Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Turistlər üçün hansı suvenirlər hazırlanır?


Şəkidə, Gəncədə, Lənkəranda və Azərbaycanın digər bölgələrində hazırlanan suvenirlər
Şəkidə, Gəncədə, Lənkəranda və Azərbaycanın digər bölgələrində hazırlanan suvenirlər
Hansısa xarici ölkəyə səfər edəsən və həmin ölkədən milli suvenir almadan geri qayıdasan. Çətin... Turistin alış-veriş siyahısında milli suvenirlər adətən ön sıralarda olur.

2 MANATDAN 100 MANATADƏK

25 yaşlı Cavid Əlifov İçəri şəhərdə milli suvenir satanlardan biridir. Deyir ki, son bir neçə gündə turistlərin sayı artıb. Satdığı suvenirlər isə əsasən, Şəkidə, Gəncədə, Lənkəranda və Azərbaycanın digər bölgələrində hazırlanıb:

Cavid
Cavid
«Maqnitli milli suvenirlərimiz var, milli şərflərimiz var. Məsələn, bu, İçəri şəhərin görüntüsüdür, bu isə Qoşa Qala-dır. Bu suvenir isə Qız Qalasıdır.

Bakıda milli suvenirlər daha çox İçəri Şəhərdə, Fəvvarələr meydanında keçmiş pasajın yerləşdiyi bir neçə mağazada satılır. Qiymətlər isə fərqlidir - 2 manatdan-100 manatadək. Ancaq 10-15 manata da suvenir almaq mümkündür. Suvenirlər arasında üzərində Bakıya aid tikililər həkk olunan maqnitlər, xüsusi naxışlarla hörülən qadın çantaları, araqçınlar, milli kuklalar üstünlük təşkil edir.

5 LAYİHƏYƏ 113 MİN MANAT

2011-ci ilin noyabrında Sahibkarlığa Milli Kömək Fondu milli suvenirlərin hazırlanması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbuluna başlayıb. İndiyədək 5 investisiya layihəsinin maliyyələşdirildiyi bildirilir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, investisiya layihələrinin qəbulu hələ də davam edir:

«Elan olunan dövrdən bu günəcən sahibkarlıq subyektlərindən daxil olmuş 5 investisiya layihəsi maliyyələşdirilib. Həmin layihələrin maliyyələşməsinə 113 min manat güzəştli kredit ayrılıb. Proses hazırda da davam edir. Sahibkarlığa Milli Kömək Fondu tərəfindən layihələr təhlil olunur və müvəkkil kredit təşkilatları vasitəsilə maliyyələşdirilir».

Abbas Əliyev deyir ki, layihə təklifləri qəbul olunan sahibkarlardan biri ailəlikcə müraciət edib. Onlar ağac üzərində oyma sənət növü vasitəsilə Qədim Bakının abidələrini həkk edirlər.

HANSI SƏNƏDLƏR LAZIMDIR?

Bakı sakini Təranə Əliyeva isə plastikadan milli kuklalar hazırlayır. Deyir ki, onun hazırladığı kuklalar adətən 200 manatdan baha olur. Amma bu kuklaların ölçüsü çox böyükdür. «Eurovision»a görə isə həm ölçüsü kiçik, həm da daha ucuz - biri 50 manata kuklalar hazırlayacaq. Müsabiqəyədək 30 kukla hazırlamağı planlaşdırır. Təranə Əliyeva deyir ki, ehtiyat material almaq üçün əlavə vəsait olsaydı daha çox hazırlayardı. Sahibkarlığa Milli Kömək Fondunun bununla bağlı layihələrin qəbulundan isə xəbərsiz olduğunu deyir:

«Harada qəbul edirlər? Hansı sənədlər lazımdır? Hara təklif etməliyəm».

MÜVƏQQƏTİ İNHİSAR?

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, milli suvenirlərin hazırlanması üçün layihələrin qəbulu prosesi şəffaf deyil:

«Əgər bu proses şəffaf keçirilsəydi ən azından ictimaiyyətə ətraflı məlumat verilərdi. Məhz «Eurovision»la bağlı suvenirlərin hazırlanmasında da müvəqqəti inhisar yaradılıb».

Bakıda «Eurovision» 2012 Mahnı müsabiqəsi mayın 22-26-da keçiriləcək. Həmin vaxtadək ölkəyə 50 minə yaxın turistin gələcəyi gözlənilir.
XS
SM
MD
LG