Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:19

İsi Məlikzadə "Quyu" (Povest-davamı)


əvvəli burda

Traktorun gurultusundan az qalırdı Umudun qulaqları tutulsun. Bu gurultu onun fıkirləşməyinə, söz axtarmağına mane olurdu. Umud danışmaq istədi, Tubunu söhbətə çəkmək istədi, ancaq düşündü ki, nə desə qışqıra-qışqıra, boğazını yırta-yırta deməli olacaq, Tubu da ona qışqıra-qışqıra cavab verəcək. Umudun qışqırmaqdan zəhləsi gedirdi, ona görə də daha qışqırmadı. Xəyalına gətirdi ki, guya traktorun motoru bir anlığa susub, guya traktor işləmir. Umud bayaqkı səslərin arasından traktorun gurultusunu çıxarıb atdı. Bu ucsuz-bucaqsız çölə dərin bir sükut çökdü, bu sükutun içində təkcə Umudla Tubunun sual-cavabı qaldı. Umud gördü ki, onlar yan-yana dayanıb elə qışqırırlar ki, səsləri sahənin o başında eşidilir. Bu mənzərə Umuda çox gülməli göründü, ancaq Umud gülməyə macal tapmadı, çünki Tubu ilə özünün qışqırığına neçə il bundan qabaq eşitdiyi bir qışqınq da qarışmışdı. "Anqır, tayını tap!" Tofıq göyümtül tumanda gəlib durdu Umudun gözlərinin qabağında.
Umud fıkirləşdi ki, görəsən, bu çölün düzündə "ay mənim tayım, hardasan?" deyib qışqırsa, onun harayına hay verən tapılarmı? Tubunun başını sığallayıb, "elə sənsən mənim tayım" desə, Tubu neynər? Yəqin qaramtıl, güclü barmaqları ilə Umudun qulağını dartıb yerindən çıxardar. Umud traktorun çətirindən bərk-bərk yapışıb, Tubunun nazik barmaqlarına baxdı və hiss elədi ki, qız tərəfdəki qulağı gicişir.
Traktor dövrə vurub qayıtdı. Umud xeyli aralıda işləyən qızları indi gördü. Uzaqdan-uzağa qızları tanıya bilmədi. Düzü, onların kimliyi də Umudu maraqlandırmırdı. Umud susmamaq üçün elə-belə soruşdu:
- Bunlar kimdi?
Tubu gözlərini cərgədən çəkib üzünü Umuda tutdu:
- Mənim briqadamın qızlarıdı, - dedi, - hamısını tanıyırsan. Bizim məktəbi qurtarıblar.
Umud atasını xatırladı. "Yəqin kişi nigarandır".
- Salamat qal, Tubu! - Umud traktordan yerə tullandı. O dəqiqə traktor dayandı.
- Qal, biznən nahar elə, saldat! Odu ey, qızlar da gəlirlər!
Səhərdən bəri Umudun dilinin altından bir damcı su da keçməmişdi.
Amma:
- Toxam, - dedi. - Xirtdəyəcən yemişəm.
Umud yolun qırağındakı motosiklə tərəf qaça-qaça yenə Xalığın sözlərini xatırladı: "Tubunu da alarsan, yumurta kimi qızdı".
Umud motosikli işə salıb yəhərə oturdu və özü də anlamadı ki, birdən-birə niyə xəcalət çəkdi. Elə bildi ki, o, motosikli yox, motosikl onu minib...
Motosikl gurultu ilə həyətə girəndə quyunun başında dayananlar dönüb baxdılar. Xalıq əllərini belinə vurub motosiklə tamaşa eləyirdi, sanki bunu harda gördüyünü yadına salmaq istəyirdi. Onun duruşundan Umud xoflandı. Güman elədi ki, bu dəqiqə Xalıq onun gözlərini ovub ovcuna tökəcək və ağzı köpüklənə-köpüklənə deyəcək: "Ə, qoduq, sənə kim icazə verib bunu götürmüsən?!"
Umud motosikli pasnaya söykəyib, imdad diləyən nəzərlərlə Piriyə baxdı. Piri çox sakit görünürdü, hətta, deyəsən, irişirdi də.
Xalıq başı ilə motosiklə işarə elədi:
- Eşitdim Əsli bacın bunu sənə bağışlayıb... Yaxşı eləyib. Onsuz da toz-torpağın içində çürüyürdü. - Əllərini belindən götürüb üzünü bağçaya tutdu. - Ay Güləndam, bir az tez olsana!
Güləndam bir vedrə su gətirdi, iri mis dolça gətirdi, bir qəlib də sabun.
Xalıq hələ də yuxuda olan Minnət qarını döşəkağılı-zadlı qucaqlayıb götürdü. Qarı bapbalaca qırmızı gözlərini açıb səmaya baxdı. Ağzına girmiş dodaqlarını tərpətdi və çağa kimi bircə dəfə qığıldadı.
Xalıq Minnət qarını bağçadakı teştin içinə ehmalca qoyub nəfəsini dərdi.
- Ayaqlarının tozu olum, ay ana, - dedi.
Xalıq köynəyinin qollarını dirsəyəcən çırmalayıb çöməldi. Əlini vedrəyə salıb suyun isti-soyuqluğunu yoxladı. Yumurta sarısına oxşayan sabunu Minnət qarının ağappaq başına sürtdü.
- Güləndam, su tök!
Su başından süzülüb bürüş-bürüş bədəninə töküldükcə Minnət qarı kirpiksiz gözlərini tez-tez yumub açırdı. Qarı yekə teştin içində uşağa bənzəyirdi.
Xalıq onun sallaq döşlərini sabunladı.
- Sənə qurban olum, ay ana, - dedi. - Mənə bu döşlərindən süd vermisən. Südünü mənə halal elə.
Məcid kişi quyunun başındakı torpağın üstündə oturub palçıqlı əllərini ovxalaya-ovxalaya Xalığa baxırdı. Deyəsən, kişi kövrəlmişdi. Onun qalın dodaqları hərdən səyriyirdi və Umuda elə gəlirdi ki, atası bu dəqiqə ağlayacaq.
Kişinin bu halını Piri də gördü. Sədrin əvəzinə özü qürrələndi.
- Anasını bu qədər istəyən adam görməmişəm, - dedi. - Hər həftə özü çimizdirir qarını... Düz on ildi...
Piri bu sözləri Məcid kişiyə deyib cavab gözlədi. Ancaq Məcid kişi onun dediklərini qulaqardına vurdu. Yavaş-yavaş qalxdı, yoğun, uzun kəndirin bir ucunu ağzı əyri vedrənin qulpuna bağladı, o biri ucunu Umuda verdi.
- Bir yanını qaçacaq qoymusan. Ortadan partdasan da qoymaram əkiləsən.
- Ta əkilmərəm, dədə.
- Quyu dərinləşib, torpağı çölə ata bilmirəm. - Kişi ehmal-ehmal quyuya düşdü. - Vedrəni ver bəri görüm.
Umud vedrəni quyuya salladı. Başını döndərib yenə Xalığa baxdı. Xalıq Minnət qarını ağappaq məhrəba ilə qurulayırdı.
Piri yaxınlaşıb quyuya baxdı... Umud hiss elədi ki, quyuya baxmaq bəhanədi, Piri onunla danışmaq istəyir.
Piri dəyirmi gözlərini Məcid kişinin peysərinə zilləyib Umuddan soruşdu:
- Necə gedir?
-Nə?
- Motosiklet.
- Pis deyil.
Məcid kişi ipi tərpətdi:
- Ə, nə key-key durmusan? Çək görüm!.. Boynun qırılsın, oğul yiyəsi!
Umud kəndiri əllərinə dolaya-dolaya vedrəni yuxarı dartıb nəm torpağı kənara boşaltdı.
Piri mızıltı ilə soruşdu:
- Xoşuna gəlir?
-Nə?
- Motosiklet.
Məcid kişi yenə qışqırdı:
- Ə, nooldun?! Əllərini pişik yeyib?! - Başını quyudan çıxardıb Piriyə təpindi. - Əl-ayağa dolaşma burda, sən maşın sürəndə biz qıraqdan qəmiş olmuruq ki?!
Piri gülümsəyib dala çəkildi:
- Gedirəm, Məcid dayı, gedirəm, - dedi. Əlini Umudun kürəyinə vurub pıçıldadı. - Sür də, kefini çək, cavan oğlansan.
Xalıq qarını döşəkağına büküb həmin yerinə qoydu.
- Yat, ana - dedi. - Yuxun şirin olsun!
Xalıqla Piri tut ağacından aralanan kimi Məcid kişi başını quyudan çıxartdı. Əllərini quyunun kənarına qoyub zəndlə Minnət qarıya baxdı.
- Bununçun quyu yox ey, qəbir qazmaq lazımdı, - dedi. Aşağı əyilib vedrəni yaş torpaqla doldurmağa başladı.
Yarımca saatdan sonra Umudun kürəyi zoqquldadı, ovcu gör-gör göynədi. Kəndir dəmir kimi idi, Umudun uzun barmaqlarında zol-zol iz qoymuşdu.
