Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

İlqar Fəhmi: 180 manat maaşla üç uşağı saxlamaq olmaz,


Cavid Zeynallı (solda) və İlqar Fəhmi
Cavid Zeynallı (solda) və İlqar Fəhmi

ona görə “Ulduz”a ayırdığım vaxt minimuma düşür”.

1000 səhifəlik kitab yazıram...

Yazıçı kənara çəkilib öz işi ilə məşğul olmalıdır...

Qarabağ mövzusu Şərifi nə qədər incidirsə, Seymur o qədər laqeyddir...

Kino işi mənim nəsr düşüncəmi zəiflədib...

Kimsə unudulmaqdan qorxub hər həftə müsahibə verir, hekayə, şeir çap etdirirsə bu, anormaldır.



“Şənbə qonağı” rubrikasında Cavid Zeynallının həmsöhbəti "Ulduz" jurnalının şöbə müdiri, yazıçı, ssenarist İlqar Fəhmidir.


- İlqar, bura gəlməzdən əvvəl istədim əvvəlki müsahibələrini vərəqləyim. Keçən il Yazıçılar Birliyində etdiyin məruzədən və bir müsahibədən savayı heç nə ilə qarşılaşmadım. Bu nə ilə bağlıdır? Mətbuat səni xatırlamır, yoxsa özün gündəmə meyil etmirsən?

- Bilirsən, mən başa düşmürəm ki, gündəm nəyə lazımdır? Yazıçının adının hansısa ictimai problemlərdə hallanması mənə çatmır. Amma həm də qəbul edirəm ki, məhz mənə çatmır. Yəni əslində, bu mənim subyektiv rəyimdir. Çünki çoxluğun rəyinə görə yazıçı həm də ictimai xadimdir.

Amma mən bu cür düşünmürəm. Yazıçı kənara çəkilib öz işi ilə məşğul olmalıdır. Yaxşı əsər yazandan sonra müəyyən rəylər, reaksiyalar ortaya çıxarsa, bu, başqa məsələ. Fikrimi bir az inkişaf etdirim. Tutalım, bizim balet rəqqasələrimiz, opera aktyorlarımız var ki, xalq artistləridir, yüksək mükafatlar qazanıblar.

Bunların gündəmdə olmağı nəyi dəyişir? Heç kim tələb eləmir ki, bu adamlar haqqında mətbuat gecə-gündüz yazsın. Sənətin gündəmdə olmağına ehtiyac da yoxdur. Biz dünya mədəniyyətinə fikir versək, gündəmdə olanlar daha çox adı qalmaqallarda hallanan insanlardır və bu adamlar bütün işlərini kütlə üçün hesablayıblar.

Yaxşı sənətkarın isə gözəl əsər ortaya qoyandan sonra adı hallanır, əsəri rezonans doğurur, haqqında yazılır. Ümumiyyətlə, yazıçı özünə qapılmağı bacarmalıdır. Yazıçı həddən artıq açıq oldusa, deməli, onun fikirləri dəyərini itirir. Nəyə görə? Çünki yazıçı gündəmdə çox olursa, oxucusuna istənilən bir məsələ haqqında onun düşüncəsi gün kimi aydın olur.

Təkrar edirəm, yazıçı həddən artıq açıq fiqur olarsa, bu, onun əsərlərinin dəyərinə kölgə salır. Danışan da eyni adamdır, yazan da! Bəs fərqli, maraqlı olan nə qaldı? Müğənnidir, musiqiçidir, bu başqa məsələ. Onlar toya getməlidirlər, pul qazanmalıdırlar və s. Yaxud siyasi xadimin gündəmdə olmağı vacibdir. Çünki bu qismin camaatla ünsiyyəti, əlaqəsi, onu bağlayan tel yalnız mətbuatdır. Amma yazıçını bağlayan o tel gündəm yox, sənət olmalıdır.

