Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:24

Elif Şafak. LƏNƏTLİ ŞAİRLƏR


Elif Şafak


LƏNƏTLİ ŞAİRLƏR

Sənətçi dediyimiz, ürəyinin əqrəbi sevincdən çox hüznə, gündüzdən çox gecəyə, kollektiv kimliklərin təminatından çox fərdi sərgüzəştlərdə itib-batmağa meyllənən, bahardan payıza səmt alan adamdırmı?

Əgər belədirsə, anadangəlmədir bu, yoxsa sonradan verilir insana? Yaşadıqca, vaxt keçdikcə, təkrar-təkrar...

Xoşbəxt şair vardırmı yəni? Şair olub qayğısız və gözəl həyat sürən insan ola bilərmi? Patti Smithin avtobioqrafik kitabını oxudum. Heyran oldum! Çoxları onu musiqiçi kimi tanısa da, burda şairliyi çıxıb ön plana. Əslində, sözlərə olan ehtirası notlara olan sevdasından daha dərindir. Bu, yaradıcılığa, tənhalığa, yeniliyə, gəncliyə və bir o qədər hüznə köklənmiş kitabdır. Gənclik sevgisi, ömür boyu qopa bilmədiyi sənətçini də anladır uzun-uzun... Çılğın, sənətkar, amma son nəticədə özünü ilim-ilim itirməyə meylli bir kişini sevməyin cəfası, ağırlığı, gözəlliyi tökülür hər səhifəsindən. Baudelaire haqqında tez-tez işlənən bir söz var: “şairlərin lənəti”. Qismətinə lənətli şair olmaq yazılıb onun; bəlkə, bütün şairlər lənətlidir, nə bilim? Dahilikdir! Heç kim onun kimi yaza bilməyib – nə əvvəllər, nə sonralar! Kimsə ürəyini ilham pərisinə fəda edib sözlərlə belə sevişməyib! Gəncliyində həyatındakı qadınlarla gün keçirmiş, onlardan biriylə ciddi münasibət qurmuş və sifilisə yoluxmuşdur. Mərəzi ağırlaşdıqca şeirlərinə də sirayət etmişdir.

Və ruh halı... Hər şeyi taleyin ixtiyarına buraxmışdı. Xaş-xaş aludəsi idi. Çox şeydən hikkəli və incikdir: ən çox da ögey atasına.

Edgar Allen Poe... o, çox sevdiyimiz - şəkilləri, şeirləri və hekayələri ilə heç kimə bənzəməyən, günümüzün sənətçilərinə yol göstərən labirint ruhlu bir adamdır... Alkaqol düşkünüydü. Ölümünə içərdi. Baudelaire-ə görə belə yaxşı yazmasına səbəb “qayğısızca sivişə bilməsi”, gerçəklik adlı canavarın caynağından xilas olmasıydı. Sənətinin yaşaması üçün özünü öldürməsi lazımıydı – addım-addım, günbəgün. Şair dediyimiz hər gün bir az intihar edən insandırmı? Baudelaire Edgar Allen Poe”ya nə qədər sayğı duyurdusa, Varlaine de Baudelaire bir o qədər heyran idi.

Paul Verlaine... Qərb şeirinin üsyankarı, mübariz oğlu! Heç nə, o dövrdə dəbdə olan absinthe həyatını da, mənəviyyatını da zədələdi. İçəndə dözülməz olur, dava-dalaş salır, vəhşiləşirdi. Bu gün ədəbiyyat dünyasının sayğıyla xatırladığı sənətçi əslində arvad-uşağını döyən bir adam idi.

Və Rimbaud... Ən gənc, ən dahi, ən gözəl, ən parlaq işıq...

Əslində, o da bir başqa lənətliydi. Üstəlik, Varlaine ilə əvvəl dost, sonra cütlük olmaları onun dəliliyini bir az da alovlandırdı. Əlinə xəncər, ya da bıçaq alır, qanayana qədər şair dostunun qollarına, qıçlarına, ovuclarına çəkərdi. “Mən lənətliyəm, bilirsən” deyə, alçaldardı şairi. Axır, bir gün, Varlaine yenə içib vəhşiləşdiyi bir vaxtda Rimbaud-nu biləyindən vurdu. Dərhal həbs olundu. Həyatının sonrakı illəri peşiman-peşiman özünü ittiham etməsi ilə keçdi.

Gerar de Nerval... 1855-ci ildə xalasına o axşam onu gözləməməsini, çünki gecənin qara və ağ olacağını söyləyən; kədərli bir vida qeydi qoyub özünü pəncərənin dəmir barmaqlığından asan şair, yazar, çılğın, islaholunmaz romantik...

Rus şeirinin ən böyük imzalarından, gur səsli Sergey Yesenin... 1925-ci ildə şair dostuna məktub qoyub biləklərini kəsdi. O məktubun ünvanlandığı şəxs olan və Yesenini çox sevən, lakin intihar etməsinə qəzəblənən, sonralar eyni şeyi silahla özü də təkrarlayan Mayakovski...

Uşaqlarına süd alandan sonra otaqlarının qapısını kilidləyən, başını sobaya salıb həyatla vidalaşan Amerikalı şair, feminist, gözəl Sylvia Plath... Və onun - Sylvia Plathın həyatını araşdırıb incələyən, daha sonra özü də intihar edən Nilgül Marmara...

Şairlərin lənəti... Xoşbəxt şair vardırmı yəni? Ola bilərmi?!

Habertürk

Çevirdi Cavid ZEYNALLI
XS
SM
MD
LG