- Dədə, hələ çox qazacağıq?
- Qazacağıq deyəndə bir az yekə çıxır. Guya sən də qazırsan?
- Dartıram ki.
- Dartmaqnan qazmağın zəmin-asiman təfavütü var.
- İstidə kefın qalxıb, dədə, zarafat eləməyə vaxt tapmısan.
- Bir qazan bozbaşdan sonra nənəm də zarafat eləyər. Oğul ona deyərəm ki, işi bərkə düşəndə zarafat eləsin...Hə, necədi? Borş bişirmək yaxşıdı, yoxsa Minnət qarı üçün quyu qazımaq?
- İkisi də bir zibildi... -Umud ipi əlində dəstələyə-dəstələyə dolu vedrəni qaldırdı. Ona elə gəldi ki, vedrə get-gedə ağırlaşır.
Umud tut ağacının kölgəsinə həsrət-həsrət baxdı. Qınayan olmasaydı, Minnət qarının yanında başını mütəkkəyə atıb ölü kimi yatardı. Umud ağrıdan keyimiş çiynini ovxaladı. Qulaqlarının dibinə süzülən təri köynəyinin qolu ilə sildi. Tubunun gülümsəməyi və qabaqda parıldayan qızıl dişləri yadına düşdü. Yəqin Tubu indi qobunun qırağında dayanıb şəvə saçlarını boynunun ardında düyünləyir. Sonra Tubu asta-asta suya girəcək. Əzələli qollarını ehmal-ehmal tumarlayacaq. Kaş Umud gözlərini yumub-açınca özünü qobunun kənarında görəydi. Gəndalaş kolunun dalında gizlənib Tubunun tunc bədəninə oğrun-oğrun baxaydı.
Piri eyvandan qışqırdı:
- Məcid dayı, yuxarı qalxın!
Bu gur səsi eşidəndə elə bil Umudun başına bir vedrə sərin su tökdülər.
Yemək vaxtı Piri Umudla üzbəüz oturmuşdu. Piri yaman narahat idi, daha dünənki təkin acgözlüklə yemirdi. Nəzərlərini Umuddan çəkmirdi, elə bil onun, ağzından söz qaçıracağından qorxurdu. Xalıq hər dəfə tikəsini çeynəyib udandan sonra köks ötürürdü:
Məcid kişi dözə bilməyib soruşdu:
- A, sədr qanın qaradı, deyəsən. Yoxsa işlər əyilib?
Xalıq lap dərindən köks ötürdü.
- İşlər nə vaxt düz gedib ki, Məcid dayı? Başımı cəncələ salmışam. Alimlik mənim harama yaraşırdı axı? Elmi işim tökülüb qalıb. Əlimə qələm ala bilmirəm. Rəhbərim də Kirovabaddan xəbər göndərib ki, durma, gəl. Alağın qızğın vaxtında kənddən çıxa bilərəm mən yazıq? Gərək raykom katibini birtəhər aldadıb sabah özümü verəm Kirovabada. Ayrı əlacım yoxdu.
Xalıq Kənd Təsərrüfatı İnstitutunu qiyabi qurtarmışdı. Sonra da alim olmaq xəyalına düşmüşdü. Amma ara-bərədə pıçıldayırdılar ki, onun elmi işini institutun müəllimi yazır. Bir dəfə Kamran da hirslənib Umudun yanında sədrin qarasınca danışmışdı: "Xalıq fermada qoyun qoymadı qalsın. Ayda ikisinin dərisini boğazından çıxarıb apardı Kirovabada. İnstitutu Xalıq yox, qoyunlar qurtardı. İndi də qoyunlar onu alim eliyəcək".
Xalıq vur-tut ikicə kələm dolması yeyib boşqabını kənara itələdi. Güləndamın qrafındə gətirdiyi ayrandan bir stəkan içib dodaqlarını marçıldatdı.
- Mənə fıkir verməyin, - dedi. - Siz yeyin. Bu gün Cəlalın qızı başımın üstünü kəsdirməyib, asudəyəm.
Məcid kişi yeyə-yeyə yan-yörəyə göz gəzdirdi:
- Dünəndən bəri Əsli gözümə dəymir. Allah eləməmiş...
Xalıq başını tərpətdi:
- Naxoşlayıb Əsli. Davlenisi qalxanda halı özündə olmur.
Pirinin rəngi dəyişdi, enli burnu az qaldı qarşısındakı boşqaba dəysin. Gözünün quyruğu ilə Umuda baxıb, tez də nəzərlərini yayındırdı. Pirinin səksəkəli, xoflu baxışından Umudun boğazı tıxandı, tikəsini zorla udub fikirləşdi ki, yəqin indi Pirinin ürəyi yel vurmuş yarpaq təkin titrəyir. İndi Umuddan qorxduğu kimi heç kimdən qorxmur. Qorxu pis şeydi. Allah göstərməsin, adam qorxudan sağalmaz azara da düşə bilər. Əgər Umud xəlvətə salıb Xalığın qulağına pıçıldasa ki, ay sədr, bir sirr mənim ürəyimi dağıdır, istəmirəm ki, cavan yaşımda ürəyim partlasın, ona görə də bu sirri sənə açmalıyam. Bu sirr də ibarət olsun ondan ki, dünən günün günortaçağı porsuq Piri sənin şəxsi evində, şəxsi arvadınla... o söz. Umud inanırdı ki, Xalıq bu əhvalatı eşitsə, porsuq Pirini də, Əslini də Kamranın Kirovabada göndərilən dilsiz-ağızsız qoyunlarına döndərər.
Xalıq sözünə davam elədi:
- Əsli neyləsin? Ər dərdi, uşaq dərdi, ev-eşik dərdi. Neçə ildi kurort üzü görmür. Allahın Naftalanına da göndərə bilmirəm onu, çünki camaatımız sözbazdı. Göndərsəm, deyəcəklər, sədrin arvadı kefdədi, amma biz burda kirpiyimiznən od götürürük. - Xalıq fıkirli-fıkirli başını sinəsinə endirdi. Ağ buxağı qat-qat olub çənəsinin altından çıxdı. Xalıq gözləri yol çəkə-çəkə dedi: - Qoy Tofıq universiteti qurtarsın, onu prokuror eləyim, ondan sonra tüpürəcəyəm sədrliyə. Əslini də qoltuğuma vurub...
Deyəsən, Əsli söhbəti Pirinin lap amanını qırdı. Piri tələm-tələsik söz arasında söz qatdı:
- Sədr, prorab Zahidi də tutdular.
Xalıq ona baxmadan qaşlarını çatıb:
- Bilirəm, - dedi.
Məcid kişi əlini boşqabdan çəkib soruşdu:
- O nə prorabdı helə?
Xalıq başını buladı:
- Əşi, avaranm biri ürcah olmuşdu bizə. Üç ildi bu kənddə bir hamamı tikdirib qurtara bilmirik. Beş prorab dəyişdirmişik. Axırı Ağcabədidən bu Zahidi göndərdilər bura. Cəmi üçcə gün işlədi. Sən demə, pyaniskanın biriymiş. Vurub yıxılırdı kolların arasına, tapa bilmirdik...
Öz işçisindən rüşvət alanda yaxalayıblar. Cəmi-cümlətani otuz manatın üstündə getdi güdaza.
Pirinin qırışığı indicə açılırdı. Gödək barmaqlarını qatlayıb şaqqıldatdı.
- Az alanları yaman tez tuturlar, - dedi. - Çox alanlara heç ilişmirlər.
Xalıq tərs-tərs ona baxdı və bu anda Umudun Xalığa yazığı gəldi.
Umud gördü ki, Xalığın da bənizi Əslinin bənizi kimi solğundur. Gördü ki, Xalığın saçları ağarıb, seyrəlib. Xalıq vaxtından tez qocalır. Umud Əslinin hənalı başım, Pirinin tüklü kürəyini xatırladı və durub Pirinin kürəyinə təpik ilişdirməkdən özünü güclə saxladı.
Umud qalxdı:
- Gedək, dədə!
Onlar eyvandan çıxanda Xalıq arxadan dedi:
- Məcid dayı, istidə özünüzü üzməyin. Səhər gün çıxmamış, bir də axşam sərinində işləsəniz, bəsdi.
Məcid kişi pilləkənin aşağısında dayandı:
- A sədr, - dedi. - Quyu yavaş-yavaş palçığa çıxır. Ayaqyalın qaza bilmirəm. Bəlkə evdə rezin çəkmədən-zaddan ola?!
- Var, Məcid dayı, var. Özü də təzəsi. Ov çəkmələrimi Piri aşağı otaqdan götürüb verər sənə.
Umud kəndiri əlində sürüşdürə-sürüşdürə vedrəni quyuya salladı. Sonra ikiqat olub ağzını quyuya tutdu:
- Dədə, sən dünyagörmüş adamsan. Bu dünyada qeyrətli adam çox olar, yoxsa biqeyrət?
- Dünyadakıları saymamışam, amma kəndimizdəkiləri deyə bilərəm.
- Kəndimizdə hansı çoxdu?
