Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:49

Azərbaycanı dəyişəcəyiksə, o da yaşayacaq!..


Arxiv foto
Arxiv foto
Mayın 12-də görkəmli teatr rejissoru Vaqif İbrahimoğlunun yoxluğundan bir il ötdü. Vaqif İbrahimoğlunun yaratdığı «Yuğ» teatrında keçirilən anım mərasiminə «İz» proqramı da qatıldı.

Vaqifi sevənlər bu müqəddəs ocağa yığışmışdılar. «Yuğ»çuların ifasında tamaşalardan səhnələr oynandı. «Savalan» qrupu Vaqif bəyin sevdiyi türküləri səsləndirdi.

Dostları və həmkarları onunla bağlı xatirələrini dilə gətirdi. Biz «İz»çilərsə hər zaman proqramımızın əziz qonağı olan Vaqif İbrahimoğlunun dostlarına və həmkarlarına bir sualla üz tutduq : Vaqifsiz bir il necə keçdi? Nə vaxt onun yeri göründü, o, nə zaman xatırlandı?...


QOYDUĞU MiRAS İŞLƏKDİR

«Yuğ» teatrının direktoru Tərlan Rəsulov: Hər gün, hər vaxt yeri görünür. Hətta bəziləri bu gün etiraf etdilər ki, hərdən kimdənsə məsləhət almaq ehtiyacı duyulur. Həmin məqamda Vaqif müəllim yada düşür. Yaxşıdır ki, bu bir il ərzində onsuz özümüz də böyüməyə başlamış və bir neçə tamaşa hazırlamışıq. Üstəlik, teatrda treninqlər keçirmişik və s. Vaqif müəllimin qoyduğu miras, teatr poetikası kifayət qədər işləkdir və bir çox tamaşalarımızda biz bunu tətbiq edirik, gənc nəsli bu ruhda tərbiyə edirik, öyrədirik. Başqa teatrlardan üslubca fərqləndiyinə, həm orijinallığı, həm də təbiiliyi ilə seçildiyinə görə bir çox gənc «Yuğ»a meyllidirlər.

O BOŞLUQ DOLMAYACAQ

Arxiv foto
Arxiv foto
Filosof Rəhman Bədəlov: Məncə, sənətkar əvəzolunmazdır. O məkanı ki, Vaqif yaratdı - Azərbaycan teatrında, mədəniyyətində, düşüncə tərzində, Azərbaycan ruhunda - o məkan həmişə boş qalacaq. Qəribədir ki, onun ətrafı dolur, yenilənir, amma nüvəsi dəyişmir. Mən bu bir ildə o boşluğun titrəyişini, çırpıntısını hiss elədim. O boşluq dola bilməyəcək. Bu, normaldır. Mən bunu kədərlə demirəm. Əgər belədirsə, demək, sənətkarlıq əslində bu idi. Vaqif ölümü düşünərək həmişə şux yaşayıb. O faciəvi şuxluq onun yaşayışının nəbzi idi və bu bizim üçün yeni idi. Mən istərdim ki, bu, bir daha yaşansın.

