Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

M.Saakashvili: «Bir kərə yüksələn bayraq, bir daha enməz!»


Gürcüstan prezidenti M.Saakashvili Azərbaycan parlamentində çıxış edərkən
Gürcüstan prezidenti M.Saakashvili Azərbaycan parlamentində çıxış edərkən
Martın 7-də Gürcüstan Prezidenti Mixeil Saakashvili Milli Məclisdə çıxış edib. Rusiyanın bölgədə apardığı işğalçılıq siyasətindən, Gürcüstanla Azərbaycanın tarixi bağlılığından danışan Saakashvili bildirib ki, bu iki respublika Qərbə istiqamətlənən iki doğma bacı kimi olublar. 1920-ci ildə Azərbaycan süqut edəndən sonra Gürcüstan 1 ildən artıq davam gətirə bilməyib. Amma ən dəhşətli repressiyalar belə bu iki xalqın azadlıq istəyini öldürə bilməyib. Saakashvili əlavə edib:

«RƏSULZADƏNİN ARZUSU ÖLMƏDİ»

M.Saakashvili: «Bir kərə yüksələn bayraq, bir daha enməz» [VIDEO]

Gürcüstan prezidentinin Milli Məclisdə çıxışı

«Məmməd Əmin Rəsulzadənin dediyi kimi: «Bir kərə yüksələn bayraq bir daha enməz!». Gürcülər, azərbaycanlılar və bir neçə Şimali Qafqaz xalqları öz güclərini Fransada birləşdirib bu işi davam etdirdilər. Mən Rəsulzadənin Stalinə yazdığı məktubdan sitat gətirməyə bilmirəm.

Məktubda deyilir ki, «indi Rusiyada baş verənlər 100 il bundan əvvəl baş verənlərdən fərqlənmir. Rusiya özünə yeni müstəmləkələr birləşdirir. Kommunist partiyaları imperiyanı yenidən dirçəltməyə qərar veriblər».

Gürcüstan prezidenti deyib ki, Rəsulzadənin arzusu ölmədi. SSRİ nə xaricdən işğal edildi, nə də dağıdıldı. SSRİ içindən dağıldı. Azərbaycan və Gürcüstan heç vaxt olmadığı kimi, azad və güclü oldular. İndi Gürcüstan və Azərbaycan dağıdılması mümkün olmayan ölkələrə çevrilib.

Mixeil Saakashvili əlavə edir ki, «Biz 2012-ci ildəyik və anlamalıyıq ki, indi Sovet İttifaqının meyitini diriltmək cəhdi məhvə məhkumdur». Gürcüstan prezidenti deyir ki, son vaxtlar Moskvadakı nostalgiya əhvallı qüvvələr Avroasiya birliyi yaratmaq ideyası ilə çıxış edirlər. Amma aldanmaq olmaz. Adlar dəyişsə də məzmun eynidir.

«RUSİYA İLƏ DÜŞMƏNÇİLİKDƏN UZAĞIQ»

M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
«Bu layihənin çox adı olub. Adlar çox ola bilər. Amma mahiyyət birdir-bizim azadlığımıza, Rəsulzadənin arzusuna son qoymaq. Bu layihə uğur qazana bilməz. Hətta Rusiya liderləri də bunu anlamalıdılar. Qeyri- sabit vassallardansa güclü qonşuları olmaq daha yaxşıdır. Məyus və qisas almaq həvəsi ilə yaşayan insanlardansa xoşbəxt qonşuların əhatəsində olmaq daha yaxşıdır».

Saakashvili deyir ki, o Rusiya ilə düşmənçilikdən uzaqdır. Amma ətrafdakıları hədələməyən, böyüklük illüziyaları ilə yaşamayan bir Rusiya arzusundadır. Prezident deyir ki, onların Rusiya ilə ümumi keçmişi mövcuddur. Gələcək də birlikdə qurulmalıdır. Və bu gələcək Avropa Birliyi, eləcə də NATO-ilə ittifaqdadır. Gürcüstan rusları turist, qonaq kimi qəbul etməyə hazırdır. Ancaq işğalçı kimi yox.

SAAKASHVİLİ NƏDƏN DANIŞMALIYDI?

Milli Məclisin deputatı Fəzail Ağamalı isə günün ikinci yarısı parlamentdə çıxışı zamanı Mixeil Saakashvilinin çıxışından narazı qaldığını bildirib. O hesab edir ki, Gürcüstan prezidenti bu çıxışı ilə deputatları təhqir edib:

Fəzail Ağamalı
Fəzail Ağamalı
«Şükürlər olsun ki, heç olmasa Rəsulzadədən danışdı. Ancaq Gürcüstan ərazisinin işğala məruz qaldığından danışan Saakashvili bir dəfə də olsun Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasından danışmadı. Heydər Əliyev zamanında, eləcə də İlham Əliyevin prezidentlik dönəmində Azərbaycanın Gürcüstan dövlətinə vermiş olduğu töhfələrdən danışmalı idi. Bir kəlmə də danışmadı. Mən buna çox təəssüf edirəm. Bizim qarşımızda bu cür çıxış etmək bizə hörmətsizlikdən başqa bir şey deyil».

Fəzail Ağamalı hesab edir ki, Milli Məclisin tribunasından Rusiya barədə də o cür çıxış etmək düz deyil. Deputat deyir ki, Gürcüstanın Rusiya ilə problemləri ola bilər. Amma Azərbaycanı bu məsələyə qatmaq düz deyil.

Çıxışının əvvəlində Azərbaycanın inkişafı və onunla strateji müttəfiqlikdən qürur duyduğunu deyən Saakashvili isə 2008-ci il hadisələrinə də toxunub: «2008-ci ildə xarici qüvvələr Gürcüstanın mövcudluğunu təhlükə altına salanda siz bizimlə bərabər möhkəm dayandınız. Biz hələ Qafqaz Albaniyası dövründən böyük işğalçılara qarşı birlikdə dayanmışıq».

«ƏLİ VƏ NİNO»NUN SONLUĞUNU TƏZƏDƏN YAZAQ

Mixeil Saakashvili Milli Məclisdə çıxışını Qurban Səidin «Əli və Nino» əsərinin sonluğundan sitat gətirməklə yekunlaşdırıb. Deyib ki, Əli ilə Nino müxtəlif millətlərdən olsalar da onları azadlıq sevgisi birləşdirirdi. Və sonda Əli Gəncə ətrafında bolşeviklər tərəfindən öldürülür.

Saakashvili hesab edir ki, indi Gürcüstan və Azərbaycan bu romanın axırını yenidən yaza və onu xoşbəxt sonluqla bitirə bilərlər...

Gürcüstan prezidenti tribunanı tərk etməsindən əvvəl bir daha Məmməd Əmin Rəsulzadənin məşhur kəlamını Azərbaycan və gürcü dillərində təkrar edib: «Bir kərə yüksələn bayraq, bir daha enməz».
XS
SM
MD
LG