Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:51

Rasim Qaraca "Qaranlıqda və işıqlar sönəndə" (Detektiv)


Doktor Ravikdən bir ölünün dirilərə təzavüz etməsi hadisəsinin elmi bir adının olub-olmadığını soruşuram. Onun terminlər məsələsində usta olduğunu bilirəm.

Lakin dostum, nekrofiliya anlayışının antonimi olacaq belə bir kəlmənin mövcud olmadığını söyləsə də, mənim bu sualıma cavab olaraq bir neçə il əvvələ qədər yaşadığı qəsəbədə baş verən çox qəribə hadisələr haqqında danışmağa başlayır.

Tibb institutunu bitirib təyinatla göndərildiyi N. adlı qəsəbədə, elə ilk günlərdəcə, biri-birinin dalınca, dedektiv romanlarda belə bənzərinə rast gəlinməyəcək 3 cinayət hadisəsi baş verib.

Zərərəçəkənlərdən biri, 2 nömrəli orta məktəbin qocaman riyaziyyat müəllimi Həsrət Xosrov, ikincisi Lebed barının daimi müştərisi alkaş Nikolay Osmanov, üçüncüsü evdar qadın, 63 yaşlı Məhzurə Sultanovaydı.

Sosial mənsubiyyətlərinə görə bu adamlar əks qütblərdə dayansalar da, hər üç cinayət hadisəsinin dəsti-xətti demək olar ki biri-birinin kopyası idi.

Doktor belə şeylərin marağında olan birisi deyildi, bu qəribəliyə çox da baş-qulaq olmamışdı. Vəzifə borcu insanları sağaltmaq idi. Yoxsa cinayətin harada, necə, kim tərəfindən törədilməsi onunçün önəmli deyildi. Ancaq bu hadisə o qədər görkəzmə idi, istər-istəməz qulaqlarını şəkləməli olmuşdu.
Hər üçünə gecə saatlarında, qaranlıq məkanda, yaşadıqları binanın blokunda həmlə edilmişdi.

Caninin əlamətlərini təsvir etməkdə hər üçü çətinlik çəkirdi. Təkcə bir şey məlum idi: o balacaboy idi. Vəssəlam. Adamların üstünə sanki bir külək kimi şığıyıb bir andaca işini bitirmişdi. Yaralıları müayinə edə-edə diqqəti orqan işçilərində olub, onların sorğu-sualını havada tutmağa çalışırmış. Hələlik cinayətin hansı məqsədlə törədildiyi həm rəsmi orqanlara, həm sadə insanlara qaranlıq qalıbmış.

Doktor Ravik bu hadisələrin içində olmuş, təcili yardım servisinin növbətçi həkimi qismində bir an öncə cinayət yerində bulunmuşdu. Əlində sadə insanlara məlum olmayan çoxlu faktlar var idi. Bəzi şeyləri bildiyinə görə uzun zaman qorxu içərisində yaşamışdı. Ancaq indi həmin qəsəbədən köçüb getdiyinə görə bu hadisələr haqqında qorxmadan danışa bilirdi.

Söylədiyinə görə hadisə bu 3 nəfərlə bitmirdi. Bənzəri cinayətlərin həmin bu qəsəbədə artıq 10 ilə yaxın bir vaxt ərzində təkrar olunduğunu, doktoru özünə məhrəm bilən xəstələri, xəlvətcə danışmışdılar. Olanları danışmağa belə hər kəs qorxurmuş. Hələ doktora da yalvar-yapış eləyiblər: sən allah heç yerdə danışma, birdən ağzından qaçar ha. Ancaq doktor özü də fil qulağında yatmayıb, eşitdiklərini beyninin süzgəcindən keçirib, yavaş-yavaş olayın izinə düşməyə başlayıb.

Məsələ burasındaydı, hücuma məruz qalanlar guya sadəcə döyüldüklərini, hədələndiklərini deyirdilər, ancaq həkim müayinəsi cinayətin bununla bitmədiyini göstərirdi. Binanın blokunda naməlum adam tərəfindən küt alətlə vurulduğu güman edilən, bir müddət huşsuz vəziyyətdə yerdə yatıb qalan jurnalist Məhliqa Köpərli yarıçılpaq vəziyyətdə tapılmışdı.

