Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:42

Operanın yeni Leylisi olacaq - pop ulduzu...


«Leyli və Məcnun» operasının ilk afişası, Bakı,1908-ci il
«Leyli və Məcnun» operasının ilk afişası, Bakı,1908-ci il
Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevlə müsahibə:


- Hafiz müəllim, operada yeni Leylinin hazırlandığını eşitdik. Xəbər doğrudurmu?

- Bəli, bəli. Nə yaxşı ki, bizim «Leyli-Məcnun»umuz var və Leylilərin sayı getdikcə artır.

- Nə gözəl! Bu dəfəki Leyli kim olacaq?

- Son Leylimiz Vüsalə Musayeva olmuşdu. Muğam Müsabiqəsindən seçilmişdi. İlkin Əhmədovla oynayırdı. İndi isə Leyli tanınmış müğənni Lalə Məmmədova olacaq.

- Bu necə baş verdi? Onda Leylini sizmi gördünüz, yoxsa özü Leyli olmaq istədi?

- Onun özünün çoxdan Leyli oynamaq arzusu var imiş. Milli Konservatoriyada oxuyandan. Orada tələbələrlə «Leyli-Məcnun»dan, «Aşıq Qərib»dən—bir sözlə, milli operalarımızdan hissələr hazırlanır və diplom işi kimi imtahanlarda göstərilir. Elə o vaxtdan da Leylini oynamaq arzusunda imiş. Arzu böyük oldu və nəhayət onu reallaşdırmağa gəldi.

- Hafiz müəllim, məncə Leylini oynamaq hər bir aktrisa üçün şərəfdir. Bəs buna gərək olan məziyyətlər, xüsusiyyətlər Lalə xanımda varmı?

- Mən çox istərdim ki, bizim müğənnilərimizin, xanəndələrimizin hamısı Leyli oynamaq həvəsində olsun, onu arzulasın, nəinki yüngül şou-biznes aləminə qatılsın...Hətta siz deyən kimi, məziyyətlər olmasa belə arzulamaq lazımdır. Amma Lalə xanım Leyli oynamaq üçün uzun müddət öz üzərində çalışıb, muğam öyrənib. Muğam dərsi alıb. Çox həvəslə də məşqlər edir. İndi obrazın bədən plastikası, mizanlar qurulur. Mən görürəm ki, Lalə xanımda artistizm var. Bu gün hələ demək tezdir, amma ilk tamaşaya qədər bu məziyyətlər onda oturuşacaq.

- Siz indiyədək neçə Leyli hazırlamısınız?

- Vallah, xeyli...Sayını itirmişəm (gülüşmə). 8-dən 9-dan çoxdu...

- Onda sualı belə qoyum. Son Leyli əvvəlkilərdən nə ilə fərqlənir?

- Bu gün fərqləndirmək, müqayisə etmək çox tezdir. Sadəcə olaraq obraz hazırlanır. Düşünürəm ki, öhdəsindən gələcək. İndi çox ciddi səhnə məşqləri gedir. Özü də məşqlərə ürəklə, həvəslə, zəhmətlə qatlaşır. Çalışır ki, onda hər şey alınsın.

- İlk tamaşa nə vaxt olacaq?

- Aprelin 29-da olmalıdır.

- Belə tez?
- Artıq məşqlərimiz tamamlanır.

- Demək, tezliklə yeni Leylini görə biləcəyik?!

- Bəli, bəli! Mən sadəcə bir şeyi təkrar demək istərdim. Üzeyir bəy, Allah ona rəhmət eləsin—onun yazdığı əsərlər bir məktəbdir, bir sınaq məktəbidir. Əlbəttə, özünə güvənən hər bir xanəndə onun əsərlərində oynamaq istər. Və nə yaxşı ki, o əsərlər hamını özünə cəlb edir. Mən istərdim ki, bütün sənətçilərimiz, Üzeyir bəyin əsərlərində oynamasalar belə, «Leyli və Məcnun»a, «Koroğlu»ya, «Əsli və Kərəm»ə, «Aşıq Qərib»ə, «Arşın mal alan»a köklənsinlər, nəinki yüngül musiqiyə aludə olsunlar... Məncə, bu daha yaxşı olardı.

- Onda bir sual da verim... Heç soruşmadım, son Leylinin Məcnunu kim olacaq?

- Məcnun köhnə olacaq. Səbuhi İbayev...(gülüşmə)

- Sizə uğurlar!

- Sağ olun.

XS
SM
MD
LG