Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:36

Rəsul Quliyev: «Məqsədim Azərbaycana qayıdıb bozbaş yemək deyil...»


Rəsul Quliyev
Rəsul Quliyev
-
2013-cü il prezident seçkisi artıq gündəmin mövzularından birinə çevrilməkdədir. Bu səbəbdən də AzadlıqRadiosu qarşıdakı seçkilərdə namizəd kimi adıçəkilən şəxslərdən və ya onların mənsub olduğu düşərgənin təmsilçilərindən müsahibələr təqdim edir.

Budəfəki həmsöhbətimiz hazırda Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevdir.

- Rəsul müəllim, 2013-cü ilin prezident seçkisinə qatılmaq niyyətində olduğunuzu açıqlamısınız. Hansı planla iştirak edəcəksiniz, strategiyanız nədir?

- Söhbət təbliğatdan gedirsə, sözsüz ki, mən bu seçkilərdə iştirak edəndə bütün rayonlarda insanlarla birbaşa real görüşlər keçirmək istəyirəm. Bu görüşlərdə Azərbaycanın gələcəyi ilə bağlı uzunmüddətli və yaxın strateji planlarımı insanlara çatdırmaq fikrindəyəm. Söhbət mənim iqtisadi və siyasi islahatlar keçirməyə hazırlaşmağımdan gedir. Sözsüz ki, mən öz proqramımı həm də KİV, televiziyalardakı debatlar vasitəsilə xalqa çatdıracam.

- Bu dediklərinizi gəlib Azərbaycanda həyata keçirmək mümkün olacaq ya elə Amerikadan cəhd edəcəksiniz?

- Mən gəlmək və Azərbaycanda olmaq şərtilə seçkilərdə iştirak etmək niyyətindəyəm. Çünki gələ bilməsəm, məni xaricdə olduğum üçün heç namizəd kimi qeydiyyatdan keçirməyəcəklər. Qiyabi də olsa, məni seçkilərə buraxmayacaqlar. Ona görə də, mən, sözsüz ki, gəlmək niyyətindəyəm.

- «Seçkilərdə iştirak etsəniz, hakimiyyət nəticəni saxtalaşdıra bilməyəcək, bu mümkün deyil» deyirsiniz. Nədən belə arxayınsınız?

- Azərbaycan post-sovet məkanından çıxmış bir ölkədir. Mən bu bəyanatı verəndə, qonşu ölkələrin təcrübəsini nəzərə alıram. Gürcüstanda, Ukraynada, Moldovada keçirilən seçkilər saxtalaşdırıldı. Hətta guya qalib gəlmişlərin adları elan olundu. Amma buna baxmayaraq, mitinqlər hesabına, xalqın gücü ilə o saxta qərarlar ləğv olundu. O ölkələrin hər birində, sözün əsl mənasında, xalqın tərəfində durmuş adamlar hakimiyyətə gəldilər. Hesab edirəm ki, Azərbaycanda da bizim bu işi görmək imkanımız var. Çünki Əliyevlərin uzunmüddətli hakimiyyətdə olması son illər bu hakimiyyətə qarşı nifrət potensialını artırıb. Belə bir vəziyyətdə biz imkan vermərik ki, onlar seçkiləri saxtalaşdırsınlar.

- Gürcüstan, Moldova, Ukrayna dediniz. Amma post-sovet məkanından çıxmış Özbəkistan, Qazaxıstan, Türkmənistan da var.

- Bəli. 100 faiz düz deyirsiniz. Hələ onlardan başqa Tacikistan və Belarus da var. Mən belə fikirləşirəm ki, Azərbaycan bu prosesə Moldova qədər yaxın olmasa da, hər halda Türkmənistan, Özbəkistan, Tacikistan və Qazaxıstan qədər də uzaq deyil. Mən Azərbaycandakı situasiyanı dediyiniz Mərkəzi Asiya ölkələri ilə müqayisə etməzdim.

- Namizədlərin kim olmasından asılı olmayaraq, qalib gələcəyinizə ümid haradandı Sizdə?

