Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

(Polemika) Nahid Hacıyev Qan Turalıya etiraz edir


Nahid Hacıyev
Nahid Hacıyev
Polemika

Gənc yazar Nahid Hacıyev bu məqaləsi ilə kulis.az saytının redaktoru Qan Turalının "Ədəbi mühitin iyrəncliyi" yazısına etiraz edir.


Nahid Hacıyev


QINANAN KİMLƏRDİ?


Ədəbiyyatda hər gün yeni bir mühit formalaşır. Mühitsiz bir yerə ayaq basmaq istəsən də, olmur. Kimə salam verirsən, mühitlərə ilişirsən.

Qabaqlar kim nə qədər çox oxuduğunu və nə qədər çox oxuyub çox bildiyini ədəbi yazılarında, hekayə və şeirlərində nəzərə çarpdırırdı.

Köşə yazılarında kitab oxumayanlara, nə bilim hansısa kinodan təsirləndiyi üçün o kinoya baxmayanlara ironik münasibət göstərilirdi.

Ancaq indi yeni sistem işə düşüb. İndi ironiya dekonstruksiya olub və soyuqluğa, ədəbi mühitə laqeydlik, özgəsini günahlandırmaq görüntüsünə çevrilib.

Əvvəllər düşmən olub bir-birini söyənlər indi yaxın dostlardan da yaxındı. Bərəkallah. Yazılarını hər gün öz saytlarından və öz səhifələrindən yayımlayan bir çox yazarlar ədəbiyyatın gününə ağlamaq adıyla haray qoparır.

Ədəbiyyatı bu günə salan hansısa yazarları, hansısa mühiti, kimlərinsə münasibətini pisləyir. Belə yazıları oxuduqca özüm özümdən şübhələnirəm: “Aman Allah, bəlkə ədəbiyatı bu günə mən qoymuşam”.

Fikirləşirsən ki, hər kəs ədəbiyyatın halına yanıb onu oxucu gözündən salanları qınayırsa, bəs qınanan kimlərdi? Ağzına gələni yazıb, harda gəldi çap edənlərmi? Mən bununla bağlı bir çox ədəbi saytların hamısını dolaşıram, ancaq gördüklərimin əksəriyyəti eyni üzlər, eyni insanlardı.

Bəs onda kim? Bu “kimləri” tapmadıqca düşünürəm ki, bəs görəsən Qan Turalı niyə ədəbiyyatın halına acıyır? Niyə öz gözündə tiri görmür və ya necə görür? Yenilik deyib ədəbiyyatın başına yüz tor hördüklərini bilirmi?

Ədəbiyyat adıyla, bəzən ciddi ədəbi mətnlərlə yanbayan prezervativ, seks, ikrah hissi oyadan, əslində gerçək erotikaya dəxli olmayan səhnələri yazdıqca neçə oxucunu öldürdüklərini bilirmi?

Axı ədəbi mühitdə pis-yaxşı simaya dönən həddən çox yazarlarla bir məclisdə oturub, geninə-boluna araqlar vuran və bir çox ədəbi tədbirlərdə iştirak edən Qan Turalı yazısına nə üçün “Əslində mən ədəbi çevrələrdə az olmuşam” kimi cümlə ilə başlayır?


Qan Turalı
Qan Turalı
Bəlkə o daha çox jurnalistikada dolaşdığından çevrəsini qarışdırıb? Və bəlkə də çevrələrdə dolaşıq düşdüyündən səmimi olmadığını biləndə bu cümlələrləmi “Bununla belə heç bir yazar, üstəlik də Bakıda yaşayan və aktiv jurnalistika ilə məşğul olan bir yazar ədəbi mühitdən ayrı düşə bilməz” deyib özünə haqq qazandırır, etiraf edir.

Ey çox oxuyan yazarlar, ədəbiyyat adamları, ədiblərimizi bu düşüncəyə, bu qeyri-səmimi etirafa vadar edən nə oldu? Bilən varmı? Əvvəllər belə bir məsəl vardı: “Dostunu göstər, deyim necə adamsan”.

Bu məsəl indi də var, ancaq nə üçün əvvəl sözünü işlətdiyimi düşünüb baş yormayın. Elektron, sosiallaşma və virtuallaşma çağımıza görə “əvəllər” dedim. İni belə deyirlər “Web”ini göstər, deyim kimsən. İndi, ey çox oxuyan yazarlar, məlum sayta baxıb, orda Kortasardan, Markesdən yazılar verən, onların yanına “Orta barmaq işarəsinin mənası və tarixi”ni dürtənlərə baxıb necə yazar, redaktor olduqlarını deyə bilərsizmi?

Və ya ciddi ədəbiyyatla prezervativ mövzusunu eyniləşdirib guya hər şeydən yazmaq və hər cür oxucu zövqünü oxşamağa çalışmaq hansı çevrənin verdiyi təbdir?

Bəlkə öz-özlüyündən Anarla müharibəyə başlayıb sonradan “Anarla davam bitdi” deyib gülər üzlü şəkil çəkdirmək və ya “Mustafa” adlı roman yazıb VI əsrdən tumuş XXI sərə qədər oxuyub-oxumadığı bütün ədibləri, filosofları bir qazanda qaynadıb həlməşik nəsə ortaya çıxartmaqmı Qan Turalıya ədəbiyyat haqqında öz ironik iradını bildirmək haqqını verdi?

Bəlkə "Elektronik sevdalar", yaxud "Çiyələkli gecənin pornoqrafiyası" bunu deyəcək qədər səlahiyyət verir ona?

“Ədəbiyyata dəxli olmayan nə varsa, məni bezikdirir, usandırır, məndə ikrah doğurur”. Bəli, çox gözəl ifadədi.

Lakin bu ifadə o zaman bəsitlik və qeyri-səmimilik qazanır ki, onu Qan Turalı və onun “ən yeni ədəbiyyat devrimi” yaratmaq adıyla meydan sulayan çevrəsi dilə, yazıya gətirir.
Yenə üzümü, çox oxuyan yazarlarımıza tutur və deyirəm: əlinizi ürəyinizin üstünə qoyub səmimi deyin, bunların ədəbiyyata nə qədər dəxli var?...


İstəyənlər polemikaya qoşula bilərlər.
XS
SM
MD
LG