Artıq doktorun təcrübəsi var idi, blokda hadisə adı gələndə dodağını dişləyirdi. Dolayı yollarla zərərçəkmişdən cinsi təcavüzə uğrayıb-uğramadığını soruşardı. Adətən hadisə qurbanları məsələnin bu tərəfini ört-basdır edirdilər, balaca bir qəsəbəydi, dilə-dişə düşməkdən çəkinirdilər. Doktorun qənaətinə görə, artıq neçə illərdir öz cinayət dəsti-xəttini pozmayan bu balacaboy adam seksual manyak idi. Ancaq bu qənaətində də çox əmin deyildi. Məntiqə sığmayan bir nöqtədə taxılıb qalırdı: axı nə üçün - nə üçün manyakın seçdiyi adamların çoxu əsasən yaşlılar, üstəlik ölüm ayağında olan qocalar olurdu?

Cinayətin ümumi mənzərəsi beləydi: Cani təkbaşına hərəkət edirdi. Öz qurbanını yalnız binaların blokunda, işıqlar sönəndə yaxalayırdı. Çox vaxt hadisə baş verəndə bütün şəhərin işıqları sönmüş olurdu. Caninin qarət məqsədi yox idi. Hər zaman təsdiq olunmasa da, doktorun qənaətinə görə, bütün hallarda insanlar cinsi təcavüzə məruz qalırdı. Ancaq, ən qəribəsi və anlaşılmaz olanı bu idi: caninin seçdiyi qurbanları heç cür təsnif etmək olmurdu. Yetmiş yaşlı qocalara nə üçün təcavüz edilirdi və ya şikəst, xəstə bir qadını binanın girişindəcə soyundurub başına pislik gətirmənin nə adı var idi?
N. şəhəri Polis idarəsini arxivində saxlanılan 2286 nömrəli cinayət işində 1984-cü ildə Rəsul Rza küçəsi 11-də yaşayan 52 yaşlı, “İşıqlı Yol” qəzetinin xadiməsi Şadmirzəyeva Balaxanım Müşərrəf qızına binanın girişindəcə naməlum adam tərəfindən həmlə edildiyi fakıtı öz əksini tapmış, yaralı qadın huşsuz halda xəsətəxanaya çatdırılmışdı. Bu hadisədə Doktor Ravik bilavasitə iştirak etmiş, təcili yardım maşınında huşsuz qadının aşağı ətraflarını gözdən keçirə bilmişdi. Zənni onu yanıltmamışdı: qadının vajinası, anal ətrafı qan içində idi. Vəhşicəsinə təcavüz aktı göz qabağında idi. Sanki fentezi filimlərində gördüyümüz terminator tipli insan qadını bir anın içində basmarlamışdı. Lakin sonradan doktor bu işin izinə düşməyə çalışmış, cinayəti araşdıran müvəkkillə və qadının özüylə görüşmüşdü. İnanılası deyildi, rəsmi qeydlərdə qadının zorlanması faktı qeydə alınmamşdı və qadının özü də bu söhbəti yaxına buraxmırdı.

Polisin davranışı və cinayət zamanı bütün şəhərin işıqlarının sönmüş olması Raviki dərindən düşündürürdü, bu qeyri-adi hadisənin sirrini öyrənməyə onda dəhşətli maraq oyanmışdı.

Guya hadisə qurbanlarının reablitasiyası və profilaktikası məqsədilə onları ziyarət edərkən qəribə faktlar meydana çıxmışdı. Alkaş Nikolay Osmanov hadisədən bir neçə gün öncə sərxoş olub Lenin bağındakı rəhbərin heykəlinin dibinə işədiyini etiraf edib. Qaranlıqda ona həmlə edən adamın da elə Leninin özü olduğuna and içib. Sonra da barmağını dodağının üstünə qoyub, bunu heç kəsə demə deyib, yalvarıb.

Mərhum rəhbərin gecələr qəbirdən xortlayıb qoca pensionerləri, özü də binaların qaranlıq blokunda zorlaması hadisəsi doktora inandırıcı görünməsə də ağlının bir hücrəsində özünə yer eləmişdi. Məsələnin ən oğraş tərəfi də burasındaydı: 10 il ərzində başına pislik gətirilən, doktorun hesabına görə hələlik 41 insan, özləri də fərqində olmadan ölmüş rəhbər tərəfindən təzavüzə uğradıqlarını təsdiq edirdilər. Məsələn, elə xadimə Balaxanım Şadmirzəyeva ayaqyoluda olarkən rəhbərin şəkli dərc olunmuş qəzetdən istifadə etmişdi. Artıq özü də başa düşmüşdü ki, başına gələn bu biabırçı hadisə buna görə olub. Yazıq qadın bunu makinaçı Qalinaya danışıb, Qalina da Doktor Ravikə.

