Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:32

Elnur Astanbəyli. Teatr söhbəti


Elnur Astanbəyli
Elnur Astanbəyli
Elnur Astanbəyli


TEATR SÖHBƏTİ
("Azadlıq" qəzeti)

Dostumuz, istedadlı və vicdanlı aktyor Ilqar Cahangirovun “Azadlıq” Radiosunun “Pen Klub” verilişindəki dediklərini oxudum.

Ilqar bəy orada Azərbaycan mədəniyyətinin gerçək durumunu bütün çılpaqlığı ilə gözlərimizin önünə sərir.

Sitat: “Dövlət bizi asılı edib. Teatrda hansı otağı açırsan, Ilham Əliyevin, Heydər Əliyevin şəklidir. Elə otaq var ki, orda Ilham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar”.

Mən bilmirəm, Ilqar bəy bundan niyə təəccüblənir? Başqa necə olmalı idi ki? 18 ildir bütün ölkə “bir rejissor teatrı”na çevrilib. 8 il əvvələdək Azərbaycanda bütün tamaşalara Heydər Əliyev quruluş verirdi, 2003-dən bəri də bu vəzifəni Ilham Əliyev yetirir. Xalq isə əvvəlcə epizodik rolda idi, sonra tamaşaçıya çevrildi.

Indi isə demək çətindir. Məlum olan odur ki, o, teatrdan gedib və bir daha geri qayıtmayıb.

Bəli, Ilqar bəyin dediyi sübut edir ki, yerindən duranın teatrdan uzaq düşməkdə ittiham etdiyi Azərbaycan xalqı əslində nə qədər müdrikdir. Axı o, hər otağından ata-oğul Əliyevin 5-6 şəkili asılan bir teatra niyə getməlidir?

Teatr otaqlarından şəkli asılanın özü 8 ildə hansı tamaşaya baxmağa gedib? Yalnız bu yaxınlarda təmirdən çıxan “Azərbaycan” kinoteatrına getdi, orda da bir filmə sonadək baxmağa hövsələsi çatmadı, fraqmentlərini izlədi. Rəsmi məlumatda belə deyilirdi. Mən o vaxt yazdım ki, voleybol yarışı olsaydı, əvvəldən axıradək baxardı. Niyə? Çünki bu rejimin hər mənada mədəniyyətlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Ilqar bəy daha sonra deyir: “Lazım deyil də, bu dövlətə teatr lazım deyil. Bu ölkədə 5-6 ilə 3 teatr qalacaq” Gürcüstan isə balaca bir ölkədir, 36 teatrı var!"

Bəy, bilirsənmi niyə?

Çünki Gürcüstanın həm də onlarla müstəqil telekanalı var.

Onlarla azad qəzeti var.

Onlarla həqiqi müxalifət partiyası var.

Yüzlərlə, minlərlə QHT-ləri, həmkarlar təşkilatları var.

Bütün bunlar hamısı hərəkət, proses deməkdir, dinamika deməkdir. Həyatın diri, qaynar, parlaq olması deməkdir. Insanların sürətlə sosiallaşması, ictimailəşməsi,
İlqar Cahangirov
İlqar Cahangirov
siyasiləşməsi deməkdir. Məişətə qapılıb qalmaması deməkdir. Yaşamla iç-içə olması deməkdir. Cəmiyyətin canlı bir orqanizm kimi nəfəs alması deməkdir. Ölgün, durğun bir cəmiyyətdə, insanların sadəcə qarnı ilə düşünməyə məcbur edildiyi, beynindən və ürəyindən məhrum olunduğu bir toplumda, əldə-ovucda bir-iki tənqidçi, müxalif qəzetin, beş-üç alternativ düşüncəli yazı-pozu adamının qaldığı bir ölkədə nə kino, nə teatr, nə ədəbiyyat, ümumiyyətlə, nə mədəniyyət?

“Bu ölkədə 5-6 ilə 3 teatr qalacaq” deyirsən, bəy, amma bütün ölkə bir adamın teatrına çevrilmişkən hətta 5-6 ildən sonra 3 teatr qalsa belə, çoxdur.

Ümumiyyətlə, Ilham Əliyevə çox lazımdırmı ölkədə teatr olsun? Kinonun, ədəbiyyatın varlığı ona çox lazımdırmı? Qətiyyən! Onun başında dayandığı sistem bütün varlığı ilə mədəniyyətə düşməndir. Çünki mədəniyyət - belə sistemlərin mövcudluğunu inkar edir. Bütün dahiyanə filmlər, romanlar, tamaşalar bu cür sistemlərin ifşası haqqındadır. Ilham Əliyevə ifşa lazımdırmı? Ona lazımdırmı siyasiləşmiş, sosiallaşmış, ictimailəşmiş topluluq? Ona lazımdırmı hələ də nəbzi atan, düşünə bilən bir cəmiyyət?

Ona görə də bütün mayanı əzələsini şişirdənlərə qoyur. Ona görə də meydan təlxəklərin, Azəristarların, yeni ulduzlarındır.

Ona görə də insanlara karyera qurmaq, həyatda nəsə əldə etmək üçün iki yol təklif edilir: ya mikrafon, ya da güləş döşəyi!

Üçüncü yol - vərəmdir, serrozdur, infarktdır, qan təzyiqdir, şəkərdir, əsəb pozğunluğudur, intihardır.

***

Mənə ən düşündürücü, məntiqəuyğun gələn isə Ilqar bəyin son sözləri oldu: “Yaradıcı adamlar gedəcəklər teatrdan”.

Bəli, azacıq vicdanı, qüruru olanlar üçün otaqlarından “dahi rəhbər”in şəkilləri asılan, yüksəlmək üçün alçalmağın tələb olunduğu, yaradıcı azadlıqdan məhrum edilib sadəcə, bir nəfərin əlinə baxmağın istənildiyi adamların teatrlarda qalmaq çox çətindir, mümkünsüzdür. Və Ilqar bəy bunun mesajını verir “Yaradıcı adamlar teatrdan gedəcəklər” deyərkən.

Qoy indi biriləri yenə də çıxıb tumanlarına başlarına geyinsinlər ki, bəs, xalq niyə teatra getmir?

Onda siz yapışın belələrinin yaxasından və deyin: ay zırrama, görmürsənmi, duyarlı, vicdanlı, onurlu teatr adamlarının özləri teatrdan getməyə hazırlaşırlar, xalq niyə teatra getsin ki?

"Azadlıq" qəzeti
XS
SM
MD
LG