Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

PƏRVİZ: "Nəşriyyatın səbri çatmır, tərcüməçini də, redaktoru da tələsdirir"


"Nəşriyyata son dərəcə qüsurlu tərcümələr gəlir. Hətta o dərəcədə ki, iş prosesində adam həyatından bezir ki, bu nə gun-güzərandır".

“Başım sınmış avarın üstündə qərar tutmuşdu” kimi qüsurlu cumlə heç vaxt mənim gözümdən qaça bilməz".



Seyfəddin Hüseynlinin "biabırçı tərcümələr"lə bağlı "Oxu zalı"nda dərc olunan yazısında qaldırılan məsələlər ətrafında polemika davam edir. Müsahibimiz - "Qanun" nəşriyyatının çap etdiyi bir çox tərcümə kitablarının redaktoru, yazıçı PƏRVİZdir.


- Pərviz bəy, redaktoru olduğunuz bəzi tərcümə kitabları vaxtaşırı tənqid olunur. Tərcüməçi Nəriman Əbdürrəhmanlı kitablarda rast gəlinən qüsurların günahını daha çox redaktorda görür. Belədirmi?

- Düzü, indiyəcən redaktoru olduğum kitabların vaxtaşırı tənqidi ilə qarşılaşmamışam. Tərcümə əsərlərinin tənqidi ilə bağlı Seyfəddin Huseynlinin yazısının birinci hissəsini oxudum. O yazı tənqidi məqalədən daha çox üslub üstə köklənmiş essevari bir mətn idi. Bu da fikirləri tənqiddən yayındırıb başqa yana çəkirdi.

Tərcümə məsələsinə gələndə, bu işlə təkcə “Qanun” nəşriyyatı məşğul olmur. Başqa nəşriyyatlar da ara-bərə bu işə qol qoyur. Bundan başqa ölkə başçısının fərmanı ilə “150 cildlik dünya ədəbiyyatı” seriyasından kitablar da nəşr olunur. Düzdür, o seriyadan olan yeni tərcümələrdən heç birini oxumamışam, amma “Qanun” nəşriyyatına təqdim olunan tərcümələrin hec olmasa əlli faizi ilə tanışam, bəzilərinin də redaktoru olmuşam.

- Hansı kitabların redaktoru olmusunuz?

- Bilirsiniz, həmin kitablar o qədər çoxdur ki, konkret misal göstərmək məndən ötrü çətindir. (Düşünür.) Yadımda qalan Xədicə İsmayılın tərcüməsində Xalid Hüseyninin “Çərpələnguçuran” romanıdır. Cavanşir Yusiflinin tərcüməsində Patrik Züskindin “Ətriyyatçı”, Nəriman Əbdürrəhmanlının tərcüməsində Platonovun “Can” povestini, Dostoyevskinin “Qumarbaz”ını da mən redaktə etmişəm.

Bütövlükdə səviyyə ilə bağlı durum ürəkaçan deyil. Nəşriyyata son dərəcə qüsurlu tərcümələr gəlir. Hətta o dərəcədə ki, iş prosesində adam həyatından bezir ki, bu nə gun-güzərandır. Amma bütün bunlarla bərabər istər “Qanun” nəşriyyatı olsun, istərsə də bu işlə məşğul olan başqa nəşriyyatlar, onlara bəri başdan alqış düşür. Çünki elə muəlliflər var, indiyəcən onlara əlimiz catmayıb, ancaq sovet rejiminin tərcümə olunmaq üçün icazə verdiyi yazıçılarla yetinməli olmuşuq.

Amma bu gün belə ideoloji qadağa, problem yoxdur. Baxırlar ki, dunya kitab bazarında hansı kitab daha çox satılır, müzakirə olunur, nəşriyyat həmin kitabın çap olunmasına maraq göstərir. Bizdə peşəkar tərcüməçilər var. Məsələn, Vilayət Quliyevin adını çəkə bilərəm. Yeri gəlmişkən, “Heyvanıstan” mənim əlimdən keçib. Amma bir də görürsən, gənc tərcüməçilər gözləniləndən daha keyfiyyətli mətn təqdim edirlər.

- Sizə təqdim olunan bərbad mətnlərin tərcüməçiləri arasında peşəkar hesab olunan imzalar varmı?

- Hətta peşəkarların da içində son dərəcə qüsurlu mətn təqdim eləyənlər var. Özü də,
onlar da Seyfəddin bəy kimi dillə bağlı başqalarına qüsur tuturlar, amma baxırsan, bu adam elementar bir fikri Azərbaycan dilində ifadə edə bilmir.

