Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Elnarə Tofiqqızı. Mövlud Süleymanlıdan gözlənilməyən əsər


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

"Mövlud Süleymanlı, hər halda, «roman» anlayışının nə demək olduğunu bilməmiş deyil. Bəs, etimoloji ehtimallarını «publisistik monoloq» səviyyəsində yazmaq və roman kimi təqdim etmək nəyə lazım idi?"



Elnarə Tofiqqızı "Mövlud Süleymanlıdan gözlənilməyən əsər" adlanan bu tənqidi yazısı ilə xalq yazıçısı M.Süleymanlının "Erməni adındakı hərflər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Xalq yazıçısı Mövlud Süleymanlının «Erməni adındakı hərflər» əsəri ilk baxışda mürəkkəb strukturlu mətn təsiri bağışlayır: bir kəndin timsalında azərbaycanlı (türk) – erməni münasibətlərinin İmirxanlı obrazında elmi müstəviyə keçirilməsinə və Bakıya qədər şaxələndirilməsinə cəhd edilir, müəllifin bütün yaradıcılığına məxsus vaxt və məkan qarışıqlığı ilə daha da genişlənir və son - yaxın tariximizin məlum həqiqətləri ilə başa çatır.

Əslində, «son»un məlum tarixi reallıqlarla başa çatması bir qədər mübahisəlidir və buna qayıdacağıq. Əvvəlcə, əsərin adından başlayaq.

«Erməni adındakı hərflər»

Əlbəttə, Mövlud Süleymanlı peşəkar qələm sahibidir və «Erməni adındakı hərflər» adının roman üçün qeyri-məqbul sayılmasının fərqində olmamış deyil. Bəs, bir-birindən maraqlı və real boyalarla təsvir edilən əsərləri, canlı həyat səhnələri və obrazlar yaratmasıyla yadda qalan M.Süleymanlı son əsərinin adını niyə «Erməni adındakı hərflər» adlandırıb?

Müəllif özü müsahibəsində buna işarə edir, erməni uşaqlarını türklərə qarşı düşmənçilik ruhunda tərbiyə edən Siranuş Sumikyan adlı müəllimənin dilindən deyilən «Erməni adındakı hərflərin min qat sayı qədərində hamı ölüb-dirilməlidir ki, Ermənistan yaşasın» fikrinin əsərin adına çevrildiyini izahlayır. Ancaq təbii ki, bu, yuxarıdakı suala peşəkar qələm sahibinin verdiyi məqbul cavab sayıla bilməz.

Yalnız əsəri oxuduqdan sonra bu adın hardan yarandığı haqda qənaət hasil olur. Məsələ ondadır ki, «Erməni adındakı hərflər» əsəri öz adını doğruldur.

Bu, romandırmı?

Görünür, ilk növbədə bu suala cavab tapmaq lazım gəlir. M.Süleymanlı, hər halda, «roman» anlayışının nə demək olduğunu bilməmiş deyil. Bəs, etimoloji ehtimallarını «publisistik monoloq» səviyyəsində yazmaq və roman kimi təqdim etmək nəyə lazım idi?

Əsər qədim yurd yerlərimizin adlarının mənşəyi, ermənilərin bu torpaqlara sonradan gəlməsi ilə bağlı fikirlərlə aşıb-daşır. Elə təəssürat yaranır ki, etimoloji ehtimallarını və tarixi bilgilərini elmi baxımdan əsaslandıra bilməyən bir şəxs düşüncələrini qeyri-elmi şəkildə təqdim etmək üçün roman adını istismar edib.

Başqa sözlə desək, müəllif toxunduğu mövzunun bədii həllinə qətiyyən nail ola bilməyib. Hətta jurnalist ixtisasına yiyələnən İmirxanlının «etimologiya» fənnini hansı fakültədə aldığı haqqında təəssürat yaradılmayıb, əsərin özülü, hadisələrin təməli qurulmayıb və beləliklə, müəllifin etimoloji düşüncələrini İmirxanlı-Balacahunlu xatırlatmalarında təqdim etmə istəyi də alınmayıb.

Seda Sevortyanla mübahisələrdə də İmirxanlı ermənilərin saxta tarixini "elə deyil"lə inkar edən savadsız vətənpərvərdən o tərəfə keçə bilmir. Ümumiyyətlə, əsərin ideyasının tələb etdiyi intellekt müzakirə səhnələri yaradılmayıb, oxucunun yalançı potetikadan başqa romandan ala biləcəyi heç bir informasiya yoxdur.

Əsər boyu müəllif çobanlığın, tərəkəməçiliyin xalqın ilkin dövrdə keçdiyi mərhələ olduğunu isbatlamağa çalışıb və bu zaman təsvirlərdən yox, obrazların dilindən verilən monoloqlardan istifadə edib.

