib-içir, əylənirdilər. Kilsə həmçinin Pırkal bitkisini İsanın tikanlı çələng simvolu kimi seçib. Əfsanəyə görə, Roma əsgərləri bu tikanlı bitkidən tac düzəldib onu İsanın başına taxıblar və mahnı oxuyublar: “Yəhudilərin kralını salamlayın”. Pırkalın meyvələri adətən ağ rəngdə olsalar da, Məsihin qanı onları tünd-qırmızı rəngə boyayıb. Başqa bir əfsanəyə görə, çobanların yanında qalan kiçik bir yetim oğlan İsanın doğulması xəbərini eşidəndə onun üçün tikandan çələng hazırlayıb. Lakin sonra öz hədiyyəsindən utanaraq ağlamağa başlayır. Onun göz yaşları al-qırmızı pırkal meyvəsinə dönüb. Qədim təriqətlər bu bitkidən müdafiə üçün istifadə ediblər. Onlar qapı-pəncərələri Pirkalla bəzəyərək pis ruhları qovmağa çalışıblar.

MİLAD NİYƏ QADAĞAN EDİLİB?

XVII əsrin ortalarından XVIII əsrin əvvəlinə kimi Avropa və Amerikada Milad bayramına qadağan qoyulur. Bu qadağa İngiltərədə kraliça Elizabertin (1558-1603) hakimiyyəti dövründə, puritanların hərəkatının gücləndiyi dövrə təsadüf edir. İncildə İsanın doğum günü konkret göstərilmədiyindən, Puritanlar bu bayramın daha çox bütpərəstlərə aid olduğunu hesab edirdilər. Ciddi mənəvi tələbləri olan puritanlar bu bayramda sərxoşluq edilməsini əleyhinə idilər. Ona görə də 1644-cü ildən İngiltərədə Miladla bağlı hər şeyə – binaların həmişəyaşıl bitkilərlə bəzədilməsindən tutmuş ətli piroq bişirilməsinə qədər hər şeyə qadağa qoyulur.

YOLKANI KRAL AİLƏSİ POPULYARLAŞDIRIB

Yeni il qabağı festivalların keçirilməsi adəti yenidən Viktorian dövründə (1837-1901) qayıdır. İndi qeyd olunan bayram elementləri məhz bu dövrdə formalaşıb. Bura həm Miladi himnlərin oxunması, şam ağacının bəzədilməsi, təbrik kartlarının göndərilməsi və s. daxil idi. 1950-ci illərdən etibarən Amerikada kilsədəki bayram mərasiminə Milad himninin oxunması da daxil edildi. Həmin vaxtlar poçt xidməti ucuz olduğundan, evlərindən uzaqda olanlar doğmalarına bayram kartları göndərməyə başladılar. Şam ağacının bəzədilməsi isə əsasən almanların adəti idi. Bu adət Böyük Britaniyada kral ailəsi tərəfindən populyarlaşdırılmışdı. Şahzadə Albert 1834-cü ildə kral sarayına şam ağacını gətizdirir.

Şaxta Baba
Şaxta Baba
ŞAXTA BABA

İndiki Milad bayramının ən vacib hissələrindən biri – Şaxta Baba mifi (Amerikada Santa-Klaus adlandırılır) ilə bağlıdır. Ona həm Avropa, həm də xristian ənənələrində rast gəlinir. Lakin Şaxta Babanın indiki vizual görünüşü Viktorian dövrdəki açıqcalarda təsvir olunub. Adətə görə, Şaxta Baba Milad axşamında bacalardan evlərə girir, uşaqlara hədiyyə qoyur. Uşaqlar sobanın qarşısına üzərində Milad təsvirləri olan iri corablar asırlar ki, Şaxta Baba onun içini hədiyyələrlə doldursun. Şaxta Baba ilə bağlı bəzi ənənələr xristianlıqla bağlıdır. Məsələn, şimal marallarına bağlanan kirşə təsviri Skandinaviya mifologiyasında götürülüb. Bəzən Baba üçün stol üstündə ətli piroq saxlayırlar ki, bu da bütpərəstlərin qışın bitməsi münasibətilə keçirdikləri bayramda bişirdikləri piroqla eynidir.

MÜASİR MİLAD XRİSTİANLARA BAHA BAŞA GƏLİR

Hazırda Böyük Britaniyada əhalisinin yalnız 60 faizi xristian olsa da, Milad təqvim ilində ən böyük bayramlardan biridir. Milad ərəfəsində xristianlar ailə üzvləri və dost-tanışlarına hədiyyələrə kifayət qədər pul xərcləyirlər. Son böhran illərində bəzi insanlar hədiyyələrə kalan pul xərcləmək əvəzinə bayramı ailəsi ilə birlikdə keçirməyə üstünlük verir. Heç nəyə baxmayaraq, Milad bayramı xristian aləmi üçün dərd-qəmin unudulduğu ailəvi bayram sayılır.
XS
SM
MD
LG