Məcid kişi ipi tərpətdi:
- Dart, quzu bala, dart!
4
Hələ gün çırtlamamışdı, hələ camaat mal-qaranı örüşə ötürməmişdi. Toyuqlar tardan təzəcə düşürdü.
Umud elə bilirdi ki, bu vədə Xalıqgilin evində inc-cins yuxudan oyanmaz, bu vədə ora nahaq gedirlər.
Məcid kişi hündür darvazanın bala qapısını ehtiyatla itələdi və qapı cırıltı ilə açıldı. Umud gördü ki, Güləndamla Cəfərqulu artırmanın qabağında dümələnirlər; yağlı-quyruqlu qoyun cəmdəyini ağ parçaya bükürlər. Umud anladı ki, obaşdan bu nə hazırlıqdır: "Sədr Kirovabad tədarükü görür".
Quyu xeyli dərinləşmişdi, daha Məcid kişi ayaq üstə duranda başı quyudan çölə çıxmırdı.
Quyuda nəsə şappıldadı. Məcid kişinin hirsli səsi eşidildi:
- Ə, şikəst döyülsən ha!
Vedrədən Məcid kişinin başına bir ləmbə palçıq düşmüşdü. Kişi deyinə-deyinə başının palçığını sildi, amma palçıq yapışqan kimi idi, gümüşü tüklərin dibinə ilişib qalmışdı.
Umud vedrəni yavaş-yavaş quyuya salladı.
- Ağzınacan doldurma, dədə, - dedi.
- Məni öyrətmə! - Kişi aşağı əyilmişdi, səsinin yarısını quyu udurdu. - Ehmal-ehmal dart!
Umud yuxudan doymamışdı, dünənki ağrı Umudun canından tamam çıxmamışdı. Tərpəndikcə qolları, sinəsi sızıldayırdı. Zəhrimar vedrə bu gün yaman ağır idi. Kəndir də islanıb sürüşkən olmuşdu, əldə-ovucda dayanmırdı.
Umud vedrəni qaldırıb başı üstünə çevirdi. Qaramtıl lığ sarı çayırlar arası ilə axıb getdi. Umudun şalvar-köynəyində palçıq quruyub bozarmışdı. Əlləri də palçıqdan bomboz idi. Umuda elə gəlirdi ki, Məcid kişi ömrü boyu qazsa da, axtardığı damarı tapa bilməyəcək və Umud yerin yeddi qatmdakı palçığı vedrə-vedrə dartıb çölə tökməli olacaq.
Məcid kişi başını yuxarı qaldırdı. Umud ha baxdı, atasını tanıya bilmədi. Kişinin bir yerində sağ istahat qalmamışdı, sir-sifəti qapqara palçıq içində idi, təkcə xırda gözləri işıldayırdı.
- Ta torpaq horraya dönür. Suya az qalıb.
- Bəs deyirdin bu quyu dərin olacaq?
- Mənim dediklərimin hamısı doğru olsaydı, nə dərdim vardı. Torpaq üstüörtülü bir xəzinədi, nə bilirsən ki, xəzinə onun hansı qatındadı. Torpağın sirrindən Allah da baş açmaz. On yeddi yaşından quyu qazıram, hələ də torpaq möcüzədi mənimçün.
- Bu vaxtacan neçə quyu qazmısan, dədə?
- Sənin başının tükü sanı. - Kişi mala çəkirmiş kimi palçıqlı əlini quyunun divarına sürtdü. - İndi quyu heç kimə lazım döyül, - dedi. - Qazdıqlarımın da hamısı batıb gedib. Elə quyu qazmışam, dərinliyi 40 ərşin... Dünyada sudan qiymətli nemət yoxdu.
Umud dizlərini yaş torpağın üstünə qoyub, atasına qulaq asırdı. Birdən ona elə gəldi ki, bayaq atasının gözlərində görünən parıltı qəflətən sönüb getdi. Umud atasının batıq səsində bir kədər, bir təəssüf duydu.
- Yəqin bu mənim axırıncı quyumdu. Kim bilir, bəlkə Minnət qarıdan tez ölüb getdim. Bu quyu məndən yadigar qalar. Dədən yadına düşəndə, gəlib baxarsan. Balalarına da göstərərsən. Deyərsən, bu quyunu babanız qazıb.
Umud burnunu çəkdi.
- Kövrəltmə bizi, əşi.
- Sən kövrələn həşərat döyülsən... Çək görüm!
Umud hıqqana-hıqqana vedrəni dartıb quyudan çıxartdı.
İsti düşmüşdü. Güləndamla Cəfərqulu harasa çəkilmişdi. Tut ağacının dibində Minnət qarının yeri boş qalmışdı. Patron da, deyəsən, haradasa kölgələnirdi.
Umud bayaqdan eyvana baxırdı. Heç olmasa uzaqdan-uzağa Əslini görmək istəyirdi, onun səsini eşitmək istəyirdi. Amma Əsli ilə göz-gözə gəlməyi arzulamırdı. Əslidən utanırdı.
Məcid kişi aşağıdan soruşdu:
- Yorulmusan?
- Gün başımı deşir.
- Quyunun içi buzxanadı elə bil.
- Qoy qalsın, dədə, axşam sərini gələrik. Xalıq dayı özü dedi ki...
- Könlünə avaralanmaq düşüb?
- Düşüb.
- Get avaralan, amma, tez qayıt.
Umudun dərdi-azarı motosikl sürmək idi. Özünü həyətə çatdıran kimi əsgi götürüb kəhrəba rəngli motosiklin tozunu tər-təmiz sildi. Özü də yaxşıca yuyundu, paltarını dəyişdi. Keçib bağçadan bir az ərik, bir az gilənar dərdi...
Qızlar bir yerə toplaşmışdılar. Motosiklin səsinə hamı dönüb baxdı. Umud yaxına getməyə ürək eləmədi. Bura gəlməyinə birdən-birə peşman oldu.
Tubu onu səslədi:
- Utanma, gəl!.. Bəlkə qızları qovum burdan?! Yəqin məni təklikdə görmək istəyirsən!
Qızlar gülüşdülər.
Umud Tubudan belə atmaca gözləmirdi. Qızlara baxa-baxa fikirləşdi: "Sözü bir yerə qoyublar ki, məni pərt eləsinlər". İstədi geri qayıtsın, amma Tubu dillənən kimi qərarından döndü.
- Zənbildəki nədi, saldat?
Umud meşin zənbili götürüb qızlara tərəf getdi.
- Sizə ərik, gilənar gətirmişəm.
Tubu zənbili aldı:
- Payın çox olsun, - dedi. - Sovqatsız da gələ bilərdin.
- Nə böyük sovqatdı ki?!
Umud utana-utana qızlara baxdı. Qızlar hələ də gülümsəyirdilər. Onlar pıqqıldaşmağa başlayanda Umud düşündü ki, xudahafızləşib getməyin məqamıdır. Birdən qızlar elə bilərlər ki, bura gəlməkdə onun başqa niyyəti-zadı var. Umudun heç bir niyyəti yoxdur. Hava isti, Tubu da qızmar günəşin altında işləyir. Qoy ərikdən, gilənardan yeyib sərinlənsin. Nə niyyətbazlıqdır? Tubu bu kəndin ordenli qızıdır, ona hörmət eləmək hamının borcudur. Umud da hamının biri. Vəssalam!
Umud başa düşdü ki, qızların yanında Tubuyla onun söhbəti tutmayacaq. Bir də axı Tubuyla onun nə söhbəti, nə alveri? Umudun burda nə ölümü var?
- Salamat qalın!
Umud geri dönmək istəyəndə Tubu təəssüflə soruşdu:
- Hara tələsirsən?
Tubunun səsindəki mülayimlik Umudun bayaqkı şübhələrini bir andaca alt-üst elədi: "Yox, Tubu adam dolayana oxşamır. Tubu məni ələ salmaz". Umud utancaq-utancaq gülümsədi, ancaq onu da anladı ki, bu gün Tubudan yox, onun yanındakı qızlardan utanır. Umud geriləyə- geriləyə:
- İşim var, - dedi.
Tubu onun ardınca qışqırdı:
- Sovqat üçün sağ ol! Ağzın şirin olsun!
Umud özünü motosiklə çatdırınca elə bildi ki, bir ildir yol gedir. Hiss edirdi ki, qızlar arxadan ona baxırlar. Umudun ayaqları bir-birinə dolaşırdı.
Umudun həyətə girməyindən, deyəsən, heç kim xəbər tutmadı. Xalıq tut ağacının kölgəsində, Minnət qarının qarşısında çöməlmişdi. Piriylə Cəfərqulu da onun böyüründə dayanmışdı. Məcid kişi onlardan kənarda oturub üst-başının palçığını ovxalayırdı.
Xalıq şüşə kasadakı qatıqdan bir çay qaşığı götürüb Minnət qarının ağzına uzatdı:
- Ye, ana, ye... Dərdin mənə gəlsin.
Minnət qarı qırmızı gözlərini oğlunun üzünə dikmişdi, deyəsən, ağzını açmaq fıkrində deyildi. Xalıq qaşığın ucunu qarının içəri əyilmiş dodaqlarına dirədi:
- Ye, ana. Mən çağa olanda sən də məni belə yedizdirmisən.