- Bəlkə sizi şirin canınızdan usandıran o peşəkarları adbaad sadalayaq?!

- Yox, mən bu adları konkretləşdirmək istəmirəm. Bu dəqiqə redaktə prosesində olan bir kitab olsaydı, ad çəkərdim. Ancaq indi misal gətirə bilməyəcəm deyə, ad çəkməyəcəm. Adamlarla nəticəsi olmayan söz davasına çıxmaqdan xoşum gəlmir. Çünki söz o qədər plastik bir şeydir ki, hansı tərəfə çəkmək istəsən, cəkə bilərsən. Tutalım, rus ədəbiyyatında Dostoyevskinin dilini normal dil hesab etmirlər. O mənada, dili hara qədər istəsən, redaktə eləmək, ona qüsur tutmaq olar. Seyfəddin bəyin öz yazısında misal gətirdiyi cümlələrinsə redaktoru mən deyiləm. Məsələn, “Başım sınmış avarın üstündə qərar tutmuşdu” kimi qüsurlu cumlə heç vaxt mənim gözümdən qaça bilməz. Seyfəddinin yazısında o cümləni oxuyanda bədənim gizildədi. Demək istəyirəm, Nəriman Əbdürrəhmanlının dediyinin əksinə olaraq, Markesin o kitabının redaktoru mən deyiləm.

Ancaq Əlif Şəfəqin “Eşq” romanının tərcüməsinin redaktoru mən olmuşam. Nə yaxşı, o əsəri orijinaldan oxumuşdum. Yoxsa sonra biabırçılıq olardı. Az qala tərcüməni axıra qədər orijinalla tutuşdura-tutuşdura redaktə eləmək zorunda qaldım. Bəzi sozlər var idi, tərcüməçi yanlış olaraq onları olduğu kimi saxlamışdı, ona görə mənasız bir şey alınırdı. Və ya söz olduğu kimi saxlanmalıykən, dəyişdirilmişdi, yenə də aləm bir-birinə dəyirdi. Bilirsən, türkcələrimizdə elə sözlər var ki, eyni cür səslənir, fonetik yaxınlıq var, amma məna tam ayrıdı. Bunları düzəldəndə heyrətə gəlirsən ki, bu qədər diqqətsizlik olmaz axı.

Ümumiyyətlə, istənilən tərcümə kitabını mən orijinalla tutuşdururam. Bu, mənim iş prinsipimdir. Ancaq qüsurları doğuran səbəblər də var, yəni təkcə dili bilmək məsələsi, ya peşəkarlıq deyil: tərcüməçilərin vaxt azlığı, aldığı qonorar imkan vermir ki, onlar oturub rahat, tələsmədən işləsinlər. Bu çətinlikləri redaktora da aid etmək olar. Nəşriyyat isə bir konveyerdir, o həmişə işləyir, boş dayanmamalıdır və s. Yəni istehsalsız hər saat pul itkisi deməkdir. Buna görə də nəşriyyat redaktoru da, tərcüməçini də tələsdirir. Mətnin uzərində iş başa çatandan sonra o, “soyumalıdır”, bir müddət sonra təzədən ona qayıtmaq lazımdır. Amma nəşriyyatların buna yetəcək səbri yoxdur. Hər halda, düşünürəm, bütün bu olanlara şükür etməliyik ki, artıq böyük bir proses başlayıb.

- Əlif Şəfəqin “İsgəndər” romanı da Azərbaycan dilinə uyğunlaşdırılıb. Həmin kitabla tanışsınız?

- Təəssuf ki, o tərcümə ilə tanış deyiləm. Dedilər, Qənimət Zahidin qızı çevirib. Özü də 16 yaşında olanda bu işə girişib. Qənimət Zahid mənim dostum olsa da, bunun məsələyə dəxli yoxdur. Özünə də dedim, Qənimət, inanmıram, Hunay xanım bu kitabı mükəmməl tərcümə edə bilib. Əlifin dili elə zəngin və coxqatlı olmasa da, hər halda, 16 yaşlı bir gəncin bu işin altına girməsi cox çətin gəldi mənə. Ancaq yenə deyirəm, oxumadığıma görə fikir deyə bilmərəm.

- Siz də hesab edirsiniz ki, türkcədən uyğunlaşdırma çox çətindir?

