Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:48

Tanınmış italyan yazıçısı dünyadan köçdü


Antonio Tabucchi
Antonio Tabucchi
Bazar günü İtalyan yazıçısı Antonio Tabucchi Lissabonda uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xəbəri «La Repubblica» qəzeti yayıb.

Müasir İtaliya ədəbiyyatının ən öndə gedən nümayəndələrindən sayılan Tabucchinin 68 yaşı var idi.

Tabucchi faşizm dövrü Portuqaliyasından bəhs edən «Sostiene Pereira» –«Pereyra iddia edir» (1994) romanının müəllifi idi.

Roman müəllifinə dünya şöhrəti qazandırıb. Bir neçə nüfuzlu ədəbiyyat mükafatı gətirib.

Romanda jurnalist Pereyranın diktatura rejimindəki fəaliyyəti əks olunub. Bu obraz müasir İtaliyada indi də azad söz simvolu kimi qəbul edilir.

Bu roman əsasında 1996-cı ildə film də çəkilib. Filmdə baş rolda əfsanəvi italyan aktyoru Marcello Mastroianni oynayırdı.

Tabucchi həmçinin «Notturno Indiano» –«Hind noktürnü» (1984), «Requiem» – «Rekviyem» (1991) kimi əsərlər də yazıb.

Onun 30-dan çox roman yazdığı xəbər verilir.

Tanınmış yazıçı tərcümə və tədqiqatlarla da məşğul olurdu.

Tabucchi portuqal şairi Fernando Pessoanın yaradıcılığını araşdırırdı.

Dünya şöhrətli nəşrlərə - İtaliyanın «Corriere della Sera»ya və İspaniyanın «El Pais» qəzetinə mədəniyyət haqqında yazırdı.

O, 2004-cü ildə jurnalistika sahəsində «Fransisko de Seresedo» beynəlxalq mükafatına layiq görülmüşdü.

Antonio Tabucchi 1943-cü ilin sentyabrın 24-də Pisada doğulub.

Tanınmış yazıçı ilin bir yarısını ailəsi ilə Lissabonda, qalan yarısnı isə Toskanoda yaşayırdı.

Tabucchi Toskanodakı Siena Universitetində Portuqal dili və ədəbiyyatından dərs deyirdi.

«Sostiene Pereira» (Trailer)

XS
SM
MD
LG