Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:46

Nilufər Muğantürk. Sən heç sevdinmi sənin olmayan birini (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).



Nilufər Muğantürk



SƏN HEÇ SEVDİNMİ SƏNİN OLMAYAN BİRİNİ?!

Sən heç sevdinmi sənin olmayan birini?!
Hiss etdinmi nəbzində başqasının ürək döyüntülərini..
Duydunmu başqa nəfəsi ciyərlərində,
dodağında isti öpüş, başqasının hərarətini?!..

Sən heç sevdinmi, sənin olmayan birini?!
Nəfəs qədər yaxınkən, tutmaq istəsən əlini,
uzatsan əlini tutmayan..
Hər gecə sən yanında xəyal edərkən,
səni zərrəcə düşünmədən,
özgəsinin ağuşunda uyuyan..
Sən heç bilirsənmi bu hissi?!
Sevmək sənin olmayan birini..
Qızmar yay günündə,
günəşin gözünə baxmaq kimi imkansız!
Payız yağmurunda çətirsiz,
səmaya baxmaq kimi imkansız!

Sən heç sevdinmi, sənin olmayan birini?!
Aynaya baxdığında, gözlərində gözlərini gördüyün..
Gülüşünü heç unutmadığın,
səsini milyon səs içində seçdiyin?!..
Sən heç sevdinmi, sənin olmayan birini?!
Başqasının göz yaşları gözlərində dolub axmadığı oldumu?!
Düyünləndimi hıçqırıqları boğazında?!
Qap-qaranlıq gecələrdə gözlərinin havada asılı qaldığı oldumu,
daldınmı uzaqlara?!
Sən heç sevdinmi, sənin olmayan birini?!


***


Sən uzaqda olanda soyuq olur havalar.
Payızın ortasında yağış dönüb qar olur...
Sən uzaqda olanda üşüyürəm hər axşam,
Gah həzin Xəzri əsir, gah da Gilavar olur...

Üzümdəki təbəssüm kəpənək ömrü qədər!
Sən uzaqda olanda mən kədərli oluram...
Sonsuz qaranlıq içrə acı həsrət qıvranır,
Sən uzaqda olanda içimdə böyük boşluq...
Qaranlıqdan qorxuram...


Kəlimələr anlamsız... Bilinməyən yad dildə...
Sən uzaqda olanda doğma da yad görünür...
Xəyallar sınıq-sökük...
Bom-boş baxır gözlərim...
Sən uzaqda olanda acı gəlir, şirin söz...
Bütün sevda yolları çıxmazlara sürünür...

Hər nəfəsdə ögeylik...
Gözlərdə donuq nisgil...
Sən uzaqda olanda adama bum buz gəlir,
isti baxışlar belə...
İntihar, ölüm o an elə yaxın gəlir ki...
Bütün əzablara SON!
Düşünürsən nə etsəm,
Tanrı bağışlar yenə!!!


Sən uzaqda olanda gecə də uzun olur...
Ulduzlar kefsiz-kefsiz, gözə dəymək istəmir!
Sən uzaqda olanda AY yaman Asiləşir...
Sübhədək qarovulda... Çəkilmir yer üzündən,
Aydınlığı gözləyir... Günəşi görmək üçün,
Gecənin inadına boyun əymək istəmir!

Sən uzaqda olanda cümlələrimin sonu
üçcə nöqtəylə bitir!
Sən uzaqda olanda mən də yarım qalıram...
XS
SM
MD
LG