Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Feridun Andaç «Içimdəki Babil» (Müasir türk yazıçısından hekayə)


Feridun Andaç
Feridun Andaç
(Hekayəni türkcədən Aslan Quliyev çevirib. “Oxu zalı”, hekayəsinin tərcümə edilib çap olunması üçün müəllifdən icazə alıb)


Feridun Andaç

İÇİMDƏKİ BABİL


Hava qaralmaq üzrəydi. Gözümü pəncərədən ayıra bilmirdim heç cür. Bələdçi: «Sarıqamış yolçuları…» deyib getsə də, kupemdən qopa bilmirdim. Içimdə bir qorxu, bir yalqızlıq, tərkedilmişlik duyğusu var idi.

Çantam dizlərimin üstündəydi. Özümü relslərin səsinə kökləmişdim, bir də teleqraf tellərinin. Qatar sürətlə keçib gedərkən gördüyüm hər şey məni özünə çəkir, məndə həyatı kəşfetmə duyğusu yaradırdı. Gördüklərim yeni, bir başqa dünyaydı mənim üçün. Toxunduğum oturacaqlar, baxışlarımdakı hüzün, gözlərimə taxılan görüntülər…
Tək başına ilk yolçuluğumdu. Gedəcəyim yerin adını, bir də ora nə üçün getdiyimi bilirdim. Bir oyun kimi başlamışdı hər şey.

Çantamı hazırlayan, qat-qat camaşırları, dəsmal və geyəcəkləri diqqətlə yığan, dəqiqədən bir seçdiyim kitabların ağır olacağını, «bəzilərini atan gəlib gedən sürücülərlə göndərər» sözlərinə fikir vermədiyimi görən anamın dolan gözlərindəki mənanı başa düşəcək yaşda deyildim.

On altı yaşın havası vardı başımda. Çantamdakı kitablarım sevincim, gedəcəyim yerdəki tikintinin iş icraçısı Müzəffər abi isə tanıdığım yeganə adamdı. Ayrılıq, qürbət, həsrət nədir, bilmirdim hələ.

Yeni ev tikməyə başlayan atama köməyim dəyər məqsədiylə, məktəb xərclərini çıxardar deyərək məni Sarıqamış Su Işləri Tikintisinə işçi götürməyə qərar vermişdi Müzəffər abi.

Hər şey bir axşamüstü olmuşdu. Onun bu istəyini duyub hazırlaşmam, daha doğrusu atamın bunu «Müzəffər bəy belə deyir» deməsi ilə bir bilinməzə doğru hazırlanmanın nə ola biləcəyinin həyəcanı ilə sarsılmam! Yeni bir oyuna, hələlik bilmədiyim həyat oyununa ilk addımımdı bu.

Ertəsi günün səhərisi sürücüsünün gəlib məni aparacağını gözləyərkən, qatar biletimi göndərmişdi. Günortadan sonra qatarla o qəsəbəyə gedəcəkdim. Yay fəsliydi, amma biz hələ qış paltarlarımızdan qurtulmamışdıq.

Bələdçinin ikinci xəbərdarlığından sonra qapıya doğru yönəldim. Teleqraf dirəklərinin görüntüsünü özümə sürət və dayanma oyunu eləmişdim. Indi teleqraf dirəklərinin fincanlarını da görə bildiyimə və relslərdən də qıcırtı gəldiyinə görə demək, düşəcəyim stansiyaya çatdıq, öz-özümə deyirdim.

Tikinti qəsəbənin şərqində, ən qıraqdakı dağlara yol başlayan çıxışındaydı. Atamın nə cür gedəcəyimi izah eləyən, çertyoj çəkdiyi kağızı cibimdəydi. Arada bir baxır, düz gedib getmədiyimi yoxlayırdım.

O kiçik daş binanın qabağında ağ özül üzərinə qara hərflərlə yazılmış «SARIQAMIŞ» sözlərinə gözüm dikilmişdi, enib minən qələbəliyin dağılmasını gözləyərkən neyləyəcəyimə qərar verməyə çalışırdım. Hər yerə zülmət qaranlıq çökmüşdü. Stansiya qəsəbənin kənarındaydı. Bir neçə titrək, ölgün elektrik lampasıyla işıqlandırılan gözləmə salonunun solğun görünüşü birdən insan kölgələriylə canlanmışdı.

Gedəcəyim yerin səmtini ancaq birilərindən soruşaraq tapa bilərdim. Amma öncə sanıram bu ovalığın ortasında, uzaqdan görünən binaların bir xeyli bərisində qalan stansiyadan qəsəbənin içinə getmək lazım idi. Yan-yörəmdə necə gedə biləcəyimi soruşacağım insanları gözlərkən, irəlidə dayanan bir faytona doğru getməyə başlamışdım. «Hərəkət şefi» yazısını son anda fərq etdimsə də, faytonun yanında duran birisiylə faytonçunun danşığı məni yanlarına çəkmişdi.