Müəllif bu əsərlə bağlı müsahibəsində də bir erməni ziyalısının «əsil-nəslinizi axtarsanız, çobana çıxacaqsınız» sözünün onu illərlə narahat etməsindən danışır. Görünür, M.Süleymanlını bu söz doğrudan da narahat edib və çobanlığın pis bir sənət olmadığını bir əsər boyu danışmağı öhdəsinə düşən tarixi missiya sayıb.

Belə publisistik monoloqlar isə əsəri bədiilikdən büsbütün çıxarıb və romanı 80-ci illərdəki eyforik-populist çıxış mətnlərinə çevirib.

Amma əlbəttə ki, əsərdə ayrı-ayrı səhnələr, M.Süleymanlının qələminə məxsus təsvirlər də yox deyil.

Romana gətirilən hekayələr

Adətən, «Erməni adındakı hərflər» tipli dağınıq mətnlər haqqında «daxilində bir neçə əsərin süjeti var» ifadəsi işlədilir. M.Süleymanlı isə doğrudan da bu əsərində vaxtilə yazdığı mövcud hekayə və telessenari mətnlərindən istifadə edib.

1. «Ağacan»-«Hücum»dan «Avropa iti»nə

M.Süleymanlının ilk qələm təcrübələrindən olan məşhur «Ağacan» hekayəsi ermənilərin türk kəndinə it boğuşdurmağa gəlməsindən bəhs edir. Erməni itlərinin azərbaycanlı köpəyin nəslindən olması qabardılan əsərdə qələbəni qonaqlar çalır. Çünki itlərin «sapı özümüzdəndir». Xaltadan açılmayan itin hürə-hürə bağrının çatlaması isə tam ayrı mənzərə kimi oxucu yaddaşına həkk olunur.

Erməni şovinizminin hiyləsinin açımına xidmət edən «it boğuşdurma bəhanəsi» sonradan M.Süleymanlı yaradıcılığında «Hücum» senarisinin motivinə çevrildi: qınından çıxmayan xəncər, pas atan naqan və qundağını yerə vurarkən açılan tüfənglə «it boğuşdurmaq üçün» gələn erməni yaraqlılarını qarşılayan Ermənistan azərbaycanlılarının taleyinin təsviri çox unikal bədii təqdimat idi.

«Erməni adındakı hərflər»in «Avropa iti» bölümü xırda redaktələrlə bu hazır mətndən istifadədir.

2. Teləmək

Mövlud Süleymanlı Azadlıq Radiosunun "Pen klub" proqramında romanı ilə bağlı suallara cavab verir, 29 mart, 2012
Mövlud Süleymanlı Azadlıq Radiosunun "Pen klub" proqramında romanı ilə bağlı suallara cavab verir, 29 mart, 2012
Əsərin «Telək oyunu, yaxud papağın quzu olması» bölümü də M.Süleymanlının vaxtilə yazdığı telessenarisidir.

«Erməni adındakı hərflər» əsərində məhz bu iki (teləmək mərasiminin təsviri və it boğuşdurmağa gəldiyini deyən ermənilərin qarşılanması) süjet bədii dəyər baxımından bütöv əsərdən fərqlənir. Sanki bu iki bölümü tamam ayrı bir müəllif yazıb.

Təsvirlərə diqqət edək:

• Qarakəlləoğlunun yapıncısı şaxtadan bərkiyib ağaca dönmüşdü, ona görə də balaca otağa oxşayırdı, Qarakəlləoğlu da elə bil yapıncıdan yox, qapının ağzından baxırdı;

• Sazı yerindən tüfəng kimi götürdü, bir anlığa elə tüfəng kimi də tutdu, çanağı qucağında, üzü erməni kəndinə tərəf;

• Qapılar açılıb-örtülür, ayaq səsləri qapıdan güllə kimi çıxırdı…

Bu cür bənzətmələr «Yel Əhmədin bəyliyi», «Şeytan», «Dəyirman», «Köç» və s. əsərləri ilə məşhur olan M.Süleymanlı qələmini xatırladır. Həmin hekayə və telessenarilərin yeni romana daxil edilərkən məruz qaldıqları məcburi redaktələri isə həvəskar qələm sahibinin ədəbiyyata aid olmayan pafosuna bənzəyir. Bəzən bu pafos hətta ideya yanlışlığına qədər gedib çıxır. Məsələn, müəllif erməni ideoloqlarından biri kimi təqdim edilən Ulubabyanın dili ilə telək mərasimini keçirən Qarakəlləoğluna «şaman» deyir və bu ayinin islamaqədərki türk şamanizmi ilə əlaqəliliyini göstərməyə çalışır.