SUALLARIM CAVABSIZ QALACAQ

Milli Dram Teatrın direktoru İsrafil İsrafilov: Həmişə! Bir şey deyim. Bizim Vaqiflə elə bir günümüz olmayıb ki, müəllimimiz, ustadımız Tofiq Kazımovu (görkəmli teatr rejissoru—S.İ.) xatırlamayaq. Maraqlıdır ki, mən ötən bir ili çox zaman Vaqifdən misallar gətirirəm. Elə şeylər vardı ki, məsələn, biz tələbə olanda, tutaq ki, mən nə isə göstərirdim.
Baxırdım ki, Vaqif başını aşağı əyib. Bilirdim ki, xoşuna gəlməyib. Eyni şeyi mən onun üçün edirdim, hətta onun etdiyi xoşuma gəlmirdisə də. İndi mən bir şey eləyəndə Vaqifi düşünürəm. Deyirəm, görəsən başını aşağı əyərdi, yoxsa…Bir də..., Vaqif xəstə olanda, çox inanırdı ki, sağalacaq. Biz də onu ruhlandırırdıq. O deyirdi ki, Axundovun yubileyi gəlir, sən narahat olma, 6 komediyanın altısını da hazırlayıb repertuarına daxil edəcəyəm. O, məşqlərə başladı…Özümü bağışlaya bilmirəm ki, o, canıyla əlləşir, amma məşqlərə gəlirdi ki, məni pis vəziyyətdə qoymasın. «Lənkəran xanının vəziri»ni təhvil verdi. Tamaşa uğurla keçdi. Bu, Vaqifin bizim teatrın səhnəsində sonuncu böyük işi idi…Mən Vaqifi heç vaxt kədərlə xatırlamıram. Həmişə onun şən-şux zarafatları yadıma düşür. Düzdür, bir yaşdaydıq, tələbə yoldaşı idik. Amma Vaqif aramızda həmişə müdrikliyi ilə seçilib, həyatsevərliyi ilə seçilib. Mənim ruhdan düşən vaxtlarım çox olur. Amma Vaqifi ruhdan düşən görmədim. Ən ağır məişət problemləri ilə uğraşanda da Vaqif nikbin olub. Mən çox şeyləri ondan öyrənmişəm, bəhrələnmişəm. Amma təəssüf ki, nikbinliyi ondan öyrənə bilmədim…Ən ağır vaxtlarımda - lap gecə saat 1-də də zəng vursam, deyərdi ki, gəl! İndi belə dostun yeri necə görünməsin? İndi belə bir adamım yoxdur. Həmişə suallarım cavabsız qalacaq. Odur ki, həmişə belə anlarımda mən, yarızarafat-yarıgerçək, deyirəm ki, görüşənə qədər, Vaqif!... Məncə, hər nəsil bu dünyada mozaik lövhə yaradır. Hər kəs dünyasını dəyişdikcə öz parçasını aparır. Vaqif də öz parçasını aparıb getdi. Bundan sonrakı işlərimizdə o əskiklik - Vaqifin mədəniyyətimizdə buraxdığı iz özünü göstərəcək.

VAQİFİN TEATRI YAŞAMALIDIR

Kulturoloq Toğrul Cuvarlı: Çox tez-tez yada düşdü...Son illər başım çox qarışıqdır, həyat çox pərakəndədir. Həmişə bilirdim ki, bir yer var ki, mən ora gələ bilərəm, özümü orada rahat hiss edə bilərəm. Buradan çıxanda da elə bil nə isə qazanmış kimi olurdum. Bu il də özümü pis hiss edəndə, fikirləşirdim ki, hara gedim? Deyirdim, Vaqifin teatrına gedim. Birdən yadıma düşürdü ki, Vaqif artıq yoxdur… Mənim bir arzum var. Bilmirəm bu teatr qalacaq, ya yox? Hərdən fikirləşirəm ki, qala bilməyəcək, çünki Azərbaycan teatrında, bir-iki istisna ilə, belə savadlı, dünyagörüşlü, dünyada gedən proseslərə Vaqif kimi bələd olan adam tanımıram. Bilirdim ki, teatrı saxlayan da əslində budur. Mənim üçün bu teatrın ən böyük xatirəsi, ən gözəl nəticəsi Fəxrəddin Manafovla Mehriban Zəkidir. Qəribədir ki, bu gün onları burada görmədim. Bütün meyarlarla baxanda hər ikisi gözəl aktyordur. Amma Vaqifsiz heç vaxt belə aktyor ola bilməyəcəkdilər! Onlar Vaqifin varisidirlər. Bu mənada arzum odur ki, bu teatr yaşayaydı - elə bu, Vaqifin ən yaxşı xatirəsi olardı.

RUHU BİZİMLƏDİR

«Yuğ» teatrının aktyoru Məmməd Səfa: Bir il heç Vaqifsiz keçmədi. Çünki hər dəfə bu teatra girəndə, divarlardakı bu şəkillər bizi qarşıladı. Hər gün onunla üz-üzə gəldik. Allah müəllimimizə qəni-qəni rəhmət eləsin. Ustad cismani yoxdur, ruhu bizimlədir! Ümumiyyətlə onun barəsində danışmaq çətindir. Çünki ustad böyük şəxsiyyət idi.