Ancaq yanlarına gələndə seçə bildiyim qumral saçlı, gözləri qəhvəyi rəngdə olan bir qadının narahat halı, orta yaşlı, başındakı papağı gur saçlarının üzərində əyri duran sürücünün: «Aman, həkim bacım, olurmu…» sözləri məni bircə anda onlarla görüşdürdü. Yanlarına gəldiyimi görən sürücü; «Bax, bir cavan oğlan da var, onu da götürək», qadını razı salacaq bir görkəm almışdı.

Gedəcəyim yeri deyincə, sürücü dərhal sözünü şirin bir sərtliklə dəyişib dillənmişdi: «Ooo! Çox da uzaq deyil, sizin xəstəxananın yanındadı, haydı gəlin gedək, sizləri ortada buraxacaq halımız yox».

Buna razılaşmış kimi görünən qadın mənə dönərək: «Elədimi, eyni yerəmi gedirik?» soruşmuş, «Buralı deyiləm, bilmirəm!» sözlərimi gülümsəyərək qarşılamış: «Lap yaxşı, eləsə, birlikdə azarıq»la cavab vermişdi. Əslində cavab vermək də deyil, özüylə danışırdı sanki. Dostoyevskinin romanlarından birində olduğu kimi baş götürüb gəlmiş bir vəziyyətdə olduğunu sonra-sonra anlayacaq, işə başladığı xəstəxanaya gedib gələrək ona yazdığım eşq məktublarına aldığım cavablardakı düşüncələriylə üz-üzə qalınca, onu xarakterizə eləməyi bacaracaqdım.

Bu rastlaşmanın, qısa yolçuluk anında tanış olub söhbət eləməyin burdakı həyatımın ilk önəmli addımı ola biləcəyini billə bilməzdim.

Hər oxuduğum kitabda tanıdığım «qadın»ı, bildiyimi sandığım «məhəbbəti»i, bəlkə də «ilk məhəbbəti»i burda onunla yaşaya biləcəyimi düşünməzdim.

Yol boyunca heç danışmamışdıq. Yalnız faytonun arxa oturacağına oturandan sonra əlini uzadaraq: «Mən Dilşad», demiş, mən də adımı deyərək uzadılan əldən tutmuşdum. Bəli, sıxmamışdım da, tutmuşdum sanki! Yumşaq, isti, mehriban bir toxunuşdu. Ömrümdə ilk dəfə belə bir əli tutmuş, qəribə bir istiliyin içimə axdığını hiss eləmişdim.

Iki əlin bir neçə saniyəliyə qovuşmasıydı bu duyğu selini yaşadan. Amma məndə o andan qalan ən uzun zaman kəsiyiydi sanki qovuşma anının ötəriliyi, istiliyi…
Bunu çox sonralar onunla danışmışdıq. Bənzər bir duyğu yaşadığını; «sənin salamlaşmayıb da, əlimi əlinin içinə tutduğunda ilıq bir duyğuydu məni ilk anda sənə çəkən, o ankı tək-tənhalığımı unutdurub ümid verən bir istiliydi toxunuşun», dediyini xatırlayıram.

Sən demə ikimiz də həyəcanla yola düşmüşük bura. Ilk qürbət narahatçılığı ilə… Eyni qatarda, ayrı kupelərdə…

Aramızdakı ilk toxunuşun sehrini pozmaq istəməyirmişik kimi susmuşduq! Hava əməllicə qaralmış, fayton qəsəbənin yeganə bazarının, ruslardan qalma daş evlərin arasından keçərək, o upuzun daşlı yola çatmışdı. Atların nal səsləri, təkərlərin çıxartdığı qıcırtı torpaq yoldan çıxdığımızı hiss elətdirirdi. Oraya necə çatdığımın, havanın birdən-birə necə qaraldığının fərqində deyildim. Arada bir sürücünün qırmanc səslərini, «eh, quzum» deməsini eşidir, yanımdakı dalğın, düşüncələrə qərq olub oturan gənc qadının üzünü seçməyə çalışırdım.

Önündən keçdiyimiz küçə lampalarının işartısında üzü aydınlaşır, o ankı görüntüsünü yaddaşıma həkk edirmişəm kimi baxırdım. Gözləri, incə burnu, dodaqları, qəmzəli çənəsi məni ilk anda özünə çəkən cəhətləri olmuşdu. Amma bunun da fərqində deyildim. Fikrim əlindən bədənimə yayılan istiliyin yanındaydı.