Şamanizm – dini dünyagörüşdür və türklərin məişətində, mədəniyyətində çox böyük iz buraxıb. Bir çox şaman mərasimləri hazırda da Azərbaycanda yaşayır. Ancaq tərəkəmə məişətinin tərkib hissəsi olan «teləmək» mərasimini şamanizmə aid etmək üçün bu dini dünyagörüş haqqında məlumatsız olmaq lazımdır.

Uyğunsuzluqlar

1. Zaman uyğunsuzluğu


Əsərin başlanğıcında müəllifin yurd yerləri barədə coğrafi və etimoloji fikirləri az sonra baş obraza - İmirxanlıya ötürülür.

İmirxanlı 70-ci illərdə öz kəndində türk tarixi, yer-yurd adları və həqiqətlər barədə danışır, kənd isə həm onu ələ verir, həm də gizli yolla Bakıya qaçırdır.

Bakı 70-ci illərdə milli oyanış mərhələsinə qədəm qoymuşdu və M.Süleymanlı özü də o oyanışın yetirdiyi müəlliflərdəndir. Beləliklə, İmirxanlının Bakıda «ədəbi dərnəklər» adıyla fəaliyyət göstərən milli ideoloji ocaqlara düşməsi böyük reallığı ortaya qoya bilərdi:

Ermənistanda türklərə nifrət və yalançı tarix yaratmağa köklənən ideoloqlarla Azərbaycanda milli kimliyi dərk və öz tarixini tanımaq uğrunda çarpışan bir qrup ziyalının müqayisəsi; Ermənistanda total antitürk təbliğatına yaradılan şərait, Bakıda həmin ziyalıların təqib olunması və sıradan çıxarılmasına cəhd…

M.Süleymanlı həmin mühiti vaxtı ilə yaxından izləməsi səbəbindən bu paralelləri aparmaq imkanındaykən, erməni millətçiliyi qarşılığında azərbaycanlı şagirdlərə «qardaş olub Hayastan» öyrədilməsi ilə bağlı 80-ci illərin sonunda deyilən məşhur üsyankar deyimi təkrarlamaqla – həm də yeri gəldi-gəlmədi - kifayətlənir.

1980-ci illərin sonunda Bakıdakı Azadlıq meydanında Ermənistanın Dağlıq Qarabağa iddialarına qarşı etiraz mitinqi
1980-ci illərin sonunda Bakıdakı Azadlıq meydanında Ermənistanın Dağlıq Qarabağa iddialarına qarşı etiraz mitinqi
Yalnız bir məqamda – tələbə İmirxanlının «rus sektorunun Azərbaycan dilini bilən tələbələrinin» də iştirak etdiyi auditoriyada milli çıxışını izləyirik ki, onun da sonu SSRİ-nin Əfqanıstan müharibəsindəki uğursuzluğunun səbəbi barədə fikirlərlə yekunlaşır.

Zaman qarışır – «60-cı illərdə rus sektorunun Azərbaycan dilini bilən tələbələrinin» mövcudluğunu «inqilab» adlandıran müəllifin təsvirində tələbə İmirxanlının 80-ci illərin sonuna doğru bitən «Əfqanıstan uğursuzluğundan» danışması anlaşılmır.

Ümumiyyətlə, «Sonun başlanğıcı»nda «İmirxanlı belə deyirdi…», «bu da İmirxanlının fikridir» kimi sözlərlə baş qəhrəmanının arxasında gizlənməyə çalışan müəllif əsər boyu yuxarıda göstərdiyimiz zaman qarışıqlığı və vaxt uyğunsuzluğu ilə özünü tez-tez ələ verib.

2. Məkan uyğunsuzluğu

İmirxanlının öz doğma yurduna səfər anonsunu verən müəllif «o maraqlı səfərin şahidi olacağı»mızı bildirir: «Gürcüstandan yola saldılar ki, ermənilərin əlinə keçməsin… İmirxanlı (…) min doqquz yüz yetmişinci illərin axırında Yerevana, ordan da Gürcüstan yoluyla kəndə gedəcək…»

Müəllifin vəd etdiyi kimi, qəhrəmanın kəndə səfəri «Yetmişinci illərin teleqramı…» bölümündə başlayır. Anasının ağır vəziyyətdə olduğunu bildirən teleqramla yola çıxan İmirxanlını oxucu Yerevanda qatardan düşəndən sonra izləmək fürsəti əldə edir.
Yerevanın təsviri isə yalnız «şəhərin cavan görükməsi» ilə məhdudlaşır. Müəllif niyə bu şəhəri cavan sayır? Əsərdə iddia edildiyi və tarixi gerçəkliyə uyğun olaraq, İrəvan xanlığının mərkəzi olmuş qədim türk şəhəri nədən «cavan» təqdim edilməlidir?