Minnət qarının çiyninə bitişmiş bürüş-bürüş boğazı bircə dəfə tərpəndi.
- Bax, belə ha, - deyib Xalıq qaşığı təzədən qatıqla doldurdu.
Piri bu tamaşanı hər gün görsə də, yenə heyran-heyran sədrə baxırdı. Piri üzünü kənarda yorğun-arğın oturmuş Məcid kişiyə tutub danışdı və elə danışdı ki, onun dediklərini nəinki Xalıq, hətta artırmanın qabağında sil-süpür eləyən Güləndam da yəqin eşitdi:
- Hər gün özü yedizdirir anasının... Düz on ildi... Halal olsun!
Məcid kişi onun sözlərinə baş qoşmadı, gözlərini damar-damar,palçıqlı əllərinə zilləyib susdu.
Piri Umudu yanladı.
- Kirovabada getmək istəyirsən?
- Nəyə?
- Gəzməyə. Axşam qayıdarıq.
Piri Umudun cavabını heç gözləmədi, əyilib Xalığın qulağına nəsə pıçıldadı. Xalıq əlində qaşıq geri qanrılıb Umuda ötəri baxdı. Qaşqabağını töküb Piriyə astadan nəsə dedi. Piri də təzədən nəsə onun qulağına pıçıldadı. Xalıq çiynini çəkdi, sonra ayağa qalxıb Umuda üz tutdu:
- Əsli bacım zakaz verib ki, səni də Kirovabada aparım. Bizim arvad mehrini yaman salıb sənə. - Xalıq gülümsədi və gözlərinin altındakı tuluqlar daha da şişdi.
Umud atasına baxdı:
- Bəs quyu?
Məcid kişinin əvəzinə Xalıq cavab verdi:
- Cəfərqulu burdadı.
Cəfərqulu Minnət qarının süfrəsindən götürdüyü tikəni ağzına basdı. Cəfərqulunun sağ ovurdu şişib parıldadı.
- Sədr... mənim... qırıjam var.
- Əyə, yeddi uşağı əkib-törədəndə heç demirdin qırıjam var!
Cəfərqulu ağzındakı tikəni güclə uddu:
- O ayrı, bu ayrı... Torpaq işi ağırdı.
- Ə1 yetirərsən Məcid kişiyə.
- Sədr, qırıja...
Xalıq sözünü tamamlamağa ona macal vermədi:
- Dilləşmə mənnən, - dedi. - Elmi rəhbərin yanına getdiyim yerdə qanımı qaraltma!..
Maşın çala-çuxura düşüb silkələndikcə arxadakı ət kisəsi yırğalanıb Umudun kürəyinə dəyirdi. Umudun bədəni çimçişirdi: yadına piy iyi verən mətbəx düşürdü. Hələ üstəlik Kamranın dediyi sözlər də yadına düşürdü: "...Qoyunlar onu alim eləyəcək".
Maşın kənddən çıxanacan heç kim dinib-danışmadı. Asfalt yolda Xalıq geri qanrıldı. Gücə düşən adam kimi onun solğun bənizinə qızartı çökdü.
- Əsli bacın bilirsən səni mənə niyə qoşub? Elə bilir iş-gücünü buraxıb uxajorluq eləyirəm... Qocaldıqca Calalın qızının başı xarab olur. Keçi can hayındadır, qəssab piy axtarır... - Üzünü Piriyə tutdu. - Elmi işi qurtarmağım, deyəsən uzun çəkəcək. Rəhbər zalım balası da həftə səkkiz, mən doqquz zəng vurur ki, durma gəl.
Pirinin tüklü yanağının dartılmağından Umud başa düşdü ki, Piri irişir.
Üzümçülük sovxozuna dönüb bir balaca çəllək konyak götürdülər. Umud fıkirləşdi ki, Xalığın elmi rəhbəri yəqin möhkəm içədir...
Yevlaxda bazarlıq elədilər. Meymeyvə, göy-göyərti, xiyar- pomidor aldılar. Umud indi də fikirləşdi ki, əlbəttə, bu ətin, bu konyakın yanında meyvə, göyərti mütləq olmalıdır.
Sonra bir mağazaya girdilər. Xalıq yeddi metr bahalı parça ölçdürdü. Umud düşündü ki, yəqin bu da elmi rəhbərin ya arvadı, ya da qızı üçündür.
Xalıq Pirini qırağa çəkib başladı onunla pıçıldaşmağa. Xalığın bir gözü Umudda idi, Umud anladı ki, söhbət onun barəsindədir. Sədr bir az pərt görünürdü. Piriyə tez-tez nəsə deyirdi. Piri də çiyinlərini çəkirdi.
Xalıq barmağının işarəsi ilə Umudu yanına çağırdı.
- Gəlsənə qalıb burda gəzəsən? Qayıdanbaş səni götürrük. Cibindən pul çıxarıb Umuda uzatdı. - Restorana-zada gedərsən.
Umudun bir qara qəpiyi də yox idi, amma:
- Pulum var, - dedi. - Sağ olun.
Umud nəzərlərini Pirinin üzünə zillədi. Guya son söz, son qərar Pirinin idi. Sədrin təklifı, deyəsən, Pirinin ürəyincə deyildi. Piri Umud tərəfə baxmağa utanırdı, gözlərini Xalığın ağzına dikmişdi və Pirinin gözləri açıq-aşkar yalvarırdı: "Amandır, sədr, daşı ətəyindən tök".
Xalıq maşının qapısını açdı. Bir ayağı yerdə, bir ayağı göydə:
- Darıxma, Umud, - dedi. - Tez qayıdacağıq. Vağzalın qabağında bizi gözlə.
Piri qaşqabağını töküb sükanın arxasına keçdi.
Umud uzaqlaşan maşının ardınca key-key baxdı. Onu niyə yarı yolda qoydular? Əgər Umudu Kirovabada aparmaq niyyətləri yox idisə, onu niyə yerindən dingildətdilər? Bu nə sirdir, nə müəmmadır belə?
Maşın aralıda dayandı. Piri yerə düşüb sevinə-sevinə Umuda əl elədi:
- Yüyür, ə!
Amma Umud yüyürmədi. Umudun ürəyindən qara qanlar axırdı, Umud pərtliyindən ağlamaq istəyirdi...
Xalıq bircə dəfə də dönüb arxaya baxmadı. Xalığın bir gözü Piridə idi. Piri onun baxışlarını üzündə hiss edib sıxılırdı.
Umud başa düşürdü ki, bu gün onu Xalığa ilişdirən Porsuq Piridir. Kəhrəba rəngli motosikli də Umuda Piri verdirib, bax bu maşının arxa oturacağında da onu Piri əyləşdirib. Bütün bu qurğular porsuq Pirinin əməlləridir. Umudun hörmətini, etibarını qazanmaq üçün Piri dəridən-qabıqdan çıxmağa hazırdır.
Maşın Yevlaxdan sağa buruldu. Kürün körpüsündən keçəndə Umud baxıb gördü ki, bu yol Kirovabad yoluna oxşamır. Umud Kirovabada iki dəfə getmişdi, amma o yolda nə Kür görmüşdü, nə də körpü.
Alaqapısında "Mingəçevir" yazılmış şəhərə girəndə Umud maşının pəncərəsindən döyükə-döyükə gah sağa, gah sola baxdı. Burda geniş küçələr gördü, hündür-hündür evlər gördü. Yolun qırağındakı beşmərtəbəli binaların balkonlarından, pəncərələrindən sarıkəkil qızlar, gəlinlər boylanırdılar. Umud gördü ki, bu şəhərin bir suyu elə onun əsgərlikdə olduğu Barnaula oxşayır. Umud fikirləşdi ki, yəqin bu yaraşıqlı, səliqəli şəhərin içindən keçib Kirovabada gedəcəklər. Kaş yarımca saat burda dayanaydılar, Umud ala-yarımçıq da olsa, bu şəhəri gəzəydi.
Maşın Kür çayının sahilində "finski" deyilən evlərdən birinin qənşərində dayandı. Burda qollu-budaqlı, hündür qovaq ağacları vardı. Bu ağaclar, drudan da, Kirovabaddakı ağaclara çox oxşayırdı.
Piri koppuş əlini siqnal düyməsinin üstünə qoydu. Siqnalın səsi uzun, boş küçəyə yayıldı, Xalıq tərs-tərs Piriyə baxdı.
- Yavaş, - dedi. - Pajardı?
Alçaq hasarlı, sarmaşıqlı həyətdəki evin pəncərəsindən ətli-əndamlı bir qadın gülümsəyə-gülümsəyə baxırdı. Xalıq maşından düşdü. Sarmaşıqlı hasarı arxasında taxta divarları qızaran "fınski" evə girib görünməz oldu.
Umudun yerində başqa adam olsaydı, yəqin barmağını dişləyib deyərdi: "Ay dadi-bidad..." Amma Umud barmağını dişləmədi. Üzünü Kürə tərəf tutub fıkirləşdi: "Xalıq dayı buna görə məni başından eləmək istəyirdi?.. Qara qızın dərdi varmış".