«Əvvəlcə həkim xanımı xəstəxanada düşürdərik, sonra sizin tikintiyə gedərik, bu sallaqxananın o tərəfində, bu dərənin qarşısındadı…»

Sürücünün açıqlayıcı, qərar verici sözləri içimdə yersiz bir melodiya başlatmışdı sanki: «Bu dərənin uzunu, qıra bilmədim buzunu. Aldım ağa qızını, çəkə bilmədim nazını».
Üstəlik sevmədiyim bir mahnıydı. Dillərdən düşmürdü o günlərdə. Mənsə dərin bir hüzünlə hər oxuduğum kitabı bağlayandan sonra eşqin necə bir şey olduğunu düşünür, ya da yenə populyar mahnılardan «Ayrılanlar üçün», ya da «Qol düymələri»ni zümzümə eləyib dururdum çox vaxt. Ortada nə eşq, nə ortaq yaşanmış bir duyğu, nə də ayrılıq həsrəti var idi. Daha eşq tanımadan onun həsrətinə, kədərinə qapılmışdım.

O an hardan ağlıma düşmüşdü, bilmirəm. Hey doğru yerdə yanlış duyğularla, doğru zamanda yanlış insanlarla yola çıxdığım bir vaxtlar idimi mənim üçün?

O isə o gecə mənə çantamda olan, sonralar oxuyacağım Tolstoyun «Kreyser sonatası»nı xatırladırdı. Hələlik «sonata» sözünün mənasını bilmirdim. Amma Bethoveni, Vivaldini, Şopeni dinləmişdim. O tək gəzdiyim zamanlarda içimdəki ağrıların sirdaşı olan mahnılarla yol alırdım. Düymələrin ritmi, get gəli, bircə anda yaradılan boşluqdakı ahənglər içimdəki yalqızlığı parçalayırdı sanki. Eşqə mübtəla ola bilməmənin, onu kəşf eləyə bilməmənin ağrısıyla başbaşa qalırdım hər o yuvaya dönüşümdə.

***

Bu mübtəla ola bilməmək ağrısının zamanla məndən qopacağını, ayrılığın gətirdiyi acıya dönəcəyini bu qəsəbədə öyrənəcəyəmmişəm demək ki… Çantamdakı kitablardan Andre Gidenin «Dünya nemətləri»ndən, Laslosun «Təhlükəli ilişkilər»indən aldığım ilhamın yanımdakı insana yazacağım, duyğularımı açacağım məktubların əsil qaynağının ola biləcəyini bilmirdim əlbəttə!

Bu insanla dünyanın o biri başına getmə duyğuları ilə yaşayıb, hər şeyi göz önünə alıb, eşqin nə anlama gələ biləcəyini bu qəsəbədə öyrənəcəyimi kim bilə bilərdi ki!

Ona dəlicəsinə vurulan bələdiyyənin texniki işlər müdirinin çılğınlıqları qarşısında bu eşqin həqiqi olub olmadığını, bir gecə mənə ömrümün ilk içkisini içirdən və daha bir çox «ilk»lərin qapısını açan: «Gəl səninlə kişi kimi dərdləşək», deyərək, məni yeyib-içməyə aparan Müzəffər abinin mənə dayaq olan sözlərini unutmaq mümkün deyil.

Sözə; «Bax qoçağım, mən bu mərəti niyə içirəm, bilirmisən?»lə başlamış, anasını qıra bilmədiyi üçün evləndiyinə görə xoşbəxt olmadığından söz açmış; «Xalamın qızıyla könülsüzcə evləndim, sevdiyim qızla evlənmədiyim üçün içirəm. Əyər eşitdiklərim doğrudusa, halal olsun sənə, gəl sənin alnından öpüm. Nə gözəl şeydir eşq. Indi sənin için, çölün nə gözəldir. Qoçum mənim. Sev ki, yaşadığını anlayasan. Hələ bu yaşda bu işə başlaman… Sən indi mənim gözümdə qəhrəmansan. Hər an yanındayam…»
O hər şeyi bilirmiş kimi, hər bir olub keçəni duyurmuş kimi danışırdı. Hələ heç nə söyləməmişdim.

Inşaat mühəndisiydi. Qəsəbənin su və kanalizasiya işlərini görən bankın buradakı tikintisini ona həvalə eləmişdilər. Atamın çalışqanlığı, uşaqlarını oxutmaq istəyindəki əzmi onu hey duyğulandırırmış. Bizə ilgisini ona görünməyən bir dəstək olaraq alırdı sanıram. Sonrakı il bu dəfə lap sərhəddəki bir qəsəbədə işləyirdi. Yenə məni yanına alması, sorumluluğu daha çox bir iş verməsi isə bir az bundan, bir az da o eşqin izlərini silməmin başqa yolu olmayacağını mənə anlatmasından qaynaqlanırdı.
O gecə Müzəffər abi məndə bir məşqçi təəssüratı yaratmışdı. Öyrədən, başa salan, «Dediyimi elə, elədiyimi eləmə» deyən, xəbərdarlıq eləyən, yol göstərən, necə rəftar eləməyi xatırladan birisiydi. Bir tərəfdən təcrübələrindən bəhrələndirən, digər tərəfdən də insanı nəyin xoşbəxt, nəyin bədbəxt edə biləcəyini hiss elətdirəndi. Mehralı ustanın dediyi kimi: «Tam bir həyat adamıydı».

