Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Əvəz Zeynallı: «Satışı 0 faiz olan qəzetinə 50 min manat pul ayırırdı»


Əvəz Zeynallı
Əvəz Zeynallı
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib. Əvvəlcə istintaqın zərərçəkmiş kimi tanıdığı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ifadə verib:

«Mən Əvəz Zeynallını 2009-cu ildə fond yaranarkən ilk dəfə elan etdiyimiz müsabiqə zamanı tanımışam. O, müsabiqəyə bir layihə təqdim etmişdi, keçməmişdi. Biz görüşdük, mən ona bildirdim ki, hələ bundan sonra çoxlu müsabiqələr olacaq, növbəti müsabiqələrə yenə layihələr təqdim edər».

Vüqar Səfərli dedi ki, Əvəz Zeynallı həmin vaxtdan fondun fəaliyyəti və şəxsən onun barəsində böhtan və təhqirli yazılar yazıb.

Vüqar Səfərli:

- Mən nəinki Əvəzin, heç bir mətbuat işçisinin həbs olunmasının tərəfdarı deyiləm. Hər yerdə çatışmazlıq ola bilər. Tənqidi yazılar yazmaq olar, amma böhtan, şər yox. 2010-cu ildə Əvəz Zeynallı, mən və bir neçə digər mətbuat işçiləri Antalyada dincəlirdik. Əvəz yalquzaq kimi tək dolaşırdı. Bir dəfə «mafiya» oyunu oynayanda Əvəz də gəldi. Lakin digər əməkdaşlar ona görə oyundan çıxdılar. Səfərdən qayıdandan sonra yazdı ki, Vüqar Səfərli mətbuatın qəssabıdır, mafiyasıdır».

Əvəz Zeynallı:

- Bu gün də deyirəm ki, Vüqar Səfərli Azərbaycan mətbuatının qəssabıdır. Mətbuat Əli Həsənovun, Əflatun Amaşovun, Vüqar Səfərlinin əlində qalıb. Prezidentin mətbuata ayırdığı pulları doğrayıb öz aralarında bölüşdürürlər. Vüqar Səfərli satışı 0 faiz olan öz «Mövqe» qəzetinə 50 000 manat ayırıb, oğluna 1000 manat mükafat yazdırmaq üçün qəzetin eyni sayını iki dəfə çap etdirib. Təkrar çap etdirdiyi sayında oğlunun imzası ilə yazı yerləşdirib ki, ona 1000 manat mükafat yazsın.

Vüqar Səfərli deyib ki, «Xural» qəzetində onun ünvanına yazılan yazılarla əlaqədar məhkəməyə müraciət edib. Məhkəmə də təkzib dərc olunmasına və qəzetin 5 000 manat cərimələnməsinə dair qətnamə çıxarıb. Ancaq məhkəmə qətnaməsi icra olunmayıb. Əvəz Zeynallı və vəkili Elçin Sadıqov isə bildirib ki, Vüqar Səfərli hesab nömrəsini icra məmurlarına vermədiyi üçün cəriməni ödəməyə yer tapmayıblar.

«GÖZLƏ, 15 İLDƏN SONRA TƏKZİB VERƏRƏM»

Sonra müğənni Nüşabə Ələsgərli ifadə verib. Ancaq buna qədər onunla məhkəmə salonunda əyləşənlər arasında insident olub. Tərəflər bir-birlərini söyərək təhqir ediblər. Hakim Ramella Allahverdiyeva tərəfləri xəbərdarlıq edəndən sonra Nüşabə Ələsgərli ifadə verib.

Nüşabə Ələsgərli:

«Təqribən 2007-ci ildə «Xural» qəzetindən mənə zəng oldu. Özünü müxbir kimi təqdim edən şəxs dedi ki, əlimizdə açıq-saçıq şəkillərin var, pul verməsən çap edəcəyik. Mən əvvəl ciddi qəbul etmədim. Ancaq sonra ailə üzvlərim dedilər ki, birdən fotolarını montaj edərlər. Bir neçə gündən sonra «Xəmsə» şadlıq evinin müdiri zəng edib dedi ki, «Xural» qəzetində sənin barəndə biabırçı yazı yazıblar. Qəzeti alıb baxdım ki, həqiqətən də mənim ünvanıma təhqirlər yazıblar və karikaturamı çəkiblər. Yenə fikir vermədim. Bir qədər sonra Əvəz Zeynallı ilə İctimai Televiziyada bir verilişin çəkilişi zamanı rastlaşdıq, məni təhqir etdi. Sabahı gün gördüm ki, yenə də qəzetdə mənim barəmdə təhqirli yazı yazıb».

Nüşabə Ələsgərli bildirib ki, qəzetdə barəsində yazılanlarla bağlı məhkəməyə müraciət edib. Məhkəmə qəzetdə təkzib dərc olunması və 200 manat cərimə ödəməsinə dair qətnamə çıxarıb.

Əvəz Zeynallı:

- Biz 200 manatı ödəmişik, ancaq təkzibi verməmişik.

Nüşabə Ələsgərli:

- Hazırda şikayətçiyəm və tələb edirəm ki, təkzibi də versinlər.

Əvəz Zeynallı:

- Onda gözlə, 15 ildən sonra həbsdən çıxıb qəzetimdə təkzib verərəm.

AĞABƏY ƏSGƏROV GƏLMƏDİ

Məhkəmə iclasında «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərov da zərərçəkmiş kimi ifadə verməli idi. Ancaq məhkəməyə gəlməmişdi. Nümayəndələri bildirdilər ki, Ağabəy Əsgərov olmadan da məhkəmənin suallarını cavablandıra bilərlər. Ancaq Əvəz Zeynallı və vəkilləri etiraz etdilər.

Prokuror Ramazan Hadıyev hakimə bildirdi ki, zərərçəkmişlərin məhkəmə iclasında məcburi iştirakı ilə bağlı qərar var və onlar özləri prosesdə iştirak etməlidirlər.

Hakim prosesi iyunun 27-dək fasilə elan etdi.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 000 manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG