Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:22

1995-ci il mart hadisələrindən 1 gün əvvəl Prezident Aparatında nələr olub?


OMON Qarabağ münaqişəsi zamanı
OMON Qarabağ münaqişəsi zamanı
«Martın 16-sı axşamüstü mən, müavinim Cəfər Cəfərov, Akif Muradverdiyevin (Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri) maşınında getdik Prezident Aparatına. Akif Muradverdiyev prezidentə gəlməyimizi məruzə elədi. O, bir az sonra bizi qəbul elədi.Otaqda Heydər Əliyev, indiki prezidentimiz İlham Əliyev, Bəylər Əyyubov (prezidentin mühafizə xidmətinin rəhbəri-M.Ç.), Akif Muradverdiyev və bir də müavinimlə mən idim».

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri Nizami Şahmuradov 1995-ci il 17 mart hadisələrindən bir gün əvvəl keçmiş prezident Heydər Əliyevlə görüşlərini belə xatırlayır. Deyir həmin görüşdə «OMON»un ləğvi, silahların təhvil verilməsi məsələsi müzakirə olunub. Onun sözlərinə görə, Heydər Əliyev birmənalı «OMON»un ləğv olunacağını deyib və əvəzində «OMON» veteran cəmiyyəti yaradılmasını təklif edib:

«Nə isə söhbət əsasında o belə təklif verdi, razılaşdıq ki, biz də silahları təhvil verəcəyik. Cəmiyyətin də hesabı olacaq. Xüsusi Təyinatlı Polis Dəstəsində vəfat etmiş ailələrinə və yaralılar yardımlar ediləcək. Hətta deyildi ki, hesaba da ilk vəsaiti Akif Muradverdiyev ödəyəcək».
Heydər Əliyev
Heydər Əliyev

«BİZ GÖRÜŞDƏN YAXŞI ƏHVALDA ÇIXDIQ»

Nizami Şahmuradov deyir ki, onlar bu görüşdən çox yaxşı əhval-ruhiyyədə çıxıb «OMON»un Bakının 8-ci km yaşayış massivindəki qərargahına gəliblər. Sabiq komandirin dediyinə görə, martın 16-dan-17-nə keçən gecə isə vəziyyət birdən dəyişib:

«Qərargahımız uşaq bağçasında yerləşirdi, həmin gün qərargahın suyu kəsilmişdi. Bizim uşaqlardan ikisi gecə saat 2, 3-ə işləmiş su gətirməyə gedəndə onları elə bağçanın içərisində vurdular. Yaralananlardan birini, Xətai adlı yoldaşımızı bazadan çıxartdıq, amma səhər eşitdim ki, o, xəstəxanada ölüb».

Nizami Şahmuradov deyir ki, o, hələ də hadisələrin belə bir məcraya yönəldilməsində hansı qüvvələrin maraqlı olduğunu aydınlaşdıra bilməyib:

«Açığı nə deyim, görüşlə bağlı video da var, ANS televiziyası çəkmişdi o görüşdən çıxanda üzümün gülməyi aydın görünürdü, çünki bizim danışıq baş tutmuşdu. Bir problem qalmamışdı, silahların təhvil-təslimi gedəcəkdi, vəssalam. Prezidentin yanından gəlmişdik, sakitlik idi. Hamı da silahları təhvil verib çıxmağa hazırlaşırdı».

«ƏSLİNDƏ HEYDƏR ƏLİYEVLƏ GÖRÜŞƏ FƏRMAN DƏMİRQOL GETMƏLİ İDİ, AMMA...»

Rövşən Cavadov
Rövşən Cavadov
Nizami Şahmuradovun sözlərinə görə, əslində prezidentlə görüşə Türkiyə vətəndaşı Fərman Dəmirqol ( Fərman Dəmirqol mart hadisələri ilə bağlı dövlət çevrilişində ittiham olunurdu –M.Ç.) getməli idi və onun prezidentə Rövşən Cavadovun adından deyəcəyi məsələlər var idi. Sabiq komandir deyir ki, o, Fərman Dəmirqolun prezidentə nə deyəcəyindən xəbərsiz olub. Sadəcə Fərman Dəmirqolu evdə tapa bilmədikləri üçün görüşə özü gedib:

«Prezidentlə görüşdə də dedim ki, nə məsələdir, mən bilmirəm, amma mən «OMON»la bağlı gəlmişəm. Görüşdən çox mehribançılıqla çıxmışdıq. Yəni heç ağıla gəlməzdi ki, belə bir hadisə olsun, 3-cü qüvvə söhbəti var burda. Kim idisə istəmədi ki, bu məsələləri sakitliklə yola verək».

«MART HADİSƏLƏRİNDƏN SONRA 12 İL BAKIDA GİZLƏNMİŞƏM»

Nizami Şahmuradov 1995-ci ilin mart hadisələrindən 2007-ci ilə qədər Bakıda gizləndiyini, 2007-ci ildə isə özü Milli Təhlükəsizlik Nazirliyinə zəng edərək könüllü təslim olduğunu deyir:

«2007-ci il oktyabrın 22-də anamı dəfn etdik, elə qəbir üstündən MTN-ə zəng etdim ki, hara gəlim? Bu zəngdən sonra gəlib məni apardılar».

Nizami Şahmuradov mart hadisələrinə görə 4 il 2 ay həbsdə yatıb. 2011-ci ilin dekabrında prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb. O, özünə qarşı irəli sürülən ittihamların tam əsassız olduğunu bildirir. Deyir ona qarşı Türkiyə səfirliyində kimlərləsə görüşüb dövlət çevrilişi hazırlamaq kimi absurd ittihamlar irəli sürülüb:

«Halbuki mən heç Türkiyə səfirliyinin harada olduğunu heç vaxt bilməmişəm».

Nizami Şahmuradov əfv fərmanı ilə azadlığa çıxsa da, özünə qarşı mənfi münasibət hələ də qalmaqdadır. O, heç yerdə iş tapa bilməməsindən şikayətçidir. Deyir bu münasibət tək ona qarşı yox, bütün «OMON»çulara qarşı bəslənməkdədir.

“Bundan sonra mən nə edəcəm, bilmirəm. Tək mən deyiləm, elə həbsdən buraxılan yoldaşlar hamısı deyir ki, biz nə edək. Heç kim də məni yaxın buraxmır ki, nə var mən «OMON»un komandiri olmuşam. Bizi heç yerdə işə götürmürlər. Biz torpaq azad edənlər olmuşuq, torpaq satmamışıq, ona görə də bizdən vətən xaini olmaz. İndi danışıram, o günlər gəlir düşür yadıma, çox narahat oluram».

MART HADİSƏLƏRİ ZAMANI ÖLƏN VƏ YARALANANLARI SAYI

Rəsmi statistikaya görə, 1995-ci il martın 16-17-də «OMON» qərargahı yaxınlığında başlanan atışmada 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfər yaralanmışdı. XTPD keçmiş rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib.

Mart hadisələri ilə bağlı həbs edilənlərin çoxu azadlığa buraxılıb. Lakin «OMON»un Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov və daha bir neçə nəfər həbsdədir. Hələ də axtarışda olan «OMON»çular var .

Həbsxanadan çıxan sabiq «OMON»çuların bəziləri ölkəni tərk edib. Onların arasında mühacirətdə ölənlər də var.
XS
SM
MD
LG