Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:42

Siyavuş Novruzov: “Ziyalılar Forumunun üzvləri fərari ziyalılardır”


Siyavuş Novruzov
Siyavuş Novruzov
“Ziyalılar Forumu qeyri-qanuni bir şeydir, özlərini “ziyalı” adlandıranların bir toplantısıdır.

Bu bir qrup adam vaxtilə - Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkəmiz haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır. Gətirib bir dənə məqalə göstərsinlər ki, ermənilərə qarşı bir yazı yazıblar. Vaxtilə erməni ziyalıları Dağlıq Qarabağla bağlı mübarizə aparanda bunlar Moskva restoranlarında yeyib-içirdilər. İndi də gəlib özlərini ziyalı adlandırırlar”.

APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, Ziyalılar Forumunda təmsil olunan şəxsləri “fərari ziyalılar” adlandırıb:

“Əsgərlikdən qaçan əsgərlə Vətəni dar gündə qoyub qaçan ziyalının heç bir fərqi yoxdur. Hansı ki, həmin ağır illərdən sonra Azərbaycanda islahatlar aparıldı, ictimai-siyasi stabillik yarandı, ölkədə hərtərəfli inkişaf getdi. Yalnız bundan sonra bu adamların yadına düşdü ki, ziyalıdırlar. Ziyalı kiminsə dostu olmaq, yaxud elmi titula malik olmaq demək deyil.

Ola bilər ki, bir adam yaxşı rejissor olsun, amma heç bir insani keyfiyyəti olmasın. Beləsi ziyalı hesab oluna bilməz. Yaxud, hansısa alim Vətəni, milləti ilə bağlı heç nə etməyibsə, ziyalı sayıla bilməz.

Ziyalılar Forumuna yığışanlar hansısa işi düz gətirməyənlər, yaxud özünün şəxsi problemləri həll olunmayan şəxslərdir. Guya Azərbaycan gəncliyi ilə bağlı məsələ qaldırırlar, müraciət edirlər... Azərbaycan dövləti ölkə gəncliyi üçün kifayət qədər addım atıb. Deyirlər ki, guya gənclərin problemi ilə məşğul oluruq. Bəs indiyə qədər harada idiniz?

Rüstəm İbrahimbəyov indiyə qədər imkanlarından istifadə edərək neçə gənci Rusiyanın incəsənət, rejissorluq fakültələrində oxudub, yaxud oxumağa göndərib, kömək edib? Bir nəfərin adını çəksin. Çəkə bilməz, çünki etməyib.

Rafiq Əliyev deyir Lütfi Zadə ilə dostam. Halbuki Lütfi Zadədən istifadə edərək ABŞ-da, digər ölkələrdə uşaqlarını oxutdurub. Öz övladlarından başqa heç kimin oxumağına kömək etməyib”.

S. Novruzov Ziyalılar Forumunun sabiq üzvü, vəkil Aslan İsmayılovu da sərt tənqid edib:

“Dağıstanın hansısa ali məktəbinin filialını bitirib, deyir mən həyat tarixi keçmişəm. Aslan İsmayılov deyir bunu... Axı sən nə həyat keçmisən? Sən Gürcüstan vətəndaşı olmusan. Yaxşı hüquqşünas olsaydın, Moskva Dövlət Universitetində, yaxud Leninqradda oxuyardın.

Ən azından Tbilisi Dövlət Universitetini bitirərdin. Şimali Qafqazda hansısa məlum olmayan bir institut qurtarıb gəlib deyirsən ki, həyat yolu keçmişəm. Sən Azərbaycanda 20 ildir özünə iş tapa bilmirsən, nə həyat yolu keçəcəksən?”

Bu hakim partiyanın yüksək vəzifəli şəxslərindən birinin Ziyalılar Forumu üzvlərinə qarşı ittihamlarıdır. Adı çəkilən şəxslərin özlərindən hələlik bu fikirlərlə bağlı hər hansı reaksiya məluim deyil.

Ziyalılar Forumu son vaxtlar hakimiyyətdə olan şəxslərin ünvanına kəskin tənqidlər səsləndirir, hökuməti xalqın problemlərinə göz yummaqda ittiham edir.
XS
SM
MD
LG