Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Zahid Oruc: Müxalifətdən hakimiyyətə təzyiq kimi istifadə edirlər


Zahid Oruc
Zahid Oruc
«Xarici diplomatların müxalifət nümayəndələri ilə görüşünə Azərbaycanda ciddi dəyişikliklərə yol açan bir proses kimi baxmırıq».

Bunu iqtidaryönlü Ana Vətən Partiyasından deputat Zahid Oruc İctimai Palatanın Qərb diplomatları ilə görüşünü şərh edərkən deyir. Onun fikrincə, bu görüşləri hansısa qüvvəni hakimiyyətə gətirmək ssenarisi kimi qələmə vermək düzgün deyil:

- Əlahiddə olaraq biz bu görüşü Qərb institutlarının mərkəzi qüvvələrindən gəlmiş tapşırıq, hansısa dəyişikliyə, hansısa ssenarinin getməsinə yol açan bir proses kimi baxmırıq. Müəyyən dönəmlərdə maraqlar dəyişəndə geosiyasi proseslərin həmin dairələrin istəyinə uyğun getməsi gərəkəndə buna bənzər addımlar atılmış olur. Bunlar 2005-ci ildə də buna bənzər addımları atıblar. Fəal siyasi dönəmlərdə bu qüvvələrin maraqları sanki irəliyə doğru gəlib. Müxalif qüvvələrdən hakimiyyət əleyhinə təzyiq vasitəsi kimi faydalananlar bu bölgənin iqtisadi, siyasi çıxarlarına əl uzatmaq üçün hərəkətə keçiblər. Bu, heç bir halda hansısa qüvvəni hakimiyyətə gətirmək ssenarisi deyil. Yeni hakimiyyət quruculuğu üçün bir proqram deyil.

- Bəs o zaman niyə narahat olursunuz?

- Qəti şəkildə narahatlıq yoxdur. Mənə elə gəlir ki, müxalif mediası üçün önəmlidir ki, istənilən münasibəti narahatçılıq kimi qələmə versinlər.

- Vitse-spiker Ziyafət Əsgərov deyir ki, Qərb diplomatlarının müxalifətlə görüşməsi siyasi sabitliyi pozmaq istəyən qüvvələri qızışdırmaqdır.

- Siz özünüz gördünüz ki, bunu faciə olaraq dəyərləndirmə mövqeyi yoxdur. Lakin süni ton vermək, əlavə nəfəslik açmaq, öz maraqları kontekstində müəyyən bir səviyyəyə gətirmək, hakimiyyət alternativi kimi saxlamaq mövqeyi var.

- Bəs müxalifət iqtidarın alternativi deyil, nəyidir?

- O halda ki, o xalqdan gələn impulslarla özünü formada saxlayır, aparıcı ideyalarını cəmiyyətə çıxarır, vətəndaş onun gələcəyinə investisiya qoyur və bu halda həmin qüvvə alternativə çevrilir. İndiki gerçəklikdə isə bu qüvvələr xarici iradənin təmsilçiləri kimidir.
Bir mühüm məsələyə də toxunmaq lazımdır ki, Xocalının ildönümlərindəki aksiyalara həmin səfirlərin hər biri dəvət olunsa da, əksər hallarda mən onları görmürəm. 2-ci, 3-cü dərəcəli nümayəndələri gəlirlər. Ölkə daxili qüvvələr bir normal aksiya keçiriblərsə, xalqın hansısa kəsiminin etirazını ortaya qoyublarsa, 2005-dən sonra gücləndiklərini göstərib, eyforik duruma gəlir, hansısa dalğaların bunları hakimiyyətə sahib edəcəyini düşünüb bu səfirliklərlə bu tipli görüşə can atmamalıdırlar.

- Siz tez-tez Qarabağ məsələsini gündəmə gətirirsiniz. Bu il biz gördük ki, ABŞ-da lobbi təşkilatları ayrılan pullar hesabına böyük kampaniya həyata keçirdi. Amma ötən illərdə bu pullar Konqres üzvlərinin Heydər Əliyevin ad günü ilə bağlı təbriklərinə xərclənirdi. Digər tərəf deyə bilər ki, korrupsiya ilə qazanılan pullara nə qədər hüquqşünas yetişdirmək olardı ki, sizin də dediyiniz kimi «Azərbaycan həqiqətlərini» dünyaya çatdırsınlar. Amma bu pullara offşor şirkətlər açılır, Dubayda mülklər alınır.

- Mənə elə gəlir ki, bu şəxsən sizin mövqeyinizdir.

- Əslində bu cəmiyyətdə mövcud olan söhbətdir.

- Siz bu mövzu fonunda hakimiyyət əleyhinə ən yüksək səviyyədə propaqanda aparmaqdasınız.

- Siz hər dəfə Qarabağ məsələsini gündəmə gətirirsiniz. Əgər Qarabağ məsələsi xarici siyasətdə bir nömrəli məsələdirsə, lobbi pullarının hara xərclənməsi də bir nömrəli məsələ olmalıdır.

- Siz hesab edirsinizsə ki, hansısa qanunsuz əldə olunmuş vəsaitlər ölkə xaricində başqa bir qanunsuz fəaliyyət üçün yönəlibdir, bu söhbəti mövzu kimi müəyyənləşdirib növbəti görüşlərin birinə daxil edə bilərsiniz. Ötən dövr ərzində Azərbaycanın xarici siyasət maşını dövlət başçısının müəyyənləşdirdiyi kursa müvafiq Azərbaycan maraqlarını irəliyə daşımaq, Qarabağ üçün beynəlxalq cəbhədə mühüm addımlar atmaq imkanına malik olublar. Bu Ermənistana vurulan müəyyən təsirlərdə, təzyiqlərdə özünü göstərməkdədir. Mən Qarabağ məsələsini ona görə xatırlatmadım ki, bu görüşün əsas mayasını bu mövzu təşkil etməlidir. Bu görüşün başlıca ideyası ölkə daxili siyasi həyatı fəallaşdırmaq, demokratiyanı gəlişdirmək, söz, fikir azadlığının geniş miqyasda bərqərar olmasını istəmək deyil. Mən əminliklə deyə bilərəm ki bu görüşün başlıca detalları da, ordakı danışıqlar da bəllidir. Hərçənd onlar çox xəsisliklə bu informasiyanı verirlər.

- Haradan bəllidir onda sizə?

- Mən sizin düşündüyünüzü söyləməyəcəm. Bilirəm ki, bizim hakimiyyət mənsublusunun üzərinə yeriyərək, bunun məxfi qurğularla dinlənildiyi iddia olunur.

- Yəni siz bunu ehtimal edirsiniz.

- Mən deyirəm ki, həmin qüvvələrin marağındadır ki, siyasi çevrənin onların maraqlarına işləməsi naminə digər alternativlər ayaqda saxlanılsın.

- Məgər ölkədə müxalifət olmamalıdır? Siz deyirsiniz ki, ölkədə müxalifətin ayaq üstə durması Qərb ölkələrinin marağındadır. Məgər iqtidarın marağında deyil ki, onun güclü müxalifəti olsun və o, bu rəqabətdə daha da möhkəmlənsin? Məgər demokratik ölkələrdə belə deyil?

- Bu o zaman olur ki həmin qüvvələrin institutsional bir təsisata çevrilməsi, cəmiyyət həyatında aktiv iştirakı insanların iradəsinə bağlı olur, səfirliklərin deyil.

Müzakirəni tam olaraq buradan dinlə:
XS
SM
MD
LG