Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Seymur Baycan. Kasıbın bığı da gülməli görünür...


Seymur Baycan


KASIBÇILIQ

Həzrəti Əli kimi güclü bir şəxsiyyət deyirdi: “Cəmi bəlaların ən dəhşətlisi kasıbçılıqdır”.
Əgər həzrəti Əli kimi güclü, mübarək, böyük bir insan kasıbçılığa belə bir izah verirsə, deməli, kasıbçılıq həqiqətən də ağır və dözülməz bir haldır, vəziyyətdir...

Kasıbçılıq insan mənəviyyatını əzir. İnsanı ruhi gərginlikdə saxlayır. Kasıbçılıq insanın keçməli olduğu maneələri, sədləri daha da çətinləşdirir. Kasıbçılıq insanın verməli olduğu imtahanı daha da ağırlaşdırır. Hər kəs kasıb olduğu zaman ruhi müvazinətini saxlaya bilmir. Hər şey boz görünür. Həyat insanın gözündən düşür.

Kasıbçılığın necə bir bəla olduğunu, insan mənəviyyatını necə əzdiyini göstərən ən gözəl əsərlərdən biri “Səfillər”dir. Tenardye ailəsinin faciəsi əsasən ailə başçısının naqisliyindən doğsa da, kasıbçılığın da bu faciədə rolu az deyildi.

Deyildiyi kimi kasıbçılıq insanın verməli olduğu imtahanı daha da ağırlaşdırır. Elə həmin əsərdə “niyə həkim çağırmırsınız” sualına belə cavab gəlir: “Lütf edin, cənab, biz kasıb adamlarıq. Öz gücümüzlə ölürük”.

“Səfillər” əsərindən başqa bir məqamı xatırlayaq: “Cənab, biz kasıb adamlarıq. Qızım soyuq suda paltar yumaqdan əlləri qıpqırmızı olur. Bir dəfə bayram günü biz axşam saat səkkizdə yatmışdıq...”. Anlayanlar üçün “bir dəfə bayram günü biz axşam saat səkkizdə yatmışdıq” cümləsi çox söz deyir. Ağır cümlədir.

Kasıbçılığın necə ağır bir dərd olduğunu, insan mənəviyyatını necə əzdiyini göstərən əsərlərdən biri də Dostoyevskinin “Cinayət və cəza” əsəridir. Marmeladovun ailəsinin faciəsinin əsas süjeti kasıbçılıq idi. Keşişin bəlağətli, təskinedici sözlərinə qulaq asan vərəmli Katerina İvanovna ağ dəsmala öskürür. Qanlı dəsmalı keşişə göstərərək deyir: “Bəs buna nə deyirsən?”.

Əlbəttə, kasıbçılığın necə ağır dərd olduğunu göstərən, izah edən çox əsərlər var. Lakin “Səfillər”, “Cinayət və cəza” kimi əsərlərdə kasıbçılığın insanın daxili aləmini necə darmadağın etməsinin bədii həlli çox mükəmməl verilib.

Çox zəngin həyat təcrübəsi olan bir qohumum həmişə deyərdi: “Kasıbın bığı da gülməli görünür”. Əlbəttə bu sözün ağırlığını, həqiqi mənasını o vaxt anlamırdım. Zaman keçdikcə kişinin nə demək istədiyini başa düşdüm. Onun bu sözü deməsinə səbəb vardı. Onların baş mühəndisi oğlunu idarəyə gətiribmiş. Hamı uşağı tərifləyir. Hərə uşağa bir hədiyyə verir. Konfet, peçenye, şokolad, şar... Uşaq aləmi dağıdır. Əl-ayağa dolaşır. Fəhlələri soyur. Amma heç kim uşağın hərəkətlərindən incimir. Tam tərsinə, uşağın ünvanına təriflər yağdırırlar. Deyirlər ki, oğlan uşağı dəcəl olmalıdır.

Bu əhvalatdan 10-15 gün sonra bir fəhlə həvəslənib öz oğlunu işlədiyi idarəyə gətirir. İş yoldaşları oğlunu idarəyə gətirdiyi üçün fəhləni xeyli qınayırlar. Uşağa hədiyyə verən olmur. Uşağa olmazın sözü deyirlər. Biri deyir ağzı yekədir. Biri deyir ayağı əyridir. Biri deyir qulağı böyükdür. Axırda da kollektiv şəkildə qərara gəlirlər ki, bu uşağın gələcəyi yoxdur...


Kasıbların sevgisi kino, ədəbiyyat üçün maraqsızdır. Gəlin uzağa getməyək. Geyimi, keçimi yerində olan cütlərə adamlar heyranlıqla, qibtəylə, həvəslə baxırlar. Onların hərəkətlərinə “cavandırlar” deyib haqq qazandırırlar.

Kasıb geyinmiş, geyimi-keçimi yerində olmayan cütlərə adamlar həqarətlə, rişxəndlə nəzər salırlar. Bu baxışlardan hətta nifrət belə oxunur. Çünki yağan yağışa pəncərədən baxmaqla, yağış suyunun yırtıq ayaqqabının içinə dolması eyni şey deyil.

Kasıbın kədəri olmur. Kasıbın bəlası olur. Kədərlə bəlanın fərqini anlamaq üçün Qorkinin və Tolstoyun “Uşaqlıq” əsərlərini oxumaq lazımdır. Sevgi həm də təbiət hadisələrini mənalandırıb, təbiət hadisələrindən zövq almaqdır. Kasıbçılıq təbiət hadisələrindən zövq almağa imkan vermir.

Tolstoy “Uşaqlıq”da öz dayələrinin görünüşünü, davranışlarını, uşaqlıq əyləncələrini yazırdı. Qorkinin “Uşaqlıq”ı isə atasının ölümü ilə başlayır. Tolstoy öz burjua kədərini, Qorki isə döyülməyini, dilənməyini, çirki, kiri, vəhşiliyi qələmə alırdı...

Kişinin köhnə, yamaqlı paltarda gəzməsini hardasa həzm etmək, qəbul etmək olur. Kasıbçılıq qadının üzərində öz miskin ləkələrini daha asanlıqla yayır və bu ləkələr daha aydın görünür. Qadının kasıbçılığı daha ürək ağrıdandır. Həzm etmək, dözmək olmur.

Şəxsən mən köhnə ayaqqabı geymiş, cırıq və yaxud tikişli kolqotkada gəzən qadına laqeyd baxa bilmirəm. Pafoslu səslənə bilər, özümü günahkar hiss edirəm. Tanımasam belə köhnə ayaqqabı, cırıq kolqotka geyinmiş qadın görəndə özümdən asılı olmayaraq depressiyaya düşürəm.

Köhnə ayaqqabı geyinmiş qadının sifətinə baxmaq mənim üçün ağırdır. İstər-istəməz bir neçə ağır əsərlərin mövzusu, süjeti, yadıma düşür, dialoqları xatırlayıram. Beynimdə hər şey bir-birinə qarışır. Bir neçə gün özümə gələ bilmirəm...

“Gündəlik Teleqraf”
XS
SM
MD
LG