- Bəli, çətindir, özü də çox çətindir. Dilimiz yaxındır, amma sintaksis tamam fərqlidir.
Bu yaxınlıq adamı aldadır. Çox qəribədir ki, rus dilinin sintaksisi bizə turk dilindən daha yaxındır.

Bu yaxınlarda Devid Nikolsun “Bir gun” romanını gənc yazar Nilufər Muğantürklə ingilis dilindən tərcümə etdik. Rus, türk tərcümələrindən yararlanmaqla. Nilufər xanım ingilis dili mütəxəssisi olsa da, türk dilinə olunan tərcümədən yararlanmışdı. Adam baxır ki, orijinalla tutuşduranda türk və rus dillərinə olunan tərcümə variantları arasında nə qədər fərq var. Bu da tərcümə sənətinin qəribəliklərindən biridir. Biri elə çevirir, biri belə. Lakin iş prosesində bizim çəkdiyimiz əziyyət, məhrumiyyət oxucu üçün maraqlı deyil. O, pul verib kitab alır və istəyir ki, Azərbaycan dilində qüsursuz kitab oxusun.

- Və oxucu “Sofinin dünyası”nda “lütfən” sözünün “çılpaqfən” kimi getdiyini görür...

- Həmin kitabın tərcüməçisi Nərmin Kamal, redaktoru mənəm. Redaktə prosesində redaktə variantı ilə Nərmin xanımın tərcümə variantını onunla birgə tutuşdurduq və heç bir problem olmadı. Kitab çıxandan sonra isə baxıram, bir xanım məni də, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu da təhqir edən bir yazı yazıb. Şahbaz bəy deyəndən sonra gördum o yazını. Bu, sadəcə, “Word” xətası idi, qüsurda nə tərcüməçilik, nə də redaktorluq bir şey vardı. Texniki işçi işini asanlaşdırmaq üçün bütün “lüt” sözlərini “çılpaq”la əvəz etmişdi. Butun “lütfən”lər avtomatik çevrilib “çılpaqfən” olmuşdu. Təəssuf ki, prosesin son mərhələsində buna baxmaq imkanım olmamışdı. Kitab çıxandan sonra mən redaktə etdiyim varianta baxdım - o qüsur mənim mətnimdə yox idi. Kiçik araşdırma ilə bu səhvin müəllifinin kim olduğunu öyrəndim, amma necə deyərlər, nəşriyyatın müdirinə ad vermədim ki, birdən həmin adamı işdən çıxarar. Xətanın məsuliyyətini oz üzərimə götürdüm, tənqidləri Şahbazdan, təhqirləri məqalə muəllifindən qəbul etdim. Hətta naşirə dedim ki, xətamın cəzası kimi işdən gedə bilərəm...

- Yaradıcılığınızda nə yenilik var?

- Ötən il “Məryəm surəsi” adlı yeni bir roman yazdım. Sonradan, belə deyim də, yazını “dəmə qoydum” və vaxt keçəndən sonra baxdım ki, roman alınmayıb. Düzdür, xoşuma gələn, alınmış saydığım xeyli yerlər var, ancaq ümumilikdə bütov mətn olaraq əsər məni qane etmədi. İndi özümü tam olaraq bu romana vermişəm. Ancaq yazı prosesinə başlamaq üçün, necə deyərlər, siqnalı hələ ki, almadığımdan başlamıram. Gərək, butun işləri kənara qoyub bir tərəfə çəkiləm və bütün enerjimi romanı yenidən yazmağa sərf edəm.

- Bunun üçün maddi təminat lazımdır...

- Lazımdır yox, vacibdir. Bakıda ev şəraitim roman yazmağa imkan vermir. Gərək rayona gedəm. Belə olanda, deməli, qəzetə yazı yazmayacam, redaktə işləri olmayacaq və necə deyərlər, evə pul gəlməyəcək. Bunun üçün də iki aylıq “məzuniyyət”in heç olmasa bir ayının pulunu bəri başdan hardansa tapıb evə verməliyəm ki, qayıdanda uşaqları yenidən görə bilim... Son vaxtlar həddən artıq yorulduğuma görə “Qanun” nəşriyyatından, redaktorluqdan uzaqlaşmışam, bunun da nə demək olduğunu təsəvvür eləmək çətin deyil. Bax, yaradıcılıqdakı “yenilik” bundan ibarətdir. (gülür) Hə, bir də “Yad dildə” romanının İranda fars dilinə tərcüməsi və əski əlifbada türkcə çapı haqqında danışıqlar gedir. Görək nə olur, təki sağlıq olsun!
XS
SM
MD
LG