Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:50

İran səfirliyi mətbuatdakı yazılarla bağlı bəyanat yaydı


Arxiv foto - İranın Bakıdakı səfirliyinin qarşısı.
Arxiv foto - İranın Bakıdakı səfirliyinin qarşısı.
Mayın 7-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyi yerli mətbuatda İran əleyhinə yazılarla bağlı bəyanat yayıb. Səfirlik bildirir ki, «təhrif olunmuş məlumatlar iki dövlət və xalq arasında kin və düşmənçilik yaratmağa çalışmaqla yanaşı, həm də öz xalqının ictimai rəyinə xəyanət edir və Azərbaycanın xarici siyasəti üçün çətinlik yaradır».

Bəyanatda qeyd olunur ki, İran regionda sülhü və sabitliyi dəstəkləyir. Burda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Minsk qrupunun da fəaliyyətindən söz açılır:

«Eləcə də Şuşanın və Laçının işğalının İranın vasitəçilik missiyası ilə heç bir əlaqəsi olmamışdır. Aydın idi ki, regiondakı bəzi qüvvələr münaqişə tərəflərinin təhriki ilə İranın sülh yaratma missiyasını uğursuzluğa düçar etməyə çalışırdılar.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Minsk Qrupunun bu münaqişənin sülh yollu ilə başa çatdırılmasında bacarıqsızlığı və uğursuzluğu isbat olunmuşdur. Bu uğursuzluq daha çox Minsk Qrupunun üzvü olan ölkələrin və münaqişə tərəflərinin münaqişənin davam etməsində maraqlı olmaları və onların bu regional bəladan xeyir güdmələri ilə bağlıdır».

Səfirlik bildirir ki, İran Azərbaycanla ticarəti inkişaf etdirməyə səy göstərmiş, lakin Azərbaycan tərəfi ticarət dövriyyəsini artırmağa meyl göstərməyib. Eyni zamanda xatırladılır ki, «buna baxmayaraq, İranın Azərbaycanla ticarət dövriyyəsinin həcmi elə bu günlərdə də Ermənistanla olduğundan xeyli artıqdır».

Səfirlik İranda insan hüquqlarının pozulmasına dair məlumatları da təkzib edir:

«Bu, Qərbin və sionist qüvvələrin çirkin təbliğatıdır və təəssüflər olsun ki, bəzi Azərbaycan KİV-ləri də bunun tələsinə düşmüşlər. Müttəhimlər qanuna əsasən cəzalandırılırlar, cinayətkarlar, narkotik vasitələr qaçaqmalçıları və silahlı üsyançılar isə edama məhkum olunurlar».

Səfirlik bəyanatda həmçinin İranın Azərbaycan vətəndaşları üçün vizanın birtərəfli qaydada ləğvini müsbət hadisə kimi xatırladır.

Son vaxtlar Azərbaycanda hökumətyönümlü və rəsmi KİV-lər Iranı tənqid edən məqalələr dərc edirlər.
XS
SM
MD
LG