Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:53

İ.Əliyev: «Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiz»


Almaniya. İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən. 03 fevral 2012 (Reuters: Michael Dalder)
Almaniya. İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən. 03 fevral 2012 (Reuters: Michael Dalder)
MİSİRƏ BƏNZƏDİLƏN AZƏRBAYCAN

«Öz siyasi strukturuna görə Mubarakin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?» Bu sual Münhen Təhlükəsizlik Konfransında səslənib. Prezident İlham Əliyevin də iştirak etdiyi «Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri» mövzusunda müzakirələrdə. Düzdür, sual birbaşa Azərbaycan prezidentinə hədəflənməyib. Amma o bu sualı cavablandırıb.

Müzkirələrdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Oettinger, Almaniya sığorta şirkəti «Allianz» SE-nin icraçı direktoru Michael Dickmann, «Greenpeace» Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidoo, Ukrayna Prezidenti Viktor Yanukoviç də iştirak ediblər.

«AZƏRBAYCAN KİMİ ÖLKƏYƏ...»

Sualı isə Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes verib. Rəsmi xəbər agentliyi «AzərTAc» sualın müəllifini yazmayıb. Sualı isə agentlik saytında yerləşdirib:

«Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dickmanna ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?»

ƏLİYEV: «MİSİRDƏ BAŞ VERƏNLƏRİ AZƏRBAYCANDA GÖRMƏYƏCƏKSİZ»

Misir. Tahrir meydanı
Misir. Tahrir meydanı
Sualı prezident İlham Əliyev də cavablandırıb. O Azərbaycanda söz azadlığının, din azadlığının olmasından danışıb. Parlamentdə 10-dan artıq partiyanın təmsil olunduğunu da deyib:

«Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm.

Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir.

Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir.

Bizim çoxpartiyalı sistemimiz var. Parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var.

Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır».

İlham Əliyev fikrini belə yekunlaşdırıb: «Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz».

«BİZ İNDİ NADİR VƏZİYYƏTDƏYİK»


Prezident İlham Əliyev «Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri» mövzusunda müzakirələrdə həmçinin məruzəylə çıxış edib:

İlham Əliyev Bakı Bulvarının təmiriylə maraqlanarkən. 1 noyabr 2011
İlham Əliyev Bakı Bulvarının təmiriylə maraqlanarkən. 1 noyabr 2011
«Keçən il baş verən əhəmiyyətli hadisələrdən biri də, faktiki olaraq, Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxması üçün böyük qapı olacaq Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair Anlaşma Sazişinin imzalanması idi. Biz indi çox nadir bir vəziyyətdəyik.

Belə ki, bizim Avropa bazarına ehtiyacımız vardır. Çünki birincisi, bu, böyük bazardır. İkincisi, bu bazar qanunvericilik və qanun normaları ilə tənzimlənir. Əlbəttə ki, bu, artan bazardır və bizim tərəfdaşlarımızın bazarıdır. Avropa bazarının da təchizatla bağlı alternativ mənbələrə ehtiyacı vardır».

İlham Əliyev daha sonra şaxələndirmə və enerji təhlükəsizliyi haqqında danışıb: «Biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir.

Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz, güclü «Cənub» dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar».
XS
SM
MD
LG