Görəcəyim işin nə olduğunu öyrənməm üçün onun gəlməsini tikintidə iki gün gözləmişdim.

Içəri külək kimi əsib keçən, bir yerdə iki saniyə belə oturmayan, təlimatlarını hey ayaq üstə verən, işçilərlə, mühəndislərlə, fəhlələrlə və üstalarla ata qayğısı ilə danışan, bəzən baxışları ilə anladan, zarafatları, işçilərə ilişməyi, bəzən də başqa sözləri heç dilindən düşürməyən Müzəffər abi yataqxana komendantı Əli Çavuşun gözündə «Dəli Müzəffər», işçilərin gözündəsə «Ata Müzəffər»di. Su ustaları Mehralı və Mizrahı qardaşları isə dərd və şahmat yoldaşlarıydı. Ondakı dərin kədərin və sevincin sirdaşı olacağım anların zamanla mənim qəlbimdə yığılanlara da qapı açacağını görəcəkdim. Çəkilən acının bununla ört-basdır edilə biləcəyini, çölümüzdə hiss olunmaması üçün gülüşlü sözlərlə üzümüzü döndərdiyimizi hələ sonra qavrayacaqdım. Gülmənin qaynağı olan ağrıya toxunacaqdım barmaqlarımla…

O ilk eşqin ağrısını hiss etdiyim gün başımı onun sinəsinə dayayıb hıçqıraraq ağlamışdım. Yer üzündə ondan daha yaxın birisi yoxdu mənə. Bir çox şeyə mənim üçün sinə gərmişdi. Hələ məni qarşısına alıb danışmamışdı. O isə: «Haydı, haydı, anan, atan üçün darıxdın», deyərək Landrover pikapla kəndə göndərmişdi. Bir röyadan qopmağın, yenidən ona dönüşün yolçuluğu kimi gəlmişdi mənə.

***

Faytondan düşüb əlimi uzatmışdım. Bu səhnələri filmlərdən öyrəndiyimə görə yox, o istiliyə bir dəfə də qovuşmaq, ona yaxın olmaq üçün belə eləmişdim. Sonra iki çantasından birini mən, digərini sürücü alıb xəstəxananın bağından içəri girmiş, onun arxasınca getmişdik.

Qapının qabağında gülümsəyərək dönmüş: «Zəhmət oldu,- deyərək əlini uzatmışdı. O biri əlində tutduğu pulu da sürücüyə verərək, - bu oğlandan pul almayın, lütfən» demişdi. Sanki sürücünün uzaqlaşmasını gözləyirmiş kimi səssizcə pıçıldadığı, «yenə görüşərik», sözləri isə mənə bir çağırış kimi gəlmişdi, axşam qaranlığındakı yalnızlığımı isti bir örtük kimi örtmüşdü o «bu oğlandan», «yenə görüşərik» kəlmələri…

Tikinti meydanına gələndə isə o dərin səssizliyin yerini işçilərin bağırtıları tutmuş, içimdəki boşluğun silindiyini, fikrimin o biri gecədəki bağın içində qaldığını düşünmüşdüm.

Faytondan necə endiyimi, Əli Çavuşla necə tanış olduğumu, Mehralı və Mizrahı qardaşlarla qalacağım otağa necə getdiyimi xatırlamırdım. Yalnız məni gözlədiklərini, Müzəffər abinin bunu bildirdiyini deyən sözləri eşitmişdim Əli Çavuşdan.

Bu mənim ilk qürbətimdi. Ilk uzun qatar yolçuluğum, «ilk məhəbbətimlə» rastlaşdığım «ilk gecəm»di. Bu qəsəbə həyatımın ilkləriylə qovuşduracaqdı məni. Budur, ilklərin ilk gecəsinə dərin bir yalqızlıq, inciklik içində girmiş, heç cür gözlərimə yuxu getməmişdi. Səhərə yaxın yuxuya dalmışdım.

Əli Çavuşun artıq hər səhər eşidəcəyim şeypuru andıran səsini, bunun ardından da radiosunun səsini sona qədər artıraraq bizə dinlətdiyi; «Yurddan səslər xoru»nun türküləriylə ilk dəfə o gün yuxudan oyanacaqdım.

Gecə bir-birimizə çox etinasız baxdığımız Mehralı və Mizrahı ustalarla səhər yeməyində görüşmüş, söhbət eləmişdik. Mehralı usta: «Müzəffər bəy sabah gələcək, burda canın sıxılar, istəsən bizimlə gəl, məhəllə aralarında kanal çəkməyə başlamışıq, nahar yeməyinə gələrik birlikdə, həm də burda qalıb Əli Çavuşun axirət suallarına məruz qalmazsan», deyərək məni bu ilk gündə özlərinə yol yoldaşı eləmişdi.

