Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:46

Arif Hüseynov: «Qocalar da nağıl oxumalıdır!» (Video)


Nağıllar aləminə səyahət
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

Nağıllar aləminə səyahət

Ötən il ölkənin sənət həyatında önəmli bir hadisə oldu. Bakıda Xətai Sənət Mərkəzi fəaliyyətə başladı. AzadlıqRadiosunun «İz» proqramı mərkəzdə olub və mərkəzin bədii rəhbəri xalq rəssamı Arif Hüseynovdan müsahibə alıb.

- Arif bəy, xoş gördük!

A.H.: Bakı Xətai Sənət mərkəzinin Miniatür Sənəti qalereyasına xoş gəlmisiniz. Bu, sənət mərkəzində ilk görüşümüzdür. Şadam ki, ilk görüş mənim fərdi sərgimlə - «Azərbaycan nağılları» sərgisində reallaşdı.

5 NƏFƏRDİK —25 OLDUQ!

- Arif bəy, sizin də, bizim də haqqında uzun illər danışdığımız, verilişlər həsr etdiyimiz, arzuladığımız Miniatür sənəti mərkəzi artıq var. Nə qədər sevindiyimizi söyləmək artıqdır...

- Elədir. Düz 6 ildir ki, bu hərəkata başlamışıq. Qloballaşma dövründə Azərbaycan mədəniyyətini qorumaq bizim vəzifəmizdir, yoxsa itib-batarıq. Bizim böyük sənətimiz var, məktəbimiz var—Təbriz miniatür sənətimiz. Biz bu ideyanın tərəfdarlarını öz ətrafımıza yığdıq. Bakıda qalereyalar çoxdur, amma miniatür sənəti qalereyası yoxdur. Biz də onun adını məxsusi belə qoyduq. Yəni ancaq milli sənətə yaxın olan, onlardan törəyən, miniatür sənətinin qollarından qaynaqlanan əsərlərin sərgisini keçirək və bu tendensiyanı dünyaya çıxaraq. Azərbaycan təsviri sənət ustalarının potensialı böyükdür. Onun bir gücü də artıq bu mərkəzin timsalında qruplaşır. Əgər biz 2008-ci ildə 5 nəfər idiksə, 2010-cu ildə 25 olduq!

BİZ ÖZÜMÜZ OLANDA MARAQLI GÖRÜNÜRÜK

- Bir ildən çoxdur fəaliyyətdəsiniz. Heç miniatür sənət sərgisi açmağı planlaşdırmırsınız?

- Gələn ayın-mayın 4-də böyük bir sərgi açacağıq—«Azərbaycan miniatürləri - ənənə və müasirlik». Artıq burada müasir seçmə rəssamlarımız olacaq. Bir də XVI-XVII əsrlərin miniatürlərindən reproduksiyalar. Miniatür sənətindən qaynaqlanan əsərlər—rəngkarlıq, qrafika və s. sərgilənəcək. Burada təqlid yoxdur, ənənə var. Baxanda bilinir ki, bu Azərbaycan rəssamlığıdır. Mən şəxsən Yaponiyada, Almaniyada, Amsterdamda öz əsərlərimi göstərəndə şahidi oldum ki, ona maraq çoxdur. Çünki maraq o vaxt olur ki, biz özümüz oluruq. Hər yerin bir özəlliyi var. Təyyarə meydanından düşəndə, hiss edirik ki, Bakının neft qoxusu var. Abşeron var, Quba, Zaqatala var və s. Yaradıcı adam bu torpaqdan-havadan nəfəs alıb əsər yaradır. Bir ildə bir neçə sərgi açmışıq. Məsələn, bizim gözəl rəssamımız var - Fərman Qulamov, aramızdan vaxtsız gedən Zakir Hüseynov—onların sərgisini açdıq. (Gülür) Özümün «Azərbaycan nağılları» sərgim indi də göstərilir. Xatırlayırsınızsa, bu kitab ingilis dilində buraxılmışdı. .

MƏN POZİTİV ADAMAM

- Bəli. Təqdimatına da getmişdik.

