Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:53

Azərbaycanlıların qəzəbinə səbəb olmuş karikatura müəllifi mühacirətdə kitab yazıb


Mana Neyestaninin karikaturası
Mana Neyestaninin karikaturası
.

Golnaz Esfandiari


2006-cı ildə İranın «İran» adlı dövlət qəzetinin uşaq bölməsində verilmiş bir karikatura ölkədəki azərbaycanlıların böyük qəzəbinə səbəb olmuşdu. Karikaturada Azərbaycan dilində danışan bir tarakan təsvir olunmuşdu. Həmin tarakan Azərbaycan dilində «Nə?» deyirdi.

Bu karikaturaya etiraz olaraq azərbaycanlıların keçirdiyi aksiyaya hökumət güc tətbiq etməklə cavab vermişdi. Nəticədə 19 nəfər ölmüşdü, çox sayda adam həbs olunmuşdu. Sonradan həmin karikaturanın müəllifi və qəzetin redaktoru həbs olunaraq Tehranın «Evin» həbsxanasına salınmışdı. Karikaturanın müəllifi İranın məşhur karikaturaçısı Mana Neyestani idi.

Neyestani 3 ay həbsdə qalandan sonra icazə əsasında müvəqqəti olaraq həbsxanadan çıxır. Həbsdən çıxan kimi də həyat yoldaşı ilə birlikdə İrandan qaçır. Bir müddət Türkiyədə, Malaziyada və Çində qalır. İndi isə Fransada sığınacaq tapıb.

«İRAN METAMORFOZU»

39 yaşlı Mana Neyestani indi özünün həbsxana həyatı haqqında bir kitab yazıb. «İran metamorfozu» adlı kitab Fransada nəşr olunub. Bu adla da yazıçı Franz Kafkanın məşhur bir hekayəsinə işarə edir. Franz Kafkanın həmin məşhur hekayəsində bir adam nəhəng həşərata çevrilir. Ailə üzvləri də onu təqib etməyə başlayır. Neyestaninin kitabının Avropanın digər ölkələrində və ABŞ-da da nəşri planlaşdırılır.

Kitabda Neyestani həbsxanada gördüyü fiziki təzyiqlərdən, çoxlu sorğu-suallardan, həmin karikaturaya görə xaricdən pul alması ilə bağlı etiraf təkliflərindən və ona göstərilən başqa təzyiqlərdən danışılır. Kitabda yazdıqlarına ağ-qara rəngdə verilmiş karikaturalar da əlavə olunub.

«NƏMƏNƏ» SÖZÜNÜ ONA GÖRƏ İŞLƏDİB Kİ...

Mana Neyestani onu sorğu-sual edən müstəntiqə deyib ki, təsvir etdiyi tarakan ona görə Azərbaycan dilində «Nəmənə» sözünü işlədib ki, iranlıların çoxu farsca da danışanda bu sözü işlədirlər. Ancaq müstəntiq ona deyib ki, bu ağlabatan fikir deyil. Ən yaxşısı onunla əlaqədə olan başqa karikaturaçılar haqqında da məlumat versin.

İxtisasca memar olan Neyestani deyir ki, bu kitabı İranda ziyalıların üzləşdiyi çətin, bəzən absurd, hətta tragikomik situasiyaları əyani göstərmək üçün yazıb.
XS
SM
MD
LG