Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Heraldonline: Azərbaycan İsrail münasibətləri İranı narahat edir


Arxiv foto
Arxiv foto
«Heraldonline» Sheera Frenkel-in Azərbaycan-İsrail münasibətlərindən bəhs edən yazısını dərc edib. Yazıda qeyd olunur ki, iki ölkənin münasibətlərinin çiçəklənməsi Yaxın Şərqdə çoxunun xoşuna gəlmir, çünki ən azından Azərbaycan İranın şimal qonşusudur və İranla sıx mədəni və demoqrafik münasibətləri var.

4 MİLYARD DOLLAR BÖYÜK RƏQƏMDİR

İsraillə Azərbaycanın ticarət dövriyyəsi ildə 4 milyard dollardır. İsrailin keçmiş Sovet respublikaları içində ən böyük ticarət dövriyyəsi məhz Azərbaycanladır. İsrail rəsmiləri tez-tez bu ölkəyə səfərlər edirlər, bu günlərdə isə xarici işlər naziri Avigdor Lieberman gəlib. «Bizim münasibətlər çox intensivdir», Lieberman deyib.

Müəllif iddia edir ki, Azərbaycanın İran və Rusiya arasındakı mövqeyi onu diplomatik «xəfiyyələr yuva»sına çevirib. Müxtəlif, xüsusilə də düşmən ölkələr – ABŞ, İran, Rusiya və İsrail – burada bir-birinə qarşı kəşfiyyat materialı toplaya bilib.

İsrailin Azərbaycanla ticarəti isə daha çox maraq oyadır. Fevralda Azərbaycan hərbi avadanlıq, pilotsuz təyyarə və sairə almaq üçün İsrail Aerospace Sənaye Şirkətinə 1,6 milyard dollar ödəyib. Azərbaycan həmçinin İsrailin enerji ehtiyacının 30 faizini ödəyir.

«İsrailin regional məqsədlərində Bakının mühüm rolu var», bunu Azərbaycan ticarət sövdələşmələrində iştirak etmiş bir İsrail diplomatı deyir.

DAHA YAXŞI VARİANT HANSIDIR?

Bu münasibətlər harayacan gedə bilər? İsrail İranın nüvə proqramına görə hərbi tədbir görəcəyi ilə hədələyib. «Foreign Policy» jurnalı iddia edirdi ki, İsrail bu məqsədlə Azərbaycanda hava bazasına çıxış əldə edib.

Azərbaycan və İsrail rəsmiləri bu məlumatı təkzib ediblər. Adı çəkilməyən İsrail rəsmiləri İsrailin 2-ci kanalına deyiblər ki, Azərbaycanda hava bazalarından «daha yaxşı, daha praktik variantlar» var.

Azərbaycanla İranın münasibətləri isə pisləşməkdə davam edir. İsrailin Mossad agentlərinin Azərbaycanda fəaliyyətini iddia edən məlumatlarla bağlı Azərbaycanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycanda isə hərbi ekspertlər təxmin edirlər ki, bu ölkədəki hava bazalarından İran üzərinə pilotsuz təyyarə missiyaları üçün istifadə oluna bilər, nəinki hücum.

60 PİLOTSUZ TƏYYARƏ

2008-ci ildən Azərbaycanda İsrailin pilotsuz təyyarələri var, onlar paradda da görünüblər. Ötən sentyabrda belə bir təyyarə Dağlıq Qarabağ üzərində vurulub. Elə həmin ay Azərbaycan hökuməti elan edib ki, İsrail modelinə uyğun pilotsuz təyyarə hazırlamaq üçün həmin ölkədən lisenziya alıb.

Bu ilin fevralında imzalanmış sazişə uyğun olaraq, Azərbaycan 60 İsrail-modelli pilotsuz təyyarə alacaq.

Siyasi ekspert Rövşən İbrahimov News.Az-a deyib ki, Liebermanın Bakıya səfərinin məqsədi də İranı Azərbaycan vasitəsilə qorxutmaq olub:

«İsrail Tehrana göstərməyə çalışır ki, İranı istənilən vaxt vura bilər və buna görə də müttəfiqlərinin dəstəyini qazanmaq üçün müəyyən addımlar atır».

Lieberman isə səfərinin məqsədinin kimisə qorxutmaq olduğunu təkzib edib. Deyib ki, onun Bakıdakı görüşlərində ikitərəfli münasibətlər müzakirə olunub. Onun ofisinin yaydığı məlumatda isə deyilirdi ki, İran məsələsi də gündəlikdə olub.
XS
SM
MD
LG