Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:51

The Economist: «Eurovision Azərbaycana dəyişiklik gətirmədi»


«The Economist»
«The Economist»
«The Economist» dərgisi mayın 25-də «Eurovision» mahnı müsabiqəsi keçirilən Azərbaycanda insan haqlarından bəhs edən iki məqalə dərc edib.

DƏYİŞİKLİK OLMADI. NEYLƏMƏLİ?

Ötən il Azərbaycan «Eurovision» mahnı müsabiqəsində qalib olanda yerli hüquq müdafiəçiləri ümid edirdilər ki, bu tədbir ölkədə insan haqlarının vəziyyətini işıqlandıracaq və problemlər düzələcək. Ancaq onlar indi dilxordurlar. Ötən il həbs olunmuş fəalların çoxu hələ də həbsdədir, müstəqil jurnalistlərə təzyiqlər var, siyasi qətllər açılmamış qalır. Müsabiqənin keçiriləcəyi Crystal Hall-un tikintisi üçün ailələr evlərindən çıxarılıb.

XARİCİ JURNALİSTLƏR QAYIDANDAN SONRA NƏ OLACAQ?

Avropa Yayım Birliyi (AYB) isə bu halları pisləməyib, bu həftə Bakıda zorakılıqla yatırılan nümayiş barədə də susub. AYB təkid edir ki, «Eurovision» siyasi tədbir deyil, ancaq Azərbaycan kimi ölkələr bundan siyasi məqsədlər üçün istifadə edirlər.

Xarici mətbuat «Eurovision» qabağı bu ölkədə insan haqlarından gen-bol yazıblar. AYB rəsmiləri təəccüblənirlər ki, niyə insan haqları pozuntuları əskik olmayan Rusiya və Türkiyə həmin tədbiri keçirəndə eyni münasibət görmədi. Ancaq nə olsun ki, bu vaxtacan yazılanların elə bir təsiri olmayıb. 1.500 beynəlxalq jurnalist yığışıb öz ölkəsinə qayıdandan sonra da çətin ki elə bir təsir olsun.

Nikbinlər isə uzun-müddətli dəyişikliyin toxumlarını görürlər. «Neft hasilatı getdikcə azalır. Büdcənin azalması hökuməti nəhayət məcbur edəcək ki, iqtisadiyyatı şaxələndirsin». Bunu Sahibkarlığın İnkişafı Fondunun rəhbəri Sabit Bağırov deyir. Onun fikrincə, bir ümidverici əlamət də elektron hökumətin qurulmasıdır. Bu proqram adamların məmurlarla təmaslarını getdikcə azaldacaq ki, nəticədə bunun da aşağı səviyyəli korrupsiyaya təsiri olacaq.

YAŞLI VƏ CAVAN DİSSİDENTLƏR

Yaşlı və əldən düşmüş nəslin rəhbərlik etdiyi müxalifət partiyaları «dissident klublar»a dönüblər, bunu onlardan biri olan Hikmət Hacızadə deyib. Ancaq internetlə işləyən yeni nəsil daha cəsarətli görünür. Hacızadənin oğlu Adnan satirik video hazırladıqdan sonra «xuliqanlığ»a görə bir il həbsdə yatıb. O, həmin vaxt BP-də işləyirdi. Beynəlxalq reaksiyadan sonra Hacızadə həbsdən çıxıb və işinə qayıdıb.

Xədicə İsmayılova
Xədicə İsmayılova
Araşdırmaçı jurnalist Xədicə İsmayılova isə prezident İlham Əliyev klanının şəxsi sərvəti barədə yazandan sonra özəl həyatı gizli kamerayla çəkilib və İnternetdə yayılıb. Ona da beynəlxalq dəstək olub. İsmayılova deyir ki, bu dəstək onu ürəkləndirib və İnternet onun işini daha da asanlaşdırıb.