- Belə başa düşdüm ki, sən hamının yazıçısı olmaq iddiasında deyilsən. Yəni kütləviliyə meyl sənin üçün maraqlı deyil…

- Yox, mən hamının yazıçısı ola bilərəm. Oxucu qıtlığım yoxdur. Ona görə ki, qəliz yazan yazıçılardan deyiləm. Amma fərd olaraq kütləviliyi sevmirəm. İnsan var, onu hamı tanıyır, televiziya ekranlarından düşmür, qəzetlərdə yazır, forumların fəal üzvüdür və s.

Eyni zamanda insanlar onu şəxsiyyət olaraq qəbul edirlər. Amma soruşsan ki, həmin adamın hansı əsərini oxuyubsan? Baxacaqlar gözünün içinə. Ona görə ki, həmin insan özünü yazıçı, yaxud şair kimi yox, ictimai xadim kimi sevdirib, tanıtdırıb və camaat onu bu cür qəbul edib.

Ad çəkmək istəmirəm, elə şairlər, yazıçılar var onların nə yazdığını kütlədən soruşsaq, ağzına su alıb duracaq. Amma başımızın üstündədirlər, hansı qəzeti açırsan onların şəklini görürsən. Yenə deyirəm, mənim düşüncəm belədir ki, oxucu ilə mənim aramda ünsiyyət o ictimai xadimlik yox, məhz yazılarım olmalıdır. Qoy, məni tanımasınlar, heç kim bilməsin ki, necə adamam.

- İndi insanların şöhrətə can atdığı vaxtda sən bundan könüllü imtina edirsən?

- İstəyirəm, əsərlərimi minlər, milyonlar oxusun, sevsin, amma mənim özümə
dəyməsinlər. Az-çox tanınıram. Əsasən, Bakı kəndlərində məşhuram. (gülür) Amma məsələ orasındadır ki, bundan çox əsəb gərginliyi keçirirəm, özümü hədsiz narahat hiss edirəm. Üstümdə baxışlar olur, adamın hər addımına göz qoyurlar, hər hərəkətindən nəticə çıxarmağa çalışırlar. İnsan şöhrət qazandıqca, obrazının əsirinə çevrilir.

Fərz elə ki, oxucu səni tanımır və hər bir əsərinə əsasən bir cür xəyal qurur. Biri səni çox ciddi adam hesab edir, o biri yüngül, başqası ağır, müdrik, filosof kimi təsəvvür edir. Amma sən həyatda bunların hamısından deyilsən axı, birisən. Deməli, kütlənin qarşısında çox görünsən, on oxucundan doqquzuna təəssüf gətirəcəksən. Ona görə qoy tanımasınlar, belə yaxşıdır. Mən rejissorların da tanınmamağına sevinirəm.

Rejissor həyatla kontaktda olur, həyatı müşahidə edir. O tanınanda ətrafındakı insanların hamısı başlayır poza verməyə, ona insan kimi yox, kamera kimi baxırlar. Dəfələrlə olub ki, haqqımda danışılanda üstünə çıxmışam. Görürəm, adamlar deyir, İlqar qaraqabaqdı, adama yovuşmur. Hətta biri deyirdi ki, alə, bilirsən o necə dəryadı? (gülür).

Gündəmdə olmamaq mənim üçün xoşdur. Ümumiyyətlə, sənətkarın kütləyə tanınması sovet dövründən qalma bir şey idi. O dövrdə yazıçı da, rəssam da, şair də ideologiyaya xidmət edirdi deyə hökumət onları məcburi şəkildə ictimai xadim edirdi və həmin adamlar insanları arxasınca aparıb rejimi təbliğ edirdilər.

- İndi elə zamandır ki, televiziya, qəzet gündəmində olmaq kitabın, ədəbiyyatın təbliği deməkdir…

- Səninlə tamamilə razıyam. Burda başqa məsələ də var. Kimsə unudulmaqdan qorxub hər həftə müsahibə verir, hekayə, şeir çap etdirirsə bu, anormaldır. Təbliğat məsələsinə gəldikdə, kitab ümumilikdə təbliğ olunmalıdır. Amma ədəbiyyatı kütləviləşdirmək xətrinə təbliğ etməyi qəbul etmirəm. Məsələn, Hollivud filmlərini reklam etməyə ehtiyac yoxdur.