Porsuq Piri maşındakı şey-şüyləri tövşüyə-tövşüyə evə daşıdı. Sonra gəlib tövşüyə-tövşüyə sükanın arxasında oturdu. Maşını tərpədəndə Umuda dedi:
- Keç yanıma.
Umud adlayıb qabaq oturacaqda əyləşdi. "QAZ-69"-un şəhərdən çıxdığını görüb soruşdu:
- Kirovabada gedirik?
- Buranın Kirovabaddan nəyi əskikdi, ə? Bilirsən burda nə qəşəng qızlar var? Hamısı da kulturnu...
Piri maşını gölün qırağındakı kababxananın qabağında saxladı.
Çimərlikdə adam əlindən barmaq basmağa yer yox idi. Qumun üstündə uzanıb özünü günə verən kim, çığırışa-çığırışa göldə çimən kim. Xeyli aralıda qayıqla gəzənlər də vardı.
Umud suyu şappıldada-şappıldada üzən qızlara baxıb qobunu xatırladı, Tubunun tunc bədənini xatırladı. Əlini gözlərinə kölgəlik eləyib qızlara zəndlə diqqət yetirdi. Gördü ki, bu qızlardan hər hansının bədəni Tubununku kimi badımcanı deyil. Bunların bəyazı var, sarısı var, hələ günəşin yandıra bilmədiyi ağappağı var. Bu pambıq kimi ağappaq qızların çoxusu bədəndə Solmaza oxşayırdı.
Piri də, Umud kimi əllərini gözlərinə kölgəlik eləyib qızlara baxa-baxa dodaqlarını yaladı:
- Görürsən, camaat nə kefə baxır? Biz də kənddə toz-torpağın içində eşələnirik... Hayıf ki, əynimdə fərqli tumanım yoxdu, yoxsa soyunub çimərdim.
Keçib kababxanada oturdular.
Piri xörəkpaylayan oğlanı çağırdı.
- Dörd pors balıq kababı.
Umud etiraz elədi:
- Dördü çoxdu.
Piri sağ əlini yuxarı qaldırıb barmaqlarını araladı.
- Beş pors, - dedi, - çaxır da gətir... Suxoy. -Xörəkpaylayan oğlan gedəndən sonra Piri gülümsədi. - Bunların porsusu nədi ki? Üç tikə! Bir oturuma yüz şiş yeyərəm.
Piri çaxıra əl vurmadı.
- Rulun dalında öldürsələr də içmərəm. Qismət olsun, kənddə oturaq, onda burnumdan gəlincə vuraram.
Umud Pirinin tez-tez tökdüyü sərin çaxırı içdi və bir də baxıb gördü ki, butulka boşalıb. Umudun canında xoş sızıltı vardı, ancaq bu sızıltı quyudan vedrə-vedrə torpaq dartanda onun bədənini bürüyən ağrıya
bənzəmirdi. Hər şey, hətta Pirinin tüklü sifəti də Umudun gözlərinə içdiyi çaxırın rəngində görünürdü. Umud Pirinin şişib tərpənən ovurdlarına, qulaqlanının sırğalığında dikələn uzun tüklərə baxdı, özü də fərqinə varmadan soruşdu:
- Sənə niyə "Porsuq" deyirlər?
Tikə Pirinin boğazında qaldı. Güclə udqunub gülümsündü, ancaq bu təbəssümdə acıq vardı, hiddət vardı.
- Nə bilim, - dedi. - Kəndimizdə o qədər avara adam var ki, hərəyə bir ləqəb qoyurlar. Mən porsuğa oxşayıram?
- Oxşayırsan.
- Canın sağ olsun. Onsuz da hərə bir şeyə oxşayır.
- Mən də?
- Sən də.
- Nəyə oxşayıram?
- Çəyirtkəyə.
Qobunun qırağındakı lüt uşaqlar gəlib durdu Umudun xumarlanan gözlərinin qabağında. Tofıqin şilləsinin səsini də eşitdi. Üzü gizildədi. "Yəqin Tofıq deyib buna".
Piri, deyəsən, Umudun acıqlanacağından qorxub sözünü dəyişdi:
- Zarafat eləyirəm, sən yaxşı oğlansan.
Umud gözləyirdi ki, bu dəqiqə Piri ona yalvaracaq. Ağlamsına-ağlamsına deyəcək ki, "mənim beş balama yazığın gəlsin, Umud. Əsli ilə məni bir yataqda gördüyünü ağzından qaçırtsan, qanım getdi. Xalıq bu məsələni bilsə, məni də, Əslini də tikə-tikə doğrayar". Piri yəqin bu sözləri deyəndən sonra cibindən əzik bir dəsmal çıxarıb gözlərinin yaşını siləcək. Umud da onun ağladığını görüb kövrələcək. Deyəcək: "Kişi kişinin namusuna toxunmaz, Piri. Mən bu sirri ürəyimdə qəbrə aparacağam. Amma boynuna al ki, əclaflıq eləmisən". Piri başmı tərpədəcək: "Tamam düz buyurursan; əclafın yekəsiyəm. Amma beş balamın ölmüşünə, bir də belə qələt eləmərəm".
Umud baxıb gördü ki, Piri heç yalvarana oxşamır, özünü elə aparır ki, guya aydan arı, sudan durudur. Umud az qaldı inansın ki, Pirini Əslinin çarpayısında ömür-billah görməyib, Xalığın evində onu yəqin qara basıb.
Piri dirsəklərini stola dirəyib Umuda tərəf əyildi:
Nə olsun ki, adıma "Porsuq" deyirlər. Sən mənim ürəyimə bax. Ürəyim mum kimidi... Xalığın ipini çəkən mənəm. Yaxşını yaxşı işə qoydurram, pisi işdən götüzdürrəm. Mən kənd üçün əlləşirəm, camaat üçün əlləşirəm. Odu ey, dədən quyu qazır. Elə bilirsən Xalığın ağlına gəlib bu? Bunu onun yadına mən salmışam. Fikirləşmişəm ki, Məcid dayı heç harda işləmir, qoy oğul əlinə möhtac olmasın. Haqqmı artıqlamasıynan verdirəcəm onun... Quyu Minnət qarının nəyinə lazımdı, ə? Hey?
- Lazım döyül.
- Amma Məcid dayıya pul qazanmaq lazımdı. - Piri qaşqabağını töküb susdu. Yan-yörəyə nəzər salıb astadan, dirənə-dirənə dedi: - Di gəl ki, mənim üzümün pis tərəfı də var. Vay o adamın halına ki, bilə-bilə ayağını basdalaya. - Sözlərinə cavab gözləyirmiş kimi zəndlə Umuda baxdı.
Umudun gözləri yumulurdu, Piri onun baxışlarından heç nə anlamadı. Piri üzünü yana döndərdi, guya indi deyəcəklərinin Umuda dəxli yox idi, guya biri öz-özünə danışırdı:
- Kim mənim jiznimi pozmaq istəsə, baxtından küssün.
Umud sinəsini stolun qırağına söykədi.
- Neynərsən o adama?
- Özüm billəm neynərəm.
- Öldürərsən?
Piri stolun üstündəki çörəkdən bir qırıq kəsib, iki barmağı arasında Umudun yarıyuxulu gözlərinin qabağına tutdu.
- Bu bərəkət haqqı öldürrəm, - dedi. - Ta jiznim pozulandan sonra...
Umud ağlının bu dumanlı çağında fıkirləşdi ki, porsuq Piri, doğrudan
da adam öldürə bilər. Günlərin bir günü Umud başıaşağı yol getdiyi yerdə Pirinin maşını çıxar onun belinə. Vəssalam! Günah öləndədir!
Umud qalxdı.
- Gedək.
Piri də qalxdı. Umudun boynunu qucaqlayıb üzündən öpdü.
- Qardaşam sənnən, - dedi. Ölənəcən.
Şəhərin bütün küçələrini dolandılar. Elə küçə vardı ki, içindən üç-dörd dəfə keçdilər. Umud bir az özünə gəlmişdi, amma başı, gözlərinin altı ağrıyırdı. Bir kölgəlikdə, döşəkcənin üstündə uzanmaqdan ötrü burnunun ucu göynəyirdi. Eybi yoxdur, döşəkcəsiz də keçinər. Lap quru yer olsun, lap Minnət qarıyla ayaq-baş olsun. Umud yorğun-yorğun soruşdu:
- Hələ kəndə qayıtmırıq?
Piri bu suala cavab vermədi. Piri ayrı söz dedi və Umud bu sözdən tamam ayıldı.
Piri dedi:
- Bilirəm, Solmazdan xoşun gəlir.
Umudun matı-qutu qurudu.
Piri bir az da uzağa getdi:
- Məktub da yazmısan ona.
Umuda elə gəldi ki, dünyada Piridən gizli sirr yoxdur, Piri yerin altından da xəbərdardır, üstündən də. Umud doğrudan-doğruya Piridən qorxdu. Elə qorxa-qorxa da dedi:
- Qəribə sözlər danışırsan.
