Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

İcra başçısı əvəzi qubalıların keçmiş başçını düz başa düşmədiklərini deyir


Sahib Məmmədov
Sahib Məmmədov
Quba rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədov martın 7-də “Media forum” saytının suallarını cavablandırıb.

Sahib Məmmədov 2010-cu ildən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postunu tutur. 2012-ci il martın 1-də Qubanın icra hakimiyyətinin başçısı Rauf Həbibov istefa verəndən sonra rayona Sahib Məmmədov rəhbərlik edir.

- 1 mart hadisələrindən sonra Qubada ümumi vəziyyət necədir?

- Qubada vəziyyət sabitdir. Hər kəs öz işi ilə məşğuldur. 1 mart mitinqindən sonra başqa heç bir toplaşma olmayıb. Heç bir narahatedici hal baş verməyib. Hər kəs öz işindədir, rayon öz ahəngində yaşayır.

- Sosial şəbəkələrdə yayılmış məlumata görə, martın 7-də də Qubada aksiya olacaq...

- Mən özüm qubalıyam və camaatla sıx əlaqəm var. Tam məsuliyyətlə deyirəm ki, sosial şəbəkələrdə yayılanlar hansısa şəxsin bu və ya digər marağına uyğun olaraq verilir. Rayonda heç bir toplaşmaqdan söhbət gedə bilməz. Hazırda rayonda heç bir şikayət yoxdur. Rayon ictimaiyyəti bir nəfər kimi Azərbaycanı, dövləti, dövlətçiliyi müdafiə edir. Cənab prezidenti, onun qayğılarını gözlərinin qarşısına gətirən insanlardır. Tam məsuliyyətlə deyirəm ki, burada hətta üç nəfərin bu və ya digər formada toplaşmasından söhbət gedə bilməz.

İdarə, müəssisə, təşkilat, eləcə də icra nümayəndələrinə tapşırıq verilib ki, vətəndaşlara qarşı daha diqqətli olsunlar, qayğıkeş olsunlar. Ərizə, şikayətlərə daha diqqətli olsunlar. Nəsə bir problem yaranarsa, mənim səviyyəmdə məsələ qaldırsınlar və biz də müəyyən köməklikləri edək.

- Qubalılar bir sıra sosial problemlərdən - qazsızlıqdan, iş yerlərinin olmamasından şikayət edirdilər. Quba sakinləri jurnalistlərlə söhbət zamanı qeyd ediblər ki, 1 mart hadisələrindən sonra qaz verilməsi yaxşılaşıb. İcra hakimiyyəti sosial problemlərin həlli istiqamətində hansı addımlar atır?

- Quba rayonunda qaz problemi yoxdur. Respublika miqyasında götürsək, qazlaşma Qubada daha sürətlə aparılıb. 2011-ci ildə rayonun 14 inzibati vahidinə qaz verilib. Bu, böyük göstəricidir. Qazla bağlı heç bir problem ola bilməz. Bəzi narahatedici hallarla bağlı qaz idarəsinə tapşırıqlarımız olub.

İş yerlərinin olmaması məsələsinə gəlincə, rayonumuzda kifayət qədər iş yeri var. Hətta ən yüksək maaşla - 300, 400, 500 manat. Elə bu gün bir vətəndaş yardım xahişi ilə mənim qəbuluma gəlmişdi. Gördüm ki, əli-ayağı sağlam adamdır. Ona işləmək üçün yer tövsiyə elədim.

- Dediyiniz iş yerləri hansı sahələrdədir?

- Quba turizm şəhərciyidir. Eləcə də Qubanın su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi işlənib. Bu sahələr üzrə bizim yüzlərlə işçi qüvvəsinə ehtiyacımız var. Sadəcə, insanlar tənbəl olmayıb çalışsalar, işləsələr, daha yaxşı olar. İşsizlik-filan olması boş söhbətlərdir. Qubada kimi tanıyırsınızsa, işsizdirsə, gəlsin mənim qəbuluma. Həmin adama 500 manat əməkhaqqı ilə iş verim.

- Sahib müəllim, 1 mart hadisələri ilə bağlı fikriniz necədir? Sizcə, nəyə görə qubalılar, sizin həmyerliləriniz mitinq keçirdilər?

- Bu barədə heç nə deyə bilmərəm.

- Əvəzləyici olmamışdan əvvəl siz icra başçısının birinci müavini idiniz. 2011-ci il noyabr ayının 22-də keçirilmiş müşavirədə iştirak etmişdinizmi?

- Bəli, iştirak etmişdim. Orada ümumilikdə, qubalıların təhqirindən söhbət getmirdi.

- Yəni Rauf Həbibov qubalıları təhqir etməyib?

- O, məsələlərə ciddi yanaşıb, amma ciddi təhqir faktı olmayıb.

- 22 noyabr müşavirəsindən çəkiliş aparılırdımı? Vardısa, arxiv üçün idi, yoxsa yerli telekanal çəkiliş aparırdı?

- Bir məsələni qeyd etmək istəyirəm. Əgər internetdə həmin iclasın görüntüləri yerləşdirilirsə, nəyə görə ancaq bir dəqiqə neçə saniyəsi montaj edilərək yayımlanır? Yaxşı olardı ki, 22 dəqiqəlik çıxışın hamısı yerləşdirilərdi.

Əgər 22 dəqiqəlik çıxışın 1 dəqiqə 18 saniyəsi yayımlanırsa, bunun arxasındakı məqsəd sağlam deyil. Misal üçün, biz indi söhbət edirik və bu söhbət 10 dəqiqə çəkə bilər. Əgər siz mənim fikirlərimin yalnız bir dəqiqəsini qələmə alsanız, bu, sözsüz ki, sensasiya yarada bilər...

Mən məsləhət bilərdim ki, o çıxışı internet saytlarına oturdan adam 22 dəqiqəlik çıxışı tam yayardı. Onda heç bir problem də olmazdı.

- Həmin 1 dəqiqə 18 saniyəlik süjetə baxan bəzi şəxslər Rauf Həbibovun qubalı dindarları nəzərdə tutduğunu deyirlər. Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov, eləcə də onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlanları Elman və Dəyanət Səmədovlar qubalıdırlar. Quba rayonu ərazisində islam dininin bəzi təriqətləri də genişlənib. Siz də həmin müşavirədə iştirak etmisiniz. Rauf Həbibov “satqın qubalılar” dedikdə kimləri nəzərdə tuturdu?

- İlk növbədə, din dövlətdən ayrıdır. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Bütün görəcəyimiz işlərin önündə biz öz vicdanımızla dövlətçiliyimizi qoruyub saxlamalı və onu möhkəmləndirməyi fikirləşməliyik. Hər bir xırda məsələyə rəng verib onu hansısa səviyyəyə çatdırmamalıyıq.

Son fikrim də ondan ibarətdir ki, qubalılar dövlətçiliyə tam sədaqətlidirlər. 1 mart nümayişində insanlar iştirak etdilər, fikirlərini bildirdilər. Cənab prezidentimiz də obyektiv baxdı, sərəncam qəbul etdi. Bundan sonra rayonda işin ahənginin pozulmasından söhbət gedə bilməz.

Bizim rayonda abadlıq işləri gedir və bundan sonra da davam edəcək. Heç bir narahatçılıq ola bilməz. Müəyyən sosial şəbəkələrə girib müəyyən qızışdırıcı mövqedə olmasınlar, belə ziyanlı fikirlər yaymasınlar. Çünki insanların əsəbləri və emosiyaları ilə oynamaq heç Allaha da xoş deyil.
XS
SM
MD
LG