Mənsə xəstəxananın yaxınlarından keçmək, ordan başlayaraq qəsəbəylə tanış olmaq istəyirdim. Bunu daha sonra eləyəcəkdim. Yeməyə gələ bilməmiş, işçilərlə gələn yeməyə ortaq olmuş, axşamüstü tikinti meydanına dönmüşdük.

Əli Çavuşun adamı dəlib keçən baxışları, sanki onun rahatlığını pozurmuşam kimi ədaları ilk görüşümüzdən ürkütmüşdü məni. Mehralı usta bunu sezibmiş kimi, onunla bağlı bütün bildiklərini, yeməkdən sonra iki qardaş şahmat oynamağa oturarkən anlatmışdı mənə.

Aşbazımız Sertif bu söhbətin şahidi və anladanı olaraq mənim də rəğbətimi qazanmışdı. Bu qəsəbədən olduğunu öyrənincə daha da sevinmiş, məndən böyük olmasına rəğmən mehriban görkəmiylə məni özünə çəkmiş, yaxın bir dostuma qovuşurmuşam kimi içimi isindirmişdi.

Atamın stansiyada; «həyat ən gözəl məktəb, amma məktəb başqadı. Siz həm onu tanıyın, həm də məktəblərinizdə oxuyun» sözləri məni evdən, anamdan, qardaşlarımdan ayıran bir vidalaşma kimi gəlmişdi mənə. O sanki işlədiyi bir günahı yüngülləşdirmək, ya da ört-basdır eləmək üçün çəkinə-çəkinə söyləmişdi bunu.
Nə çox darılmış, nə çox hirslənmişdim qatarın bir bilinməzə doğru yol aldığını hiss elədiyimdə. Içimdə naməlum bir kədər, boşluq, yalnızlıq duyğusu vardı. Ağlamamaq üçün özümü güclə tuturdum.

Bəli, doğrudan da həyat məktəbinə doğru yol alırdım. Zaman keçdikcə bu hirsimin incik bir sevincə, gəzdikcə yurd həsrəti duyğusuna dönəcəyini söyləməliyəm.

Artıq heç bir yay evdə qala bilməməmi, litseyi bitirər-bitirməz o kənddən ayrılmamı, atam: «Biz əslində səni o gün itirdik! Yaxşımı elədik, pismi, bilmirəm! Bunun doğrusunu, yanlışını bir gün həyat sənə göstərər, istini, soyuğu gördün tək başına, gedə biləcəyin yolu sən çoxdan seçdin, oğlum, haydı get, yolun açıq olsun», sözləriylə qarşılamış, beləcə sərbəstliyimi, müstəqilliyimi təsdiq eləmişdi.

O qəsəbənin yaddaşımda yer eləyən hər cığırını, anını, orada keçirdiyim günləri, saatların yaşatdıqlarını heç itirmədən bu günə kimi gətirdiyimə belə bəzən çaşaraq baxıram.

Bunca canlı, aydın, silinməyən izlərdə dönüb getdiyimi hiss elədiyim anlarım olmamış deyildir.

Içimdəki Babilin sızıltısı demişdim bir gün buna. Ancaq həm də yazarak sağalda biləcəyimi də düşünmüşdüm.

Indi mənim üçün bütün dönüş yolları da açılmış olsa, ölkəmə dönmək qəlbimi ağrıdır. Bilirəm ki, üzləşəcəyim, yaşadıqlarım məndə xatirələr oyandırmayacaq heç bir zaman. Daha çox yıxılacağımı hiss eləyirəm.

Məni o quzeyin soyuq ölkəsindən ta Rodosun isti sularına endirən nəydi, bilə bilmirdim! Tanımadığım bir yerə gətirən duyğunu sorğulamıram. Ardına düşüb gəldiyim mehdə tapdığım rəngi, qoxunu, izi anlamağa çalışıram yalnızca.

Təpə məhəlləsindəki Anestinin kafesində oturub bunları mənə yazdıran duyğuya döndərirəm üzümü. Kənardakı üzə baxıram. Aramızdakı dilsizləşmə vaxtını dondurmuş kimiyik. Duyğularımın dilinə dönürəm illər sonra, o isə uşaqlığının adasına qovuşmanın sevinci ilə ağlının diliylə danışır. Birbirimizi itiribmişik kimi baxırıq. Halbuki illər sonra itirdiyimi tapıbmışam kimi dilimin yurduna dönürəm. Sənə bunları yazarkən yaşadığım sevinc, kədər dalğasına qapılmağım da bir az bundandır. Küləyin gətirdiyi yasəmən qoxusu başımı hərləndirir. Bir adaçayıyla nəfəs alıram. Eleni qızımız Dəfnəni nənəsinin yanına aparır.