Çünki hamının tələbatını ödəyir, üst qatda olan məsələlərdir. Amma sən Avropa filmlərini, məsələn Lars Fon Triyerin filmlərini gecə-gündüz reklam etsən, heç nə dəyişməyəcək. Ədəbiyyatda da eyni məsələdir. Amma ümumilikdə, kitab təbliğ olunmalıdır.

- Sənin üçün ciddi və qeyri-ciddi ədəbiyyat anlayışı varmı?

- Ümumiyyətlə, sənətə üç cür münasibət var: Kütlənin, həvəskarın, peşəkarın münasibəti. Bu, ədəbiyyata da aiddir. Adam var, nə əsərdən, nə ədəbiyyatdan başı çıxmır, heç nədən xəbəri yoxdur. Tutalım, tikintidə fəhlə işləyir, mexanikdir, müəllimdir. Bu adamların öz istəyi var, bizim kütləvi sənət dediyimiz əsasən, bu təbəqəyə xidmət edir. Yəni hisslərinin arxasınca gedən insanlara. İkinci həvəskarlar məsələn,

Bakı kəndlərinin camaatıdır: qəzəldən başı çıxır, sevir, oxuyur. Üçüncü qism isə
artıq peşəkarlardır. İndi bu adamların fərqi nədədir?! Kütlə öz hisslərinə toxunanları oxuyur. Həddən artıq yüngül bir əsərə sosial problemləri yüklə, dərhal reaksiya olacaq, məşhurlaşacaq.

Ona görə, o başa düşmür, burda əsl ədəbiyyat gedişləri işlənib ya yox, dili yaxşıdı, pisdi. Əsas odur ona toxunan olsun, hisslərinə hesablansın. Həvəskarlar isə sənət işartılarına meyl edirlər. Peşəkarlar çətin qurulan əsərlərə qiymət verirlər. Belə deyək, mən qəzəl yazıram. Kütlənin xoşuna gəlir, həvəskarlar adi şeir kimi oxuyur, peşəkarlar isə formanı saxlamağa fikir verir, əruzda yazmağın çətinliyini anlayır.

- Sənin qəzəllərində də, ssenarilərində də, romanlarında da bir şeyi müşahidə etmişəm: hər üç təbəqənin zövqünə hesablanmaq. Belə deyək, qızıl xətti qoruyub saxlamaq, amma mahiyyətcə ciddiliyi qabartmaq…

- Əslində belədir, amma ürəyimin dərinliyində bilirəm ki, bir təbəqəyə hesablanan, uğurunu qazanan əsər yaxşı əsərdir. Tutalım, kütlə bir əsəri göylərə qaldırır. Yaxud həvəskarlar qiymətləndirirlər. Kütləni və həvəskarları maraqlandıran əsər böyük əsərdir. Hər üç təbəqənin zövqünü əhatə edən dahi əsərdir.

- Onda sən dahiliyə iddialısan?

- Sözün düzü mən kütləni yox, həvəskar təbəqə ilə, peşəkarları birləşdirməyə çalışmışdım. Çünki kütlənin zövqü o qədər açıq, o qədər aydındır, ona işləmək çox asandır.

Mən çox rahat şəkildə kütlə üçün əsərlər yaza bilərəm və mənim bu istiqamətdə müəyyən işlərim olub. Məsələn, teleseriallar üçün ssenarilər yazıram. Televiziya rəhbərləri, prodüsserlər özləri də etiraf edirlər ki, məqsədimiz orta təbəqənin 20 faizini, kütlənin hamısını əhatə etməkdir. İndi “Space”də bir serialımız gedir,

ANS-də birini işləmişik, Vaqif Mustafayevlə bir serial çəkirik. Yəni bu sahəni bilirəm və ayda bir roman yazmağı bacararam. Əminəm, kütlə sevə-sevə oxuyacaq. Amma mənim üçün daha çox həvəskarları və peşəkarları cəlb etmək maraqlıdır, nəinki kütləni.

- Sənə elə gəlmir ki, ssenarilərin həvəskar rejissorlar və aktyorlar tərəfindən həm sənin imzanı həm də çağdaş Azərbaycan kinosunu gözdən salır?