Piri bu dəfə baltanı lap kökündən vurdu:
- Solmazın üstündə Tofıqnən dalaşmısan.
Piri, deyəsən "dalaşmısan" sözünü qəsdən dedi. Gərək "döyülmüsən" deyəydi. Görünür, Umudun şəstinə toxuna biləcəyindən ehtiyat elədi.
- Əsli də bilir bu məsələni.
Umud daha təəccüblənmədi:
- Lap ağ elədin, - dedi.
Piri bir əlini sükandan buraxıb sinəsinə vurdu:
- Bu canım ölsün, bilir... Beş balamın canıçün...
Umud az qaldı Solmazı istədiyini etiraf eləsin, Pirinin yanında ürəyini boşaltsın. Özünü güclə saxladı. Təəssüflə:
- Solmaz hara, mən hara?! - dedi.
- Kimin oğlundan əskiksən? İstəyirsən mən bu işə əncam çəkim. Əsli qızı sənə verəndən sonra Xalıq nə deyəcək? Evdə Əslinin sözü zakondu.
- Bəs, Solmaz?
- Solmaz bir əppək yesin, birini də Allah yolu versin ki, sənin təkin oğlan onu istəyir... Özün də əl-ayaq eləyərsən.
- Necə?
- Qızla görüş, danış... İstəyirsən, təşkil eləyim.
- Yox, yox. Sağ ol.
Umud "yox"u candərdi dedi, utandığından dedi və ona elə gəldi ki, Solmazı bu dəqiqədən etibarən əbədi itirdi. Umud Solmazı yenə qatmaqarışıq, dumanlı yuxularında arayacaq. Qorxa-qorxa onun yumşaq barmaqlarından tutacaq. Ancaq qızın şabalıdı saçlarının ətrini, əllərinin hərarətini duymayacaq. Çünki yuxuların ətri yoxdu, yuxularda isti-soyuq bilinmir. Adamı qov kimi yüngülləşdirən bu dumanlı-pərdəli yuxularda ömür sürmək, səadət axtarmaq Umudu təngə gətirməzmi, ilahi?
Piri saatına baxıb:
- Uje vaxtdı, - dedi.
Maşın qovaq ağaclarının arasındakı "fınski" evin qarşısında dayanan kimi Xalıq sarmaşıqlı həyətdən səkiyə çıxdı, sanki bayaqdan burda dayanıb gözləyirmiş. Sədr asta-asta gəlib maşına oturdu və o dəqiqə ətir iyi Umudun burnunu qıcıqlandırdı.
Şəhərdən çıxana qədər ətir iyi Umudun burnundan getmədi...
Xalığın əhvalı yaman yaxşı idi. Umud onu ömründə belə şən, belə gülümsər, belə xoşbəxt görməmişdi. Xalığın bənizi allanmışdı, gözlərinin altındakı tuluqlar çəkilmişdi.
Xalıq zümzümə eləməyə başladı. Xeyli keçəndən sonra zümzüməsini kəsib, başını geri çevirdi:
- Umud bala, sən yaxşı oğlana oxşayırsan ha, - dedi. Bir az da qanrılıb gözlərini Umudun üzünə zillədi. - Əsli bacın girəvəyə salıb səni sorğu-suala tutacaq.
Umud az qaldı desin ki, Əsli bacı mənim yanımda cınqırını da çıxarmayacaq, Əsli bacı məndən yeddi ağac uzaq dolanacaq.
- Nə deyəcəksən onda, Umud bala? Əsli bacım xəbər alacaq ki, hara getmişdiniz. Onda nə deyəcəksən? Deyəcəksən hara getmişdik?
- Kirovabada.
- Kimin yanına, Umud bala?
- Sizin elmi rəhbərin.
Piri sıxıla-sıxıla dedi:
- Umud ağzıbütöv uşaqdı. - Pirinin tüklü qulaqları qızardı.
- Malades! - Xalıq üzünü qabağa tutub, təzədən zümzümə etməyə başladı...
Umud artırmanın işığını yandırdı. Məcid kişinin gözləri açıq idi. Kişi qalxıb mütəkkəyə dirsəkləndi.
- Niyə ləngidiniz, a bala?
- Kirovabad hara, buradı? Gedib-gəlməyi altı saat çəkir. - Umud üzünü yana tutdu ki, atası onun yalan danışdığını gözlərindən hiss etməsin.
Kişi əsnəyib sinəsini qaşıdı.
- Bu gecə ditdililəri tüstüyə verə bilmədim. Elə yorulmuşam, tərpənməyə heyim yoxdu... Aclığın var?
- Balıq kababı yemişəm.
- Bəxtəvər.
Kişi təzədən başını mütəkkəyə qoydu.
Gecə sakit idi. Ulduz ulduzu çağırırdı. Bir balaca meh olsaydı, ağcaqanadları qovub aparardı. Umud qulağının dibində zəhlətökən züm-zümə eşitdi. Ağcaqanadı qovurmuş kimi başmı sağa-sola tərpətdi.
- Bunların əlindən hara qaçaq? - dedi.
- Onları da Allah yaradıb. Lazım olmasa, yaratmazdı. Ilan pis heyvandı, heləmi? Amma deyirlər, indi hökumət ilanları qırmağa icazə vermir. Çünki ilan nəyəsə lazımdı. Demək, ditdili də nəyəsə lazımdı. Pis adamları niyə qırmırlar? Demək, onlar da nəyəsə lazımdı. Pis olmasa, yaxşının qədrini bilmərik. Onlarsız yaşaya da bilmərik, vallah. Hamı quzu kimi olsa, dünya nəyə gərəkdi?
Umud düşündü ki, atası düz demir, atası hirsli olanda həmişə tərs-məzhəb danışır, qaraya ağ deyir, ağa qara. Pis kimin nəyinə lazımdı? Piri olmasa dünya boş görünməz ki! Əgər Piri kimiləri min-min, milyon- milyondursa, onda necə?
- Deyəsən, qanın qaradı, dədə?
- Qanım qara niyə olur? Şükür Allaha, canım sağ, yeməyə də çörəyim var.
Arvadı öləndən bəri Məcid kişi tez-tez darıxırdı. Kamrangil dağa gedəndən sonra kişinin əhvalı lap xarab olurdu. Umud bu yaxınlarda atasının bağçada tək-tənha oturub ağladığın görmüşdü. Kövrələ- kövrələ soruşmuşdu: "Niyə ağlayırsan, ay dədə?" Həmişə dərdini hamıdan gizlədən, heç vaxt gileylənməyən Məcid kişi bu dəfə dözə bilməmişdi: "Humayın rəhmətə getdiyi yeddi ildi. Hələ də inanmıram. Elə bilirəm böyürdən çıxıb deyəcək ki, ay imansız, gör nə kökə düşmüsən!" O gecə Umudun da eyni açılmamışdı. Səhərdən axşamacan həyətdə əlləşən arıq, balacaboy anası gözlərinin qabağından getməmişdi. Umud yorğanı başına çəkib səssiz-səmirsiz ağlamışdı.
Umud çarpayıda uzanıb hərdən köks ötürən atasına baxdı. Başa düşdü ki, atası yenə darıxır, başa düşdü ki, atası çoxdan darıxır və darıxdığı üçün də Xalığın həyətində quyu qazır.
Məcid kişi gözlərini açıb gülümsədi:
- Səni Xeyransanın qızı soruşurdu... Tubu.
- Neynirdi?
- Deyirdi, Umudun məndə zənbili var, gəlsin aparsın... O nə zənbildi helə?
- Heç, əşi... Bir az mer-meyvə aparmışdım ona.
- Zənbili özü gətirə bilməzdi? - Kişi təzədən dikəldi. - Ə, a lotu, yoxsa Xalığın sözü ağlına batıb? Yoxsa Tubunu almaq fıkrinə düşmüsən? Yaxşı sövdadı, Allah xeyir versin.
- Əşi, qoy görək, - deyib, Umud çarpayıdan uzaqlaşdı.
Bu gecə Umud işığı yandırmadı. Yerinə girən kimi gözləri süzüldü. Hardansa yadına Patron düşdü. Fikirləşdi ki, yəqin Xalığın evində Patrona çörək, sür-sümük verən yoxdur. Yəqin Solmaz bu evdən gedəni Patron ac-susuzdur. Umud fıkirləşdi ki, Patron bu yaxınlarda öləcək, özü də acmdan öləcək. Çünki Patron hündür daş hasarı aşa bilmir. Dərdini həmcinslərinə danışa bilmir.
Umud yarıhuşda, yarıyuxuda qərara aldı ki, sabah Patrona yemək aparsın.
5
Umud girəvəyə salıb özünü samanlığın qabağına verdi Cibindən çıxartdığı bir parça təndir çörəyini kölgəlikdə sərələnmiş Patronun qabağına atdı. Patron başını qaldırıb laqeyd-laqeyd Umuda baxdı. Umud çörəyi bir az yaxın itələdi:
- Ye, Patron, ye, - dedi.
