Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:49

Araşdırıcı Əli Şamil: «Yaxın qonşumuzu qoyub uzaqları öyrənirik…»


Əli Şamil
Əli Şamil
-
«Biz Avropanın, Amerikanın ədəbiyyatını bilirik, ancaq ən yaxın qonşularımızın ədəbiyyatından, folklorundan xəbərsizik».

Bu sözləri AzadlıqRadiosuna AMEA-nın Folklor İnstitutunun əməkdaşı Əli Şamil «Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı» kitabından danışarkən söylədi.

UNUTDUQLARIMIZI ONLAR SAXLAYIB!

O deyir ki, adları çəkilən xalqların folklorunun bizimlə sıx bağlılıqları var:

«Həmişə həmkarlarıma deyirəm ki, nədən biz onlardan istifadə etmirik? Məsələn, bizim «Dədə Qorqud» dastanlarında adlar, epitetlər çəkilir. Amma epitetlərlə bağlı qollar yoxdur. Ancaq Qaraçayların nardlarında onlar ayrıca narddır. Demək, bizim unutduğumuzu onlar saxlayıb».

KUMIKLARDA «ŞƏNGÜLÜM…» ŞUMER MƏTNLƏRİNDƏKİ KİMİDİR

Əli Şamil sevimli uşaq nağılı olan «Şəngülüm, Şüngülüm, Məngülüm»dən də danışdı:

«Bizdə bu, bir uşaq nağılıdır. Amma kumıklarda bu nağılın adı Şumer mətninə daha yaxındır. Şumer mətnindəki keçi ilə şirin, keçi ilə canavarın savaşı bir az arxaik qalıb. Biz isə modernləşdirib uşaq dilinə uyğunlaşdırmışıq».

«DOLAYI GƏL» DOLAY TANRISININ ŞƏRƏFİNƏ OXUNURMUŞ?

Araşdırıcı qədim mahnılarımıza da diqqət çəkdi:
«Biz, məsələn, «Dolayı gəl, dolayı» xalq mahnısını oxuyuruq. Deyirik, «Həsri basma, dolan gəl». Amma bu, Dolay tanrısının şərəfinə düzəldilmiş mərasim mahnısıdır. O mərasim bu gün də Qaraçaylarda və Balkarlarda qalır. Belə misallar çoxdur».

BUCAQ-VƏTƏNİM!...

Əli Şamil deyir ki, Azərbaycanda XVII əsrin siyahıyaalınmasında Qaqauz adlı kəndlər olub:
«Və yaxud, Azərbaycandakı xristian türklər getdikcə ya erməniləşib, ya gürcüləşib, bir qismi də Azərbaycan türklərinin içində assimilə olunub. Amma onun izləri qalır.
Məsələn, Qəbələ rayonunda Komrad piri var. Komrad bu gün qaqauzların baş kəndidir. Azərbaycanda bu gün Bucaq Komratların yaşadığı yer Bucaq adlanır. Onlar hər yerdə «Bucaq», «Vətənim» --deyə fəxr edirlər. Əsrin əvvəllərində Azərbaycanda türkdilli bucaq tayfalarının adı ilə bağlı 10-dan yuxarı kənd adı qalırdı. Yevlaxda, Qəbələdə hələ də var. Bir qismi də Mil-Muğanda «Qarabucaq», «Balabucaq» şəklində yaşamaqdadır. Yəni, bunlar Dnestr və Dnepr bölgəsində yaşayan türklərin buradakı izləridir».

ŞEİR—YIR, ŞAİR-JIRÇI?

Tədqiqatçı bizlərdə vətəndaşlıq hüququ qazanan bir sözə diqqət çəkdi:
«Bizdə «şeir», «şair» sözü o qədər doğmalaşıb ki, yad dildən aldığımızı düşünmürük. Ancaq bu gün Quzey Qafqaz türklərinə, Qıpçaq türklərinə baxanda onlarda «jır», «yır», «cır» sözünə rast gəlirik. Bu onlarda xalq ədəbiyyatının janrı şəklindədir. Əslində qədim türklərdə şeir söyləyənə «yırçı», «cırçı», «jırçı», şeirə isə «jır», «cır», «jır» deyirdilər. Bu, qıpçaqlarda olub. Oğuzlar ərəblərdən alıb. Bu gün İranda—Qaşqaylarda, savə türklərində 1300 ildir İslamı qəbul etdiklərinə baxmayaraq, yenə də şeir söyləyənə «jırçı», şeirə «yır» deyirlər. Biz öz dilimizi yaxşı bilmədiyimizə, onları toplayıb aktivləşdirmədiyimizə görə öz sözlərimiz dışlanıb, alınma sözlər isə vətəndaşlıq qazanıb».

ƏLAQƏLƏRİMİZ, BAĞLARIMIZ ÇOXDUR

Araşdırıcı kitabında bu qədim izləri tapıb ortaya qoymağa çalışdığını söylədi:
«Bir ortaqlığa nail olmaq istəyirəm. Demək istəyirəm ki, bu xalqların keçmişdə birliyi olub. Sonrakı dövrlərdə uzaqlaşdırılıb. Nə qədər uzaqlaşdırılsa da, XX əsrin əvvəllərində müasir kumık ədəbiyyatının yaranması və formalaşmasına Azərbaycanın təsiri olub. Çünki gənclər gəlib Bakıda oxuyurdular. 30-cu illəruin sonuna kimi Bakıda qəzet-jurnalları da çap olunurdu. Orada bizim Azərbaycan türkləri də var idi. Yeni kumık ədəbiyyatını onlar formalaşdırırdılar. Onların çoxu 37-də həbs olunub güllələndi…».

-- Əli Şamil kitabını vahid Türk-Tatar Dövləti qurmaq istədikləri üçün 1937-38-ci illərdə Sovet rejimi tərəfindən məhv edilmiş hansı tanınmış ziyalılara həsr edib?

--Araşdırıcı yeni kitabında daha nələrə diqqət çəkib?

«İz»i elə bu səhifədən dinləyin. Həftənin ən son mədəniyyət xəbərlərini də eşidəcəksiniz.

XS
SM
MD
LG