Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

TQDK rəsmisi: «12 illik təhsil sisteminə keçmək üçün ciddi araşdırmalar aparmaq lazımdır»


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
«12 illik təhsil sisteminə keçid hələ müzakirə olunur. Belə layihəni həyata keçirmək üçün çox ciddi araşdırmalar aparmaq lazımdır. Bu prosesə mərhələ-mərhələ keçmək lazımdır. Əvvəlcədən hər mərhələni hazırlayandan sonra elan etmək lazımdır ki, hansı ildən və hansı siniflərdən biz bu sistemə keçirik. Bununla əlaqədar orta məktəb proqramlarında, metodikalarda ciddi dəyişiklik etmək lazımdır».

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə martın 7-də keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, hələ ki, 12 illik təhsilə keçidlə əlaqədar qəbul imtahanlarının modeli barədə danışmaq tezdir.

M. Abbaszadə bildirib ki, hələ ki, orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarında görünmür: «Təhsil siyasət sahəsi kimidir. Siyasətdə də bəzən müəyyən insanlar uğur qazanmaq üçün populist fikirlər söyləyirlər. Təəssüflər olsun ki, bu metodika təhsilə də keçib. Əvvəlcə elmi müzakirələr olmalıdır. Bundan qabaq isə orta məktəblərin vəziyyəti ilə bağlı araşdırmalar aparmaq lazımdır. İki mənbə var ki, biz onun nəticələrinə inana bilərik. Bunlardan biri qəbul imtahanlarının nəticələridir. 65 faiz məzun bu imtahanlarda iştirak edir və biz yalnız bu məzunların bilik səviyyələri haqqında nə isə deyə bilərik. İkinci bir araşdırma isə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı olan PİSA təşkilatının rəyidir. 2009-cu ildə PİSA-nın nəticələrinə görə, 65 ölkə arasında 64-cü yerdə duran Azərbaycanın nəticələri ilə təbii ki, heç kim razılaşa bilməz. Amma güzgüyə baxıb güzgünü günahlandırmaq lazım deyil. Bütün dünya bu nəticələri qəbul edir və islahatlar aparır. İslahatları da ağıllı-başlı aparmaq lazımdır. Biz Təhsil üzrə Milli Strategiyanın yazılmasında iştirak edirik. Biz də dəstəkləyirik ki, 12 illik tədris prosesinə keçməliyik. Amma necə keçməliyik? Mən istəməzdim ki, biz 1998-ci ilin hadisəsini təkrarlayaq. Həmin il birdən elan olundu ki, artıq Azərbaycan ikipilləli ali təhsilə keçir, magistratura tətbiq olunur. Mexaniki olaraq 4 il oxuyan uşaqlara təklif olundu ki, 2 il də magistraturada oxusunlar. Magistraturanın məzmunu isə tamamilə fərqli olmalı idi».

TQDK sədri deyib ki, hələ ki, 12 illik təhsillə bağlı iş görülməyib, tam araşdırmalar yoxdur:
«Yaxşı və pis cəhətlər müəyyən olunmayıb, iş planı qurulmayıb. Amma artıq cəmiyyətə mesaj verilir ki, biz bunu qəbul edəcəyik və bu, yaxşı olacaq. Bu, düzgün deyil. Əvvəlcə müəyyən araşdırmalar aparmaq, pilot variantlar hazırlamaq lazımdır»./apa/
XS
SM
MD
LG