Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:44

Bəkir Çobanzadə mükafatı Azərbaycan aliminə verildi


Ramiz Əskər
Ramiz Əskər
«Hörmətli Ramiz Bəy!
Komissiyanın qəti qərarı ilə Siz Bəkir Çobanzadə mükafatı ilə mükafatlandırıldınız.

Təbrik edirik!!!

Hörmətlə, Ayder Emirov»


Bu məktubu Azərbaycan alimi, türkoloq Ramiz Əskər Krımda - Qarasubazarda yerləşən Bəkir Çobanzadə Xeyriyyə Fondunun koordinatoru Ayder Emirovdan alıb.

Xəbəri Ramiz Əskər AzadlıqRadiosuna bildirib.

Çobanzadə Fondu hər il mayın son ongünlüyündə təntənəli mərasimlə Bəkir Çobanzadə mükafatının təqdimatını keçirir.

Fondun bu ilki qalibi Azərbaycan alimi türkoloq Ramiz Əskərdir.

Bu il Ramiz Əskərin TÜRKSOY kitabxanasından çevirdiyi və ön söz yazdığı iki kitab—Bəkir Çobanzadənin «Seçilmiş əsərləri» və «Seçilmiş şeirləri» nəşr edilib.

Kitaba Çobanzadənin 73 şeiri, 6 hekayəsi, 3 publisistik yazısı və ədəbiyyat haqqında düşüncələri daxil edilib.

Xatırladaq ki, bütün zamanların ünlü türkoloqu Bəkir Çobanzadə 1937-ci il repressiyasının qurbanlarındandır.

O, 1893-cü ildə Krımın Qarasubazar şəhərinin Arğın kəndində doğulub.

Bəkir Çobanzadə Avropa təhsilli ilk türkoloq sayılır.

O, bütün Avropa dillərini bilirdi.



Bəkir Çobanzadə

DİNC TATAR ÇÖLÜNDƏ

Dinc tatar çölündə ot da bitməyir,
yox meyvələri.
Çoxdandır bu yerdən igid ötməyir,
yolları əyri.
Dinc tatar çölünün kəndləri bolmuş,
İnsanlar ürkək.
İgidlər səssizcə məzara dolmuş,
uşaqlar zirək.
Dinc tatar çölləri, qəmdən keçilməz,
odsuz, ocaqsız.
Dinc tatar çölünə bir tufan gərək,
qurbağa susar!
Bayquşlar, doğulsa əgər bir erkək,
ödünü qusar.
Dinc tatar çölünə ətalət yağır,
qan gərəkdir, qan!
Burda hamı qoyun, dovşan, ya sığır,
hanı bir aslan?

Budapeşt, 1916
XS
SM
MD
LG