Patron bir neçə dəfə qulaqlarını tərpətdi, ancaq gözlərinin pıçalığına qonmuş yaşıl milçəkləri qova bilmədi. Sonra qarşısındakı çörəyi iylədi. Çörək boyat olsa da, hələ qupquru qurumamışdı, sür-sümükdən çox-çox yumşaq idi. Patronun dişləri bu çörəyə bata bilərdi, amma nədənsə, Patron dişlərini çörəyə batırmadı. Çənəsini pəncələri üstə qoyub gözlərini yumdu. Yaşıl milçəklər təzədən onun ağız-burnuna daraşdı...
Məcid kişi üst-başından su süzələnə-süzələnə quyudan çıxdı. Palçıqlı əlini Umudun üzünə sürtüb yavaşcadan dedi:
- Su. - Sonra üzünü eyvana tutub qışqırdı. - Su!.. Su!..
Birinci Piri gəldi, onun dalınca Xalıq.
Məcid kişi quyudan bir vedrə lilli su çıxartdı. Sudan bir ovuc götürüb dili ilə yoxladı.
- Şipşirindi, - dedi.
Piri də çöməlib dilini vedrədəki suya vurdu.
- Əlin var olsun, Məcid dayı, - dedi.
Xalıq tut ağacının kölgəsində mürgüləyən Minnət qarıya yaxınlaşdı.
- Quyun hazırdı, ay ana! Allah sənə bundan sonra yüz il də ömür versin.
Məcid kişi quyudan vedrə-vedrə lilli su çəkib çölə tökdü.
- Hələ bulanıqdı. Axşamacan durulacaq. Göz yaşı kimi olacaq.
Umud gördü ki, Əsli dirsəklərini məhəccərə dirəyib eyvandan baxır.
Əsli başını yaşıl qıyqacla bərk-bərk bağlamışdı. Uzaqdan bənizi ağappaq ağarırdı. Əsli eyvanda çox dayanmadı, otağa girib qapını örtdü.
Piri gözlərini Umudun palçıqlı üzünə zilləyib gülümsədi:
- Xeyir iş var, - dedi. - Ağdama getməlisən.
- Mənim orda nə azarım?
- Əfəl olma. Bu məsələni təşkil eləyincə min dona girmişəm.
Umuda elə gəldi ki, Piri Xalığa göz vurub kənara çəkildi.
Xalıq Minnət qarının üstünü döşəkağıyla örtdü. Samanlığın kölgəsində uzanmış Patronu Piriyə göstərib dedi:
- Sən işində ol. Bu çər dəymişi elə yerdə azdır ki, gəlib buranı tapa bilməsin. Lap uzağa apar. Yoldan, rizdən qıraq bir yerdə tulla... Həyətdə qalsa quyunu murdarlayar.
Sonra Xalıq Umudun kürəyindən itələyə-itələyə onu eyvana qaldırdı. Başladı bərkdən danışmağa:
- Sənə işimiz düşüb, kişi qırığı! Iyirmi gündü Solmazdan xəbərimiz yoxdu. Əsli özünü didib tökür ki, gərək uşaqdan mənə bir xəbər gətirəsiniz. Mən heç, mən ayaqları çataqlı kəhərəm. Piri də mənə bənddi. Bu kənddən tərpənməyə bizim mümkünümüz yoxdu. Əlac qalıb sənə.
Xalıq şəbəkəli pəncərəyə baxdı. Umud başa düşdü ki, Əsli bu şəbəkəli pəncərənin arxasındadır. Xalıq sözlərini ona eşitdirir.
Xalıq səsini bir az da qaldırdı:
- Əsli bacın səni göndərir Solmazın yanına.
Umudun qulaqları Xalıqda idi, gözləri Piridə. Piri Patronun boğazına bağladığı gödək ipin ucundan tutub dartırdı. Tula qabaq ayaqlarını yerə bərk dirəmişdi, Piri də ipi ikiəlli bərk-bərk çəkirdi, az qalırdı Patronun başını bədənindən ayırsın. Umud bu dəm Patronun hürməyini arzulayırdı, heç olmasa, ömründə bircə dəfə onun səsini eşitmək istəyirdi.
- Nə deyirsən, Umud bala?
Umud Pirinin bala qapıdan sürüyə-sürüyə çıxardığı Patronun sağasola çırpılan lümə quyruğuna baxdı.
-Nə deyim? Mən...
- Ə, Ağdam budu, buradı. İkicə saata gedib gələrsən. İstəyirsən elə motosikletnən get.
Bala qapı örtüldü. Umud çiynini çəkdi.
Xalıq əlini onun kürəyinə vurdu:
- Sənə yaxşı yol, Umud bala...
Yarım saatdan sonra Umud kəhrəba rəngli motosiklin üstündə asfalt yola çıxdı.
Qara meşin zənbilin içində bir qazan aş vardı. Qazan hələ soyumamışdı. Xalıq Umuda tapşırmışdı ki, gərək yel kimi gedəsən, gərək bu xörəyi Solmaza isti-isti çatdırasan. Solmazçün xərclik də vermişdi, Umudun cibinə məktub da basmışdı: "Solmaza çatacaq". Umud elə bilirdi ki, yuxu görür, ancaq bu yuxuda o daha qov kimi yüngül deyildi. Bu yuxunun dumanı, pərdəsi yox idi, bu yuxunun ətri də vardı, rəngi də. Umud qorxurdu ki, birdən bu yuxunun ömrü gödək olar, gözlərini açıb özünü on il bundan qabaq Kamranın puluna alınmış yaylı çarpayıda görər və bu ətirli, rəngli röyadan onun ürəyində təkcə acı bir həsrət qalar. Külək Umudun saçlarını dağıdır, ilıq nəfəsi ilə onun bədəninə xoş vicvicə salırdı. Umud hiss etdi ki, bütün əzaları yaşayır və gerçək aləmdə olduğuna inandı. "Solmazla nə danışacam? Solmaz məni necə qarşılayacaq?"
Solmaz onu görəndə sevindi:
- Nə yaxşı, ay Umud? Sən hara, bura hara?
- Məni Xalıq dayı göndərdi... Gör qazan soyumayıb ki?..
Solmaz qazana əl vurmadı. Umudun verdiyi məktubu açıb oxumağa
başladı. Yarıya çatanda gülümsədi. Alt dodağını dişləyib Umuda baxdı:
- Anama nə olub görəsən? Yazır ki, Umuda yaxşı üz göstər. Mən nə vaxt sənə güldən ağır söz demişəm, ay Umud?
Umud pərt halda dedi:
- Əsli xala niyə heylə yazıb?
Solmaz məktubun ardını oxudu. Umud qızın nazik, uzun qaşlarına heyran-heyran baxdı. Düşünürdü ki, Solmaz böyüyüb arvad olanda onun da bənizi anasının bənizi kimi solğun olacaq. Yəqin qızlığında Əslinin də yanaqları bax beləcə, qıpqırmızı olub, saçlarının rəngi beləcə şabalıdı olub. Amma Solmaz bədəncə anasına oxşamayacaq. Solmaz kökələcək. İndidən buxağı yavaş-yavaş dikəlir, indidən qolları, sinəsi ətlənir.
Onlar yataqxananın qarşısında dayanmışdılar. Solmaz nədənsə, Umudu içəri dəvət eləmirdi. Umud bunu arzulamırdı da. Çünki girib-çıxan qızlardan utanırdı.
Solmaz məktubu qatlayıb ovcunda tutdu.
- Sağ ol, Umud, zəhmət çəkmisən, - dedi. Binanın tininə söykədilmiş motosiklə baxdı, amma, deyəsən, tanımadı.
Qız Umudun başı üstündən gözlərini səmaya dikib gülümsədi. Ancaq Umuda elə gəldi ki, qız zorla gülümsəyir, anasının Umud barədə yazdığı sözlərə görə gülümsəyir. Umudun bu təbəssümdən xoşu gəlmədi.
- Kəndə nə vaxt qayıdacaqsan, Solmaz?
- İyunun iyirmisində axırıncı imtahanımdı. Bu gün on beşidi... Beş gündən sonra... Papama deyərsən gəlsin, məni aparsın.
- Bəlkə məktub yazasan. Gözləyərəm burda.
- Yox, dilcavabı çatdırarsan.
Solmazın bir gözü yataqxananın qırmızı qapısında idi. Qız bir yanını qaçacaq qoymuşdu, amma yenə bayaqkı kimi gülümsəyirdi.
Umud düşünürdü ki, bu təbəssüm Solmazın özününkü deyil. Solmaz bu təbəssümü Əslinin məktubundan götürüb yapışdırıb sifətinə, Umud onun belə gülümsəməyini istəmirdi.
- Piri Patronu apardı azdırmağa... Daha Patron geri qayıda bilməz.
Solmaz yenə gülümsəyə-gülümsəyə Umuda baxdı və Umud qızın iri gözlərində səma boşluğu gördü.
- Hə, qayıda bilməz.
Umuda elə gəldi ki, Solmaz tələsik dediyi bu sözlərlə darıxdığını büruzə verdi. Qəribədir ki, bu an Umud da darıxdı və darıxmağına zərrə qədər də təəccüblənmədi.
