Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Hikmət Hacızadə: «Erməni lobbisi üçün Morningstar'ı yıxmaq çətin olar»


İyun 2010. ABŞ Dövlət Katibinin xüsusi nümayəndəsi qismində Azərbaycana səfər edən R.Morningstar Bakıda mətbuat konfransında
İyun 2010. ABŞ Dövlət Katibinin xüsusi nümayəndəsi qismində Azərbaycana səfər edən R.Morningstar Bakıda mətbuat konfransında
Politoloq Rasim Musabəyov hesab edir ki, ABŞ prezidenti Barak Obamanın Azərbaycan səfiri vəzifəsinə təklif etdiyi Richard L. Morningstar Azərbaycana sərf edən namizəddir.

Politoloq düşünmür ki, ABŞ-dakı erməni lobbisi bundan əvvəlki səfir Bryza kimi Morningstar-ın da namizədliyinin parlamentdə təsdiqlənməsinə maneçilik törədə bilər.


- Məncə, çox yaxşı bir namizəddir. Sadəcə, bir az yaşı çoxdur. Amma olduqca təcrübəli və nüfuzlu bir şəxsdir. Azərbaycanı çox gözəl tanıyır. Neftlə bağlı siyasəti gözəl bilir. 10-15 ildir bölgəylə birbaşa məşğul olur. Fikrimcə, çox uğurlu namizəddir. Və onun nüfuzu və təcrübəsini nəzərə alaraq fərz etmirəm ki, ermənipərəst senatorlar ona maneələr yaratsınlar. Eyni zamanda belə bir nüfuzlu şəxsin namizədliyinin səfir vəzifəsinə irəli sürülməsi ABŞ üçün Azərbaycanın necə böyük əhəmiyyət daşıdığını göstərir.

Politoloq Hikmət Hacızadə də Morningstarın namizədliyini Azərbaycan üçün münasib sayır. Onun fikrincə, erməni lobbisi Morningstarın da namizədliyinə maneçilik törədə bilər, amma bu, çox çətin ola bilər.

- O, çox nüfuzlu dövlət xadimidir. Bütün Avrasiya regionu üzrə enerji məsələləri ilə məşğul olub. Azərbaycana da gəlib-gedib. Prinsipcə, belə bir səfirin gəlməsi Azərbaycan üçün çox yaxşı olardı. Əlbəttə ki burada Bryza ilə bağlı qalmaqal da öz rolunu oynayıb. Yəqin elə namizəd vermək istəyirlər ki, erməni lobbisi onu rədd eləməsin.

- Yəni hesab edirsiniz ki, Morningstar Senatda elə bir problemlə üzləşməyəcək.

- Üzləşə bilər. Amma Morningstar çox nüfuzlu adamdır. Onu yıxmaq çətin olacaq.


Morningstar kimdir? Bu barədə aşağıda ətraflı

OBAMA MORNİNGSTARI AZƏRBAYCANDA GÖRMƏK İSTƏYİR

Prezident Barak Obama Richard L.Morningstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması niyyətini bəyan edib.

Bu haqda Ağ evin mətbuat xidmətinin aprelin 26-da yaydığı məlumatda deyilir. Peşəkar diplomat olan 67 yaşlı Richard Morningstar hazırda Dövlət Katibinin enerji məsələləri üzrə Avrasiya nümayəndəsi vəzifəsini tutur.

Azərbaycan səfiri vəzifəsini tutmaq üçün Richard Morningstarın namizdəliyi Senat tərəfindən təsdiq olunmalıdır.

Xatırladırıq ki, Obamanın bundan əvvəlki təqdimatının Senat tərəfndən təsdiqlənməməsi səbəbindən Matthew Bryza cəmi 1 il Azərbaycan səfiri vəzfəsində işləyə bildi. Onun namizədliyi erməni lobbisinin səyləri nəticəsində rədd edildi.


RİCHARD L. MORNİNGSTAR-IN BİOQRAFİYASI

Richard L. Morningstar ABŞ Dövlət Departamentinin Avrasiya Enerji Məsələləri üzrə Xüsusi Səfiridir. O, bu vəzifəyə 2009-cu il aprelin 6-da dövlət katibi Hillary Clinton tərəfindən təyin olunub. Bu təyinatdan əvvəl Səfir Morningstar Harvardda Kennedi İdarəçilik Məktəbində və Stanford Hüquq Məktəbində mühazirələr oxuyub. O, həmçinin Brown Universitetində və Boston Hüquq Kollecində dərs deyib.

2001-ci ilin oktyabrından o, Stonebridge International LLC beynəlxalq strategiya firmasının baş direktorudur.

1999-cu ilin iyunundan 2001-ci ilin sentyabrınacan Morningstar Birləşmiş Ştatların Avropa Birliyində səfiri olub. Bundan əvvəl isə Prezident və Dövlət Katibinin Xəzər Hövzəsi Enerji Diplomatiyası üzrə Xüsusi Müşaviri işləyib. Birləşmiş Ştatların Xəzər Hövzəsində enerji hasilatı və nəqliyyatı üzrə beynəlxalq təşkilatlarla maksimum əməkdaşlıq məsələlərinə məsul olub.

1995-ci ilin aprelindən 1998-ci ilin iyulunadək ABŞ Prezidenti və Dövlət Katibinin keçmiş Sovet İttifaqının Yeni Müstəqil Dövlətləri üzrə Xüsusi Müşaviri işləyib. ABŞ-ın həmin ölkələrdə ikitərəfli yardım və ticarət investisiyasına nəzarət edib. 1993-cü ildən 1995-ci ilədək Overseas Private Investment Corporation-da (OPİC) baş vitse-prezident işləyib.

Bundan əvvəl müxtəlif vəzifələrdə çalışmış Morningstar həmçinin Xarici Əlaqələr Şurasının üzvüdür.

Səfir Morningstar xarici siyasətə dair müxtəlif məqalələr müəllifidir. Həmin məqalələrdən biri «Bakı-Tbilisi-Ceyhan kəməri: Keçmişə və Gələcəyə Baxış» adlanır.

Səfir Morningstar 1945-ci ildə Massachusetts ştatının Newton şəhərində doğulub.

Bakalavr dərəcəsini 1967-ci ildə Harvardda, J.D. (hüquq doktoru) dərəcəsini isə 1970-ci ildə Stanford Hüquq Məktəbində alıb.

Richard L. Morningstar ABŞ-ın Azərbaycandakı enerji siyasətinin arxitektorlarından biri sayılır.
XS
SM
MD
LG