***

Alça ağacının kölgəsində dayanmışam. Həzin-həzin bir yel əsir. Ağacların, çiçəklərin, böcəklərin dilini Əli Çavuşdan, qürbətin nə anlama gəldiyini Mehralı ustadan, şahmatın min bir qaydasını Mizrahı ustadan öyrənmiş, «ilk məhəbbətin» yandırıcı təsirini isə udum-udum yaşayacağım bir sahildəydim artıq.

Van Qoqun «Qardaşım Teoya məktublar»ını oxuyuram. Oxumaq deyil bu, can cövhərini udmaqdır. Andre Gidenin «Dünya nemətləri»ni eyni yerdə öncəki gün bitirmiş, sonra da bu kitaba başlamışdım.

Kimsəsiz bir dağ yolunda, yol boyunca qazılan su kanalında çalışan işçilərin işini qeyd eləyib gəlib burda oturmuşdum. Arada bir mehin gətirdiyi qazılmış torpağın qoxusu, yovşan, gəvən qoxularına qarışırdı. Bunları bir-bir hiss eləyir, bir də Van Qoqun dünyası arasında gedib gəlirdim.

Dilşad hey qəlbimdəydi. Yazıb bir kitabın arasında verdiyim məktubuma cavabını dönə-dönə oxuyuram. Van Qoqun söylədikləridən yeni bir məktub hazırlayıram. Gidenin Nataelə çağırışı onsuz da səhifələrlə yazdırmışdı.

Yazdıqlarım mənim bir başqasının qarşısındakı varlığımı sorğulatdırırdı. Bu də mənə getdikcə bir məsuliyyyət hissiylə birlikdə kiməm, nəyəm, nə iş görürəm, haraya, kimə aidəm, bu kainatın anlamı nə, kimi suallar soruşdururdu.

Qəsəbənin kilsədən düzəldilmiş kinoteatrına ayrı-ayrı yollardan gedər, gəlib oturacaqlarda yan-yana oturardıq. Yazdıqlarımızı, kitab alış-verişlərimizi bəzən bu görürşmələrdə bir-birimizə verərdik.

Ruslardan qalma evlərin cərgə-cərgə sıralandığı küçələrdən salırdıq yolumuzu bəzən də. Gecənin titrək yol işıqları kimi addımlardıq səkilərdə. Bizi dünyanın o biri başına götürəcək qədər geniş, baxışlarımızı gizləyəcək qədər sirli, ehtirasımızı küləyə verəcək qədər kədərli küçələrin diliylə ortaqdı dilimiz. Baxışların kölgəsi düşməzdi üzümüzə. Toxunan barmaqlırımızın ucları kimsəni incitməzdi. Önündən keçib getdiyimiz akasiya ağaclarının surətləri güzgülərdə həkk olunardı. Pəncərə önləri yaşıla çalardı. Uşaqlar bir oyunu təkrar edərdilər arxamızda. Bu küçələr alırdı bizi içinə. Qışlanın önünə gəlib çatınca, yoxa çıxırdıq qəsəbənin dərin kədərini gətirən daşlı yollarında.

***

Bir köçəri quşun küləyə qoşulub getməsi kimi anların xaricində biz daha çox qarşılıqlı yazdıqlarımızda tapırdıq bir-birimizi. Amma o əlinin istiliyini gözləyirdim. Bir daha onunla görüşmək üçün hər şeyi göz önünə ala bilərdim. Onun müvazinətini qoruyan, təmkinli halına heyrandım. Mənim qızğınlığımı həm sevir, həm də buna sərhəd çəkirdi.
Həftə sonları Müzəffər abi və mühəndislərlə birlikdə inşaatı bitən turist otelinə hamama gedirdik. Burası hələ bankın nəzarətindəydi, bələdiyyəyə təhvil verilməmişdi. Hamam işlərimizi düzənləyən Əli Çavuş o həftə sonu K. elinə arvadının yanına getmişdi. Onun hazırlıqlarını Sertif görəcəkdi. O gün kinodan çıxıb kinoteatrın yanındakı şamlığa baxan otelə doğru getmişdik. Otelin önündən keçərkən bizi görən Sertif: «Təzə çay var, haydı gəlin çay içək şamlığın qarşısında» deyərək otelə çağırmışdı. Gecədən xeyli keçmiş yuyunmuş, burdakı otaqlardan birində qalmışdım. Yəni həftə sonları tikintinin havasından qurtulur, Çavuşun dediyi kimi «lüks içində» yaşayırdıq.