Burada bir haşiyə çıxmaq lazım gələcək. Söhbət belə olub: doktor işdən sonrakı asudə vaxtlarında Qalinanı masaj edirmiş. Bu zaman yenə bütün şəhərin işıqları sönüb. Doktor özü də bilmədən ağzından qaçırıb: “yenə kimisə podyezdə qayıracaqlar”. Bu sözü eşidən Qalinanın yadına Balaxanım düşüb və rəhbərin şəklinin unitaza atılması hadisəsini danışıb.
Buna bənzər başqa faktlar da vardı.

“Yola Atılmış Pomidor” romanının müəllifi, ən çox oxunan əyalət yazarı, respublika mətbuatında psixiatr-şair kimi təqdim olunan Ziyanverdi Yadullaoğlunun başına gələn hadisə Doktor Ravikin bütün şübhələrinə son qoymuşdu. Bu, doktorun N. şəhərində yaşadığı müddətdə baş vermiş ən sonuncu hadisə olmuşdu. Cəmi bir həftə əvvəl 2 nömrəli rayon Ruhi Xəstəliklər Dispanserinin partkomu, qəsəbə xalq şurası nəzarət komissiyasının üzvü, 4 kitab, 76 məqalə müəllifi Ziyanverdi Yadullaoğlunun “İşıqlı Yol” rayon qəzetində “Lenin bizimlədir” adlı 77-ci məqaləsi dərc olunmuşdu. Bu məqalənin dərc olunduğu gün Doktor Ravikin yolu necə olmuşdusa dispanserə düşmüş, dispanser kollektivinin necə böyük çaxnaşma içərisində olduğunu öz gözləriylə görmüşdü. Tərslikdən qəzetdə müəllifin adının altında “2 nömrəli Ruhi Xəstəliklər Dispanserinin partkomu” sözləri də yazılıbmış.

Şəhərin işıqları növbəti dəfə sönəndə, yataqxanada, öz dəmir çarpayısında uzanıb kitab oxuyan Doktor Ravik məsələnin nə yerdə olduğunu anlayıb. Maraq ona güc gəldiyindən, 1-ci mərtəbəyə enib növbətçinin yanındakı telefondan öz iş yerinə, təcili yardım bürosuna zəng eləyib. Əgər şairin başında bir qəza olmuş olsaydı o zaman doktor qənaətlərinin doğru olduğuna tam əmin olacaqdı. Telefon nömrəsini yığıncaya qədər qəlbinin dərinliklərindən qopan bir səsin get-gedə gücləndiyini hiss edib: “kaş Ziyanverdi müəllimin başında bir iş olmayaydı”. Ancaq növbətçi tibb bacısından aldığı xəbər başına çəkic kimi dəyib: “Ağamirzə Əhmədov küçəsindəki 4 nömrəli binanın 2-ci dəhlizində qətl hadisəsi...”. Ziyanverdi Yadullaoğlunun bu adresdə yaşadığını bilirdi.

Artıq hadisələrin tam mənzərəsi doktora agah olub. Nə edəcəyini, necə davranacağını dərindən düşünüb götür-qoy etməyə başlayıb. Milisə xəbər versinmi? Onu başdanxarab hesab edəcəkdilər. Digər yandan, milis özü də bu işin içində olana bənzəyirdi. Çünki aradan götürülənlər bu və ya digər mənada hakimiyyətə etiraz edən adamlar olub, milis isə bu hakimiyyəti qoruyan sədaqətli köpəklərdi. Ağlından belə bir şey keçmişdi; amerikan filmlərində olduğu kimi bu gözəgörünməz monstrla özü təkbaşına mübarizə aparmağa başlasın. Əvvəlcə rəhbərin heykəlinin dibinə işəyəcək və ya elə Balaxanım kimi, tualetə gedərkən rəhbərin şəkli ilə yanını siləcəkdi. Ölmüş rəhbəri qəbirdən xortlatmaq üçün bunlar bəs edərdi. Sonra, əlində naşatıra batırılmış dəsmal yataqxananın girəcəyində pusquda dayanıb qatilin gəlişini gözləyəcəkdi. Ancaq, ...burada bir ancaq var idi. Axı qatil canlı insan deyildi, naşatır spirti ona təsir edəcəkdi-etməyəcəkdi, bunu bilmirdi.

Bu fikirlərin ağırlığı altında doktor Ravik bir müddən dərin depressiya yaşamalı olub. Ən sonunda qəsəbəni tərk etməyi qərara alıb.
XS
SM
MD
LG