O BURADA—TEATRDADIR

Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu
«Yuğ» teatrının aktrisası Gülzar Qurbanova: Hər gün yada düşür… Mənə elə gəlir ki, Vaqif müəllim uzaq bir səfərə çıxıb. Hər gün məşq eləyirəm. Onun ətrini, qoxusunu, onun boşluğunu görürəm. Bəlkə də, evdə otursaydım, o sarsıntıları daha ağır keçirərdim. Amma teatrda da onun boşluğunu hiss edirəm. Bax, bu qapıdan girəndə, Vaqif müəllim alnımızdan öpərdi. Tamaşa başlayanda, əlimizi bir-birinin üstünə qoyardıq - belə bir ənənəmiz vardı. Tamaşadan sonra yenə gəlib alnımızdan öpərdi. O şeylər o qədər hiss olunur ki… Nə yaxşı ki, onun nəfəsini, qoxusunu biz bu teatrdan alırıq. İnanın ki, səhərimiz də Vaqif müəllimlə söhbətlə açılır. Çünki həyat tərzimizi Vaqif müəllim elə döndərib ki, biz başqa bir şeyə köklənə bilmirik. Vaqif müəllim uzaq bir səfərdədir. Nə vaxtsa görüşəcəyik. Bilmirəm, nə vaxt? Amma görüşəcəyik! Bax, bu gün Mərdəkana məzarı başına getdik. Amma mən soyuq qaldım. İnanmadım ki, o ordadır. Mənim üçün Vaqif müəllim buralarda dolaşır - bax, burada -teatrdadır.

YARIMÇIQ İŞLƏRİ QALDI

Ailə dostu Sveta Abbasova: Hər gün…Mən Vaqifin ölümünü heç hiss eləmədim. Elə bil Vaqif həmişə bizimlədir. Ancaq onu deyim ki, bu bir ildə «Yuğ»a gələ bilmədim. Teatr Vaqifsiz çox pis görünür…(kövrəlir)…yetim uşaq kimi…Vaqifin yeri hər yerdə görünür, hər yerdə - teatrda, bizim-dostların həyatında, ölkənin həyatında. Vaqif çox yüksək səviyyəli insan idi. Elə bir sahə yox idi ki, Vaqif onu bilməsin. Çox maraqlı insan, çox gözəl dost, çox böyük rejissor itirdik. Vaqifin yarımçıq işləri qaldı. Yaşasaydı, gözəl şeylər görəcəkdik!... Allah Vaqifə min rəhmət eləsin. Onsuz günümüz çox çətindir…

İTKİLƏRİMİZ ÇOXDUR, NƏİNKİ QƏLƏBƏLƏRİMİZ

Rəssam Emil Seyidrzayev: Vaqifdən qabaq da itkilərimiz olub, sonra da olacaq… Dünya bir tərəfdən dolur, o biri tərəfdən boşalır. Amma bizim başımızı bəzi şeylərlə qatırlar ki, bu itkilərə fikir verməyək. İstər-istəməz, onlar bizim içimizdədir. Son vaxtlar görürəm ki, bizim itkilərimiz daha çoxdur, nəinki qələbələrimiz. Hərçənd, qələbələri sabun köpüyü kimi şişirtmək istəyirlər, amma biz görürük ki, bu, elə görüntüdür. Məğzi başqadır. Vaqif bizim məğzimizdir. Mən onu o cür simvollaşdırıram, o cür qəbul edirəm. Onun üçün də, bax, gəlmişəm, «Yuğ» teatrı doğma evimdir mənim, amma içəri keçə bilmirəm, qapının ağzında bir təhər hallar keçirirəm. AZƏRBAYCAN XALQI NƏ VAXTSA ONU TANIYACAQ?

