Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:27

Putinin prezident seçilməsi regiona nə vəd edir?


İsa Qəmbər
İsa Qəmbər
Vladimir Putinin Rusiyadakı prezident seçkilərində qələbəsi Azərbaycanda da siyasi dairələrin və ictimaiyyətin diqqət mərkəzindədir. Əsas müzakirə olunan məsələ də bu seçkinin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyidir.
CƏMİYYƏTDƏ QÜVVƏLƏR NİSBƏTİ
Müsavat başqanı İsa Qəmbərin fikrincə, Vladimir Putinin prezident seçilməsi Rusiyada qüvvələr nisbətinin bugünkü göstəricilərinə uyğun hadisə ola bilər. Son aylar Rusiyada müşahidə edilənlərə baxmayaraq görünür hələ də cəmiyyətdə qüvvələr nisbəti Putinin hakimiyyətdə qala biləcəyi şəkildədir. Amma İsa Qəmbər bu şəkildə hakimiyyətdə qalmağın nə Rusiyaya, nə də Putinin özünə ciddi bir faydası olacağını düşünmür:
«Son hadisələr göstərir ki, Rusiya cəmiyyəti eyni adamların bir- birini əvəz etməsi ilə hakimiyyətdə qalmasını nə ölkənin maraqlarına uyğun saymır, nə də xalqa hörmət, onun rəyi ilə hesablaşmaq baxımından uğurlu variant hesab etmir. Ona görə də vəziyyət kifayət qədər gərgin olacaq. Və aydındır ki, bu şəraitdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın hansısa pozitiv rol oynaya biləcəyini ehtimal etmək çətin məsələdir. Yəni bu günədək həmin qüvvələr məsələyə hansı müsbət dəyişikliklər gətiriblər ki, bundan sonra da hansısa müsbət dəyişikliyin olacağını düşünək».
İsa Qəmbər hesab edir ki, əksinə, gərginliyin artması, Ermənistan Azərbaycan münaqişəsinin daha da düyünə düşməsi, çıxılmazlıq sindromu daha qabarıq müşahidə olunacaq. Onun fikrincə, Azərbaycan bir dövlət və xalq olaraq bu barədə ciddi düşünməli, vəziyyəti dəyərləndirməlidir.
RUSİYA HAKİMİYYƏTİNƏ TƏSİR GÖSTƏRƏN RIÇAQLAR
Fəzail Ağamalı
Fəzail Ağamalı
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, iqtidar yönlü Ana Vətən Partiyasının sədri deputat Fəzail Ağamalı deyir ki, Vladimir Putin sələfi Boris Yeltsindən fərqli olaraq vaxtı ilə Azərbaycana normal münasibət sərgiləyib. Putinin və onun yaxın silahdaşı Medvedevin hakimiyyəti illərində Azərbaycanla Rusiya arasında demək olar ki, hər hansı bir gərginlik də yaşanmayıb. Amma bununla belə, Fəzail Ağamalı deyir ki, Rusiyada hər şey prezident olaraq Putindən də asılı deyil:
«Rusiyanın bir beyin mərkəzi var. Hakimiyyətə ayrı-ayrı mənalarda təsir göstərən rıçaqlar var. Bu, xüsusən hərbi sənaye kompleksidir. Bu hərbi sənaye kompleksi, eyni zamanda Rusiyanın köhnə təfəkkürünün daşıyıcılarının ortaya qoymuş olduğu neo- imperialist mövqe də hər halda bu dövlətin başçısının fəaliyyətinə bu və ya digər şəkildə öz təsirini göstərir. Bunların hamısı nəzərə alınmalıdır. Bizim hər halda gözlədiyimiz işğal olunmuş torpaqların azad edilməsi məsələsinə Putinin verəcəyi töhfədir. Biz bunu gözləyək. Mən hər halda gözləyirəm ki, Putin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə öz töhfəsini verə bilər. Çünki bu münaqişənin açarı həqiqətən də Moskvada-Kremldədir».
Fəzail Ağmalı deyir ki, Rusiya prezident Medvedevin dövründə Qarabağ məsələsində təşəbbüsü öz əlinə alıb. Amma Ermənistanın qeyri- konstruktiv mövqeyinə görə problemin həllində yaxınlaşma reallığa çevrilmədi. Amma ola bilsin ki, bu da bir gediş idi. Medvedev tərəfindən başladılmış olan bu proses, ola bilsin ki, Putin tərəfindən reallaşdırıla bilər. Fəzail Ağamalının fikrincə, Putin bunu etməklə həm beynəlxalq aləmdə özünə ciddi divident qazanar, həm də Rusiya dövləti sülhə nail olan bir vasitəçi kimi tarixə çox önəmli bir səhifə yazmış olar.
DONDURULMUŞ QARABAĞ SİYASƏTİ
Politoloq Zərdüşt Əlizadə düşünür ki, Vladimir Putinin prezident seçilməsi Rusiyanın regiondakı siyasətinə heç bir təsir etməyəcək. Axı Dmitri Medvedev Putinin əvvəlki prezidentlik dönəmindən fərqli siyasət yürütmürdü ki, onu dəyişməyə ehtiyac olsun:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«Onlar eyni şeydilər. Bu, bir tandemdir. Və prezidentlərin dəyişməsindən asılı olmayaraq Rusiyanın Qarabağ siyasəti dəyişməyəcək. Elə bu cür də qalacaq. Dondurulmuş şəkildə saxlayacaqlar onu».
Politoloq Rasim Musabəyov isə deyir ki, əslində Putin hakimiyyətdən heç uzaqlaşmamışdı. Düzdür, o, prezident yox, baş nazir idi. Ancaq hamı çox gözəl anlayır ki, Rusiyanın həm daxili, həm də xarici siyasətindəki hansısa detallarda Medvedevin öz istəyini ortaya qoymaq imkanı olsa da, əsas məsələlər Putinin iradəsindən kənara çıxmırdı. Proseslər onu nəzarətində idi:
MEDVEDEVLƏ PUTİNİN FƏRQİ
«Ona görə, Putinin prezidentliyi zamanı Rusiyanın siyasətindən ciddi dəyişiklik gözləməyə dəyməz. Deyək ki, Qarabağ konfliktinin həllinə Medvedevin istəyi var idi. Amma imkanı çatmadı. Hesab edirəm ki, Ermənistanın ağlını başına gətirmək üçün Putinin imkanı çoxdur. Vacibdir ki, istəyi də olsun. Bu istək isə, Rusiyanın və şəxsən Putinin maraqlarına bağlıdır. Əgər maraqlar doğrudan da bunu tələb etsə, Putinin imkanı Medvedevdən daha çoxdur».
Rasim Musabəyov hesab edir ki, əslində Medvedevin regionda, xüsusilə də Gürcüstana qarşı aqressiv siyasəti Putinin iradəsinə söykənirdi. Bu məsələdə də heç bir dəyişiklik gözlənilmir. Əksinə aqressivlik arta bilər. Əgər Qərbin bu məsələdə dəstəyi güclü olsa politoloq düşünmür ki, Putin regionla bağlı hansısa avantürist addımlar atsın.
XS
SM
MD
LG