(Ümumiyyətlə, əsərdə yalançı erməni tarixçiliyinə qarşı psevdopatriotizm çox güclü hiss olunur).

İmirxanlının vağzaldan Gürcüstan yoluyla Kalininoya gedişi və avtobusda baş verənlər isə məkan uyğunsuzluğu yaradır. Yerevandan yola düşən avtobus Gürcüstan ərazisindəki azərbaycanlı kəndlərindən ötür və Ermənistana daxil olur: ermənilər öz vətənlərinin də azərbaycanlı kəndləri ilə başlandığından təəssüflənir, mübahisə edirlər…

Bu təəssürat ayrı səfərdən, İmirxanlının xəyalındanmı ortaya çıxır?

Dəriyığan Apedin avtobusda İmirxanlının əlində tutduğu teleqramı oxumasından aydın olur ki, bu, məhz təsvir edilən səfərdir.

Bəlkə, Ermənistanın Yerevan şəhərindən Kalininoya getmək üçün yol Gürcüstan ərazisindən keçir?..

Dağlıq Qarabağdakı sepratçı hərəkata qarşı Azərbaycanın iqtisadi sanksiyaları - Xankəndində çörək növbəsi. 1989
Dağlıq Qarabağdakı sepratçı hərəkata qarşı Azərbaycanın iqtisadi sanksiyaları - Xankəndində çörək növbəsi. 1989
Məkan uyğunsuzluğu ilə növbəti dəfə «Yer dəyişmə» bölümündə rastlaşırıq. Bölümdə İmirxanlının - Ermənistandakı türk kəndi ilə İsmayıllıdakı ermənilər yaşayan kənd adamlarının yerini dəyişmək üçün - ermənilərlə bərabər Qələyəyə getməsindən bəhs olunur. Təhkiyəçi Şamaxını keçib dağlara qalxandan sonra Sedanın əri Aram Xaçaturyanın «yarğanın qaşından sallanan Diri Baba məscidini» gördüyünü bildirir.
Diri Baba məscidi Bakı-Şamaxı şosesinin 90-cı kilometrliyində (Şamaxıdan 30 kilometr Bakıya doğru), yolun kənarında yerləşir…

Bu zaman və məkan uyğunsuzluğu ümumilikdə əsərin süjeti üçün də xarakterikdir.

İdeoloji yanlışlıq, yoxsa ümumiləşdirmədən xəbərsizlik?

«Erməni adındakı hərflər» əsərinin «Yer dəyişmə» bölümüylə başa çatması iki ehtimala yol açır.

1) Əsərdən elə təəssürat yarana bilər ki, Ermənistandakı azərbaycanlılar öz kəndlərini Azərbaycandakı ermənilər yaşayan kəndlərə dəyişiblər və münaqişənin ilkin mərhələsi beləcə rahatlıqla başa çatıb. Halbuki bu cür yerdəyişmə nadir istisnadır, reallıqda isə Qərbi Azərbaycanlılar Ermənistandan deportasiya olunub və Azərbaycandakı çadır şəhərciklərinə, tələbə yataqxanalarına yerləşdiriliblər;

2) M.Süleymanlı bu əsərlə heç də Ermənistanda yaşayan azərbaycanlıların ümumi obrazını cızmayıb, bir kəndin taleyindən kənara çıxmağa, ümumiləşdirmə aparmağa imkanı çatmayıb və lokal baxış nəticə etibarilə romanın taleyini həll edib.

Ona görədir ki, «Köç»dəki İmiri xatırladan İmirxanlı obrazı tam deyil, hadisələri öz ətrafında birləşdirməyi bacarmır. Tarixçi, etimoloq, jurnalist, yazıçı və s. işləyən, işlədiyi sahələrdə naşı olduğu açıqca sezilən bu yarımçıq obrazın məhz deyilən səbəbdən təzyiq altında can çəkişən bir kəndin ziyalısı olmağa gücü çatmır. İmirxanlı Seda Svortyanla intellektsiz müzakirələr aparan, Azadlıq Hərəkatının potetik ritorikasını «20 il əvvəlin türk kəndinə» daşıyan və şəhərdə «pula doğru sürətlə irəliləyən» yarımçıq bir obrazdır.

Əsərin mükəmməl ideoloji bazasının mövcud olmaması, mənaltı qatın yoxluğu, Dəriyığan Apedin yalançı erməni tarixini ağacın budağından asması simvolunu da «İpə yığılan tarix» adıyla birmənalı səmtə yönəldəcək qədər hər şeyin üzdə, «təhkiyəçi izahlarıyla», publisist üslubla verilməsi və s. eyni natamamlığın göstəricisidir…

Qeyd: Mətn bizə elektron variantda təqdim edilib, ona görə sitatlarda səhifə çıxarışlarını verə bilmədik.
XS
SM
MD
LG