Ancaq dissidentlərin yeni nəslinin ciddi qüvvə toplaması üçün illər lazımdır. İndiliksə cənab Əliyev rejimi opponentlərindən heç bir təhlükə gəlmədiyini düşünür.
«The Economist»də dərc olunan növbəti məqalədə qeyd olunur ki,

BEYNƏLXALQ TƏDBİRLƏRİN HARADA KEÇİRİLMƏSİNƏ DİQQƏT ETMƏK LAZIMDIR

Elə görünə bilər ki, Azərbaycan prezidenti İlham Əliyev ilə bu həftə bu ölkədə keçirilən «Eurovision» Mahnı müsabiqəsi bir-birini tamamlayırlar. Cənab Əliyevin sərvət vurğunluğu, qalın bığları, 2003-cü ildə vəzifəsini miras aldığı atası Heydər ətrafında şəxsiyyətə pərəstiş yaratması keçmişin qalığı sayıla bilər. Təəssüf ki, onun rejiminin də elə xüsusiyyətləri var ki, gərək «Eurovision» təşkilatçıları bu tədbirin keçirildiyi yerə ehtiyatla yanaşsınlar.

«Economist» yazır ki, «Eurovision» mahnıları arxasından kədərli hekayət boylanır. Cənab Əliyevin idarəçiliyinə etirazlar, xüsusilə onu hakimiyyətdə saxlayan saxta seçkilərdən sonra dağıdılır. Onun tənqidçiləri döyülür və həbsə atılır. İnsan haqları qrupları bildirirlər ki, xeyli ailə yeni konsert zalının tikintisinə görə evlərindən güclə çıxarılıb. Nə qədər absurd və qorxulu səslənsə də, ötən ilki «Eurovision» tədbirlərində Ermənistana səs verən azərbaycanlılar sorğu-sual olunublar.

YUMŞAQLIĞIN DA HƏDDİ VAR

Çoxlarının əsas təminatı olmadığı bir ölkədə tədbirə bədxərc hazırlıqlar da artıqdır. Hələ paytaxt Bakıda idxal olunmuş taksilərin çoxluğunu demirik. Üstəlik Azərbaycan korrupsiyaya görə 12 bal alır.

Nabucco kəməri
Nabucco kəməri
«Economist» bir məqamı da qeyd edir ki, Azərbaycan Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün kiçik, amma mühüm ölkədir. O, həmçinin Amerika üçün Əfqanıstana, İsrail üçün İrana strateji çıxış nöqtəsidir.

Bu ölkənin Rusiya və İran arasında yerləşməsi kimi həssas məqam və neft - Qərbin cənab Əliyevə yumşaq davranışını izah edir. Ancaq yumşaqlığın da bir həddi var. «Eurovision» bura qatılmamalıydı.

İSTƏR-İSTƏMƏZ SİYASİ

Müəllif xatırladır ki, bu yaxınlarda belə bir çətin vəziyyət Avropa futbol çempionatına birgə ev sahibliyi edəcək Ukrayna ilə də yaranıb. Bəzi diplomatlar ölkəyə gəlməkdən imtina edirlər, onlar həbsdə olan keçmiş baş nazir Yulia Tymoshenkoya insani münasibət tələb edirlər. «Eurovision» başqa problemdir. Azərbaycan ona görə ev sahibidir ki, ötən il bu müsabiqənin qalibi olub.

«The Economist» hesab edir ki, bu qayda dəyişməlidir. Belə ekstravaqant tədbirlərə nəzarət edən qurumlar açıq-aşkar siyasi deyillər, deyirlər ki, belə müsabiqələr beynəlxalq xoş niyyəti irəli aparır. Ancaq əslində onlar siyasi alətə çevrilirlər. Sabit, demokratik ölkələr elələrinə çəpəki baxışlarla, heyrətlə baxsalar da, cənab Əliyev kimi vulqar liderlər üçün bu baxışlar qiymətli təbliğatdır: Azərbaycan 1991-ci ildə müstəqil olandan bəri ilk dəfədir belə böyük tədbirə ev sahibliyi edir. «Eurovision» diplomatik qələbə kimi təqdim olunur. Müəllifin fikrincə, yaxşı olardı ki, belə tədbirlər keçiriləndə ölkədə insan haqlarının vəziyyəti əsas götürülsün. Əgər Azərbaycan həmin dəyərlərə əməl etmədiyi halda ona ev sahibliyi hüququ verilməsəydi, «Eurovision» gələcək sülhə və qardaşlığa daha çox töhfə vermiş olardı.

Azərbaycan rəsmiləri isə bir qayda olaraq beynəlxalq insan haqları qurumlarının tənqidlərini rədd edir, ölkədə fundamental insan haqlarının tam təmin olunduğunu deyirlər.
XS
SM
MD
LG