- Bilirsiniz, Azərbaycanda istər iqtidardan, istərsə də müxalifətdən kimlərin prezidentliyə namizəd olacağı artıq məlumdur. Bu baxımdan mən üfüqdə təzə bir fiqur görmürəm. Başqa ölkələrdəki kimi, doğrudan da yeni bir fiqur ortaya çıxıb fikirləri dəyişsin-belə bir şəxs Azərbaycanda gözə dəymir. Düşünürəm ki, indiki namizədlərlə debatlarda yaxın- və uzunmüddətli strateji planı olan mən öz üstünlüyümü göstərə biləcəm. Buna şübhəm yoxdur. Sözsüz ki, bu işlərdə mənə həm də ömrü boyu bu insanlarla birbaşa təmasda olmaq təcrübəm kömək edəcək. Çünki həmişə bu cür insanlarla işləmişəm. Ola bilər ki, bu prezident seçkilərində 10 nəfər iştirak edər və mən birinci turda qalib gəlmərəm. Bu, mümkündür. Ancaq bu halda ikinci tur olmalıdır və ikinci turda qalib gəlməyimə heç bir şübhəm yoxdur.

- Amma Siz illərdir xaricdə yaşadığınız halda müxalifətdən olan rəqibləriniz ölkədə mitinqlər, etiraz aksiyaları keçiriblər. Yəni, onlar mübarizəni dayandırmadıqlarını önə çəkib Sizi seçki yarışında, təbliğat işində arxa plana keçirdə bilməzlərmi?

- (Gülür) Bu mümkün olan şey deyil. Çünki onların keçirdikləri mitinqlər, elədikləri aktivliklər ancaq və ancaq bu rejimin güclənməsinə gətirib çıxardıb. Onlar özlərinin mitinqlər keçirdiklərini, mənim isə bu ərəfədə ölkədə olmadığımı və buna görə də prezidentliyə haqqım çatmadığı fikrini irəli sürsələr, yarışı tamamilə uduzarlar. Çünki mənim xaricdə gördüyüm işlər hesabına xalqa nəsə deməyə sözüm olacaq. Ancaq onların fəallığının nəticəsi göz qabağındadır. Əksinə, heç gərək bu məsələnin üstünə gəlinməsin.

- Axı niyə məhz Sizə inanmalıdır seçicilər?

«Müxalifətin keçirdiyi mitinqlər ancaq və ancaq bu rejimin güclənməsinə gətirib çıxardıb»
«Müxalifətin keçirdiyi mitinqlər ancaq və ancaq bu rejimin güclənməsinə gətirib çıxardıb»
- Ona görə ki, mən 23 yaşımdan real işlə məşğul olmuşam. 10 minlərlə real insanlarla təmasda olmuşam. Həmin 10 minlər indi də mənə inanırlar. Bilirlər ki, birincisi, verdiyim sözü yerinə yetirirəm, ikincisi də, mənim ən əsas məqsədim ətrafımda olan insanların hamısını firavan və azad yaşamasına nail olmaqdır. Bu, həmişə belə olub və bunu görüblər. Ona görə də, məni yalnız partiyam və ya ətrafımdakı adamlar dəstəkləməyəcək. Mən sizi əmin edirəm ki, Azərbaycanda tərəfdarlarımın sayı 10 minləri keçəcək.

- Bəlkə Sizə elə gəlir? Neçə ildir Azərbaycanda deylsiniz. Bəlkə hər şey dəyişib?

- Hər şey ola bilər. Amma mən bunu utopik adamlar kimi, kənardan baxıb söyləmirəm. Mən bu gün təmasda olduğum adamların danışdıqlarının, müzakirələrimiz zamanı gəlinən nəticənin kontekstində belə bir fikir söyləyirəm. Əlbəttə ki, yanıla da bilərəm. Amma nə dərəcədə yanıldığını həyat göstərər.

- Digər partiyalarla niyə işləmirsiniz? Bəlkə bu variantda hərəkət daha effektli olar.

- Digər partiyalarla biz işləyirik. Sülhəddin Əkbər partiyaların rəhbərlərinin hər biri ilə ayrı-ayrılıqda və ya bir qrup halında görüşür. Bizim gələcək planları onlarla müzakirə edir, razılaşdırır. Çünki ilk növbədə Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasına nail olmaq lazımdır. Belə bir şəraitə nail olunmasa, hər hansı prezident seçkilərindən söhbət açmaq da gülünc olar.

- Bəs Avropada yaratdığınız müqavimət hərəkatı nə yerdə qaldı, nə oldu onun axırı?

