Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:41

«İstanbul və Bosfor boğazı» tablosu rekord qiymətə satıldı


Ayvazovskinin rəsmlərindən biri
Ayvazovskinin rəsmlərindən biri
Aprelin 24-də Londondakı Sotheby’s hərrac evində dünyaca məşhur rus rəssamı İvan Ayvazovskinin «İstanbul və boğaz» mənzərəsi rekord qiymətə satılıb.

1,8 milyon funt sterlinqə satışa çıxarılan əsər 3 milyon 233 min 250 sterlinqə (təxminən 5 milyon dollar) satılıb.

Xəbəri Hərrac Evinin mətbuat xidməti yayıb.

Tablonu kimin aldığı gizli saxlanılır. Alıcının hərraca öz nümayəndəsini göndərdiyi və satışa telefonla qatıldığı xəbər verilir.

Xatırladaq ki, İvan Ayvazovski 1817-ci ildə Krımda—Feodosiyada erməni ailəsində doğulub.

Onun bioqrafları rəssamın ulu babasının türk olduğunu yazırlar.

Rəsmləri gənclik illərindən diqqət çəkib.

I Nikolay onu Sankt Peterburqa təhsil almağa göndərib.

Rəssamlıq təhsilini tamamladıqdan sonra onu Avropaya yollayıblar.

Ayvazovski Avropanı gəzib-dolaşıb, müxtəlif sərgilər açıb və zamanının ən məşhur rus rəssamına çevrilib.

1844-cü ildə Rusiyaya qayıdan rəssam hərbi dəniz donanmasında işləməyə başlayıb.
Odur ki, onun əsərlərində dəniz mövzusu üstünlükdədir və o, dünyada ən çox və ən yaxşı dəniz mənzərəsi çəkən rəssam sayılır.

Ayvazovski 15 il boyunca Osmanlı imperiyasının paytaxtı İstanbula dörd dəfə gəlib.

İlk gəlişində - 1845-ci ildə I Abdulməcid onu Bəylərbəyi sarayında qarşılayıb.

Rəssam Dolmabahçe sarayı üçün tablolar işləyib.

Son səfərində Sultan I I Abdülhamidə iki əsərini bağışlayıb.

Rəssam 1900-cü ildə 82 yaşında Krımda vəfat edib. Ölən günü «Türk gəmisinin partlayışı» əsərini çəkməyə başlayıb. Əsər yarımçıq qalıb.

Sotheby’s –də rekord qiymətə satılan tablonu Ayvazovski 1856-cı ildə çəkib və əsər zamanında yüksək qiymətləndirilib.

5 il əvvəl onun «İstanbulda dan üzü» əsəri də hərracda rekord qiymətə - 2,7 milyon funt sterlinqə satılmışdı.

İ. Ayvazovski 5 min tablo müəllifidir.

Əsərləri dünya muzeylərini və şəxsi kolleksiyaları bəzəyir.

Yeri gəlmişkən, hərracda 33 əsər satışa çıxarılıb.

Onların arasında bir türk rəssamının da tablosu olub.

Osman Hamdi Bey-in 1878-ci ildə çəkdiyi «Okuyan Genc Emir» əsərinə 3-lə 5 milyon sterlinq arasında qiymət qoyulub.

Amma tablo satılmayıb.
XS
SM
MD
LG