- Mədəniyyət və Turizm Nazirliyinin layihəsi idi. Azərbaycanın 30 ən məşhur nağılı kitabda toplanıb. İndi bu sərgidə gördüyünüz əsərlər o kitaba çəkilən orijinallardır.
Arif Hüseynov
Arif Hüseynov
Qərara gəldim ki, Novruz ərəfəsində sərgini açım. Burada 5 əsər Novruz Bayramına həsr olunub. Baxın, «Tonqal», «Kəndirbazlar», «Simurq quşu»... Bu quş nağıllarımızda xoşbəxtlik quşu kimi təqdim olunur. Mən onu Bakının, ölkənin üzərində təsvir etmişəm. Ümumiyyətlə, mən pozitiv adamam. Pis şeyləri görmək istəmirəm. Bilirəm, problemlər var. Amma mən hər şeydə yaxşılığı təsvir etmək istəyirəm. Bax, bu «Qulaq falı» əsərini ilk dəfə çəkmişəm. «Yumurta döyüşü»nü də həmçinin. İnşallah, gələn il dörd çərşənbəni ayrı-ayrı təsvir etmək fikrindəyəm. Bu haradan yaranır? Fikrimcə, miniatür sənəti milli adətlərə, folklora çox yatır. Gələcəkdə bu müasir həyata da çıxacaq. May sərgisində görəcəksiniz—artıq cavan rəssamlar var—onlar tamam fərqli işləyirlər. Bizə də o lazımdır. İrəliləyiş mütləq olmalıdır. Mən indi inamla deyə bilərəm ki, bu qalereya Bakının ən gözəl sərgi salonlarından biridir. Bunu tək mən yox, hamı deyir. Yəqin siz də görürsünüz...

XƏTAİ ADI COĞRAFİ MƏNA DAŞIMIR

- Elədir. Gözəldir. Arif bəy, Xətai Sənət Mərkəzi həm də Xətai rayonunda, «Xətai» metro stansiyasının düz yanında yerləşir. Bu nə təsadüfdür?

- Bəli rayon Xətainin adını daşıyır. Metro da həmçinin. Yaxınlıqda heykəli də var. Amma bu sənət mərkəzinə Xətai adını qoymaqda məqsədimiz vardı. XVI əsrdə Şah İsmayıl Xətai birinci Azərbaycan dövlətini yaratdı. Özü də yaradıcı adam idi. Həm də ətrafına sənətkarlar yığdı. Bu dövr Təbriz miniatür məktəbinin ən parlaq dövrü olub. Dövlət dağılanda, orada yetişən rəssamlar Hindistanda moğol məktəbini yaratdılar. Yəni Xətainin çox böyük təsiri oldu. Ona görə də, bu ad bizim üçün coğrafi anlam daşımır. Miniatür sənətimizin bu böyük şəxsiyyətlə çox böyük bağlantısı var.

- Çox gözəl uyuşub bir-birinə. Buna görə də, Sizi təbrik etmək olar. Qayıdaq sərginizə. Baxaq görək, hansı nağıllara əsər həsr etmisiniz?

- Sərgidə ən populyar nağıllarımız təsvir olunub. Çoxunuz oxumusunuz. Mən həmişə deyirəm. İnsanlar hər bir yaşda nağıl oxumalıdır. Uşaq vaxtı öz yerində, mən yaşda oxusalar da pis olmaz.

BALIQLAR DANIŞSA...

- Elədir. Sizin fikrinizi dəstəkləyirəm... (gülüşmə)

- Reallıq var. İndi bir irreallıq da olmalıdır. İnsan varsa, problem var. Bu problemləri aşa-aşa insan inkişaf edir, ya məğlub olur, ya qalib gəlir. Nağıllarda da böyük fəlsəfə var. Xalqımıza xas xasiyyətlər var. Xeyirlə-şərin mübarizəsi var, insanlara sevgi, ata-oğul münasibəti var. Bax, bütün bunlar nağılları mən yaşda oxuyanda daha maraqlı gəlir. O vaxt tutmadıqlarımı indi tuturam. Burada bir maraqlı nağıl var. Balıqlar nağılını çəkmişəm. Şah ailəsi ilə oturub. Vəzir-vəkil də yanında. Balıq gətirirlər. Deyirlər ki, balıq danışır. Şah əvvəl inanmır. Daha sonra vəzirə əmr edir ki, padşahın yanında balıqlar danışsın. Vəzir istəmir, bilir ki, danışsa, vəziyyət pis olacaq. Şah israr edir. Axırda məlum olur ki, ailədə xəyanət var...

- Demək belə. Kaş bütün cəmiyyətlərdə balıqlar danışa biləydi! Nələr üzə çıxardı?!

- (gülür) Elədir...Hə, bax sərgidə «Məlikməmməd» var, «Nar qız» var...

- Sərgidə daha nə var? 30 Azərbaycan nağılına çəkilmiş 45 əsəri görmək istəyirsinizmi? Elə isə Vüsalə Əlibəylinin Xətai Sənət Mərkəzindən hazırladığı videoya baxın.
XS
SM
MD
LG