Vaqif İbrahimoğlunun dəfni
Vaqif İbrahimoğlunun dəfni
Riyaziyyatçı Rövşən Sənanoğlu: Vaqifi uzun zaman görməsəm də, onun varlığı mənə yetirdi. Bilirdim ki, ustadımız var. Vaxtilə mənim şeir kitabım çıxanda, ilk xeyir-duanı Vaqifdən aldım. Onsuz bu yola çıxmazdım. Çünki mənim üçün meyar, ölçü ustad idi. Vaqif dərin təfəkkürlü insan idi. Mən bilmirəm Azərbaycan xalqı onu nə vaxtsa tanıyacaq, yoxsa yox. Mən teatrın içində deyil, yaxınındayam. Yadımdadır, 1994-cü ildə Nizaminin iki hissədən ibarət «Leyli-Məcnun»unu səhnəyə qoymuşdu. Tamaşadan sonra dedim, Vaqif, elə bir məqam oldu ki, istədim kreslodan düşüb yerdə oturum. Dedi, bunu sənə qadağan edən vardı? Bu, mənə dərs oldu. Nə dərsi? Başqasına mane olmadan özünü sərbəst, rahat hiss et, içində bu ovqatı yaşayırsansa, onu et. Belə dərslər çox olub. Amma təəssüf ki, Vaqif tez getdi. Nə qədər görüləsi işlər vardı. Çox şey itirdik…

HƏYATA GÖZƏL YERDƏN BAXIRDI

«Savalan» qrupunun solisti Novruz Novruzlu: Peyğəmbərimizin çox gözəl bir sözü var. Deyir, xoşbəxt o adamdır ki, yaşadığı vaxt sevilir, dünyadan gedəndən sonra unudulmur və ona ağlayan tapılır. Düzdür, biz Vaqif müəllim üçün ağlamadıq. Heç özü də buna razı olmazdı. Çünki həyata çox nikbin, gözəl yerdən baxan, ona dəyər verən bir insan idi. Düzünü desəm, mən Vaqif müəllimin getməyini hiss eləmədim. Düzdür, fiziki yoxluğu var, amma tam səmimi deyirəm, bu bir ildə bizim könlümüzdə oldu. Bizim qrup ilk dəfə yaranıb efirə çıxan gecə o canlı yayıma zəng çaldı və söylədi ki, hər birinizin əllərindən öpürəm və bizi teatrına dəvət etdi. «Yuğ»da üç il işlədik. Ona görə mən onu getmiş kimi düşünmürəm. Nə gözəl ki, gedəndən sonra iz qoyursan və o izlər qalır.

İZİM QALA!

Dramaturq Əli Əmirli: Vaqif müəllim, şübhəsiz, böyük şəxsiyyət və böyük sənətkar idi. Mən təskinliyi onda tapıram ki, Azərbaycan teatrında onun şagirdləri var və teatrın istiqamətini onlar müəyyənləşdirirlər. Bax, mən səhərdən onlara baxıram və Azərbaycan teatrlarının heç birində rast gəlmədiyim maraqlı, məzmunlu insanlar görürəm. Hesab edirəm ki, hamı dünyadan köçəcək. Amma sizin verilişinizin adı kimi - iz qoyub gedən insanlar xoşbəxt insanlardır. Vaqif müəllim çox böyük bir iz qoyub getdi. Allah ona rəhmət eləsin.

RUHUNU SEVİNDİRMƏK ÜÇÜN AZƏRBAYCANI DƏYİŞMƏLİYİK

Jurnalist Zeynal Məmmədli: Əslində, Vaqif yadımdan çıxmadı ki, onu xatırlayım… Konkret bilmirəm nə deyim. Amma biz öz problemlərimizdən danışırıqsa, bizi üzən, ya sevindirən nələrdən danışırıqsa, onun içərisində Vaqif İbrahimoğlu mütləq iştirak edir. Tanımayanlar üçün də, tanıyanlar üçün də. Çünki tanımayanlar görəcək ki, o bu problemləri çoxdan yaşayıb. Bəlkə sadəlövh, bəlkə məzəli, bəlkə dahiyanə, amma bütün hallarda məntiqli və çağdaş çıxış yolları göstərib. Tanıyanlar da onu unutmayıblar ki, onun iştirak edib-etməyəcəyi ilə bağlı sual gözlənilməz olsun. Vaqifi tanımayanlar da onu tanıdıqca, fərqində olmadan belə, bir daha unuda bilməyəcəklər. Bizə qalır onun ruhunu sevindirmək – Azərbaycanı dəyişmək!... Azərbaycanı dəyişəcəyiksə, o da qalacaq!...

Müsahibələri burdan dinləyin:


XS
SM
MD
LG