- Belə deyək, sənin bu müsahibən zəif alınsa, imza olaraq Cavid Zeynallı gözdən düşmür. Çünki sən jurnalistliyə iş kimi baxırsan və insanlar səni yazıçı kimi tanıyırlar.

Mənə də elə gəlir ki, mən sırf ssenarist olsaydım və onunla tanınsaydım, bu yola
getməzdim. Həm də nəzərə almaq lazımdır ki, bu iş bizdə hələ yaranmaq üzrədir və texniki imkanlar aşağıdır. Mənim şeriyyətim var, nəsrim var və insanlar daha çox bu adla məni tanıyırlar, nəinki ssenarist kimi. Dövlət sifarişi ilə çəkilən filmlərdə isə vəziyyət başqa cürdür və mənim üçün daha əhəmiyyətlidir.

- Deyəsən, bir-birimizi başa düşmədik. Demək istəyirəm, həmin serialların həvəskar kollektivi sənin əməyini zay etməklə məşğul deyillər?

- İşə başlayanda sənin həvəskar adlandırdığın kollektivə dedim ki, bu iş bizdə formalaşma ərəfəsindədir. Məhz buna görə də texniki tərəfdən keyfiyyətsiz işlərin ortalığa çıxmağı təbii məsələdir. Amma hamı kənara çəkilsin ki, keyfiyyətsizdi, mən yazmıram, bəs kim yazsın?

Ümumiyyətlə, serial mexanizmi elə bir şeydir ki, onun hətta ən keyfiyyətlisi də yenə kütlə üçündür. Ciddi sənət adamı kimi qəbul etdiyimiz adamlar seriala baxmırlar. Serial tamaşaçısı işdən arğın-yorğun gəlib televizorda öz problemlərini, düşüncələri, həyat tərzini görmək istəyən adi insanlardır. Ona görə serialı mən ciddi sənət hesab etmirəm.

Məsələn, Rusiyada kinoserialı və teleserialı bir-birindən ayırırlar. 12 serialıqlar sadəcə, çoxserialı kinolardır və burda ciddi sənət göstərmək olur. Son vaxtlar ruslar ədəbi əsərləri ekranlaşdırırlar və əla alınır.

Tutalım, Bulqakovun “Master və Marqarita”sını, Dostoyevskinin “İdiot”, “Karamazov qardaşları”nı əsl sənət səviyyəsində ekranlaşdıra biliblər.

Amma axşam yazılıb səhər çəkilən, yenə axşam yazılıb səhər çəkilən filmlərdə sənət heç vaxt olmayıb, olmayacaq da. Mənim bu işə belə deyək, qol qoymağımın səbəbi serial ssenarisi yazan qrup formalaşdırıb sonra kənara çəkilməkdi.

- Hər halda, vaxt məsələsinin də burda rolu var. Yəqin belə işlər nəsr yaradıcılığına mane olur…

- Son iki-üç ildə mən daha çox kino ilə məşğulam. Serialı nəzərdə tutmuram, bu mənim üçün o qədər də önəmli iş deyil və vaxtımı da almır.

Amma nazirliyin sifarişi ilə çəkilən kinolarda vəziyyət başqa cürdür və iş ssenarini təhvil verməklə bitmir. Mənim ssenarilərimə iki film çəkilib və keçən il “Dərvişin ölümü” adlı ssenarim qəbul olundu. Tarixi detektivdi.

Filmi gözəl rejissorumuz, ustadımız Eldar Quliyev çəkəcək.

Eldar müəllimin 72 yaşı tamam oldu, bu münasibətlə onu təbrik edirəm. Filmin
çəkilişləri mart ayından başlayacaq. Azərbaycan kinosu üçün ilk tarixi detektiv əsər olacaq. Bu işlərə ciddi baxıram və vaxtımı çox alır. Yəqin bir-iki ilə ssenari işindən də qırılacam.

