Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Sabirabad və Saatlıda gücləndirilmiş polis rejimi?


Sabirabadda etiraz aksiyası. 23 aprel 2011
Sabirabadda etiraz aksiyası. 23 aprel 2011
Sabirabad və Saatlıda sakinlərin dili ilə desək, polis gücləndirilmiş iş rejiminə keçib. Rayonların giriş və çıxışında polis postları qurulub, polis maşınları kəndlər arasında dolaşır, gedib- gələnləri sorğu- suala tuturlar. Kənd sakinləri deyirlər ki, fevralın 23-ü səhər saatlarından görülən bu tədbirlər sabahkı (24 fevral) mitinqə görədir.

«BİZİ ÇEVRİLİŞDƏ GÜNAHLANDIRIRLAR»

2010-cu ilin yazında baş verən Kür daşqınlarından ziyan çəkmiş Sabirabadın Qasımbəyli, Saatlının Yeni Novruzlu və Dəllər kənd sakinləri ədalətli kompensasiya tələbi ilə fevralın 24-də etiraz aksiyası keçirəcəklərini elan ediblər. Bu elandan bir neçə gün sonra isə bəzi sakinlər polisə çağırılıblar, izahatları alınıb. Onlardan biri Mirabad Rzayev deyir ki, kəndlilərin gözünü qorxutmaq üçün hər cür addıma əl atırlar:

«Polislər asma körpünün üstündə post qurub, kəndlərdə dolaşırlar, hərəkətə keçiblər ki, camaatın gözünü qorxutsunlar. Bir-iki gün bundan əvvəl də məni polis şöbəsinə apardılar. Bizi mitinqə hazırlaşmaqda, çevriliş etməkdə günahlandırdılar. Mən də dedim ki, biz haqqımızı tələb edirik, mənim kimi yüzlərlə adam haqqını tələb edir. İnsanlar evsiz qalıb, torpaqları yanıb, ədalətsizliyə etiraz edirik. Yoldaşım iflic olub, nə bir xəstəxana var, nə bir şərait. Qalmışıq pis vəziyyətdə».

«SABİRABAD VƏ SAATLIDA CÜT-CÜT GƏZMƏK QADAĞANDIR»

Ümumilikdə Sabirabad və Saatlı polisində 30-a yaxın kənd sakinindən izahat alındığı, mitinqdə iştirak etməməklə bağlı xəbərdarlıq edildiyi bildirilir. Polisə aparılanlardan biri Sabirabadın Qasımbəyli kənd sakini İlham Əmiraslanov deyir ki, kəndlərdə post postrul xidmətinə məxsus maşınlarla yanaşı çevik polis alayının da maşınları gözə dəyir:

«Bu hazırlıq hələ bir neçə gün əvvəldən başlayıb. Rayondan həmkəndlim ilə qayıdırdıq, qara VAZ- 31 markalı maşın bizi saxlatdırdı, içəridən dörd nəfər mülki geyimli şəxs bizə yaxınlaşdı. Soruşdular ki, «rayonda mitinqə hazırlaşırlar siz də gedəcəksiz ora, ya yox?» Mən də dedim ki, «camaat necə ,biz də elə». Elə bunu demişdim ki, özlərini təqdim etmədən qolumuzdan tutub bizi polisə apardılar. Yol boyu bizimlə kobud davrandılar, söyüş söydülər, biədəb sözlər işlətdilər. Polis şöbəsində də günorta saat 1-dən, axşam 8-ə kimi bizi saxladılar».

Kür daşqınlarından əziyyət çəkən ərazilər. Sabirabad
Kür daşqınlarından əziyyət çəkən ərazilər. Sabirabad
Hər iki rayonun polis şöbəsindən isə kəndlərdə polisin adi rejimdə işlədiklərini bildirdilər. Onu da əlavə etdilər ki, polisə çağırılanlara isə icazəsiz aksiyada iştirakın qanunsuz olduğu izah edilib.

«XARİCDƏN MALİYYƏLƏŞƏN MÜXALİFƏTÇİLƏR XALQIN PİS GÜNÜNDƏN İSTİFADƏ EDİR»

Sabirabadın Qasımbəyli kənd icra nümayəndəsi ilə danışa bilməsək də, Saatlının Novruzlu kəndi üzrə icra nümayəndəsi Oqtay Zülfiqarov deyir ki, mitinqə hazırlaşanlar xalqın pis günündən istifadə edən müxalifətçilərdir:

«Novruzlu camaatının heç bir narazılığı yoxdur. O, «Kür» cəmiyyətidir, nədir, müxalifətçilər, xaricdən maliyyələşənlərdir. Camaatın pis günündən istifadə edirlər. Polis də körpüdür, həmişə necə, indi də elə, tədbirlərini keçirirlər».

Oktay Gülalıyev
Oktay Gülalıyev
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, indiyədək Kür daşqınlarından əziyyət çəkənlər üçün 3150-yə yaxın ev tikilib, evlərin tikilməsi davam edir, zərərçəkənlərə kompensasiyalar ödənilir, yardımlar edilir.

«PROBLEM KOMPLEKS HƏLL OLUNMALIDIR»

«Kür» Vətəndaş Cəmiyyətinin ərazidə apardığı monitorinqlər isə Kür daşqınları üçün dövlət büdcəsindən ayrılmış vəsaitin mənimsənildiyini, özbaşınalıq və korrupsiya hallarının mövcudluğunu üzə çıxarıb. Cəmiyyətin koordinatoru Oqtay Gülalıyev deyir ki, daha bir ciddi nöqsan problemlərin kompleks həll edilməməsidir:

«Bu ərazi böyük bir sosial-iqtisadi zonanı əhatə edir. Problemlərə kompleks yanaşılmalıdır. Orada evlərin tikilməsi, yardımların edilməsi ilə problemin köklü həlli mümkün deyil. Buna görə də həmin zonanın sosial-iqtisadi inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır».

Kür daşqınlarından əziyyət çəkən kənd sakinləri isə hesab edir ki, əsas hansısa dövlət proqramının qəbulu yox, ayrılan vəsaitin təyinatı üzrə səmərəli xərclənməsidir.
XS
SM
MD
LG