Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Pişik detektivi, yaxud xaricdə uşaqlarçün əsərləri necə yazırlar?


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu


HƏQİQƏTİ MÜDAFİƏ EDƏN PİŞİKLƏR DƏ GÜCLÜDÜR

Bu yazı, "Qanun" nəşriyyatının yenicə nəşr etdiyi "PİŞİK QIZ MİNUS" kitabı haqqındadır.

Əsərin müəllifi Annie Schmidt-di (1911-1995), o, Niderlandın klassik uşaq yazıçısıdır, artıq özü dünyada deyil, amma əsərləri dünyanın əksər dillərində var.

REDAKTOR TƏNBEHİ

Jurnalist Tibbeni baş redaktor öz otağına çağırıb son xəbərdarlıq edir, "bəsdi bu pişiklərdən yazdın, insanlardan, hadisələrdən yaz, maraqlı məlumatlar gətir, yoxsa işdən qovulacaqsan". Boss onu utancaqlıqda, adamayovuşmazlıqda qınayır: “Jurnalisti qapıdan qovanda bacadan girməlidir”

Tibbe parkda skamyada oturub işsizliyin fəsadları barədə fikir edir, işdən qovulsa, çardaqdan da atacaqdılar. Yanında məktəb müəllimi əyləşib, amma fikri nə onda, nə də onun danışdıqlarındadır. Bütün diqqəti məlumat toplamağa, işdə qalmaq yollarına cəm olub.

PİŞİK QIZ, GÖYDƏNDÜŞMƏ XƏBƏR

Elə bu an parkda tozanaq qalxır, Mars adlı it nəsə qovur, o nəsə dərhal ağaca dırmaşır. Tibbe ağaca yaxınlaşanda görür ki, bir qız pişik cəldliyi ilə budaqların arasında görünməz oldu.

Qız adamların yaxınlaşdığını görüb, ağacdan enir. Qızda olan pişiyə bənzər hərəkətlər Tibbenin marağını çəkir, onunla söhbət etmək istəyir. Bu, sözün həqiqi mənasında, göydəndüşmə bir fakt idi. Amma qız qalabalığı görüb aradan çıxır.

Tibbe göydən düşən bu xəbəri beynində bişirə-bişirə yağışlı günü arxada qoyur, çardağına qalxır.

Tibbe batırdı, bunun fərqindəydi. Tale onu ən yaxşı hadisənin üstünə çıxarmışdı, PİŞİK QIZI İT QOVDU, amma Pişiklərdən yazmağı ona qadağan etmişdilər.

Bu qeyri-adi hadisə onun beynini çox məşğul etdi, o hətta qələmi əlinə alıb bir az yazdı da. Amma bu barədə yazmağın heç mənası yox idi. Ona insanlardan yazmaq lazım idi, özü də tam yeni bir xəbər.

Nə küçəyə gedib yeni xəbər axtara, nə də evdə qalıb bu gün şahidi olduğu hadisəni yaza bilirdi.

GÖZLƏNİLMƏZ QONAQ

...O, otağında var-gəl edir. Artıq axşamdır. Qəfil mətbəxdə səs eşidir, əvvəlcə elə bilir ki, çox sevdiyi pişiyi Flüfdür, fikir vermir. Səslərin artdığını görəndə, mətbəxə keçir gözlərinə inanmır. Ağaca dırmaşan həmin qızdır, zibil qutusundan balıq tıxını götürüb gəmirir.

Qız üzr istəyir, "Jufrau Minus" - deyə özünü təqdim edir, Flüflə dost olduğunu bildirir.

Qız Tibbeye pişikdən İnsana çevrildiyini deyir. Əvvəlcə, quyruğu, bığları tökülüb və tədricən bütün bədən xəzdən təmizlənib.

Məhz insana çevrildiyi üçün PİŞİK AİLƏSİ onu evdən qovub, indi səfil həyat yaşayır. Ünsiyyəti yalnız pişiklərlə olsa da, onlarla yaşaya bilmir.

Tibbedən sığınacaq istəyir, şəraitsiz Tibbe ona bir küncdə yer ayırır. Qız onun işdəki BÜTÜN problemlərindən xəbərdar olduğunu deyir.

Bu xəbəri ona Tibbenin pişiyi Flüf çatdırıb.

PİŞİK MƏLUMAT MƏRKƏZİ

İlk gündən Minus maraqlı xəbərlər gətirir. Tibbe bu məlumatları yazıb qəzetə verir. Qəribəsi budur ki, bu məlumatlar hamısı düz çıxır. Tibbe redaktorun sevimli yazarına çevrilir, qonorarı da artır.

