Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Hökumətdən xəbərdarlıq: «Küçəyə çıxmayın» (VİDEO)


Bakıda qar-çovğun görüntüləri
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00
Direct-ə keçid

Bakıda qar-çovğun görüntüləri

Qarlı-çovğunlu hava hələ fevralın 5-ə qədər davam edəcək. Ən pis hava şəraiti isə fevralın 2-də axşam saatlarına gözlənilir. Bunu AzadlıqRadiosuna Ekologiya və Təbii Sərvətlər nazirliyinin Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev deyib:

«Qarla müşahidə olunan ən küləkli hava bu gün olacaq. Sabahdan isə külək də, qar da zəifləyəcək. Belə soyuq hava fevralın 5-nə qədər davam edəcək».

Fevralın 1-də axşamdan yenidən pisləşən hava şəhər yollarında avtomobillərin hərəkətini xeyli məhdudlaşdırıb.

SAATDA 10-20 KİLOMETR

Qarlı hava şəraiti ilə bağlı Bakıda şəhərdaxili marşrutlarda, eləcə də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən avtobusların sayı azaldılıb. Sumqayıt sakini Elçin Həsənovun AzadlıqRadiosuna dediyinə görə, Bakıda Avropa Şurasının tədbirinə dəvət edilsə də marşrut olmadığından həmin tədbirə qatıla bilməyib:

«Mən səhər Bakıya gəlmək istədim. Marşrut olmadı. Bundan başqa yolda olan maşınlar da saatda 10-20 kilometr sürətlə güclə hərəkət edirlər».

Çovğunlu havada təkcə yollarda, nəqliyyatın hərəkətinə deyil, həm də elektrik enerjisi və içməli su təminatında problemlər yaranıb. Bakının mərkəzindən və ətraf qəsəbələrindən AzadlıqRadiosuna müraciət edənlər bildirirlər ki, problemlər ötən gecədən başlayıb. Sulutəpə qəsəbəsindən Qafur Bəkirov:

«Çovğundan sonra işıq olmayıb, su da yaxşı gəlmir. Çox yerdə su donub. Qaz pis deyil, gəlir»

NAZİRLİYİN 100-Ə YAXIN TEXNİKASI İŞLƏYİR

Namiq Həsənov
Namiq Həsənov
Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov ANS televiziyasına bildirib ki, fevralın 2-də 720-yə yaxın avtobus marşrutlara buraxılsa da, onlardan 300-ü sonradan geri qaytarılıb. O, Yeni və Köhnə Günəşli, Hövsan, Əhmədli, Zığ və digər qəsəbələr ətrafı avtobusların işləməyəcəyini deyib. Nazirlik sözçüsü deyib ki, Hövsan-Zığ istiqamətində tunelin qarla dolması səbəbindən bu istiqamətdə avtobusların hərəkət etməsinin çətinləşdiyindən həmin istiqamətdə işləyən avtobuslar xətdən çıxarılıb.

Namiq Həsənov fevralın 2-də avtobusların saat 20:00-dək işləyə biləcəyini deyib. O, həm də bildirib ki, nazirliyin 100-ə yaxın texnikası yolların qardan təmizlənməsinə cəlb edilsə də bunun heç bir faydası olmur və yollarda yenidən problemlər yaranır.


TƏCİLİ YARDIMDAN XƏBƏRDARLIQ

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da əhaliyə müraciət edib. Stansiyanın baş həkimi Mürsəl Həmidov bildirib ki, təcili tibbi yardım maşınlarının hərəkəti çətinləşib. O, vətəndaşlardan xahiş edib ki, hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda təcili yardıma müraciət etməsinlər, küçəyə çıxmasınlar və avtomobillərdən istifadə etməsinlər.

Hava şəraiti ilə bağlı Bakı aeroportunda da bir sıra aviareyslər, Bakıdan Rusiya istiqamətinə işləyən bəzi avtobus reysləri də təxirə salınıb.

Arxiv foto
Arxiv foto
Həmçinin bütün ölkə üzrə fevralın 6-na qədər orta məktəblərdə dərslər təxirə salınıb. Bununla bağlı Təhsil naziri Misir Mərdanov əmr imzalayıb.

«BƏLƏDİYYƏLƏR YOLLARI TƏMİZLƏYİR»

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Baxış Zülfüqarlı deyir ki, İstanbulda möhkəm qar yağsa da hələki elektrik enerjisi və qaz təminatında problemləri yoxdur. Yollardakı vəziyyətə gəldikdə isə, o, bələdiyyələrin gərgin işlədiyini deyir:

«Burda da yollarda problemlər yaranıb, amma bələdiyyələr hazırda yollarda işləyirlər».

GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİ?

İqtisadçı Rövşən Ağayev qarla bağlı problemləri infrastruktura xeyli pul ayrılmasına baxmayaraq idarəetmədə pintiliyin qalması ilə izah edir. O, hesab edir ki, Bakı və ümumilikdə ölkə mənfi temperatura hazır deyil və belə havada avtobusların xətdən çıxarılması, məktəblərdə dərslərin təxirə salınması çıxış yolu sayıla bilməz:

«Görünən dağa nə bələdçi? Ölkədə yaranmış bugünkü vəziyyət Şimali Avropa ölkələri üçün adi bir rejimdir. İlin bir neçə ayı onlarda bundan da sərt şaxta olur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda infrastruktura cavabdeh olan təşkilatların- elektrik, qaz, su təsərrüfatlarının menecmenti düzgün qurulmayıb».
XS
SM
MD
LG