Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Qarlı havanın gətirdiyi problem: dəm qazı


Arxiv foto
Arxiv foto
Son iki gündə Bakıda və Sumqayıtda 5 nəfər dəm qazından boğulub. Baş Prokurorluğun hələ ötən ilin noyabrında verdiyi məlumata görə, sentyabr-noyabr aylarında bu səbəbdən 15 nəfər ölüb.
Ötən ilin sonları, bu ilin ilk ayı da mətbuat dəm qazından zəhərlənmələr və ölmə halları ilə bağlı informasiyalarla zəngin oldu.
QORXURUQ...
Bakı sakini Aynurə Kazımova deyir, mətbuatda dəm qazından boğulanlarla bağlı mütəmadi xəbərlər oxuduğundan qazdan nə cür istifadə etmək sarıdan çox narahatdırlar:
«Soyuqdur, mətbəxdə qazı yandırmağa məcbursan. Eləcə də hamamda sobanı yandırırsan. Bir dəfə yandıranda içərini dərhal qoxu götürdü, qorxumuzdan tez söndürdük».
«Qazda düzgün yanma getmir, o üzdən də zəhərlənmələr olur». Bunu təbii qaz üzrə adının çəkilməsini istəməyən mütəxəssis deyir. Onun sözlərinə görə, hamamın həcmi ən azı 12 kub metr olmalı və ventilyasiya sistemi ilə təchiz olunmalıdır ki, qazın düzgün yanması təmin edilsin.
BƏZİ BİNALARDA HEÇ TÜSTÜ BORUSU YOXDUR
«Hazırda Bakı şəhərindəki binaların yalnız 5-10 faizinin tüstü bacası normal vəziyyətdədir. Yerdə qalan binaların bacaları tutuludur və bu, həmin binalarda yaşayanlar üçün təhlükə mənbəyidir».
Bunu isə Yanğın Texniki İstehsalat Mərkəzinin baş direktoru Aydın Nağıyev deyir. Onun sözlərinə görə, bəzi binalarda tüstü borularının olmaması, qaz borularının şaxtaya yönləndirilməsi də ciddi fəsadlar yaradır:
«Ola bilər ki, 2-ci mərtəbədə qaz yandırıblar, onun tullantısı 5-ci mərtəbəyə dola bilər, zəhərləyə bilər. Belə problemləri var».
Aydın Nağıyev deyir ki, onlar sifariş aldıqları binaların tüstü bacalarını təmizləyirlər və təklif edir ki, sakinlər 6 aydan bir tüstü bacalarının təmizlənməsi qayğısına qalsınlar:
«Hər mənzil üçün 6 manat ödəmək lazımdı. Biz özümüz belə qiymət qoymuşuq ki, hamının bunu ödəməyə gücü çatsın və bacalar vaxtlı-vaxtında təmizlənsin».
«İSTEHLAKÇININ MƏNAFEYİ NƏZƏRƏ ALINMIR»
Eyyub Hüseynov
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hər ilin payız-qış aylarında dəm qazından boğulma hallarının olmasını istehlakçı hüquqlarının pozulması ilə izah edir. Onun fikrincə, dəm qazı ilə bağlı bədbəxt hadisələrə görə məsuliyyətə cəlb edilən olmadığı üçün bu tipli hadisələr hər zaman olacaq:
««Azəriqaz» İstehsalat Birliyi Neft Şirkətinin tərkibinə veriləndə sevindik ki, yəqin artıq istehlakçıların da mənafeyi nəzərə alınar, təchizatçı öz üzərinə müəyyən öhdəliklər götürəcək. Tüstüləri təmizləyən qruplar yaradılacaq, tüstü bacalarının monitorinqi aparılacaq. Qazın keyfiyyəti artacaq. Ermənistanda əhaliyə analizator paylanıb, gözləyirdik ki, bizdə də belə olacaq.
Eyyub Hüseynov deyir ki, rəsmi qurumların günahı İrandan gətirilən sobaların və ya sakinlərin üstünə atması problemdən çıxış yolu deyil.
«KEYFİYYƏT PİSDİRSƏ, BU, KÜTLƏVİ HİSS OLUNMALIDIR»
«Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamandar Eyvazlı isə bu ittihamları rədd edir, deyir ki, əhaliyə verilən təbii qazın keyfiyyəti normaldı:
Kamandar Eyvazlı
Kamandar Eyvazlı
«İran sobalarından qeyri-peşəkar istifadə edirlər, düzgün quraşdırmırlar, kustar üsulla düzəldilən sobalardan istifadə edirlər. Qaz tullantılarının çıxması üçün borular quraşdırmırlar. Qazın tərkibində problem olsaydı, onda bu, kütləvi hal alardı. Niyə mütəxəssislərin evində bu problem yaranmır, ancaq təcrübəsiz insanlar bununla üzləşir?»
Əhaliyə analizator paylanmasına gəlincə, Kamandar Eyvazlı deyir ki, təhlükəsizliyinin qayğısına əhali özü qalmalıdır: «Kimin ürəyi istəyir, açıq satışdadır, gedib ala bilər, tüstü bacalarını təmizləmək də «Azərqaz»ın işi deyil».
Baş prokurorluğun ötən ilin noyabrında yaydığı məlumatında deyilir ki, Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üstündə qanunsuz əmtəə nişanı olan yüzlərlə İran istehsallı sobanı satışdan çıxarıblar.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev isə istehlakci.az saytında tövsiyyə xarakterli məqalə yazıb. O yazır: «Yanma prosesi düzgün gedirsə, məşəl mavi və parlaq olur. Məşəlin rəngi sarı və qırmızıya çalırsa, deməli, yanma prosesi düzgün getmir, odluq təmizlənməli və tənzimlənməlidir».
XS
SM
MD
LG