Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:48

«Yuğ» teatrı «Ağ və Qara» BeynəlxalqTeatr festivalına qatılıb


«Yuğ» teatrı
«Yuğ» teatrı
«Yuğ»un dünya miqyasında bənzəri olmayan poetikasını Avropa teatr məkanında geniş təbliğ etməyin, tanıtmağın vaxtı çoxdan yetişib».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Dövlət «Yuğ» Teatrının mətbuat əlaqələndiricisi Elçin Cəfərov söyləyib.

Onun sözlərinə görə, Finlandiyada keçirilən beynəlxalq teatr festivalında həm «Yuğ» Teatrının iştirakı, həm də «Kafkadan salam» tamaşasının nümayişi məntiqli seçimdir. Teatrın kollektivi
Elçin Cəfərov
Elçin Cəfərov
artıq İmatra şəhərindədir. Teatr 22-26 may tarixlərində keçirilən «Ağ və Qara» Beynəlxalq Teatr Festivalına dəvət alıb. Beynəlxalq əlaqələrin qurulmasını, dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən hesab edən, öz yaradıcılığında milli sənət düşüncəsi ilə dünya teatr sənətinin qabaqcıl təcrübəsini uğurla birləşdirən «Yuğ» Teatrı Azərbaycanı bu festivalda «Kafkadan salam» tamaşası ilə təmsil edir».

Elçin Cəfərov adıçəkilən festivalın «Ağ və Qara» Teatrı tərəfindən təşkil olunduğunu bildirir: «Ağ və Qara» Teatrı Finlandiyada yaşayan həmvətənimiz, teatr və kino rejissoru Kamran Şahmərdanın təşəbbüsü və yaxından iştirakı ilə 2001-ci ildə yaradılıb. Bu teatrın təşkil etdiyi eyniadlı festival isə 2003-cü ildən keçirilir».

Mətbuat əlaqələndiricisi İmatra şəhərində keçirilən «Ağ və Qara» Teatr Festivalının əvvəllər yalnız kukla teatrları üçün nəzərdə tutulduğunu deyir: «2005-ci ildən festivalın yaradıcı potensialı, bədii sərhədləri genişlənib və burada kukla, pantomima, rəqs, dram teatrı kimi növlərə də yer ayrılıb. Festivalda küçə tamaşasından opera və baletə qədər ən müxtəlif janrda hazırlanmış tamaşalar oynanılacaq».

Elçin Cəfərov hər ilin may-iyun aylarında keçirilən festivalın ideya müəllifi və bədii rəhbəri Kamran Şahmərdan barədə də bilgi verdi: «Bu ad Azərbaycan tamaşaçılarına da yetərincə tanışdır. Kamran Şahmərdan Bakıda «İbrus» Teatrında «Tənha səs», Rus Dram Teatrında «Torağay», «Cəhənnəm sakinləri», Kukla Teatrında «Ağ və Qara», Akademik Milli Dram Teatrında «Teleskop» tamaşalarına quruluş verib».

Elçin Cəfərovun qənaətincə, bu festival hazırda dünya miqyasında böyük nüfuz qazanıb: «Festivalda Azərbaycan, Belçika, Keniya, Polşa, Böyük Britaniya, Rumıniya, İsrail, İran, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna, Bularus, Rusiya və Estoniyadan ən müxtəlif üslubda çalışan teatr kollektivləri iştirak edib. «Ağ və Qara» Festivalı İmatra Şəhər İdarəsi, Cənubi-Şərqi Finlandiya İncəsənəti üzrə Komissiya, Finlandiya Mədəniyyət Fondu, Maarif Nazirliyi həmçinin digər təşkilatlar tərəfindən maliyyələşdirilir».

Elçin Cəfərov teatrın festivala təqdim etdiyi «Kafkadan salam» tamaşası haqqında da danışdı: «Franz Kafkanın əsərləri əsasında «Psixosof» poetikasına və bənzərsiz bir metodikaya əsasən hazırlanan tamaşanın quruluşçu rejissoru «Yuğ» Teatrının yaradıcısı və lideri, mərhum rejissorumuz Vaqif İbrahimoğludur. Tamaşanın süjeti spiritik seans üzərində qurulub: Spiritik seansda Franz Kafkanın ruhunu çağırırlar. Ruh peyda olur, amma və lakin spiritizmin qaydalarını pozaraq, spiritlərin ona verdiyi sualları özlərinə qaytarır...».

Tamaşada «Yuğ» Teatrının aktyorları Əməkdar Artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Məmmədsəfa Qasımov, Gülzar Qurbanova, Vidadi İsmayıl, aktyorlar Yaqut Paşazadə, Hikmət Rəhim və Ruslan Şöhrətoğlu çıxış edirlər.

Sonda Elçin Cəfərov Kafkanın əsərlərinin paradiqması üzərində qurulan tamaşaya teatrın baxışını da açıqladı: «Teatrın mövqeyinə görə, Franz Kafka öz üzərində heç bir hakimiyyəti qəbul etməyən seçilmişlərdəndir. Özü də heç kimin üzərində hakim olmaq istəməyib, yaradıcılığı ilə insanları yalnız «salam»a, sülhə, barışığa çağırıb».
XS
SM
MD
LG