Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:35

«Bakıya çəkilən bütün xərcləri «Eurovision»a aid edə bilmərik»


Sietse Bakker
Sietse Bakker
«Eurovision» müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker'in AzadlıqRadiosuna eksklüziv müsahibəsi. Müsahibə final şousundan əvvəl alınıb.

- «Eurovision 2012» necə keçir?

- Finala az qalır və çox həyəcanlıdır. Böyük auditoriya yığılacaq. Çoxlu insan tamaşa edəcək. Bu, çox maraqlı gecədir bizim üçün.

- Müsabiqə iştirakçılarının siyasi sualları cavablandırması ilə bağlı hər hansı şərtlər varmı?

- Bizim «Eurovision» yarışmasında qaydalarımız çox aydındır. İnsanların baxdığı TV şouda siyasi mesajların verilməsi qadağandır. Bu qaydalar əzəldən belə idi və belədir. İştirakçılar yarışmaya qatıldıqları zaman bu barədə xəbərdar olunurlar. Mediadan – mətbuat konfransı və s. yerdə sual gəlirsə, media soruşmaqda, iştirakçılar da cavablamaqda azaddırlar.

- Azərbaycanda keçirilən «Eurovision» müsabiqəsi bundan öncə keçirilmiş müsabiqələrdən nə ilə fərqləndi?

- Hər il biz «Eurovision» musiqi yarışmasına hazırlaşanda – bu, istər Norveçdə, Almaniyada ya da Azərbaycanda keçirilsin - həmişə çətinliklər olur. Amma bizim çox peşəkar komandamız var ki, təşkilatçılığın qayğısına qalır. Bizim ev sahibliyi edən ölkə ilə də sıx əməkdaşlığımız olur. Əmin oluruq ki, müsabiqə 100 milyondan çox izləyici üçün pozitiv, həyəcanlı və yaddaqalan keçiriləcək.

- QHT və jurnalist araşdırmalarına görə, «Eurovision» Azərbaycana 600 milyondan çox manata başa gəlib. Maliyyə naziri isə bu müsabiqə üçün 50 mln manat xərcləndiyini deyir. Siz nə düşünürsüz?

- Düşünürəm ki, medianın yazdığı rəqəmlər həqiqətdən uzaqdır. Hamı təxmin edir ki, «Eurovision» neçəyə başa gəlir. Bu yarışmada o qədər çox büdcə ilə görüləcək heç nə yoxdur. Bu tədbirin büdcəsini hesablamaq çətindir. Yalnız yarışma bitəndən bir neçə ay sonra xərcləri hesablamaq mümkündür. Amma əlbəttə biz bilirik ki, Azərbaycan, Bakı yenidən qurulmaqdadır. Çox şey baş verir, şəhər inkişaf edir. Bütün bu inkişaf xərclərini «Eurovision»a aid edə bilmərik. Ona görə düşünürəm ki, yarışmaya aid rəqəmlər medianın spekulyasiya etdiyindən çox azdır. Ötən illərdə də müsabiqənin büdcəsi təxminən 23-35 mln avro olub.

- Azərbaycana bu yarışmaya görə gələn turistlərlə bağlı nə deyə bilərsiz?

- Avropadan minlərlə insan «Eurovision»da iştirak etmək üçün Bakıya gəlib. 1500-dən çox jurnalist, 1000-dən artıq nümayəndə heyəti gəlib. Ölkə, onun mədəniyyəti, irsi haqda aparılmış reklam və təbliğat Azərbaycanda turizmə təbii ki, öz təsirini göstərib. Minlərlə fanat və nümayəndə heyəti qatılıb yarışmaya. Demək olar ki, «Eurovision» üçün işləyən komandanın özü təxminən 1000 nəfərdir. 1500 nəfər jurnalist akkreditə üçün müraciət edib. Onlardan 200 nəfəri Azərbaycandandır. Ev sahibliyi edən ölkədən maraqlananlar çox idi. Ümumilikdə, 80 ölkədən 1300-ə yaxın jurnalist müsabiqəni işıqlandırmağa gəlib.

- Hər şey planlaşdırdığınız kimi gedir?

- Belə böyük tədbirə hazırlaşırsansa, əlbəttə ki, planlaşdırmaya çox vaxt sərf edirsən. Baş verənlərin demək olar ki, hamısı plan üzrə gedir. Təbii ki, pərdə arxasında sürprizlərlə qarşılaşırsan, onları həll etməlisən, harada olmağından asılı olmayaraq – Azərbaycanda, Moskvada, Osloda ya da ki, Düsseldorfda. «Eurovision» Mahnı Müsabiqəsinin təşkilatçılarına gələndə, bu il də keçən illərdəki kimidir.

- Sizi nələr təəccübləndirdi?

- Məni müsbət mənada təəccübləndirən insanların qonaqpərvərliyi, jurnalistlərin bu ölkədə qazandıqları təcrübə, gözləntilərlə bağlı cavabları oldu. Əlbəttə ki, yaşadığımız çətinliklər, indiyə kimi Azərbaycanda belə böyük tədbir keçirilməyib. Ona görə biz çalışdıq ki, ötən ilki yarışmadan əldə etdiyimiz bilgi və təcrübəni bölüşməklə insanları məlumatlandıraq. Əmin olaq ki, şou baş tutacaq və insanları təəccübləndirəcək.

- Qorxunuz var idimi ki, nəsə alınmaya bilər?

- Qorxumuz yoxdur. Amma əlbəttə ki, hansı çətinliklər olacağı barədə təhlillər aparırıq. Ev sahibliyi edən ölkənin yayımçısı ilə əməkdaşlıq edirik ki, çətinlikləri, maneələri həll edək. Gördüyünüz kimi, fantastik hazırlıqlar edildi, nümayəndə heyətləri üçün iki möhtəşəm həftə oldu. Əla iki yarımfinal keçirildi. Və fantastik final şousu...
XS
SM
MD
LG