Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Nazarbaev: «Qazaxıstanda misli görünməmiş seçki keçirilib»


Prezident Nursultan Nazarbaev
Prezident Nursultan Nazarbaev
Hakimiyyətin demokratik prosesləri gücləndirmək niyyəti elan etməsinə baxmayaraq, Qazaxıstanda keçirilən parlament seçkiləri demokratik seçkilərin əsas prinsiplərinə uyğun gəlməyib.

Bu bəyanatla bu gün Astanada keçirilən mətbuat konfransında ATƏT-in müşahidəçilər missiyası çıxış edib.

ATƏT-in Parlament Assambleyasının prezidenti Joao Soares mətbuat konfransında bildirib ki, əsas müxalifət partiyalarının seçkilərdə iştirakına imkan verilməyib:

«Əgər Qazaxıstan hakimiyyətinin parlamentdə təmsil olunan siyasi partiyaların sayını artırmaq niyyəti ciddi idisə, onda real müxalifət partiyalarının seçkilərdə iştirakına imkan verməli idi. Ümid edirik ki, gələcəkdə belə olmayacaq».

MDB MÜŞAHİDƏÇİLƏRİ İSƏ QAZAXISTANDAKI SEÇKİLƏRİN DEMOKRATİK KEÇİRİLDİYİNİ BİLDİRİB

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bazar günü keçirilmiş seçkilərdə prezident Nursultan Nazarbaevin Nur Oton partiyası səslərin 80 faizdən çoxunu yığıb. AK Zhol və Kommunist Xalq partiyaları isə hərəsi 7 faizdən bir az çox səs yığıb. Bu partiyaların hər ikisi Nursultan Nazarbaevə loyal partiyalar sayılır.

İlk dəfə olaraq 107 yerlik məclisdə birdən çox partiya təmsil olunacaq. Bu, formal olaraq Qazaxıstanın uzun müddətdir tənqid olunan 1 partiyalı hakimiyyət rejiminin sonudur. Əslində isə heç bir real müxalifət məclisə daxil ola bilməyib. Əsas müxalifət partiyası olan Ümummilli Sosial-Demokrat Partiyası cəmi 1,6 faiz səs toplayıb.

ATƏT-in uzunmüddətli müşahidəçilər missiyasının rəhbəri Miklos Haraszti jurnalistlərlə söhbətində ciddi nəzarət altında olan seçki kampaniyası mühitini tənqid edib. Bildirib ki, vətəndaşların seçki hüquqları ciddi şəkildə məhdudlaşdırılıb:

«İctimai müzakirələr çox məhdud olub. Kütləvi informasiya vasitələri özünü senzura ilə xarakterizə olunan bir mühitdə fəaliyyət göstərib. Elektron media müstəqil deyil».

ATƏT: Əsas müxalifət partiyalarının seçkilərdə iştirakına imkan verilməyib
ATƏT: Əsas müxalifət partiyalarının seçkilərdə iştirakına imkan verilməyib
Miklos Haraszti deyib ki, seçkilərin nəticələri idarə olunan seçkilər kimi xarakterizə oluna bilər.

MÜXALİFƏT İSƏ BİLDİRİR Kİ, SEÇKİ QANUN POZUNTULARI İLƏ KEÇİB


Müxalifət yanvarın 17-də Almatıdakı Mərkəzi Meydanda etiraz aksiyası keçirəcəyini bildirib. Müxalifət seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığını bildirir. Prezident Nursultan Nazarbaev isə seçkini tərifləyərək misli görünməmiş şəffaf və açıq seçki adlandırıb.

Qazaxıstanda parlament seçkiləri ilkin olaraq 2012-ci ilin avqustuna planlaşdırılırdı. Ancaq Nazarbaev noyabrda parlamenti buraxıb ilkin seçki elan etdi.

Seçkilərdə iştirak edən 7 partiyadan 4-ü 7 faizlik baryeri aşa bilməyib. Nazarbaev hələ ötən ilin aprelində söz vermişdi ki, növbəti parlamentdə birdən çox partiya olacaq. Müxalifət liderləri isə hakimiyyəti rəqiblərini parlamentdən kənarda saxlamaqda ittiham ediblər.

Müxalifət partiyası olan Algha qeydiyyatdan keçirilməyib. Qeydiyyatdan keçməmiş qrupla blok yaratmaq istədiyinə görə isə Kommunist Partiyasına seçkidə iştirak etməyə icazə verilməyib.

Seçkidən bir qədər əvvəl Ruhaniyət partiyası qeyri müəyyən ittihamlarla üzləşib, partiyanın seçkidə iştirakı qadağan olunub. Bu da həmin partiyanın liderinin hakimiyyəti Zhanaozen hadisələrinə görə tənqid etməsindən sonra olub.

Keçən ilin dekabrında Zhanaozen şəhərində əmək haqlarını tələb edən neftçilərlə polis arasında baş verən qarşıdurma zamanı 16 nəfər öldürülmüşdü.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG