Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:41

Sevinc el Sevər. Mən indi çox pulsuzam (Yeni şeirlər)


Yeni şeirlər


Çox pulsuzam

mən indi çox pulsuzam
sən indi çox xəstəsən, ana...
mən indi çox pulsuzam
sən indi çox dərdlisən, ata...

içimdə bir ümid var
pulum olmadan
məni utandıraraq
yandıraraq getməzsən, ana
alacam o nissə çəkilən dərmanları
ölsən belə bu zalım xəstəlikdən ölməyəcəksən
xəstəliyin qollarına buraxmaram səni...

əllərini sığallamaqla
öpüb gözlərimə qoymaqla
üzünü güldürmək istəməyim
azaltmır ağrılarını bilirəm
ağzının kənarındakı büküşlərdi gülümsəyən
atamın gedib-gəlib çiynimə qoyduğu
sağ əlinin ağırlığıdır məni ayaqda saxlayan...

mən indi çox pulsuzam
sən indi çox xəstəsən, ana
mən indi çox pulsuzam
sən indi çox dərdlisən, ata...

bilmirəm sənə dözümmü diləyim
ya pulmu, işmi, ay ana?
hansı tez həyata keçər
hansı gerçək olar arzumun?
bu gün yeni namizədimizi
dinlədim radioda
seçkilər bitər-bitməz
iş yerlərinin sayı durmadan artacaq dedi
ən yaxşı həkimlərə aparacam səni
sağalacaqsan
yenə qapıya çıxıb
arxamca su atacaqsan...


Pessimizm

toz basmış pianoyam mən
qapağım qaldırılmamış
nə zamandı
dillərim xəfif bir toxunuşa möhtac
qoy külək gəlsin dəysin mənə
eybi yox,
kimsə gəlsin.

nəğmələrim vardı
tükləri ürpərdən
nəğmələrim götürərdi başına bu evi
məni sevən bir adam dilləndirərdi
getdi...
susqunam indi
tabut qapağı kimi
çırpılıb üstümə qapağım
səhər gəlmir ki, gözlərimi açım.

toz basmış pianoyam
zəhlətökən yekə bir yeşiyəm desənə
evdəki əşyaların belə yerini daraldan
təkcə üstümdəki güldandan ötrü lazımamsa
ona da masada
ya pəncərə önündə yer tapılar
mən olmasam...


Şahzadəm

sən uzaq saraylardan gələn şahzadəsən...
mən sənə baxan minlərlə qaragözlüdən biri
yaxşı ki, kişi deyiləm
yaxşı ki, qadın deyilsən
üzümü çevirməyi əmr edərdilər
güzgülərə qalardı gümanım
ay üzünü görməyə...

sən uzaq saraylardan gələn şahzadəsən
sən atlısan
mən piyada
qışqırsam
səni çağıran
minlərlə səsdən ayırmazsan səsimi
sənə uzanan heç bir qadının əlindən
seçilmir əlim
bircə ürəyim
təkcə ürəyim
ama döyüntülərini eşitdirəcək qədər
yaxınlaşa bilmədim sənə

sən uzaq saraylardan gələn şahzadəsən
fərraşlarına əmr elə
qaldırsınlar məni yolundan
qovub çıxartsınlar burdan
eşq başıma vurmadan
bir dəlilik yapmadan...


Bir ev gördüm yuxuda

ötən gecə bir ev gördüm yuxuda
iç-içə açılan çoxlu qapıları vardı
saymadım odaları
yuxuda bu ağlıma gəlmədi
indi deyirəm
kaş sayaydım...

odalardan birinin kəsif qoxusu vardı
içi uzun, dardı...
heç kim heç nə demədi
qarşıma çıxmadı inni-cinni
ama bildim ki,
indicə bu otaqdan bir ölü aparıblar
həmişəlik yetim qalıb bu otaq
öz kəsif qoxusuyla...

azmışdım evin içində
bu günədək yaşadığım
kirayələdiyim
bircə gecə gecələdiyim
bütün evlər bu evin içinə sığmışdı...
məndən başqa kimsə yoxdu
kimdənsə qorxurdum yenə
əlim qapılardan birində oyandım
bilmədim yuxumun sonu nə oldu?


Sevgidə kompleksli qadın

sevimlim Yıldız Tilbəyə ithaf...

bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...

ağladımsa
üzümdə artır qırışlar
bir az da böyüyür burnum
yekəlir ağzım
ötən yaz üst damağımdan çəkdirdiyim dişin
boş yeri görünür
güləndə gizlədə bilirəm halbuki
ordakı qara dəliyi
ağlayanda yadıma düşmür.

küsdümsə,
əyilir üzüm
çatılır qaşım
yığılır alnım
dodaqlarım büzülür
yaraşmır mənə küsmək...

hirslənsəm,
göyərir üzüm
xırıldayır səsim
qışqırsam, dilim görsənir nəyi var
dilimi göstərməkdən utanaram oysa həmişə...

yatanda necə göründüyümü
bilmək istədim
gözümü yumdum
şəklimi çəkdim
baxdım xeyli azalıb gözəlliyim
ağzım açıq qalır yatarkən
uşaqlığımdakı kimi yəqin...

indi yanında ölməyim gəlsə,
necə görünəcəyimi dərd edəcəm
əvvəlcə...
XS
SM
MD
LG