- Müqavimət hərəkatı kifayət qədər yaxşı inkişaf edir. Bu, Avropada və Amerikada işləyən bir hərəkatdır. Hərəkatın Avropadakı üzvləri bu yaxınlarda mənim İngiltərə, Fransa və Hollandiyada görüşlərimi təşkil edirlər. Paralel olaraq Rusiyada və Türkiyədə də bu hərəkatın bürolarının formalaşması prosesi gedir. Müqavimət Hərəkatının Azərbaycanda bürosunun formalaşması prosesinə yeni formatda start verilib. Hazırda Açıq Cəmiyyət və Liberal Demokrat partiyaları bu büronun formalaşması istiqamətində iş aparırlar.

- Amerika, Avropa, Rusiya və Türkiyədə keçiriləcək görüşlər Azərbaycanda nəyisə dəyişə bilir?


Parlament seçkiləri, 7 noyabr 2010
Parlament seçkiləri, 7 noyabr 2010
- Mənim Avropa İttifaqındakı görüşlərim, eləcə də həm Avropa Şurasının üzvləri ilə, həm də Amerika Konqresində, həmçinin BMT-də keçirdiyim görüşlər müəyyən qərar və qətnamələrin qəbul olunması ilə nəticələnəcək. Sözsüz ki, bu gün müxalifətə inanmayan, Azərbaycanda dəyişikliklərin baş verməsinə böyük şübhə ilə yanaşan azərbaycanlılar belə qərar və qətnamələrin qəbul olunması ilə yenidən əvvəlki inamlarını özlərinə qaytarmalıdırlar. Hər halda, bu, onların totalitar rejimlə mübarizədə tək olmadıqlarına, yanlarında başqa ölkələrin, beynəlxalq təşkilatların dayandığına inanmalarına kömək etməlidir.

- Bayaqdan bütün bu danışdıqlarımız bir «əgər» ehtimalının altından keçirdi. Yəni, dediyiniz o «əgər ölkəyə gələ bilsəniz» məsələsini nəzərdə tuturam. Bax, qayıtmaq üçün planınız nədir?

- Düzdür. Qayıtmaq üçün mən bu beynəlxalq təşkilatlarla və Avropa ölkələri, o cümlədən Türkiyə ilə çox ciddi işlər aparıram. Çalışıram mənim hüquqlarımı pozan bu hakimiyyətə çox sərt mesajlar göndərilsin. Bildirilsin ki, insan haqlarını bu səviyyədə pozmağa ixtiyarları yoxdur. Mənə imkan verməlidirlər ki, gəlib seçkilərdə iştirak edim. Sözsüz ki, bunlar müəyyən qərar və qətnamələr şəklində qəbul olunmalıdır və düşünürəm ki, belə də olacaq. Bundan başqa, bu hüququmun pozulması barədə BMT-nin məhkəmə sisteminə müraciət edəcəm. Düşünürəm ki, bu məsələyə BMT-də baxılmasına və müsbət qərarın qəbul olunmasına nail olacam. Ancaq bunlarla yanaşı, mənim qayıdıb seçkilərdə iştirak etməyim üçün sentyabr-oktyabr aylarında artıq imzalar toplanması, mitinqlər keçirilməsi, bir sözlə hökumətə təzyiqin bütün vasitələrindən istifadə etmək üçün Azərbaycanda da hərəkat başlayacaq.

- Alınmasa, Siz də keçmiş prezident Ayaz Mütəllibov kimi bütün siyasi iddialarınızdan əl çəkmək şərtilə Azərbaycana qayıdıb evinizdə oturmağa razı olarsınızmı?

- (Gülür) Mənim həyatda yaşamağımın məqsədi gəlib Azərbaycanda evdə oturub bozbaş yeməkdən ibarət deyil. Mənim həyatımın məqsədi Azərbaycan Respublikasında demokratiyanı bərpa etməkdir. Bunun da əsasında Azərbaycan xalqının firavan gələcəyini təmin etmək məqsədi dayanır. Ona görə də, mənim üçün qızıldan ev tiksələr belə, gəlib onun içərisində yaşamaram. Mən ömrümün sonunadək Azərbaycanda demokratiyanın bərpası uğrunda mübarizə aparacam. Məni bu işdən ölüm, ya da hansısa dəhşətli bir xəstəlik dayandıra bilər.
XS
SM
MD
LG