Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Avro-2020 Azərbaycanda. Şanslar nə qədərdir?


Avro-2008
Avro-2008
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya yazılı şəkildə müraciət edərək 2020-ci il Avropa Çempionatının keçirilməsi üçün Azərbaycanın Gürcüstanla birgə namizədliyini irəli sürüb.

AZƏRBAYCANIN ŞANSI

AFFA-nın təklifi mayın 23-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Bakını və Dohanı 2020-ci ilin Yay Olimpiadasının keçirilməsinə namizədlər sırasından çıxardıqdan sonra səslənib. Beynəlxalq Olimpiya Komitəsi bunu Bakının genişmiqyaslı beynəlxalq idman tədbirləri keçirmək təcrübəsinin olmaması ilə izah etmişdi.

Hələ martın 7-də Gürcüstan prezidenti Mikheil Saakashvili Azərbaycan parlamentində çıxışı zamanı Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün birgə ərizə verəcəklərini bildirmişdi. Onda AFFA bu məlumatı təsdiqləməmişdi. Beynəlxalq Olimpiya Komitəsinin adıçəkilən qərarından sonra isə Azərbaycan UEFA-ya müraciət edərək Gürcüstanla birlikdə beynəlxalq turnir keçirməyə iddialı olduğunu bildirib. Gürcüstanla olsa belə, Azərbaycanın şansı necədir?

Futbol şərhçisi Sərxan Musayev deyir ki, şanslara nəzər saldıqda Türkiyənin şansı daha yüksəkdir:

SƏRFƏLİ ORTAQ BİRLİK

«Türkiyənin infrastrukturu, stadionları hazır vəziyyətdədir. Ancaq bir məsələ var ki, Türkiyə 2020 Yay Olimpiadasını keçirməyə də namizəddir. Burda Türkiyənin şansları yüksəkdir.
Son Avropa çempionu - İspaniya
Son Avropa çempionu - İspaniya
Belə olan halda Avropa Çempionatından imtina edə bilər. Bu isə Azərbaycanın şanslarını artırır. Ancaq mövcud vəziyyətə real baxsaq, indiyə kimi heç bir stadionumuz standarta cavab vermir. Yalnız Tofiq Bayramov adına stadion hazır olsa, onun da 30 min tutumu olacaq. Burda bir məsələ var. Gürcüstanın o qədər də maddi imkanları yoxdur. Burda əsas yük Azərbaycanın üzərinə düşəcək. Lakin futbol sahəsində Gürcüstan gücünə görə daha nüfuzludur. Hətta onların hazırkı mərkəzi stadionu belə standartlara cavab verir. Bu baxımdan, bu ortaq birlik hər iki ölkəyə sərf edir».

AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin baş mütəxəssisi Firuz Abdulla isə deyir ki, qarşıda hələ 8 il var:

PROBLEM OLMAMALIDIR

«İnfrastrukturla bağlı məsələləri yoluna qoymaq olar. Ən azı ona görə ki, UEFA-dan da böyük təşkilat olan FIFA artıq Azərbaycana etimad göstərib. Sentyabrda 17 yaşlı qızlar arasında dünya çempionatı Bakıda keçiriləcək. FIFA-nın bütün turnirləri eyni standart xarakterli turnirlərdir. FIFA kimi təşkilat etimad göstəribsə, UEFA-nın da hər hansı turnirinin keçirilməsində problem olmamalıdır».

Almaniya-Azərbaycan oyunu - 2010
Almaniya-Azərbaycan oyunu - 2010
Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev isə deyir ki, məsələ təkcə infrastrukturla, stadionla bağlı deyil:

REALLIĞA BAXSAQ...

«Ən aşağısı iki 50 minlik, iki dənə 45 minlik, üç dənə 30 minlik stadion olmalıdır. Bunlara böyük büdcə lazımdır. Yəqin o sarıdan bunları həll etmək mümkündür. O da var ki, Avropa çempionatı keçirilən ölkələrdə o ölkənin yığma komandası finala avtomatik düşür. FIFA da, UEFA da bunları nəzərə alır. Reallığa baxsaq, Azərbaycan futbolunda bu gün o səviyyə yoxdur. Keçmiş dünya çempionatlarının final mərhələlərində iştirak edən komandaların səviyyəsində qat-qat aşağıdadır. 8 ildə millini o səviyyəyə qaldırmaq mümkün deyil. Ancaq hansısa irəliləyişə nail olmaq olar».

UEFA İcraiyyə Komitəsi 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində Avro-2020-yə ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.

2012-ci il sentyabrın 22-dən oktyabrın 10-dək Azərbaycanda 17 yaşınadək qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 16 ölkənin yığma komandaları iştirak edəcək. 2016-cı ildə isə Azərbaycanda 17 yaşadək (U-17) gənclər arasında futbol üzrə Avropa Çempionatı keçiriləcək. Bu qərar martın 20-də İstanbulda UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
XS
SM
MD
LG