Otelin terrasına çıxmış, bir an qəsəbədən uzaqlaşmışdıq. Yağmur xəfifcə çisələməyə başlamışdı. Göy gurultusu yağışı sürətləndirmişdi. Sərin bir külək bizi qoynuna almışdı. Gözlərimiz şam ağaclarında, stəkanların istiliyini ovuclayan əllərimiz qovuşmanın toxunuşundaydılar. O ilk ilişkilərin divarını aşa bilməmənin susqunluğuna bürünmüşdük birdən. Gözlərimi yaşıl örtükdən çəkə bilmirdim. Içimdəki həyəcanı toxtadan bir dinclik, sərinlik vardı orda. Baxışlarımı çəkən parıltı yağışın yağdığını xatırlatmışdı mənə. O yaşıl örtüyə enən nəmliyin varlığını parıltılara görə müəyyən eləyə bilirdim. Eyni ilə toxunaraq duyğularımı çatdırmaq istədiyim kimi.

Dilşadla yaxınlığımızı bilən Sertifin qoruyucu baxışları, mehriban davaranışları bizə burda etibarlı yerdə olduğumuzu anladırdı. Ikinci stəkanları da gətirib: «Uşaqlar, mən bir tikintiyə düşüm. Siz giriş qapısını bağlayın. Məndə açar var. Işçilərin yeməklərini verib sonra gələrəm. Getsəniz, qapını çəkərsiniz», demiş, getmişdi.

Dilşadla bir-birimizə baxıb gülümsəmişdik. Oturduğumuz yerdən qalxmaq istəməyən bir halımız var idi. Oturacaqlarımızı əməllicə yaxınlaşdırmış, ilk dəfə bir-birimizə toxunmuşduq. Qumral saçlarının yasəmən qoxusunu, bədəninin istiliyini, dodaqlarının nəmliyi ilə hiss olunan darçın dadını ilk dəfə burda hiss eləmişdim.

Necə olmuşdu bu? Bz istiliyimizi necə bir-birimizə axıtmış, terrasdan qalxıb necə getmişdik, fərqində deyildim. O məndən bir neçə yaş böyük olmasına rəğmən ikimiz də hər halımızla naşıydıq. Eyni ilə filmlərdəki kimi qucaqlaşmış, dodaqlarımızı elə yaxınlaşdırmış, dillərimizi elə birləşdirmişdik. Həyəcandan titrəyirdik.

Bədənin qoxusuna sarılıb, istiliyində yoxa çıxanda bədənimin kəşfinə doğru da ilk addımı atırdım. Köpüklənən bir sevgi seli, bədənlərimizdən axıb gələn ehtiras bizi bir-birimizə birləşdirmişdi.

Həyatı öyrənməyə sanki burdan, bir qadının dünyasına, bədəninə ilk dəfə yaxın olaraq başlayırdım. Bədənin kəşfi, həyatın yenidən kəşfiydi, bəlkə də yenidən doğuşuydu mənim üçün! Ona doğru gedərkən, özümə doğru da yolçuluğa çıxmışdım əslində.
Gəldiyimiz sahildə yandırıcı, varlığımıza sahib kəsilən bir şəhvət yoxdu. Arzu, istək, sevgi dolu ehtiras vardı, bəli. Amma bir yerdə, bir sahildə dayanmışdıq. O mənim ölçümdə olmuşdu elə bil. Bədənimi bədəninə, üzümü üzünə basdıraraq yoxa çıxmışdım. Tanrının müqəddəs Məryəmi kimi baxırdım ona.

Yox, yox! Bir mələk kimi dururdu qarşımda. Bir ilahə kimiydi. Afrodita, Artemida ola bilirdi! Rodinin heykəllərini xatırladırdı bədəni. Rilkenin «Rodin»ini oxuyarkən nədənsə hey ona dönmüş, onun sevgilisinin üzünün izləriylə bir körpü qurmuşdum aramızda. Hətta məktublarımdan birində ondan sitatlara da yer vermişdim.

Biz Dilşadla artıq dünyanın mərkəzindəydik. Burası bizim Babilimizdi. Kimsə çata bilməz, kimsə qarışa bilməz, kimsə görə bilməz, dilimizi bilə bilməzdi!

Amma bilə bilərdikmi bu ortaq dili kəşf eləməyimiz Tanrını qəzəbləndirmiş, bizə, bu sevgi qülləsini inşa etmə zamanını əlimizdən almaya yönəlmişdi bu qəzəb!
Bəli, bu başlanğıc bizim burdan sovrulub getməmizə səbəb olmuşdu.

Fərqində olmadığımız tikintinin gözətçisi bu «qapanışımız»ı işlər müdirinə xəbər vermişdi. Hər şey də o zaman başlamışdı.

Dilşadın varlığı varlığım, hətta var olma səbəbim olmuş, elə bil başqası olub çıxmışdım. Bir növ məhəbbət Robin Qudu. O mənə həyatın cövhərini içirtmiş, mənə qırxıncı otağın gizlinini göstərmişdi. Verdiyi açar ürəyə, insani duyğulara, sevgiyə, bağlılığa, dostluğa gedən yolları aça biləcək qədər gözəl və anlamlıydı mənim üçün. O yolda onunla sona qədər getməyə hazırdım. Hər şeyi göz önünə almışdım.