Çünki kino işi mənim nəsr düşüncəmi zəiflədib. Böyük həcmli bir romanım yarımçıq qalıb, istəyirəm onu tamamlayım. Təxminən iki milyon işarə həcmində, 1000 səhifəlik bir əsər olacaq. Özü də ixtisar-filan eləməyəcəm. Bu romanı tamamlayandan sonra nəsr yazmağa bir müddət ara verib ciddi şəkildə teatr işi ilə məşğul olacam.

- Cağdaş ədəbi proses haqqında fikirlərini bilmək istərdim. Kimləri oxuyursan?

- Son dövrlər oxuduğum əsərlərdə ədəbiyyatdan başqa çox şeyə rast gəlmək olur. Maraqlı fikirlər, səhnələr, müşahidələr var, amma süjet xətti, ədəbi priyomları görə bilmirəm. Ad çəksəm, uzun olar, həm də adamlar narazı qalırlar, ona görə ümumi danışmaq istəyirəm.

- Onda icazə ver, adı mən çəkim və bu yazıçılar haqqında sənin fikirlərini öyrənim. Məsələn, Şərif Ağayar…

- Şərif daha çox ictimai-sosial mövzulara meyllidir və məsələ ondadır ki, belə şeylər mənim ruhuma yaxın deyil. Ona görə Şərifi çətinliklə oxuyuram. Amma Şərifin koloritli dilini, hekayələrindəki ağrını qiymətləndirirəm. Məsələn, Seymur Baycan bunun tam əksidir. Seymuru əvvəldən necə əhlikef tanıyırdımsa, indi də elə yazır. Qarabağ mövzusu Şərifi nə qədər incidirsə, Seymur o qədər laqeyddir.

- Fəxri Uğurlu...

- Fəxrinin hekayələri mənə doğmadır. Həm də özünə, daxilinə qapanmağı xoşuma gəlir. Fəxrinin Şərqə bağlılığı, yaxınlığı elə bil bizi ruhən də doğmalaşdırır.

- “Ulduz” jurnalı son dövrlər tez-tez tənqid olunur. Sənin fikirlərini bilmək istəyirəm. Jurnal necə çıxır?

- On il bundan qabaq jurnal-qəzet bu qədər deyildi. Bu otaqda Ələkbər Salahzadə otururdu və biz şeir gətirəndə siqaretini tüstülədə-tüstülədə deyirdi ki, get, filan yerini düzəlt, filan yeri zəifdi, dəyiş. Zahir də, Aqşin də, Samir Sədaqətoğlu da belə şeylərə şahiddilər.

Ələkbər müəllim bəzən bizi dönə-dönə geri qaytarırdı. O vaxt dərc olunmağa başqa yerimiz olsaydı, “Ulduz”a bir də qayıtmazdıq. Amma məcbur idik, razılaşaq. İndi o qədər jurnal-qəzet var, bunu edə bilmirik. Mən hansısa müəllifə deyəndə ki, hekayənin filan yerini dəyiş, görürəm, iki gündən sonra kitabını çıxarıb, ya da başqa jurnala verib. Ona görə bizim hökmümüz yoxdur. Əlimizə nə gəlirsə, az-çox babatlarını dərc edirik.

- Elçin Hüseynbəyli “Oxu Zalı”na müsahibəsində demişdi, işçilərim təşəbbüskar deyillər, ona görə jurnal istədiyim kimi çıxmır...

- Elçinlə müəyyən qədər razıyam. Sovet dövründə mətbuat orqanında işləyən adam elə maaş alırdı ki, bütün gününü o mətbuat orqanına sərf edirdi. İndi 180-190 manat maaşla üç uşağı saxlamaq mümkündürmü ki, mən səhərdən-axşama qədər ancaq “Ulduz”un işləri ilə məşğul olum? Məcburam tərcümələr götürüm, redaktələr edim, ssenari yazım və s.

Ona görə “Ulduz”a ayırdığım vaxt minimuma düşür. Bilsəm, ailəmin dolanışığının böyük bir hissəsi burdan çıxır, ora-bura qaçmaram. Jurnalın keyfiyyətini qaldıraram, maraqlı layihələr edərəm.

Cavid ZEYNALLI
XS
SM
MD
LG