Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Leyla Nənə. Sevdiyim qadın 65 yaşında... (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Leyla Nənə


***

Qorunmasız, güclü və zərif idi
aşiq olduğum qadın,
19 yaşında,
məndən 3 yaş kiçik idi nəfəsi.
indi sevgili, güclü və zərifdir
həmin qorunmasız qadın
35 yaşında
məndən böyükdür sədaqəti.
Kitab oxuyanda, yemək yeyəndə də
sevgilimdir o,
sevgilidir o qadın
yatanda, sevəndə,
güləndə də sevgilimdir o,
həmişə sevgilim oldu
məndən 3 yaş kiçik nəfəsi ilə də,
məndən böyük sədaqəti ilə də
ah!
Necə də hüzurludur
sevgilimi sevmək
sevgilimin sevimlisi
həm də sevgilisi olmaq
evimizdəki sarı itdən daha çox
sevimlisi olmaq sevgilimin,
görünmək ona,
əzizlənmək
və yaşamaq onunla
sevgili və sevimli.

***

Acam, bir az yaşlı
gücüm, qüvvəm dünəndə bir yerdə qalıb,
sevdiyim qadın 65 yaşında,
əynində sarı, güllü paltarı ilə
maşın vurduğu o küçədə
yaddaşımda elə qalıb...

üzünə gün düşürdü,
qanlı idi hər yanı
yaddaşımda elə qalıb,
övladım yoxdur
olmadı uşağımız,
olsaydı bizi tərk etməzdi
27 yaşında,
hərdən zəng edərdi heç olmasa,
zəng etmir,
övladım yoxdur,
yaddaşımda elə qalıb.

Evimiz vardı,
məhəlləsində qonşu uşaqları
balkonunda arvadımın əkdiyi güllər
balacalardan ən böyüyünə gündə iki,
böyüklərə isə bir dəfə -
səhər su verməliyəm
arvadım axırıncı dəfə elə demişdi
yaddaşımda elə qalıb.

İndi məhəlləsində uşaqlar olan,
balkonunda güllərin olduğu
təklik qoxuyan evdə
tək oturmuşam,
nəfəsimi eşidirəm, gəlir-gedir usulca
piano üstündə külqabı var,
içində arvadımın üzüyü
yanında da öz üzüyüm,
öldüyünü hiss edəndə üzüyü çıxarıb
ora qoydum
siqaret kimi lap,
küllərimiz o üzük oldu
elə demişdik, sözləşmişdik arvadımla
öləndə çıxsın deyə üzüklərimiz
elə xatırlayıram,
yaddaşımda elə qalıb.
XS
SM
MD
LG