Son görüşdüyümüzdə, «Sənə qıya bilmirəm, - demişdi, - nə sənə, nə də bu eşqə. Belə daha yaxşıdı, buralardan getməyə məcburam… Amma səni də, eşqimizi də özümlə aparacağam. Sən hey yaz… yazmaqdan qalma. Onlar məni tapar. Gəlib çatmayanları belə gəlib çatan məktublar kimi oxuyaram. Sevgin mənimlə son nəfəsimə qədər olacaq…»

Sonrakı sözlərini eşidə bilmirdim artıq. Başımı sinəsinə qoymuş, hıçqıra-hıçqıra ağlamağa başlamışdım.

Onun gedişi mənim də gedişim oldu. O qəsəbədən yer üzünə dağıldım, sovruldum. Dönüşsüz yolların ümmanına açıldım.

O məni var olan bir dünyanın kənarına gətirmişdi. Həyata, insanlara, təbiətə, edib etdiklərimə fərqli baxar, oxuduqlarıma fərqli yolçuluğa çıxar kimi olmuşdum. Getdiyim yolda onun izi, səsi, nəfəsi vardı elə bil. Bu qəsəbə mənim üçün yer üzünün paytaxtıydı. Hara gedərəmsə gedim, üzüm hey ora doğruydu.

Adı nəydi bunun? Nə deyə bilər, necə adlandıra bilərdik? Heç danışmadıq, dilə gətirmədik. Bir-birimizə yazdıqlarımızda, oxuduqlarımızda həyatdan, kənarda olub keçənlərdən söz etdik. Bir dəfə comərdcəsinə bir-birimizə açdıq bədənlərimizi. Yəni zamanı durdurduğumuz, yerin, göyün sarsıldığı anı bir dəfə yaşadıq. Və bir daha da qopmadıq o anın coşqusundan, bizə təsirindən.

O sevgiylə erkən yetkinləşmənin qapısına çatmışdım, o isə qadınlığını dərk eləmişdi. Bunu yazmışdıq bir-birimizə. Qarşılıqlı yaşadıqlarımızla zənginləşən varlığımızın bizim üçün artıq nə anlama gəldiyini başa düşmüşdük. Qadını, qadınlıq durumunun nə olduğunu tanımağa qapı açmışdım onunla. O isə məndə sevginin məsumluğunu tapdığını söyləmişdi. «Saflıq, ehtiras, həyatı qavrayış anlayışı»ndan söz etmişdi bir də. Nə gözəl yazırdı, eyni ilə danışdığı kimi. Mənim ondan uzaq qaldığım müddətdə onu unutmağa qoymayan da onun sözləriydi. Dönə-dönə oxuduğum məktubları…
Onun şagirdi olmaq istəyirdim. «Amma mən tibb bacısıyam», desə də, «yəni şəfa paylayan» sözümü çox sevdiyini söyləyib, həmən bir başqa mövzuya keçirdi: «Insan öyrətdikcə öyrənir, sevgi də elədir, o bizə öyrədir, biz də min bir əziyyətlə onu ölçüyə salırıq».

Bəli, o buna eşq demir, sevgi deyirdi. Düşüncə, mənlik, zaman anlayışlarından söz açmış, eşqin deyil, sevginin kimyasında bunların olduğunu anlatmışdı.

Uzaqda olsaq da, yan-yanaydıq əslində. Onun dərənin o biri tərəfində də hər gün xəstələrə baş çəkdiyini, onlara şəfa payladığını bilir, şəfa olduğu ağrılarımı unudurdum.

***

Ilk addım sonrasının o biri üzünü soruşma. Onu burda sənə yaza bilmərəm. Bir başqa məktubumda anladaram bəlkə də!

Yalnız bunu bilməyini istəyirəm: nə Dilşada, nə o eşqə, nə də özümə qıya bilməzdim. Burda, sənin yanına gələrkən gəlib durduğum bu sahildə, onu və sizləri min bir istək və həsrətlə anarkən, içimdəki Babilin harayını dilə gətirməyə çalışdım.

Mən də o qəsəbədən yer üzünə səpələndim. Sovruldum. Bəzən itdiyimi, yoxa çıxdığımı sanarkən, gedib döndüyüm yerlərin, içində itdiyim insanların şahid odduqları olayların dilini öyrəndim. Içimdəki Babilin dilinin şifrəsini çözən sözlərinə üzümü döndərəndə daha yaxşı anlayıram tuta-tuta yol aldıqlarımızı. O dillərin, sözlərin, eşqlərin yurdundan uzaqda içimdəkinin harayını susdurmağa çalışıram indi. Söz lüğətləri ilə onu son yolçuluğuna yola salmaq istəyirəm.

Dillərin, sözlərin, eşqlərin yurdundan uzaqda içimdəki Babilin harayını susdurmağa çalışıram indi.

Sentyabr 1998
XS
SM
MD
LG