- Mən gedim, - dedi.
Solmaz çiynini çəkdi:
- Bizimkilərə salam-dua söylərsən.
Kəhrəba motosikl yolu yan eləmişdi. Kəndə yaxınlaşdıqca Umudun kefi durulurdu. Bayaq az qala itirdiyi ümid təzədən qəlbində dirçəlirdi. Son söz Əslinindir. Əsli Solmazı ona verəcək. Əsli Xalığı da yola gətirəcək. Bəs Solmaz? Piri deyir ki, Solmaz anasına ağ olmaz, anasının sözündən çıxmaz.
Umudun ürəyi şirin-şirin döyünməyə başladı. Umud xəyalında bir mağar qurdu. İşıqlı, uzun bir mağar. Kəndin bütün camaatını yığdı bu mağara. Kamranı da otuzdurdu lap baş tərəfdə, çalğıçıların yanında. "Yox, qoy orda dədəm otursun, ağsaqqaldı". Bu uzun, işıqlı mağarda bir vur-çatlasın başladı ki, gəl görəsən. Musiqi səsi ərşə qalxdı. Toybəyi adamları dartdı oynamağa. Camaat qol-qola verib yallı getdi. Bütün kənd səhərəcən dinclik bilmədi. Ortalığa çıxan ortalıqda oynadı, yerində oturan yerində dingildədi. Sübhə yaxın kimsə qışqırdı ki, "balam, ta bəsdi, qoyun indi də bəy özü oynasın, deyirlər, bəy öz toyunda oynayanda ucuzluq olur. Kim ucuzluq olmağını istəyirsə, əlini qaldırsın". Mağardakıların hamısı hər iki əlini qaldırdı. Umud yaman utanırdı, heç oynamaq istəmirdi. Çünki oynamağı bacarmırdı, oynayanda yaman gülməli görünürdü, qollarını tərpədəndə eynən çəyirtkəyə oxşayırdı. Amma əlac yox idi, bütün kənd oynamışdı, gərək Umud da oynayaydı. "Palaza bürün, elnən sürün" deyiblər. Sağ olmuş çalğıçılar bir yeyin hava çaldılar. Umud başını bulayıb dedi ki, bəs məni bağışlayın, mən yeyin havaya oynaya bilmərəm. Çalğıçılar ağır bir hava çaldılar. Umud bu dəfə də başını bulayıb dedi ki, bəs üzüm ayağınızın altında, bu, arvad havasıdır, mən kişi ola-ola zənən havasına necə oynayım? Çalğıçılar pıçıldaşdılar, məsləhətləşdilər, təzə bir hava çaldılar. Umud gördü ki, bu hava sümüyünə yaman düşür, qol götürüb başladı oynamağa. Mağarda bir dövrə vurdu, iki dövrə vurdu, süzə-süzə gəldi qavalçalan oğlanın yanına. Elə süzə-süzə də ağzını oğlanın qulağına dirəyib dedi: "Qardaş, bu havanı mən birinci dəfədir eşidirəm. Sən canın, de görüm, bu havanm adı nədir?" Oğlan da qavalı çala-çala ağzını Umudun qulağına dirəyib dedi ki, vallah, bu havanın doğru-dürüst admı mən də bilmirəm, amma el içində buna deyirlər: "Özgə atına minən tez düşər". Umud fıkirləşdi ki, bu hava yaxşı havadır, ürəyə yatandır, hayıf ki, adı sarsaq addır. Umud qohumlarını bir-bir qaldırdı. "Əhd eləmişəm, gərək toyumda cəmi qohum-əqrabaynan oynayam". Əvvəlcə atasıyla oynadı, sonra Kamranla. Kamranın balalarını da çəkdi ortalığa. Axırda baxıb gördü ki, ta mağarda qohum-fılan qalmayıb. Ürəyindən keçdi ki, Solmaznan da oynasın, amma Solmaznan oynaya bilməzdi, çünki Solmaz bu dəqiqə gərdəyin dalında idi, ürəyi döyünə-döyünə Umudun yolunu gözləyirdi. Eh, bu kəndin də qəribə adəti var: gəlini adam içinə çıxmağa qoymurlar. Umud gördü ki, Porsuq Piri mağarın aşağı tərəfındən süzə-süzə onun üstünə gəlir. Umud dedi: "Mən qohumlarımnan oynamağa əhd eləmişəm. Sən niyə düşmüsən ortalığa?" Piri də cavab verdi ki, bu havanı mən düzəltmişəm, mən təşkil eləmişəm, indi sən mənim havamı oynayırsan. Cin vurdu Umudun başına: "Çıx, rədd ol burdan!" dedi. Bir ayrı cin də Pirinin başına vurdu. Piri mağarın ortasında dayanıb əllərini qaldırdı. Elə sakitlik oldu ki, "qu" desəydin, qulaq batardı. Pirinin səsi mağarda guruldadı: "Ay camaat, bu aşpazı mən kişi eləmişəm! İndi bu məni bəyənmir!"
Umudun xəyalındakı işıqlı, uzun mağar qəflətən qeyb oldu. Pirinin səsi onun qulaqlarında motosiklin gurultusuna döndü. Umud gördü ki, faranın sarımtıl işığı yolu güclə işıqlandırır. Motosikl bu çala-çuxur yolda elə sürətlə gedir ki, allah eləməmiş, təkərlər daş-kəsəyə toxunsa, Umud yıxılar, beyni burnundan gələr. Umud sürəti azaltdı.
Heç vaxt onun ürəyi belə şiddətlə döyünməmişdi. Umudun canını qəribə qorxu almışdı, ancaq bu qorxunun səbəbini aydınca dərk edə bilmirdi. Sərin meh sir-sifətini döyəclədikcə onun ağlı-huşu özünə gəldi. Içini sızıldadan o qəribə qorxunun səbəbini Umud anlamağa çalışdı: Solmazı itirmişdi, Solmaza olan məhəbbətini itirmişdi: birdən-birə, qəflətən. Daha onu qarşıda böyük, xoş əzablar gözləmirdi.
Umud özünü bir boşluqda, bir heçlikdə sandı. Qəhərlənə-qəhərlənə fikirləşdi ki, Solmaz doğrudan da onun arvadı ola bilər. Əsli öz qızını yola gətirib onun evinə köçürə bilər. Ancaq belə asan məhəbbət Umudun nəyinə gərəkdir? Belə səadət buğlana-buğlana məcməyidə adamın qabağına gətirilmiş xörəyə bənzəməzmi?
Qurtardı! Hər şey qurtardı! Neçə ildən bəri Umudun ürəyini titrədən xoşqılıq hisslər də qurtardı! Umud indi içi boş, gövdəsi çürük bir ağacdır... Bütün günahlar Porsuq Piridədir! "Tutalım ki, Əsli mənim qayınanam oldu, Xalıq da qayınatam. Bəs onda Piri mənim nəyim olur?.. Solmazı alsam, Pirinin üzünə necə baxaram? Axı, Piri mənim..." Umud elə bil neçə günün qatmaqarışıq röyasından indicə ayıldı. İndicə başa düşdü ki, Porsuq Piri onun da şərəfini ayaqları altına salıb. "Atam düz demir. Dünyanın pis adamlara ehtiyacı yoxdur. Pislər düzləri də əyə bilərlər. Hər şeyi əyə bilərlər. Hətta, Yer kürəsini də".
Umudun üzü islanmışdı. Umud ağlayırdı, ancaq Umuda elə gəlirdi ki, onun gözlərini yaşardan sərin küləkdir. "Əgər o quyu olmasaydı. Dədəm o quyunu qazmasaydı... Quyunu doldurmaq lazımdır!.. Elə bu gecə... Bu saat..." Atasının sözlərini xatırlayanda Umud qərarından əl çəkdi. "Bu quyu məndən yadigar qalar. Dədən yadına düşəndə gəlib baxarsan. Balalarına da göstərərsən. Deyərsən, bu quyunu babanız qazıb".
Motosiklin sürətindən Umudun xəbəri yox idi. Umud yolrizi görmürdü. Gözlərinin qabağında Xalığla Piri yan-yana dayanmışdı. Motosikl irəlilədikcə onlar da uzaqlaşırdılar. Umud onlara çatmağa tələsirdi. "Çox də məndən böyüksünüz! Çox da məndən güclüsünüz! Mən sizə göstərərəm! Göstərərəm! Göstərərəm!"
Faranın işığı hündür daş hasarın diş-diş divarına toxunub yayıldı. Divarın qəflətən ucaldığını, yaxınlaşdığını görəndə Umudun gözləri böyüdü. Motosikllə divarın arasında üçcə addım yol vardı. Umud əllərini sükandan buraxıb özünü yerə atdı. Divardan gurultu qopdu. Dəmir danqıldadı, şüşə cingildədi, aləm qaranlığa qərq oldu.
Umud canındakı şiddətli ağrıdan huşunu itirhaitirdə bir səs eşitdi: daş hasarın o tərəfində, Xalıqgilin həyətində it hürürdü.
Deyəsən, Patron qayıdıb gəlmişdi.

1976
XS
SM
MD
LG