Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:26

ABŞ rəsmisinə vicdan məhbuslarından danışılıb


Eric Rubin
Eric Rubin
Eric Rubin müxalifət partiyaları – AXCP sədri Əli Kərimli, Müsavat Partiyası başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, REAL hərəkatının həmsədri İlqar Məmmədovla da görüşüb.

İsa Qəmbər AzadlıqRadiosuna deyib ki, görüşdə bir çox məsələlər müzakirə olunub:

- Ölkədəki ictimai-siyasi vəziyyət və narahatlıq doğuran proseslərlə bağlı danışıldı. Bundan başqa, Dağlıq Qarabağ məsələsi, onun həlliylə bağlı yaranmış vəziyyət haqqında fikir mübadiləsi aparıldı, həm də regional məsələlərlə bağlı. Məncə, maraqlı və səmərəli söhbət oldu.

- Regional məsələlər arasında İran məsələsi də vardımı?

- Azərbaycan mediasında, cəmiyyətində diqqət mərkəzində olan bütün regional məsələlər haqqında müzakirələr aparıldı.

- Üzərində xüsusi dayandığınız bir məsələ də vardımı?

- Təbii, vicdan məhbusları məsələsi. Arif Hacılı başda olmaqla bütün vicdan məhbusları haqda ətraflı danışdıq. Xüsusən də Arif bəyin və gənclərlə bağlı.

REAL hərəkatının həmsədri İlqar Məmmədov diplomatın diqqətinə 2013-cü il prezident seçkilərinə hazırlığın vəziyyəti haqqında məlumat verərkən, seçkilərə aid mövqeyin cari il ərzində müəyyən ediləcəyini bildirib. İlqar Məmmədov qeyd edib ki, Azərbaycanda insanların büdcə oğurluğu və ümumən qanunsuzluq abu-havasından narazılığı çox yüksək səviyyəyə qalxıb, odur ki, prezident seçkilərindən öncə də kütləvi çıxışlar istisna deyil. Xüsusilə də, Rusiyada demokratik proseslər sürətlənərsə.

Amerika-Azərbaycan münasibətlərini dəyərləndirən İlqar Məmmədov, məlum səfir təyinatı probleminin Qarabağ danışıqlarında ABŞ vasitəçiliyinə zərbə vurduğunu diplomatın diqqətinə çatdırıb.

ELMAR MƏMMƏDYAROV ERİC RUBİNİ QƏBUL EDİB

Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Eric Rubini qəbul edib.

XİN-in yaydığı məlumatda deyilir ki, Elmar Məmmədyarov görüşdə Azərbaycan ABŞ münasibətlərinin müsbət templə inkişaf etdiyini diqqətə çatdırıb. Eyni zamanda müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Eric Rubin isə beynəlxalq sülhün təmin olunmasında Azərbaycanın verdiyi tövhəni yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər arasında enerji sahəsində əməkdaşlıq məsələləri, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların son durumu və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Eric Rubin Azərbaycandadır. O, yanvarın 18-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

«AzərTAC»ın məlumatına görə, E.Rubin görüşdə Azərbaycana ABŞ prezidentinin və Dövlət katibinin tapşırığı ilə səfər etdiyini bildirib. O, 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

E.Rubin'in görüşləri davam edir. Onun siyasi partiya liderləriylə də (Müsavat, AXCP, Ümid partiyalarının) görüşü planlaşdırılıb.

İQBAL AĞAZADƏ: «SİYASİ DUSTAQ MƏSƏLƏSİ CİDDİ MƏSƏLƏDİR»

Ümid Partiyasının sədri İqbal Ağazadə AzadlıqRadiosuna deyib ki, o, görüşdə 2 aprel aksiyasına görə həbs olunanların, ötən parlament seçkilərində deputatlığa namizəd, gənc fəal Bəxtiyar Hacıyevin məsələsini qaldıracaq:

«Siyasi dustaqlar məsələsi ümumiyyətlə ciddi məsələdir. Amma tək bu deyil, çox problemlər var: insan haqlarının vəziyyəti, Seçki Məcəlləsi, «Siyasi partiyalar haqqında» qanunu da müzakirə edəcəm».

«DOĞRUDAN? AXI BİZƏ BELƏ DEMƏYİBLƏR...»

Leyla Yunus
Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da bu görüşdə siyasi məhbusların məsələsini müzakirə edəcək. O cümlədən söz azadlığına diqqət ayıracaq. Xüsusən də həbsdə olan «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı həbsini, mülkiyyət hüquqlarının tapdanmasını qaldıracaq:

«Azərbaycanda heç bir qanun işləmir. İlham Əliyevin imza atdığı insan haqları ilə bağlı proqram da gözdən pərdə asmaq üçündür. Leonid Brejnev də sovet qoşunları Əfqanıstana girəndə bir proqrama qol çəkdi ki, dünyada sülh olsun. Amma... Boş şeydir».

Bu cür görüşlərin səmərəsinə gəlincə, İqbal Ağazadə də, Leyla Yunus da əmindir ki, faydası var. Hüquq müdafiəçisi:

«Məncə, fayda var və böyükdür. Mən şahidi olmuşam ki, biz məlumatları çatdıranda, onlar təəccüblənirlər, sual edirlər: «Doğrudan? Axı bizə belə deməyiblər». Sonra hesabatlarda görürük ki, birtərəfli yox, real məlumatlar verilib».
XS
SM
MD
LG