Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

İlham Əliyev: «Biz ayağımızı yorğana görə uzatmışıq»


İlham Əliyev ötən gün Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev ötən gün Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib
«Vəzifə qoyulub ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın». AzərTac-ın məlumatına görə, bunu iyulun 16-da prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində deyib.

«Təməl daşını qoyduğumuz layihə əminəm ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, altı rayonun su problemi demək olar ki, həll olunacaqdır. Bu layihə Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarının 121 kəndini və beş şəhərini əhatə edəcəkdir».

400 MİNDƏN ARTIQ ƏHALİ TƏMİZ SU İLƏ TƏMİN EDİLİR

Prezident deyib ki, Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır:

“Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilmişdir və bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılmışdır. Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə 24 saat fasiləsiz su verilsin».

İlham Əliyev deyib ki, Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıbdır, 400 mindən artıq əhali artıq təmiz, içməli su ilə təmin edilir:

2035-DƏN SONRA BÖLGƏLƏR...

«Bu layihə ehtiyatla icra edilir. Çünki əhalinin artımı nəzərə alınmaqla suyun verilmə həcmi 2035-ci ilə hesablanıbdır. Yeni xətlərin çəkilməsi, yeni texniki tədbirlərin görülməsi nəticəsində 2035-ci ildən sonra da bütün bu bölgələr su ilə təmin ediləcək. Bu layihə, eyni zamanda, Azərbaycan dövləti tərəfindən aparılan sosial siyasətin təzahürüdür. Çünki bu layihə böyük vəsait tələb edir və bu vəsait heç vaxt suyun tarifləri ilə tam şəkildə geri qayıtmayacaqdır. Yəni bu layihənin iqtisadi səmərəsi çox aşağıdır. Biz buna bu prizmadan yanaşmırıq. Çünki bu layihə sırf sosial məna, sosial xarakter daşıyır - insanları təmiz içməli su ilə təmin edək».

PREZİDENT AVROPADA MALİYYƏ BÖHRANINDAN DA DANIŞIB

«Artıq böyük ölkələr də bu çətinliklərlə üzləşirlər - sosial ödəmələr, iş yerləri, büdcə xərcləri ixtisar edilir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Bu böhranlı illərdə biz sovet dövründən qalan əmanətlərin kompensasiyasına başlamışıq. Bu böhranlı illərdə infrastruktur layihələrinə daha da böyük diqqət göstərilir. Dövlət büdcəsinin xərcləri daha da artırılır. Bizim ümumi xərclərimiz artır. Yəni, bu gün Azərbaycan reallıqları bundan ibarətdir. İndiki reallıqlarımızın başlıca səbəbi odur ki, biz öz hesabımıza yaşamışıq, borc almamışıq. Bizim dövlət borcumuz ümumi daxili məhsulda cəmi yeddi faiz təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, hətta 100 faizi də keçir, 80 faiz olan yerlərdə hesab olunur ki, orada dövlət borcu yaxşı səviyyədədir. Bizdə isə yeddi faizdir. Biz ayağımızı yorğana görə uzatmışıq və bu yanaşma hər yerdə olmalıdır – ailədə, siyasətdə, iqtisadi islahatların aparılmasında. Ona görə biz özümüzü tam əmin və rahat hiss edirik».

HƏR HƏFTƏ YENİ İŞ YERİ AÇILIR

«Elə həftə keçmir ki, hansısa yeni müəssisə, yeni istehsal sahələri yaradılmasın, yeni iş yeri açılmasın. Budur, Azərbaycan reallıqları. Bir daha demək istəyirəm ki, bu reallıqları biz təmin etmişik, Azərbaycan xalqı öz zəhməti ilə və Azərbaycan dövləti öz müstəqil siyasəti ilə».
XS
SM
MD
LG