Şəhərin bütün pişikləri Minusun təşkilatçılığı ilə PİŞİK MƏLUMAT MƏRKƏZİ yaradır. Bu məlumatlar əsasında Tibbe yazılar yazır. Ən məlumatlı pişik isə Bələdiyyə pişiyidir. Onun gətirdiyi məlumatlar böyük müzakirələrə səbəb olur. Burda söhbət yeni təyinatlar, torpaq bölgüsü, yeni tikinti və söküntülərdən gedir.

ŞƏHƏRİN ƏN NÜFUZLU ELEMENTİ

Şəhərin ən nüfuzlu sakini Ellement pişik saxlamır, o, Mars adında it saxlayır. Ellement fabrikin böyüyüdür. Pulu çox olduğuna görə xeyriyyəçi kimi ad çıxarıb. 30-dan çox təşkilatın fəxri sədridir.

Qəfil baş verən hadisə hər şeyi alt-üst edir. Ellementin maşını küçədə yaşıl bazarda işləyən balıqçı arabasını vurur və hadisə yerindən qaçır. O zaman Ellement maşında olsa da, balıqçıya kömək etmir, əksinə hadisənin şahidi olan bir nəfəri də pulla alır.

PİŞİKLƏR ELLEMENTƏ QARŞI

Bu hadisənin digər şahidləri də var. Onları pulla almaq Ellementin heç ağlına da gəlmir.

Bu hadisəni Minus dərhal Tibbeyə çatdırır, Tibbe hadisə yerinə gəlir, amma hadisənin kimin tərəfindən törədilməsi barədə əlində heç bir fakt yoxdur.

Restoranda nahar edən zaman arvadı Ellementdən tələb edir ki, hadisəni etiraf etsin, polisə xəbər versin. Bu söhbəti də RESTORAN PİŞİYİ “yazır”.

QARAJ PİŞİYİ Ellementin bahalı maşınının ustaya gətirildiyini, eləcə də susması üçün ustaya əlavə pul verildiyini görür.

Tibbe baş verənləri təsdiq edən şahid-adam tapa bilmədiyinə görə yazmağa ehtiyat edir. Pişiklər onu "qorxaq" adlandırırlar. Pişiklərin təzyiqinə dözməyən Tibbe nəhayət redaktorun gözündən yayınmaqla Ellementi ifşa edən yazını nəşr edir.

Səhəri gün, təzyiqlərlə üz-üzə qalan redaktor Tibbeni işdən qovur. Ev sahibi mötəbər Ellementə böhtan atdığını deyib onu evdən çıxarır.

ELLEMENT İFŞA OLUR

Bu arada Ellementi heyvanları mühafizə cəmiyyətinin rəhbəri seçirlər. Şəhərin böyük salonunda Ellement heyvanların, xüsusən də hər kəsin evində, işində olan pişiklərin mühafizəsi haqda təqdimat edir.

Slayd-şouda əvvəlcə Ellementin istədiyi fotolar, SONRA hamını şoka salan başqa fotolar göstərilir.

Ellement əlindəki tüfəngi pişiklərə tuşlayan yerdə,
Ellementin iti pişikləri qovan yerdə.
Ellement 6 pişik balasını zibil qutusuna atdığı yerdə,
Ellement restoran pişiyinə təpik atdığı yerdə

Zalda əyləşən pişik sahibləri bu fotolardan qəzəblənirlər.

Bu ara balıqçının vurulmasının yeganə şahidi səhnəyə çıxıb hadisəni olduğu kimi danışır, ardınca çilingər də Ellementin maşınının əzildiyini etiraf edir.

Beləliklə, pişiklərin sayəsində həqiqi cinayətkar müəyyən olunur. Ellement pişiklərə məğlub olur.

PİŞİK QIZIN YENİDƏN PİŞİK OLMASI....

Bu ara Pişik qız MİNUSun bacısı onu axtarır, istəyir ki, o, yenidən pişik olsun və evə dönsün, onlar xoşbəxtcəsinə bərabər yaşasınlar. Minusun bacısı deyir ki, bunun üçün çöl qaratoyuğunun əti lazımdır. Əgər yeyərsə o, yenidən pişik olacaq.

ƏSL SEÇİM ANI

Minus pişik olub yenidən öz nəslinin davamçısı kimi ailəsinə qayıdırmı?

Ya İNSAN kimi qalır və pişiklər tərəfindən lənətlənir?

Minus dəhşətli seçim qarşısındadır! Amma o sonda öz seçimini edir.

HANSI SEÇİM ETDİ MİNUS?

Bunu yalnız bu kitabı sonadək oxuyan biləcək.
XS
SM
MD
LG